Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3690/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: icra olunan funksional vəzifənin (işin) eyniliyi, güzəştli iş stajı barədə işəgötürənin arayışının mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 12 il 6 aydan az xüsusi iş stajı vardır. Belə ki, Sumqayıt Kompressorlar zavodu tərəfindən təqdim edilmiş ##.##.2020-ci il tarixli arayışda iddiaçının 1981-1994-cü illər arasında “təmirçi çilingər”, “xxxx” peşələrində 12 il 7 ay 23 gün işlədiyi qeyd olunur. Lakin iddiaçıya aid əmək kitabçasında onun ##.##.1985-##.##.1985-ci illərdə (5 ay 14 gün), ##.##.1988-##.##.1989cu illərdə (8 ay) həmin müəssisədə briqadir vəzifəsində işlədiyinə dair qeydlər aparılmışdır ki, həmin vəzifə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XI bölməsinin 5-ci bəndində və “Metal emalı” bölməsində (XIV) nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır (11 il 6 ay 9 gün). Ona görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.
4. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının eyni müəssisədə ##.##.1981-##.##.1983-cü illərdə işlədiyi “növbətçi çilingər” peşəsinin “təmirçi çilingər” peşəsinə uyğun olmadığını, ##.##.1985-##.##.1986-cı illərdə işlədiyi “təmirçi çilingər” peşəsinin tökmə istehsalatına aid olmadığını, habelə ##.##.1986- ##.##.1986-cı illərdə işlədiyi “xxxx” peşəsinin “qurğuşunlu-qalaylı ərinti xxxxləri” vəzifəsinə uyğun olub-olmadığının müəyyən edilə bilmədiyini əsas gətirərək həmin illəri güzəştli iş stajı kimi nəzərə almamış, onun 10 il 5 ay 6 gün güzəştli iş stajına malik olduğunu qeyd edib iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, ##.##.1960-ci il təvəllüdlü iddiaçının ##.##.2020-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmaması halını mübahisələndirməmiş, habelə imtina və şikayətin əsasını yalnız güzəştli iş stajı ilə bağlı hallar təşkil etmişdir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş bütün qeydlər, təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər nəzərə alındıqda, iddiaçının azı 25 il iş stajına malik olması halı öz təsdiqini tapır. Kollegiya iddiaçının güzəştli iş stajına münasibətdə onu qeyd edir ki, iddiaçı mübahisələndirilən dövrlərdə Sumqayıt Kompressorlar zavodunda “növbətçi çilingər” və “xxxx” peşələrində işləmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi peşələrin müvafiq Siyahı üzrə güzəştli pensiya hüququ verən peşələrə aid olmasına dair arayış təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda XIV bölmədə “Metal emalı” 1-ci bənddə “Tökmə istehsalatı” (kod: 2150100), 2150100a- 18559 kodu üzrə “tökmə istehsalatı: təmirçi çilingərlər”, həmin bölmədə 3-cü bənddə “Termiki emal” 1110400a-12180 kodu üzrə “qurğuşunlu-qalaylı ərinti xxxxləri” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr məhz “Metal emalı” bölməsinə aid olmaqla, tökmə istehsalatı və termik emal bəndində əks olunmuşdur. Bu hallar iş materialları əsasında öz təsdiqini tapmışdır. Cavabdeh həmin peşələrin Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olmadığını qeyd etsə də, buna dair heç bir sübut təqdim etməmiş, habelə işəgötürən müəssisə tərəfindən verilmiş arayışı təkzib edən heç bir dəlilə istinad etməmişdir. Nəticə etibarilə iddiaçının işlədiyi peşələr (“çilingər” və “xxxx”) müvafiq Siyahıda nəzərdə tutulduğu, habelə müvafiq müəssisənin fəaliyyətinin xarakteri (görülən işlərin xarakteri: məişət soyuducuları üçün kompressorlar, sənaye kompressorları, ralelər və onların ehtiyat hissələrinin istehsalı və s. ilə məşğul olmuşdur) məlum olduğu halda, cavabdeh formal yanaşma tətbiq edərək, həmin dövrləri mübahisələndirmişdir. Qeyd edilən dövrlər güzəştli iş stajı kimi nəzərə alındığı halda, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli stajına malik olmasına dair şərt də ödənilmiş olur (mübahisələndirilməyən dövr 10 il 5 ay 6 gün + 2 il 2 ay 25 gün). Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçıya münasibətdə pensiya hüququnun yaranması üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyi halda, həmin hallar nəzərə alınmamış, cavabdehin hərəkətlərinə qanunvericiliyin tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, bununla da yanlış nəticəyə gəlinmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi yanlış olaraq iddiaçıya münasibətdə cavabdehin mübahisələndirməyərək, güzəştli iş stajı kimi nəzərə aldığı dövrə, müvafiq Siyahı üzrə mübahisəli dövr kimi qiymət vermiş, habelə güzəştli iş stajı kimi nəzərə almayaraq, iddiaçı barəsində güzəştli iş stajının tamamlanmaması qənaətinə gəlmişdir. Nəticə etibarilə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə işin faktiki və hüquqi hallarının dəyərləndirməsi və gəldiyi nəticə yanlış olmuş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması ##.##.2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan bütün şərtlər (yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənilir.
7. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 8. 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
12. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına onun işəgötürəninin (olmadığı təqdirdə isə, həmin sahədə fəaliyyət göstərən analoji müəssisənin) malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.