Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3667/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin müəyyən edilməsi; orqanizmin funksiyalarının pozulma faizinin düzgün müəyyənləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2012-ci il tarixli *** saylı qərarından görünür ki, iddiaçı İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı və ##.##.2012-ci ildə Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-Diaqnoz: “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)”. “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”.
2. İddiaçıya ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti *******AAFAT nömrəli ##.##.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “diaqnoz əlillik təyin etmir” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli qərarından görünür ki, “Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2012ci il tarixli *** nömrəli Qərar verilmişdir, həmin qərarda “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında və belində olan ağrılardan, baş gicəllənməsindən, yuxusuzluqdan şikayətlənmiş, sol gicgah, alt çənə, sağ əlin birinci barmağında çapıqlar izlənilmiş, nevroloji statusunda tərəfdən ocaqlı patalogiya, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş * saylı Xəstəxana ##.##.2019-cu il tarixli MRT müayinəsinin nəticəsi “L5-L1 fəqərə cisimlərinin deqenarativ və subxondral sklerotik dəyişiklikləri qeyd edilmiş. L1-L2 fəqərəarası diskin spinal kanal boyunca yuxarı doğru miqrasiyası izlənən sola meyilli arxa median yırtığı 8 mm qeyd edilmişdir. Sol lateral foramenal sinir kökçüyü sıxılmışdır” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin həkim psixiatr komissiyasının *** nömrəli, ##.##.2023-cü il tarixli rəyi ilə iddiaçıya üzvi şəxsiyyət pozuntusu, qıcolma tutulmaları ilə F07.0 diaqnozu qoyulmuşdur.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlərdən aydın olur ki, vətəndaş İddiaçı 1992-ci ilin avqust ayında yaralanmış və SQ Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən ##.##.2012-ci il tarixdə “Qəlpə yaralanmalarından sonra alınla sağ gicgahın sərhəddində, sağ əlin İ barmağının dırnaq falanqasında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X1 Komissiyası tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F.07.0” diaqnozu təyin edilmişdir. 1992-ci il avqust ayında yaralandığı müddətdən ##.##.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməmişdir. 08/1992-ci il tarixdən ##.##.2023-cü il tarixədək psixi vəziyyəti ilə əlaqədar ambulator və stasionar müayinə və müalicə almamış və ya müalicə alması ilə əlaqədar tibbi sənəd təqdim edilməmişdir. Bununla əlaqədar Respublika Psixiartiya xəstəxanası tərəfindən təyin edilmiş “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyil.
7. Cavabdehin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sumqayıt Psixiatriya Xəstəxanasının L********EUY nömrəli göndərişi əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyar!arı”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
8. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *-**-*/*-*- *****/**** nömrəli qərarından görünür ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında ~15 ildir qıcolma tutmalarından əziyyət çəkdiyini, tutma zamanı özündə olmadığını, tutmanın ~2- 3 gündən bir baş verdiyini, medikamentoz preparatlardan ~3-4 ildir ki, gündə 1 dəfə “Fenozepam” qəbul etdiyini bildirmiş, lakin tutmanın neçə müddət davam etdiyini, psixi xəstəxanalara müraciət səbəbini və orda müalicə həkiminin kim olduğunu bilmədiyini qeyd etmişdir. Təqdim olunan bəzi tibbi sənədlərdə funksional tutmalar haqqında məlumat qeyd olunmuş, baş-beynin instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verə bilməmişdir. Müayinə zamanı başın təpə hissəsində, sağ əlin 1-ci barmağının dırnaq falanqası və alt çənə üzərində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız, olmuşdur. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, qeyri-səliqəli izlənilmişdir. Ünsiyyət zamanı verilən suallara yüksək tonla cavab vermiş, qıcolma tutmaları, qəbul etdiyi dərmanlar haqqında heç bir məlumat verə bilməmişdir. Psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təsdiqləyən heç bir instrumental müayinə nəticələri təqdim olunmamışdır. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Sumqayıt Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli **/** nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin astenonevrotik sindrom” kimi qeyd olunmuşdur. xxxxnın ##.##.2023cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2023- ##.##.2023-cü il tarixli ****/** nömrəli çıxarışında diaqnoz “Üzvi (kəllə-bevin travması) dissosiativ pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Diamed Klinikasının ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual- orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin qabığının parokzimliyi nəzərə çarpır; saq təpəənsə bölgələrdə fon yazıda kəskin-dalğalar paroksizmlərlə nəzərə çarpır, sınaqlarda amplitud yüksəlir. Epi-aktivlik inkar olunmur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual-orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin **** nömrəli, ##.##.2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0 diaqnozu qoyulmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, * nömrəli X3 ##.