Məhkəmə qərarları › İş №2-1(102)-3699/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3699/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3699/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı üzrə QƏRARİ (Açar sözlər: qanuni və ya qanunsuz əlverişli inzibati aktların ləğvi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1.İddiaçı barəsində “Əlillik Altsistemi”ndən Çıxarışdan görünür ki, ona ## ###### 2020-ci il müayinə tarixli göndəriş əsasında “xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəliyi” diaqnozu ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən 5 il müddətinə II dərəcə əlillik təyin edilmişdir. Əlilliyinin bitmə müddəti ##.##.2025-ci il olaraq müəyyən edilmişdir. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının dekabr 2023cü il tarixli qərarda qeyd edilmişdir ki, Ağdaş rayon sakini ##.##.1991-ci ii təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin *******AAG*N nömrəli göndərişi əsasında ##.##.2020ci il tarixində qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.2.15. bəndinə müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş *-**-*/*-M-*****/**** nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli **** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Epiaastral nahiyənin dəri səthinin xora!asması ilə müşayiət olunan yayılmış ekzema” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və ““Fizioloji çəp dişləm" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri xəstəliyi olduğunu bildirmiş, hal-hazırda bədəninin müxtəlif nahiyələrində yayılmış səpkilərdən şikayətlənmiş, sonuncu dəfə 2020-ci ildə stasionar müalicə aldığını qeyd etmişdir. Müayinə zamanı sağrı nahiyəsində nöqtəvari qabıqlanmış ləkələr izlənilmiş, oynaqlarında heç bir şişkinlik müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a.Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək əlilliyinin dayandırıldığı ## ###### 2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ##.##.1991-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. Hərbi xidmətdə olduğu zaman ciddi və müalicəsi olmayan xəstəlik tapmışdır. Xəstəliyi ilə əlaqədar iddiaçıya ## ###### 2020-ci ildə “xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəliyi” diaqnozu ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən 5 il müddətinə II dərəcə əlillik təyin edilmişdir. Əlilliyinin bitmə müddəti ##.##.2025-ci il olaraq müəyyən edilmişdir. Lakin cavabdehdən 2023-cü ilin noyabr ayında iddiaçıya məktub göndərilərək, əyani müayinəyə cəlb edilməli olduğu qeyd olunsa da, barəsində verilmiş qərarda iddiaçının əlilliyinin təyin edilməsi ilə bağlı şübhəli məqamların nədən ibarət olduğu göstərilməmişdir. Üstəlik, iştirak etməyəcəyi halda əlillik təyinatının dayandırılacağı barədə hədə-qorxu xarakterli qeyd əlavə olunmuşdur. İddiaçı əlillik təyinatının müddəti bitmədən ona nə üçün belə bir bildirişin göndərildiyini aydınlaşdırmaq üçün qeyd olunan tarixdə X1 getmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və əlilliyi dayandırıldığı tarixdən bərpa edilməlidir. 5.Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək “Tam reabilitasiya olunması” barədə qərar verilmişdir. Ağdaş rayon sakini ##.##.1991-ci il təvəllüdlü iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin *******AAG*N nömrəli göndərişi əsasında ##.##.2020-ci il tarixində qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.15-ci bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş *-**-*/*-M*****/**** nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018ci il tarixli **** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Epiqastral nahiyənin dəri səthinin xoralaşması ilə müşayiət olunan yayılmış ekzema" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və "Fizioloji çəp dişləm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri xəstəliyi olduğunu bildirmiş, hal-hazırda bədəninin müxtəlif nahiyələrində yayılmış səpkilərdən şikayətlənmiş, sonuncu dəfə 2020-ci ildə stasionar müalicə aldığını qeyd etmişdir. Müayinə zamanı sağrı nahiyəsində nöqtəvari qabıqlanmış ləkələr izlənilmiş, oynaqlarında heç bir şişkinlik müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. 6.Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdır (hakim – F.Hacızadə). 7.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı və məqsədi onun tam reabilitasiya olunması barədə cavabdehin dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə və ona ## ###### 2020-ci il tarixdən təyin edilmiş “Hərbi xidmət dövrü ilə” əlaqədar II dərəcə əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. İşin hallarından görünür ki, iddiaçıya ## ###### 2020-ci il tarixli göndəriş əsasında “xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəliyi” diaqnozu ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən 5 il müddətinə II dərəcə əlillik təyin edilmişdir. Əlilliyinin bitmə tarixi ##.##.2025-ci il olaraq müəyyən edilmişdir. 8.Cavabdeh tərəfindən iddiaçının müəyyən edilmiş əlilliyinin “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Cavabdeh əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq bu qərarı qəbul etdiyini bildirmişdir. 9.“Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

10. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

11. Hazırkı iddia tələbinə əsasən, iddiaçı barəsində şübhənin nədən ibarət olduğu, həmin şübhənin əsaslılığını göstərən hallarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində “tam reabilitasiya” olunma qərarı qəbul edilmişdir. Həmin Qərarın mahiyyəti isə risk və şübhə məfhumları ilə uyğun deyildir. Belə ki, “tam reabilitasiya” olunma dedikdə əvvəllər mövcud olmuş diaqnozun həqiqiliyini qəbul edib, mövcud vəziyyətdə şəxsin reabilitasiya olunduğunu müəyyən etməkdən ibarətdir.

12. Hazırkı mübahisəyə münasibətdə məhkəməsinin araşdırması zamanı iddiaçıya müddətli əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Musayev, hakimlər – R.Rəfiyev, Z.Sadiqov).

15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qanunvericilik normaları sadalanmış və əlavə olaraq bildirilmişdir ki, istinad edilən maddi hüquq normalarının tələbləri baxımından qərar qanunsuz və əsassız olmuşdur. İddiaçının bərpa olunması cavabdehin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə demək olar ki, ümumiyyətlə məhəl qoymamış, iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Faktiki olaraq apellyasiya instansiyası məhkəməsi də yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmadan yola çıxaraq inzibati iş üzrə cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmalı olması qənaətinə gəlmişlər. Lakin məhkəmə iddiaçının reabilitasiya olması barədə komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun qərarı faktiki olaraq görməzdən gəlinməklə, reabilitasiya olmuş iddiaçıya münasibətdə ikinci dərəcə əlilliyin bərpa olunmalı olması qənaətinə gəlmişdir. Bu kimi faktların mövcudluğu apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, bu istiqamətdə demək olar ki, araşdırma aparılmamış, formal mülahizələr əsas götürülmüşdür ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən birini təşkil etmiş şəxsə əlillik təyinatı aparılması üçün diaqnozun doğruluğunun müəyyən edilməsinin heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermədiyi, şəxsdə sözügedən xəstəliyin ağırlaşmalarının mövcud olması istiqamətində araşdırma aparılmamış, həmin dəlilə hüquqi qiymət verilməmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62- ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

26. Hazırkı işin hallarından görünür ki, iddiaçıya ##.##.2020-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” əsasla 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə cəlb olunması və əlilliklərin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir. Nəticədə iddiaçı əyani müayinəyə cəlb olunmuş və “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

27. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmadan yola çıxaraq iddianı təmin etmiş, lakin məhkəmə iddiaçının tam reabilitasiya olması barədə komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun qərarı faktiki olaraq görməzdən gəlinməklə, tam reabilitasiya olmuş iddiaçıya münasibətdə əlilliyin bərpa olunmalı olması qənaətinə gəlmişdir.

28. Hazırkı iş üzrə inzibati orqan özünün əlliliklə bağlı əvvəlki qərarının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Yəni cavabdeh şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.

29. Bu halda mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.

30. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.

31. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.

32. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.

33. Qeyd edilən mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli (vahid məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu) qərarında da öz əksini tapmışdır.

34. Yuxarıda göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində müəyyən edilmiş əlillik ləğv edilərkən iddiaçının tam reabilitasiya olunmasına istinad edilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının əlillik vəziyyəti (onun tam reabilitasiya olunub-olunmaması) ilə bağlı hər hansı araşdırma aparmamışdır.

35. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hüquqi mövqe ilə razılaşmışdır.

36. Halbuki apellyasiya instansiyası məhkəməsinin “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə istinad etməsi düzgün olmamış, bununla belə apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələblərinə uyğun müvafiq araşdırma aparmamışdır.

37. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman işin halları iddiaçının tam reabilitasiya olunması ilə bağlı cavabdehin başlıca dəlili araşdırılmalı, iddiaçı barəsində əlverişli inzibati akt ləğv edilərkən iddiaçının əyani müayinə cəlb edilib-edilməməsi, onun sağlamlıq vəziyyəti və bərpa-reabilitasiya vəziyyəti qanunvericiliyə uyğun müəyyən edilməli, ehtiyac yaranacağı təqdirdə xüsusi bilik tələb etdiyinə görə müvafiq ekspertiza təyin edilməklə rəy alınmalıdır.

38. Qeyd edilənlər və onlarla bağlı digər hallar tam, obyektiv və hərtərəfli araşdırıldıqdan sonra “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələbləri baxımından yoxlanılmalı, bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir.

39. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar