Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3661/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: icra olunan funksional vəzifənin (işin) eyniliyi; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim T.Məlikov) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşı tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər E.Əliyev – məruzəçi, G.Abbasova və A.oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. İddiaçının ümumi iş stajının ən azı 25 il təşkil etməsi və 60 yaşının tamam olması işin mübahisəsiz halıdır. Hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının tələb olunan müddətdən az olmasıdır. Belə ki, onun 5 il 11 ay 25 gün (##.##.1995-##.##.2000-ci il, ##.##.2000-##.##.2001-ci il, ##.##.2002-##.##.2002ci il, ##.##.2002-##.##.2002-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş dövrü kimi nəzərə alınmış, cavabdeh iddiaçının ##.##.1984-##.##.1987 (03 il 03 ay 2 gün) və ##.##.1987- ##.##.1993-cü il tarixləri (05 il 10 ay 1 gün) nəzərə almamış, eyni zamanda, “xxxx” ASCnin **-BYGEA nömrəli arayışında iddiaçının ##.##.2002- ##.##.2011-ci il tarixləri arasındakı dövr ərzində rəngsaz peşəsində işlədiyi qeyd edilsə də, tətbiq edilən zərərli maddələr barədə əsaslı sənədlər təqdim edilmədiyi üçün güzəştli iş stajını müəyyən etməmişdir. Təqdim olunmuş əmək kitabçasının surətindən məlum olmuşdur ki, iddiaçı ##.##.1984-##.##.1987 və ##.##.1987-##.##.1993-cü il tarixləri arasındaki dövr ərzində rəngsaz işləmişdir. İddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində nəzərdə tutulmuş, lakin bu güzəşt 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlara aid edilmişdir. İddiaçının rəngsaz vəzifəsində işlədiyi müəssisə - “Aqreqat” İstehsalat Birliyi xxxx olmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi rəngsaz vəzifəsinin yuxarıda göstərilən Siyahının hansı bölməsinə uyğun olması ilə bağlı yaranmış zərurət ilə əlaqədar olaraq aidiyyəti üzrə müvafiq sorğular göndərilmiş, aparılmış araşdırma zamanı iddiaçının göstərilən müddətlərdə zərərli və ağır əmək şəraitində astar AK-070, şpatlyovka Əfl-00-26, həlledici P-5, P-4, qrunt AK-070 və Əfl140, XB-16 markalı rənglərlə rəngləmə əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olduğu, eyni zamanda onun zərərli iş şəraitində işlədiyinə görə əlavə əmək haqqı və məzuniyyət aldığı müəyyən olunmuşdur.
6. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi “Aqreqat” İB tərəfindən verilən arayışlarla, həmçinin iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Həmin arayışlarda qeyd edilmişdir ki, İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki “xxxx” MMC-də) ##.##.1984-cü il tarixdən (əmr № ***/K ##.##.1984-cü il) ##.##.1987-ci il tarixədək (əmr № ***/K ##.##.1987-ci il) və ##.##.1987-ci il tarixdən (əmr № ***/K ##.##.1987-ci il) ##.##.1993-cü il tarixədək (əmr № ***/K ##.##.1993-cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləyir. Mövcud texnoloji proseslərə əsasən o, zərərli və ağır əmək şəraitində XB-16, Ən-140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıdakı peşə Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmə, Ümumi peşələr “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” kodu ilə müəyyənləşdirilmişdir.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
12. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
13. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.