Məhkəmə qərarları › İş №2-1(102)-3703/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3703/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3703/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti, kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı İddiaçı R rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsində xidmət etmişdir.

2. Iddiaçı # ###### 2020-ci il tarixində partlayış travması nəticəsində qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi almış, sonradan həmin travmanın qalıq əlamətləri ilə bağlı müalicə olunmuşdur. 2021-ci ilin yanvar ayında hərbi hissə komandanlığı tərəfindən nevroloji müayinəyə göndərilmiş, stasionar müalicə almış və ## ###### 2021-ci il tarixdə 15 gün müddətinə məzuniyyətə buraxılmışdır.

3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ## ###### 2021-ci il tarixli, **** nömrəli arayışına əsasən ona “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsi ilə nəzərdə tutulan sosial müdafiə tədbirləri, o cümlədən, pulsuz dövlət tibb xidməti ilə təmin olunmaq hüququ şamil edilmişdir.

4. Azərbaycan Respublikası Prezidentinin ## #### 2022-ci il tarixli, **** nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilmiş və Milli Müdafiə Universiteti yaradılmışdır.

5. Bu səbəbdən, iddiaçı Hərbi Diplomatiya silsiləsinin baş müəllimi (Kəşfiyyat subyektinin əməkdaşı sayılan vəzifə) vəzifəsindən azad edilmişdir.

6. ## #### 2022-ci il tarixli nizami hissə üzrə əmrlə iddiaçı - ehtiyatda olan R İddiaçı hərbi xidmətini davam etdirmək üçün SQ-nin Hərbi Akademiyasından gəlmiş hesab edilməklə, Hərbi Idarəetmə Institutunun şəxsi heyətinin siyahısına daxil edilmişdir.

7. Iddiaçı ## ####### 2022-ci il tarixdə saat 17:20 radələrində fiziki hazırlıq saatında başı gicəllənərək yıxılması nəticəsində yenidən xəsarət almış, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə edilmiş və 19 oktyabr–## ###### 2022-ci il tarixlərində stasionar müalicə olunmuş və ona “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və s.” diaqnozu qoyulmuşdur.

8. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ## ####### 2022-ci il tarixli, **** nömrəli ekspert rəyinə əsasən, iddiaçının aldığı qapalı kəllə-beyin travması bərk küt əşyanın təsirindən yaranmış və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilmişdir.

9. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2023-cü il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının # ###### 2020-ci il tarixli partlayış travmasının Azərbaycan Respublikasının müdafiəsi zamanı, ## ####### 2022-ci il tarixli qapalı kəllə-beyin travmasının isə hərbi xidmət vəzifələrini yerinə yetirdiyi zaman alınmış hərbi travma olduğu qeyd edilmişdir. Həmin şəhadətnamə ilə iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir.

10. Bununla əlaqədar, Hərbi Idarəetmə Institutu rektorunun ## ##### 2023-cü il tarixli, ** nömrəli əmri ilə iddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, # #### 2023-cü il tarixdən şəxsi heyətin siyahısından və təminat növlərindən çıxarılmışdır. Eyni əmrlə ona qanunvericiliklə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı, vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti və digər ödənişlər verilmişdir.

11. Bundan sonra, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğinin ona ödənilməsi barədə cavabdehə müraciət etmişdir.

12. Cavabdeh ## ###### 2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının Milli Müdafiə Universitetinin Hərbi Idarəetmə Institutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifəsi hesab edilmir. Buna görə də cavabdeh iddiaçıya tələb etdiyi kompensasiyanın ödənilməsinin mümkün olmadığını bildirmişdir

13. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” ## #### 2004-cü il tarixli ***-IIQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı tələbini hazırkı qərarın 1-11-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq xidmət etdiyi dövrdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, sonradan isə Hərbi Idarəetmə Institutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna və müvafiq normativ hüquqi aktlara əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edildiyini bildirmişdir. Bu əsasla onun hər il məzuniyyətə çıxması və müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində müavinətlərin əməkhaqqına hesablanaraq ödənildiyini, həmin ödənişlərin bank hesabından çıxarışlarla təsdiq olunduğunu qeyd etmişdir. O, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 14.2-ci və 20.12-ci maddələrinə, habelə Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli, ***-** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara istinad edərək, xidməti vəzifələrin icrası zamanı alınmış xəsarət nəticəsində xidmətinin davam etdirilməsi istisna edildikdə, əməkdaşa üç illik pul təminatı məbləğində kompensasiya ödənilməli olduğunu əsas gətirmişdir. Hesab edir ki, o, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət etdiyi dövrdə hərbi travma almış, həmin travmalar nəticəsində sülh dövründə hərbi xidmətə yararsız hesab edilmiş və xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olduğunu bildirərək, həmin kompensasiyanın ödənilməsi barədə Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ## ###### 2023-cü il tarixli, */**** nömrəli məktubla müraciəti təmin edilməmişdir.

15. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz və ona əlavə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ## #### 2004-cü il tarixli ***-IIQ nömrəli “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.12-ci maddəsində xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, Nazirlər Kabineti tərəfindən ##.##.2004-cü il tarixli ***-** nömrəli Qərarla “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.2-ci maddəsində xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilirsə, ona 3 illik pul təminatı məbləğində kompensasiya ödənildiyi qeyd edilmişdir. Qaydalarda 3 illik pul təminatı məbləğində kompensasiyanın verilməsinə əsas tələb kimi xidmətinin davam etdirilməsi istisna edilən zaman iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşı olması qoyulur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əkskəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli *** nömrəli Fərmanına əsasən, Cavabdeh müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Cavabdeh həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı mütəmadi olaraq (hər il və ya ildə bir neçə dəfə) müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. Iddiaçı ehtiyata buraxılarkən xidmət etdiyi hərbi hissədə tutduğu vəzifə Qanunun 7ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. “Cavabdeh strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ##### tarixli, *** nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ####### tarixli **** nömrəli fərmanlarının ləğv edilməsi barədə” ##.##.2022-ci il tarixli, **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilmiş və Milli Müdafiə Universiteti yaradılmışdır. Qeyd olunan Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının hərbi və mülki işçiləri müdafiə nazirinin ##.##.2017ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 7-ci maddəsinə uyğun olaraq sərəncama götürülürlər (yeni ştat üzrə vəzifələrə təyin edilənədək). Yuxarıda yazılanlardan aydın olur ki, 2021-ci ildə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında yeni yaradılmış Milli Müdafiə Universiteti ola bilməzdi və iddiaçı heç bir halda əməkdaşların siyahısına daxil edilə bilməzdi. Hər hansı bir hərbi hissə və ya qurum ləğv edildikdə (hazırkı halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası), həmin qurum və onun işçiləri həmin andan hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarından çıxarılmış hesab edilir. Iddiaçı ## #### 2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ləğv edilməsi nəticəsində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarından çıxarıldığı üçün “Kəşfiyyat və əkskəşfiyyat haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-IIQ nömrəli Qanununda qeyd olunmuş imtiyazlar və hüquqların ona şamil edilməsi qanunsuz və əsassızdır.

16. Bakı Inzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsinin əsaslandırması: Iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsində xidmət etmiş və bu vəzifə müdafiə nazirinin ##.##.2021-ci il tarixli, **** nömrəli əmri ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri siyahısına daxil edilmişdir. Həmin siyahı ##.##.2023-cü il tarixli, ***** nömrəli yeni əmr qəbul edilənədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2023-cü il tarixli, ***** nömrəli əmri ilə təsdiq edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin siyahısında Milli Müdafiə Universitetinin Hərbi Idarəetmə Institutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsi öz əksini tapmamışdır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.6, 20.7 və 20.11-ci maddələrində bu subyektlərin hərbi qulluqçuları üçün müvafiq sosial və maddi təminatlar, o cümlədən iki aylıq pul təminatı məbləğində müavinət, müalicə ilə əlaqədar birdəfəlik müavinət və dövlət hesabına sığorta nəzərdə tutulmuşdur. Iş materiallarından görünür ki, iddiaçıya 2022-ci ildə iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət və müalicə müavinətləri ödənilmiş, özü və ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin edilmişdir. ##.##.2022-ci il tarixli, **** nömrəli fərmanla Hərbi Akademiya ləğv edilərək Milli Müdafiə Universiteti yaradılmış, lakin Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsinin mahiyyətində və pul təminatında dəyişiklik olmamışdır. Iddiaçı hər iki vəzifədə eyni əməkhaqqı və məxfiçilik pulu almışdır. Yeni kəşfiyyat və əks-kəşfiyyat subyektləri siyahısının vaxtında tərtib edilməməsi iddiaçının məsuliyyət sferasına aid deyildir. Iddiaçı ##.##.2023-cü il tarixli yeni siyahı təsdiq edilənədək həmin vəzifədə xidmət etmiş, ##.##.2022-ci il tarixdə xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış və sonradan xidmətə yararsız hesab edilmişdir. Yeni siyahıda əvvəlki hüquqi vəziyyəti aradan qaldıran və ya əvvəlki vəzifələrin kəşfiyyat və əks-kəşfiyyat subyekti hesab edilməsini istisna edən müddəa nəzərdə tutulmamışdır. Iddiaçının həmin dövrdə ona verilmiş təminatlardan istifadə etməsi onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti hesab edilməsinə dair inzibati orqanın yanaşmasına etimad hüququ yaratmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti kimi kompensasiya ödənilməsini tələb etməsi əsaslıdır.

18. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Cavabdeh Milli Müdafiə Universitetinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli **** nömrəli Fərmanına əsasən Hərbi Akademiya ləğv edilərək Milli Müdafiə Universiteti yaradılmış, yeni qurumun hərbi qulluqçuları müdafiə nazirinin ##.##.2023-cü il tarixli ***** nömrəli əmri ilə kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin siyahısına daxil edilmədiyindən 2023-cü ildə həmin təminatlardan yararlanmamışlar. Həmçinin, Hərbi Akademiyanın ləğvindən 2023-cü ilin yanvarınadək ödənilmiş 15 faizlik məxfiçilik əlavələrinin əsassız olduğu əsas gətirilərək dayandırılması barədə göstəriş verildiyi bildirilmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçı İddiaçı ##.##.2022-ci ildən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 7-ci maddəsində nəzərdə tutulan vəzifələrdən birini icra edib-etməməsinin və bu istiqamətdə tapşırıq alıb-almamasının müəyyən edilməsi üçün Kəşfiyyat Baş Idarəsinə sorğu göndərilməsi barədə vəsatətini təmin etməmişdir. Belə ki, bu halın araşdırılmasına zərurət olmadığı və iddianın təmin olunmasına əsas verən hallar iş materialları ilə kifayət qədər təsdiq edilmişdir. Kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, müdafiə nazirinin ##.##.2023-cü il tarixli ***** nömrəli əmri ilə Hərbi Akademiyanın ləğv edilməsi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əvvəlki hüquqi vəziyyətinə toxunmamış, ##.##.2022-ci ilədək tutulan vəzifələrin kəşfiyyat və əkskəşfiyyat subyekti vəzifəsi hesab edilməsini istisna edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının həmin əmrin qüvvədə olduğu dövrdə və bir il ərzində pulsuz müalicə, iki aylıq məzuniyyət və müvafiq pul təminatları, məxfiçiliyə görə ödəniş və digər təminatlarla təmin edilməsi onun kəşfiyyat və əks-kəşfiyyat subyekti hesab edilməsinə dair inzibati orqanın yanaşmasına etimad hüququ yaratmışdır. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavabda ##.##.2025-ci il tarixli məktubla 2023-cü ilin yanvarınadək ödənilmiş 15 faizlik məxfiçilik əlavələrinin əsassız olduğu əsas gətirilərək dayandırılması barədə göstəriş verildiyi bildirilsə də, bu hal iddiaçının inzibati orqana yaranmış etimad hüququnu sarsıtmır və həmin hüququn aradan qalxdığını göstərmir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, kəşfiyyat subyektlərinin müəyyən edilməsinə dair MN-in müvafiq əmrlərinin qeyd hissəsində kəşfiyyat subyekti vəzifəsinin ştat üzrə təyin edilmiş şəxslərə münasibətdə hüquqi qüvvəsinin, yalnız kəşfiyyat tapşırığını aldığı və həmin vəzifəni yerinə yetirdiyi dövrə şamil olunduğu göstərilmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, məhkəmə iddiaçının ilkin olaraq tələb etdiyi kompensasiyaya hüququ olub-olmaması məsələsinin aydınlaşdırılması üçün onun sözügedən vəzifənin (kəşfiyyat subyekti kimi) faktiki icraçısı olduğunu müəyyən etməli idi. Lakin birinci və apellyasiya instansiyası məhkəmələri iddiaçını kəşfiyyat fəaliyyətinə görə deyil, onun diplomatiya kursunun müəllimi vəzifəsinə (hər iki qurumdakı “baş müəllim” ştatı üzrə funksional vəzifə borclarının eyni olması barədə sorğuya cavabla əsaslandırılmışdır) görə kəşfiyyat subyekti hesab etməklə iddianı təmin etmişdir. Məhkəmə araşdırmasında iş üzrə əsas hal iddiaçının travma alarkən, eləcə də ehtiyata buraxılarkən tutduğu vəzifənin hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) əməkdaşları siyahısında olubolmaması və ya faktiki olaraq kəşfiyyat fəaliyyətini yerinə yetirib-yetirməməsi barədə sorğu göndərilməmişdir.

23. Məhkəmələr araşdırma zamanı aşağıda qeyd olunan məlumatlara diqqət yetirməli olduqları halda bunları araşdırmamışlar. Iddiaçı İddiaçı travma aldığı zaman (nə 1-ci ##.##.2020-ci il tarixdə, nə də 2-ci dəfə ##.##.2022-ci il tarixdə) onun tutduğu vəzifə kəşfiyyat subyekti olmamışdır. Belə ki, o, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun baş qərargah rəisinin ##.##.2022-ci il tarixli, **** nömrəli əmrinə əsasən (Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli **** nömrəli Fərmanına əsasən iddiaçının xidmət etdiyi hərbi qurum - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilməsi səbəbindən) ## #### 2022-ci il tarixdə tutduğu Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi diplomatiya kursunun Hərbi Diplomatiya silsiləsinin baş müəllimi (kəşfiyyat subyektinin əməkdaşı sayılan vəzifə) vəzifəsindən (travma aldığı ##.##.2022-ci il tarixdən 3 ay öncə) azad edilmiş, həmin vəzifə ilə bağlı iş və vəzifələrini təhvil vermiş, Hərbi Akademiyanın şəxsi heyətinin siyahısından, eləcə də bütün növ təminatlardan çıxarılmışdır. Yenə də həmin əmrin əsasında verilmiş ##.##.2022-ci il tarixli nizami hissə üzrə əmrdə iddiaçı ehtiyatda olan R İddiaçı hərbi xidmətini davam etdirmək üçün SQ-nin Hərbi Akademiyasından gəlmiş hesab edilməklə Hərbi Idarəetmə Institutunun (müdafiə nazirinin müvafiq əmrləri ilə həmin tarixdən bu günədək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı kimi nəzərdə tutulmayan və adı qeyd olunmayan) şəxsi heyətinin siyahısına daxil edilməklə, (həmin vəzifə ilə bağlı) bütün növ təminatlara qoyulduğu və vəzifəsinin icrasına başladığı qeyd olunmuşdur. Azərbaycan Ordusunda kəşfiyyat subyekti əməkdaşlarını müəyyən edən müvafiq komissiyanın rəyinə əsasən, hərbi hissə və ya ştat vəzifə ləğv edildikdə (indiki halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası), həmin vəzifəni tutan əməkdaşlar həmin andan hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarından çıxarılmış hesab edilir.

24. Iddiaçının ehtiyata buraxıldığı cari il 2022-ci il deyil, 2023-cü ildir və o, ehtiyata buraxılanadək (##.##.2023-cü il) öz funksional vəzifələrini icra etmiş və 2023-cü ildə Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-IIQ nömrəli Qanununda qeyd olunmuş imtiyaz və hüquqlar ona şamil edilməmişdir.

25. Məhkəmə iddiaçının ##.##.2022-ci il tarixdə ləğv edilmiş (kəşfiyyat subyekti olan) ştat vəzifəsindən azad edildikdən sonra yeni təyin olunduğu vəzifədə ona hərbi hissə tərəfindən maliyyə pozuntusu olaraq ödənilmiş 15 faiz əlavə məxfiçilik pulunun kəşfiyyat subyekti əməkdaşının vəzifəsi ilə əlaqəli olmasını rəsmi olaraq müəyyənləşdirmədən iddiaçının xeyrinə qərar qəbul etmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəmə prosesində və etirazda kəşfiyyat subyekti əməkdaşına şamil olunan digər pul ödənişlərinin iddiaçının subyekt olduğu vaxt, yəni sözügedən vəzifə ləğv edilmədən öncə aparıldığı (bununla bağlı müvafiq sənədlər təqdim olunub) bildirilsə də, məhkəmə bu sənədləri iddiaçının təyin olunduğu yeni vəzifənin də kəşfiyyat subyekti olmasını təsdiq edən maliyyə sənədi kimi qiymətləndirmişdir.

26. Beləliklə, iş üzrə vacib və həlledici məqam sayılan və göstərilən tələblərin yaranmasına əsas verən iddiaçının travma aldığı zaman kəşfiyyat subyekti olmasıdır. Kəşfiyyat subyekti əməkdaşı iddiaçının əvvəllər tutmuş olduğu SQ-nin Hərbi Akademiyasının Hərbi diplomatiya kursunun baş müəllimi kimi funksional vəzifəsinə, eləcə də tədris etdiyi dərslərə görə deyil, həmin vəzifədə kəşfiyyat fəaliyyəti üçün lazımi şəraitin olması və ya kəşfiyyat sahəsində hansısa bir tapşırığın icrasına görə qiymətləndirilməsini və həmin ştat ləğv edildikdən sonra məhkəmənin eyniləşdirdiyi və subyekt hesab etdiyi sonuncu ştatın (Milli Müdafiə Universitetində Hərbi Diplomatiya silsiləsinin baş müəllimi) Müdafiə Nazirliyi tərəfindən hansı səbəbdən bu günədək kəşfiyyat subyekti siyahısına daxil edilmədiyi ilə bağlı məsələlərə aydınlıq gətirilməlidir. Bununla bağlı, cavabdeh tərəfindən sonuncu məhkəmə iclasından bir gün öncə apellyasiya məhkəməsinə həm elektron qaydada, həm yazılı formada vəsatət verilmişdir. Vəsatətdə iş üzrə əhəmiyyət kəsb edən hər iki müəssisə üçün (ləğv edilmiş və yeni yaradılmış) Hərbi Diplomatiya silsiləsinin baş müəllimi ştatlarının kəşfiyyat subyekti əməkdaşı olub-olmamasına səbəb yaradan hallara, bu istiqamətdə AO üzrə kəşfiyyat fəaliyyətinin təşkilatçısı və nəzarətçisi hesab olunan Müdafiə Nazirliyinin Kəşfiyyat Baş Idarəsi tərəfindən əməkdaşlarının iştirakı ilə qapalı iclasda aydınlıq gətirilməsi göstərilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən proses zamanı vəsatət əsaslandırılmadan qəbul edilməmişdir.

b) kassasiya şikayətinə qarşı etiraz:

27. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 60. Inzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi Inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri

6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

30. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

33. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Hazırkı iş üzrə iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsini tələb edir.

35. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya instansiyası isə həmin qərarı dəyişdirmədən saxlamışdır.

36. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, iddiaçının kompensasiya almaq hüququnun mövcudluğunun müəyyən edilməsi üçün onun xidmət etdiyi qurumun və həmin qurumda tutduğu vəzifənin müvafiq dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqəsinin olub-olmaması aydınlaşdırılmalıdır.

37. Belə ki, Qanunun 6.1-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada bu fəaliyyəti həyata keçirən xüsusi xidmət orqanlarıdır. Həmin maddənin 6.2-ci hissəsinə əsasən isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri və onların səlahiyyət dairəsi müəyyən edilir.

38. Iş materiallarından görünür ki, iddiaçı 2021-ci ildə Hərbi Akademiyanın Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısında olmuşdur. Lakin 2022-ci ildə Hərbi Akademiyanın ləğv edilməsindən sonra iddiaçı yeni yaradılmış Milli Müdafiə Universitetinin Hərbi Idarəetmə Institutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsinə keçirilmişdir.

39. Bu baxımdan, cavabdeh tərəfindən irəli sürülmüş, Milli Müdafiə Universitetinin Hərbi Idarəetmə Institutunun, ümumiyyətlə, Qanunun 6-cı maddəsinin tələbləri baxımından kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanı olmadığı barədə dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməsi zəruri olduğu halda, bu məsələ lazımi qaydada araşdırılmamışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə, Hərbi Idarəetmə Institutunun hüquqi statusu, onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olan struktur kimi müəyyən edilib-edilmədiyi, habelə müvafiq dövrdə Müdafiə Nazirliyinin kəşfiyyat və əkskəşfiyyat fəaliyyətini həyata keçirən strukturlarının tərkibinə daxil olub-olmadığı müəyyən edilməlidir. Yalnız bundan sonra iddiaçının həmin Institutda tutduğu konkret vəzifənin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı olub-olmaması və nəticə etibarilə, mübahisə predmeti olan kompensasiyanın ödənilməsi üçün qanuni əsasların mövcudluğu qiymətləndirilə bilər.

41. Bu hal araşdırılmadan iddiaçının əvvəlki vəzifəsinin və ya əvvəlki dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı statusunun onun sonradan Hərbi Idarəetmə Institutunda tutduğu vəzifəyə avtomatik şamil edilməsi barədə nəticəyə gəlmək əsaslı hesab edilə bilməz.

42. Odur ki, işin təkrar apellyasiya baxışı zamanı, ilk növbədə, Milli Müdafiə Universitetinin Hərbi Idarəetmə Institutunun Qanunun 6-cı maddəsi baxımından hüquqi statusu, həmin qurumun müvafiq dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olub-olmaması və bunun üçün hüquqi əsasların nədən ibarət olduğu araşdırılmalıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal müəyyən edilmədən birbaşa iddiaçının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.12-ci maddəsində nəzərdə tutulmuş kompensasiya hüququnun olduğu qənaətinə gəlinməsi düzgün hesab edilə bilməz.

44. Belə ki, həmin maddəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına xidməti vəzifələrinin icrası zamanı həlak olması, yaralanması, xəsarət alması, kontuziya keçirməsi və ya səhhətinə digər zərər dəyməsi nəticəsində sağlamlığının pozulmasına görə kompensasiya verilməsi nəzərdə tutulur. Buna görə də 6-cı maddə baxımından iddiaçının xidmət etdiyi orqanın və onun tutduğu vəzifənin müvafiq hüquqi statusu müəyyən edilməlidir.

45. Bununla əlaqədar müəyyən edilməli olan məsələ iddiaçının ##.##.2022-ci il tarixdə xəsarət aldığı və ##.##.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı dövrdə tutduğu vəzifənin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı vəzifəsi olub-olmamasıdır.

46. Birinci və apellyasiya instansiyası məhkəmələri bu məsələyə münasibətdə iddiaçının əvvəlki (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya kursunun baş müəllimi) və sonrakı (Milli Müdafiə Universitetinin Hərbi Idarəetmə Institutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsi) vəzifələrinin adının və funksional xüsusiyyətlərinin eyni olmasına, habelə 2022-ci ildə ona müəyyən xüsusi təminatların ödənilməsinə istinad etmişlər. Lakin vəzifənin adının və funksional vəzifə borclarının eyni olması özlüyündə həmin vəzifənin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin vəzifəsi olduğunu təsdiq etmir.