##.2022-ci il tarixli çıxarışı ilə göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1972-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, 1991-1994-cü illərdə Azərbaycan Respublikası torpaqlarının bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsi döyüşlərində fasiləsiz olaraq 3 il iştirak etmiş, gedən döyüşlər zamanı ağır yaralanmış, müharibə veteranıdır. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin çənə sağ əlin çoxsaylı qəlpə yaralanması ilə bağlı tez-tez təkrarlanan (ayda azı 4 dəfə) epilepsiya diaqnozu ilə əvvəlki inzibati orqan yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ** saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bunun əsasında Abşeron rayonu Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlilliklə bağlı ##.##.2017-ci il tarixdə əlillik vəsiqəsi də verilmişdir. Ailəsilə birlikdə məcburi köçkündür, maddi durumu çox acınacaqlıdır. Ailədə 5 nəfərdirlər, sağlamlıq imkanları normal olmadığı üçün əmək müqaviləsi bağlayaraq hər hansı bir işdə çalışa bilmir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona imtina vermişdir. Artıq bir ildir ki, qeyd olunan inzibati orqan tərəfindən onun əlilliyi ləğv edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, əvvəllərdə olduğu kimi xəstəliyi ilə əlaqədər tez-tez qıcolamalar baş beyin nahiyyəsində ağrılar sinir pozğunluqları aldığı yaraların yaratdığı psixi pozğunluqlar nevromatik sindrom hələ də davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli Klinik Psixiatriya xəstəxanasının ##.##.2022-ci il tarixli çıxarışı ilə baş beyin üzvi xəstəliyi, travma mənşəli, nəticəsində kəskin asılma-nevrotik sindromu müəyyən edilmişdir. Digər tərəfdən həmin diaqnoz dəqiqləşdirilərək Sumqayıt şəhər Psixatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli **/** saylı protokolu ilə də təsdiq edilmişdir. Müvafiq əlilliyin təyin edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının ##.##.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X4: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin çənə sağ əlin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi, ##.##.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və “Xəstəliklərin BeynəlxalqTəsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozunmətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, baş beyin üzvi xəstəliyi(travma mənşəli) nəticəsində kəskin asteno nevrotik sindrom Essensial [birincili] hipertenziya, arterial hieprtenziya II dərc; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən də onun müraciəti müsbət həll edilməmişdir.
14. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 2023-cü il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. İddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşdüyündən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əyani müayinənin yalnız nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıb-aparıImadığını aydınlaşdırmalı, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğunluğunu müəyyənləşdirməli idi. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunaraq qəbul olunmuş qərarın məzmunu ilə müəyyən olunur ki, iddiaçı barədə müəyyən olunmuş diaqnozlarla bağlı instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verilməmiş, diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli məktubunda qeyd olunduğu kimi, iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən ##.##.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməməsi “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsini istisna edir. Belə olan halda, cavabdeh haqlı olaraq iddiaçının əlilliyinin səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının ona müharibə əlili kimi əlillik təyin edilməli olması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir. İddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasının təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi, R.S.Nəbizadə və S.Ə.Kərimov) 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## ### tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli məktubuna istinad edərək hesab etmişdir ki, iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən ##.##.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etmədiyindən cavabdeh haqlı olaraq iddiaçının əlilliyinin səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən ##.##.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı Mərkəzi Hərbi Həkim Komissiyasına heç bir tibbi sənəd təqdim edilmədiyinə istinad etsə də, işdə olan iddiaçıya aid müayinə və müalicə olunması barədə sənədləri nəzərə almamışdır.
22. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr). Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2012-ci il tarixli *** saylı qərarı əsasında təyin edilmişdir və həmin qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyildir. İddiaçının xeyrinə əlverişli inzibati aktın (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2012-ci il tarixli *** saylı qərarı) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilərək, inzibati icraatın lazımi qaydada aparılması, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsin-iddiaçının inzibati icraata dəvət edilməsi, onun dinlənilmə hüququnun təmin edilməsi hazırkı iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.
23. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş əlilliyin müəyyən olunmasından imtina qərarı təşkil etdiyindən, imtina qərarı ləğv olunduğu halda müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla əlilliyin müəyyən olunmasından imtina tarixindən hesab edilməlidir. Kollegiya qeyd etmişdir ki, məhkəmə icraatı zamanı təqdim edilmiş #.##.2023cü il tarixli Forma 88 arayışına əsasən əsas diaqnoz F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu qıcolma tutulmaları, yanaşı xəstəliklər: B90.9- Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilmiş vərəmin uzaq nəticələri, kerçirilmiş ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri, bərk ocaqlar, fibroz və bərkimə şəklində müəyyən edilmişdir.
24. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən qiymətləndirilmiş və “diaqnozun öz təsdiqini tapmaması” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir. Kollegiya qeyd etmişdir ki, hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin müəyyən olunması ilə bağlı sonuncu imtina qərarının iddiaçıya nə zaman təqdim edilməsi, imtinanın əsaslı olub-olmaması araşdırılmalı, bundan asılı olaraq iddiaçıya hüquqi marağına uyğun iddia tələbi formalaşdırmaqda yardım etməli, həmin iddia tələbi üzrə mümkünlük şərtləri yoxlanılmalı, yalnız iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır.
25. Bundan başqa, sonuncu göndərişdə əks olunmuş “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu qıcolma tutulmaları” diaqnozu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin həkim psixiatr komissiyasının *** nömrəli, ##.##.2023-cü il tarixli və **** nömrəli, ##.##.2024-cü il tarixli rəylərində də öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə də araşdırma aparmamışdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarının 7-ci bəndinə əsasən şəxsə psixi və davranış pozuntuları ilə əlaqədar əlillik dərəcəsi meyarları müəyyən edilmişdir. Həmin qərarın 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular şəxslərdə müşaiyət olunur. Qaydaların 7.6.2-ci bəndində F07.0 diaqnozu öz əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarının 1.1.8-ci bəndinə əsasən tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri ilə əlaqədar əlillik dərəcəsi meyarları müəyyən edilmişdir. Qaydaların 1.8.1-ci bəndində B90.9 diaqnozu da öz əksini tapmışdır.
27. Bununla bağlı, kollegiya qeyd etmişdir ki, göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olub-olmaması, həmçinin göndərişdə öz əksini tapmış xəstəliklər iddiaçıda aşkar edildiyi halda, ekspert rəyi ilə iddiaçıda olan diaqnozların təsdiq olunubolunmaması, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi araşdırılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2012-ci il tarixli *** saylı qərarında öz əksini tapmış xəstəliklərin sonuncu göndərişdə və “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapıb-tapmaması da apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi, V.E.Əzizova və V.M.Hacıyev) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilərək, iddianın təmin edilməsi, İddiaçı 1#.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal hər hansı tibbi sənədə (aparılmış müayinə nəticələrinə dair tibbi sənədlər və s.) istinad edilməklə əsaslandırmamışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda sözügedən xəstəliklərin mövcudluğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas olması nəzərə alınanda iddiaçının tələbində haqlı olduğu müəyyən edilir.
30. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. .
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
7.6.2.[1 baş beynin zədələnməsi və disfunksiyası 30] və ya somatik xəstəliklə bağlı digər psixi F06 pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
35. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Belə ki, 0#.##.2023-cü il tarixli Forma 88 arayışına əsasən iddiaçının əsas diaqnozu – F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə”, yanaşı xəstəliklər: B90.9 “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri, bərk ocaqlar, fibroz və bərkimə şəklində”, Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qəlpə yaralanmasından sonra alınla sol gicgah sərhəddində, sağ əlin barmağının dırnaq falanqalarında, alt çənədə və çənaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər.
43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin **** nömrəli, ##.##.2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0 diaqnozu qoyulmuşdur.
44. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, qıcolma tutmalarının müşahidə edilməsi, baş ağrılarından əziyyət çəkməsi, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası”da həkim psixiatr komissiyası tərəfindən müayinə edilməsi və onda “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozunun qeyd edilməsi) hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İddiaçı F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları” aşkar olunur. Bu pozuntunun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı qəlpə yaralanması ilə səbəbli əlaqəsi var.
45. Göründüyü kimi, iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir.
46. Əlavə olaraq Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi yekun nəticəyə gələrkən iddiaçıda orqanizmin funksiyalarının pozulma faizinin 31-60 faiz müəyyən edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
47. Halbuki “Əlilliyin müəyyən olunması meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” barədə əlavənin 7.6.2.1-ci bəndində orqanizmin funksiyalarının pozulması 35-60 faiz olaraq 2 il müddətinə müəyyən edilmişdir.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilməli, İddiaçı 1#.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*-(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 1#.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərar qətidir.