Məhkəmə qərarları › İş №2-1(102)-3676/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3676/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3676/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki 3 il üçün yaşa görə sosial müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1955-ci ildə Quba rayon Rustov kəndində doğulmuş iddiaçı, 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar Quba rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, */***/-****/**** nömrəli qətnaməsinə əsasən ölmüş elan edilmişdir.

2. Həmin qətnamə daha sonra Quba rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir.

3. İddiaçının ##.##.2020-ci il tarixdən (64 yaş yarımdan) yaşa görə sosial müavinət hüququ yaranmış və ona ##.##.2023-cü il tarixdən ödənilməklə yaşa görə sosial müavinət təyin edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, ##.##.2023-cü il tarixdən əvvəlki 3 il üçün sosial müavinətin hesablanıb ödənilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı ona şəxsiyyət vəsiqəsinin verildiyi ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair arayış təqdim edəcəyi halda onun müraciətinə yenidən baxılacaqdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək ödənilməli olan sosial müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasında olarkən doğulduğu ölkədə, yəni Azərbaycan Respublikasında ölmüş elan edilmiş və adına ölüm haqqında şəhadətnamə işlənmişdir. Belə ki, 2007-ci ildən rəsmi qaydada ayrılmasına və hər hansı qohumluq münasibətləri olmamasına baxmayaraq, iddiaçının keçmiş arvadı X1 2011-ci ildə Quba rayon Məhkəməsinə müraciət etmiş və onun 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsinə nail olmuşdur. Bütün bunlar iddiaçıya məlum olduqdan sonra, onun ərizəsi əsasında Quba rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. Həmin qətnamə qanunu qüvvəyə mindikdən sonra iddiaçı Azərbaycan Respublikasına qayıdaraq, Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının vətəndaşı kimi cavabdehə müraciət edərək, ona yaşa görə sosial müavinətin təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya əvvəlcə ##.##.2023-cü il tarixdən, yəni şəxsiyyət vəsiqəsinin verildiyi tarixdən, daha sonra isə ##.##.2023-cü il tarixdən, yəni doğum haqqında şəhadətnaməsinin verildiyi tarixdən hesablanmaqla yaşa görə sosial müavinətin ödənilməsinə başlanılmışdır. İddiaçının ona ##.##.2023-cü il tarixdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi barədə müraciəti isə cavabdeh tərəfindən onun ölmüş elan edilməsi əsas gətirilməklə təmin edilməmişdir. İddiaçı hesab edir ki, onun ölmüş elan edilməsi, adına ölüm haqqında şəhadətnamə çıxarılması onun məlumatı və təqsiri olmadan baş verdiyindən və həmin sənədlər məhkəmə qətnaməsi ilə ləğv edildiyindən, ona sosial müavinət ##.##.2020-ci il tarixdən hesablanaraq ödənilməli idi.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı ölmüş elan edilmiş, daha sonra isə həmin qətnamə Quba rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Bundan sonra, iddiaçıya ##.##.2023-cü il tarixdən doğum haqqında şəhadətnamə, ##.##.2023-cü il tarixdən isə şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddiaçıya doğum haqqında şəhadətnamə ##.##.2023-cü il tarixdən verildiyindən, yaşa görə sosial müavinətin ödənişi də həmin tarixdən həyata keçilir. Bu səbəbdən, həmin müavinətin əvvəlki 3 il üzrə ödənilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Mehriban Mahmudlu-Abbaszadə) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək ödənilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə müavinət hüququ ##.##.2020-ci il tarixdə yaranmışdır. Ona şəxsiyyət vəsiqəsinin ##.##.2023-cü il tarixdə verilməsi onun hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmçinin iddiaçının 2011-2023-cü illərdə başqa ölkənin vətəndaşı olması haqqında hər hansı məlumat yoxdur. Həmçinin iddiaçıya şəxsiyyət vəsiqəsinin verilməsinin özü onu təsdiq edir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, əks halda uzun prosedur qaydaları həyata keçirilməli idi.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Toğrul Axundov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Vahid Hacıyev) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək ödənilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi cavabdehin imtinasını haqlı olaraq əsassız hesab etsə də, sosial müavinətin ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə iddiaçıya ödənilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının cavabdeh orqana sosial müavinətin ödənilməsi ilə əlaqədar ilkin müraciəti ##.##.2024-cü il tarixdə olmuşdur. Ona görə də, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin iddiaçıya ödənilməsi həmin tarixdən (##.##.2024-cü il) əvvəlki 3 il müddətinə müəyyən edilməlidir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.2. yaşa görə müavinət; Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük;

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Hazırkı iş üzrə kassasiya icraatının predmetini təşkil etməsi baxımından iddiaçının hüquqi marağı və məqsədi ona müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəlki 3 il üçün yaşa görə sosial müavinətin ödənilməsinə nail olmaqdan ibarətdir.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə xüsusi olaraq qeyd edir ki, şəxsin ölmüş elan olunması haqqında qətnamənin ləğvi barədə məhkəmə qərarı “ex tunc” tətbiq olunmalıdır (yəni geriyə qüvvəyə malik olmalıdır). Belə ki, şəxs faktiki olaraq sağ olduğu üçün, həmin dövr ərzində də hüquq qabiliyyətini saxlamaqda davam etmiş və hüquq qabiliyyətli olmuşdur (ölmüş elan olunmasına rəğmən). Bu baxımdan məhkəmənin ləğv qərarı hüququ yenidən yaratmır, sadəcə ölümlə bağlı hüquqi vəziyyətin əvvəlcədən mövcud olmadığını rəsmi qaydada təsdiq edir. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı dövlət tərəfindən təminat verilən hüquq və vəzifələrə, o cümlədən sosial müavinət almaq hüququna malik olmaq qabiliyyətini həmin dövr ərzində itirmiş sayıla bilməz.

28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar