Məhkəmə qərarları › İş №2-1(102)-3658/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3658/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3658/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Birgə Azərbaycan-İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğvi edilməsi; ƏDV hesabat dövrü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Birgə Azərbaycan-İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə İddiaçı Birgə Azərbaycan-İngiltərə” MMC (VÖEN: **********) barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2024-cü il yanvar ayı üçün əlavə dəyər vergisi üzrə 1.240.303,14 manat əlavə vergi məbləği hesablanmışdır. - Qərarın əsası: cəmiyyətin bank hesablarına ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək 34.526.081 manat vəsait mədaxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27.635.508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “xxxx" Birgə Azərbaycan-ingiltərə Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ləğv edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı iddiaçı İddiaçı Birgə Azərbaycan-İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyətinə ## #### 2024-cü il tarixli, **************** nömrəli məktubla müraciət edərək, ## ###### 2024-cü ildə təqdim olunmuş bəyannamədə, hesabatda Cəmiyyətin bank hesablarına ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək 34526081 manat vəsait daxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranması səbəbindən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığını bildirmiş və həmin dövrlər üzrə dəqiqləşdirilmiş 5 iş günü ərzində əlavə dəyər vergisi bəyannaməsinin təqdim olunması tələb edilmişdir. İddiaçı ## #### 2024-cü il tarixdə cavabdehə izahat məktubu və izahatda qeyd edilən hər bir hal üzrə ətraflı açıqlama göndərmişdir. Cavabdeh izahat məktubunda göstərmişdir ki: “##.##.2021cü il tarixdən ##.##.2024-cü il tarixədək şirkətin ABB, X1 və Paşa Bankda olan hesablarına toplam olaraq 39615859.28 manat ekvivalentində məbləğ daxil olmuşdur. Bunlardan 171000 manat ekvivalentində məbləğ təsisçidən borc olaraq daxil olmuş, 3684066.83 manat ekvivalentində məbləğ hesabın möhkəmləndirilməsi olaraq bir hesabdan digər hesaba köçürülmüş, 110000.00 manat ekvivalentində məbləğ borc kimi hesaba mədaxil olunmuş, 2862672.50 manat ekvivalentində məbləğ xarici valyutanın alışı ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 4154007.58 manat ekvivalentində məbləğ xarici valyutanın satılması ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 212599.82 manat ekvivalentində məbləğ kassadan hesaba mədaxil olunmuş, 339949.00 manat ekvivalentində məbləğ səhv köçürülmə ilə əlaqədar olaraq geri köçürülmüş, 28081563.55 manat ekvivalentində məbləğ müştərilərdən debitor borc olaraq mədaxil olunmuşdur ki, bu məbləğin 3034214.31 manat hissəsi ƏDV daxil ödənilmişdir. Yuxarıda yazılanları nəzərə alaraq 3034214.31 manat məbləğdən bank hesabına ödənilmiş ƏDV məbləğini çıxsaq 2571368.06 manat məbləğ qalır ki, o da sözügedən dövr ərzində ƏDV bəyannamələri üzrə bəyan edilmişdir“. İddiaçının vergi borcu olmadığı və əlavə vergi hesablanması barədə hər hansı qərar təqdim olunmadan ona ## #### 2024-cü ildə **************** nömrəli bildiriş göndərilərək 901157.10 manat vergi borcunun olduğu və həmin borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuş və həmin gün Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında vergi məbləği göstərilmədən 105% həcmində dondurulması barədə **************** nömrəli qərar göndərilmişdir. Cavabdehin hərəkətlərinə etiraz olaraq cavabdehə və Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə ## #### 2024-cü ildə şikayətlər göndərilmiş, əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin hesablar üzrə hərəkət deyil, yalnız debitor borclar üzrə mədaxilin təşkil etdiyi bildirilmiş və qanunsuz hərəkətlərin dayandırılması, heç bir faktiki və hüquqi əsas olmadan hesablanmış 1240303.14 manat əlavə dəyər vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Həmin gün saat 16-57-də daxil olmuş Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə müəmmalı bir tərzdə tərtib olunmuş ***************** saylı qərarda bəyannamə və hesabat dövrü kimi əlavə dəyər vergisi, Yanvar 2024-cü il göstərildiyi və heç bir kənarlaşma nə indi, nə də əvvəllər olmadığı halda, 1240303.14 manat əlavə vergi və sosial sığorta haqqı məbləğinin əlavə hesablandığı, hesablamanın faktiki və hüquqi əsasının göstərilmədiyi aydın olmuşdur. Cavabdeh vergi orqanının hərəkətlərindən və qərarlarından verilmiş şikayətlərlə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində ## #### 2024-cü ildə daxil olmuş məktubda müraciətə baxıldığı göstərilsə də, əlavə sənədlərin təqdim olunması bildirilir, şikayətə baxılması vaxtı haqqında məlumat verilmir, bu isə qanunun tələblərinin pozulmasının davam etməsinə və süründürməçiliyə dəlalət edir. ##.##.2021-cü il tarixdən ##.##.2024-cü il tarixədək mədaxil olan pul vəsaitləri və onların hesablararası hərəkətləri barədə tərtib edilmiş cədvəldən görünür ki, ƏDV-yə cəlb edilməli olan məbləğlər arasında bəyannamələr üzrə və faktiki ödənişlər arasında hər hansı bir fərq olmamışdır. Beləliklə, hər hansı faktiki qanuni əsas olmadan cavabdeh vergi orqanı və onunla birlikdə hərəkət edən digər orqanlar iddiaçının hüquqlarına və qanuni mənafeyinə bilərəkdən ziyan vurmaq məqsədilə hərəkət etmiş və hərəkətləri davam etdirirlər. Cavabdeh öz tələblərini hüquqi və faktiki cəhətdən əsaslandırmamış və hər hansı hüquq normasına istinad etməmiş, aydın olmayan bir tərzdə qərəzli hərəkət etmişdir. Cavabdehin mövqeyi heç bir qanuni əsasa söykənmir, qeyri-obyektiv, sui-istifadə və qərəzli xarakter daşıyır və qanun normalarının məntiqi və sistemli təfsirinə və anlamına, vergitutma bazasının müəyyən edilməsinin və vergi tətbiqinin fundamental müddəaları ilə uzlaşmır, eyni bazanın eyni dərəcə ilə iki dəfə vergiyə cəlb edilməsi kimi iqtisadi və hüquqi əsası olmayan hallara yol vermişdir. Cavabdehin və onunla eyni tərəfdən çıxış edən vergi orqanlarının dərhal İddiaçı Cəmiyyətin baş müdiri X2 vergi borcunun ödənilmədiyinə görə ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi bütün əsasların yaradılması üzrə hərəkətlərin və qəbul edilən qərarların məhz onun ölkədən getməsini əngəlləmək məqsədinə xidmət etdiyini göstərir. Vergi orqanının mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının, azad sahibkarlıq hüququna təminat verən normativ-hüquqi aktların müddəalarına birbaşa zidd olmaqla, Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirmiş və Cəmiyyətin xarici investisiyalı müəssisə kimi nüfuzuna və əmlak vəziyyətinə mənfi təsir göstərmişdir. Beləliklə, iddiaçı tərəfindən vergi qanunvericiliyinin hər hansı pozuntusuna yol verilmədiyindən, vergi orqanının hərəkətləri və qərarları əsassız və qanunsuz olduğundan həmin qərarlar qanunsuz hesab edilərək ləğv olunmalı və onların nəticələri aradan qaldırılmalıdır.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, MMC tərəfindən təqdim edilmiş 2024-cü ilin yanvar ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi əsasında aparılmış kameral vergi yoxlaması zamanı kənarlaşmalar aşkar edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin fevral ayından 2024-cü ilin yanvar ayınadək olan dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsinə baxmayaraq ##.##.2021-ci ilin tarixindən ##.##.2024-cü il tarixinədək cəmiyyətin bank hesabına 34526081 manat vəsait daxil olmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən vergi təqdim edilmiş izahat məktubu tam və dolğun olmadığından Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il yanvar ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 1240303,14 manat kameral qaydada əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləği barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar göndərilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim – B.Cəlalov).

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, MMC tərəfindən 2021-2024-ci illər ərzində aparılan əməliyyatlar üzrə dövriyyə əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat olduğu halda, vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamədə əks olunmadığından yaranmış kənarlaşmalar vergi qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. İddiaçının nümayəndəsi iddia ərizəsində məhkəmə iclasında cavabdehin həmin məbləği düzgün hesablamadığını, MMC tərəfindən valyuta köçürmələrinin və hesabdan hesab olan köçürmələrin də, nəzərə alındığını bildirərək cavabdehin qərarının qanunsuz olduğunu bildirir. İddiaçı ekspertizanın keçirilməsinə mane olduğundan və hazırkı iş üzrə xüsusi bilik tələb edən rəyin alınması zəruri olduğundan məhkəmə iddiaçının ekspertiza aparılmasından imtina etməsini ekspertiza təyin edilən faktı, yəni vergi borcunun düzgün hesablanmaması faktını rədd edilmiş hesab edir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ləğv edilmişdir. (sədrlik edən – P.Hüseynov, hakimlər – M. Tağızadə, C. Məmmədov).

9. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, kameral vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək olan dövr əhatə olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən əlavə dəyər vergisinin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir, əlavə dəyər vergisi üzrə hesabat dövrü isə təqvim ayı sayılır. Cavabdeh tərəfindən ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək olan dövr nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Halbuki əlavə dəyər vergisi üzrə hesabat dövrü, qeyd olunduğu kimi, təqvim ayı sayılır. Cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək olan dövr hesabat dövrü kimi əsas götürülsə də, müəyyən olunmuş həmin 3 il dövrə görə 2024-cü ilin yanvar ayı üçün ƏDV hesablanmışdır. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinə də istinad etmişdir ki, hazırda qüvvədə olan həmin maddə ##.##.2022-ci ildə qüvvəyə minmişdir. Cavabdeh tərəfindən həmin maddə tətbiq olunmaqla kameral qaydada vergi hesablanması isə əsassızdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən Vergi Məcəlləsinin tələblərinə əməl edilməmişdir.

10. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək iddiaçının bank hesablarına daxil olan pul vəsaitlərinin ümumi məbləği 40.377.356,23 manat təşkil edir. Qeyd olunan vəsaitdən Təsisçidən mədaxil 170.000,00 manat; Dividentin qaytarılması 339.949,00 manat; Vəsaitin geri qaytarılması 110.000,00 manat; Hesabın möhkəmləndirilməsi- 4.483.905,97 manat; Valyutanın alışısatışı (konvertasiya) 7.847.503,97 manat təşkil edir ki, bunlar vergiyə cəlb edilməli olan əməliyyatlara daxil deyildir. Eləcə də ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək dövr üzrə vergi ödəyicisinin satışdan cari bank hesablarına 495.379,57 manat məbləğində ƏDV daxil olmuşdur. Habelə iddiaçı tərəfindən təqdim olunmuş xidmətlərə görə vergiyə cəlb olunan əməliyyatların 16.220.735,94 manat məbləği ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan və ya azad olunan əməliyyatlar olmuşdur. Lakin qeyd olunan hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır. İddiaçının ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək olan dövrü üzrə daxil olmuş ümumi pul vəsaitindən vergiyə cəlb edilə bilən vəsaitlərin həcmi 10.709.881,78 (40.377.356,23- 170.000,00- 339.949,00- 110.000,00- 4.483.905,97- 7.847.503,97 495.379,57- 16.220.735,94) manat təşkil edir. Həmin vergiyə cəlb edilməli olan məbləğ üzrə hesablanmalı ƏDV məbləği isə 1.927.778,72 (10.709.881,78 x 18%) manatdır və həmin məbləğ iddiaçı tərəfindən hesablanaraq ödənilmişdir. İddiaçının qeyd olunan ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək olan dövr üzrə aparılmış əməliyyatlara görə ödənilməli olan ƏDV borcu mövcud deyildir. Əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb edilməli olmayan əməliyyatlara görə əlavə dəyər vergisinin hesablanması qanunvericiliyin tələblərinə ziddir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qanunvericilik normaları sadalanmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən 2021-2024-ci illər ərzində qeyd olunan əməliyyatlar üzrə dövriyyə əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat olduğu halda, vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamədə əks olunmadığından yaranmış kənarlaşmalar vergi qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. Avropa Məhkəməsinin aşağıda qeyd olunan məhkəmə təcrübəsi, məhkəmə presedenti birmənalı şəkildə mütənasib, müvafiq və münasib olmayan yüksək sübutetmə standartını, həddən artıq formalizmi ədalətli məhkəmə araşdırmasının pozulması kimi qiymətləndirir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından inzibati aktın ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2024-cü ilin yanvar ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2024-cü ilin yanvar ayında baş vermiş və əlavə dəyər vergisi predmeti olan əməliyyatları əsas götürməlidir.

22. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır.

23. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.

24. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-yi təşkil edir.

25. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, hesabat dövrü ərzində vergi tutulan dövriyyə müəyyən edilmədən həmin dövrə dair ƏDV hesablanmasının qanuniliyini yoxlamaq mümkün deyildir.

26. İşə baxan apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, cavabdeh iddiaçının bank hesablarına ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək 34.526.081 manat vəsait mədaxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27.635.508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yarandığını qeyd etsə də, həmin məbləğin əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb edilməli olan əməliyyatlara aid olub-olmaması məsələlərini araşdırmamış, buna qiymət verməmiş və 2021-2023-cü illər üzrə aylıq hesablanmalı olan ƏDV dövriyyəsini qanunsuz olaraq 2024-cü ilin yanvar hesabat dövrünə hesablamışdır.

27. Bundan başqa, apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.

28. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar