Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3670/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, müvafiq dövlər nəzərə alınmaqla ## ###### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1964-cü ildə anadan olmuşdur. 1982-ci ilin aprel ayının 1-dən əmək fəaliyyətinə başlamışdır. Bu illər ərzində müxtəlif təşkilatlarda fasiləsiz işləyərək 42 il 6 ay əmək stajı vardır. Hal-hazırda da əmək fəaliyyətini davam etdirməklə, “xxxx” MMC-də mexanizator işləyir, lakin iddiaçı həmin əmək stajının 14 il 11 ayını “xxxx” MMC-nin * saylı Ixtisaslaşdırılmış dəmiryolu müəssisəsində əmək şəraiti zərərli və ağır olan şəraitdə magistral dəmiryollarının çəkilməsində yol montyoru vəzifəsində işləmişdir. Qeyd etdiyi fakt hazırkı iddia ərizəsinə əlavə edilmiş “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ## ###### 2024-cü il tarixli arayışda öz təsdiqini tapmışdır.
3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətində ## ###### 2007-## ###### 2013-cü il tarixləri arasındakı dövr ərzində * saylı X2 Müəssisəsində yol quraşdırıcısı vəzifəsində, “xxxx” QSC-nin iddiaçıya dair ## ###### 2024-cü il tarixli arayışında isə həmin dövr ərzində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə qeyd olunan iddiaçıya dair məlumatlarda uyğunsuzluq var. Bununla əlaqədar olaraq, onun iş stajına aid məlumatların cavabdeh orqan tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin dövr ərzində iddiaçının yol quraşdırıcısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi yol quraşdırıcısı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan magistral dəmiryollarının əlaqə şəbəkəsinin yol montyorları vəzifəsinə uyğun deyildir. Bu fakt “xxxx” QSC “xxxx” MMC-nin * saylı X2 müəssisəsi tərəfindən ##.##.2024-cü il tarixli birgə aktla təsdiq edilmişdir. Buna görə də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 21 gün (## ###### 1986-## #### 1987-ci il, ## ###### 2013-## ###### 2018-ci il və ## #### 2018-## ###### 2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
4. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: M.T.Mahmudlu-Abbaszadə) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu ## ###### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin yanaşması siyahıda qeyd edilənlərə formal yanaşma olmaqla, iddiaçının pensiya hüququnun məhdudlaşması ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir. Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda, həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də, peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Iddiaçının 60 yaşının tamam olduğu ## ###### 2024-cü ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ## ###### 2007-## ###### 2013-cü il tarixlərdə * saylı X1 yol montyoru peşəsində işlədiyi dövrlər güzəştli iş stajı kimi nəzərə alınmalı olduğundan, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt də ödənilmiş olur (mübahisələndirilməyən güzəştli iş stajına aid dövr 08 il 06 ay 21 gün + 6 il 8 ay 23 gün).
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ## ###### 1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.