47. Kollegiya qeyd edir ki, iddiaçıya əvvəlki dövrdə məzuniyyət və müalicə ilə bağlı ödənişlərin, məxfiçiliyə görə əlavənin və digər təminatların verilməsi də onun yeni vəzifədə müvafiq hüquqi statusunun avtomatik olaraq davam etməsi nəticəsinə gəlməyə əsas vermir. Hər bir ödənişin hansı hüquqi əsasla, hansı dövr üçün və hansı status nəzərə alınmaqla həyata keçirildiyi müəyyən edilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi isə bu məsələləri araşdırmadan, əvvəlki hüquqi vəziyyəti dəyişdirən müddəanın yeni siyahıda ayrıca göstərilməməsini və iddiaçıya əvvəlki dövrdə müəyyən təminatların verilməsini onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti kimi statusunun davam etməsinə əsas kimi qəbul etmişdir. Halbuki, əvvəlki siyahının yeni yaradılmış qurumdakı eyniadlı vəzifəyə avtomatik şamil edilməsi ayrıca hüquqi əsasla müəyyən edilməlidir.

49. Digər tərəfdən, cavabdeh iddiaçının yeni vəzifəsinin kəşfiyyat subyekti vəzifəsi olmadığını, habelə kəşfiyyat subyekti əməkdaşının statusunun müvafiq siyahılar və kəşfiyyat tapşırığının yerinə yetirilməsi ilə müəyyən edildiyini bildirmişdir. Bu dəlillərin yoxlanılması üçün həmin vəzifənin müvafiq dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısında olub-olmaması, siyahıların hansı tarixdən qüvvədə olduğu və iddiaçıya şamil edilməsi məsələləri araşdırılmalı olduğu halda, bu hallara aydınlıq gətirilməmişdir.

50. Cavabdehin bu halların müəyyən edilməsi məqsədilə Kəşfiyyat Baş Idarəsindən məlumat alınması barədə vəsatəti də apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Halbuki, tələb olunan məlumat mübahisənin həlli üçün bilavasitə əhəmiyyətli olmuşdur. Iddiaçının müvafiq statusunun müəyyən edilməsi üçün həmin məlumatın əldə edilməsinin zəruri olub-olmaması əsaslandırılmış şəkildə qiymətləndirilməli idi.

51. Göründüyü kimi, iş üzrə üç illik kompensasiyanın ödənilməsi üçün zəruri olan əsas məsələlər – iddiaçının müvafiq hadisə zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı statusunda olub-olmaması, 2022-ci ilin iyul ayında əvvəlki vəzifədən yeni vəzifəyə keçirilməsinin həmin statusa təsiri, müvafiq siyahıların və əmrlərin zaman və predmet baxımından tətbiqi, əvvəllər verilmiş təminatların hüquqi əsası tam və hərtərəfli müəyyən edilməmişdir.

52. Iddiaçıya əvvəlki dövrdə xüsusi təminatların verilməsi də nəzərə alınmalı, lakin bu hal onun 2022-ci ilin iyul ayından sonra tutduğu vəzifədə eyni hüquqi statusa malik olduğunu təsdiq edən müstəqil əsas kimi qəbul edilməməlidir. Həmin ödənişlərin hüquqi əsası, aid olduğu dövr və hesablanma qaydası müəyyən edilməklə digər sübutlarla birlikdə qiymətləndirilməlidir.

53. Hazırkı kassasiya baxışı çərçivəsində iddiaçının xüsusi statusunun mövcudluğu və ya olmaması barədə yekun nəticə çıxarmaq mümkün deyildir. Çünki bunun üçün yuxarıda göstərilən sənədlərin və məlumatların əldə edilməsi, onların qarşılıqlı əlaqədə qiymətləndirilməsi və tərəflərin həmin sübutlar barədə mövqelərini bildirmək imkanının təmin edilməsi zəruridir.

54. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq noprmaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.

56. Işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda göstərilən halları nəzərə almaqla iddiaçının müvafiq dövrdəki hüquqi statusunu, əvvəlki və sonrakı vəzifələrin və müvafiq siyahıların hüquqi əlaqəsini tam və hərtərəfli araşdırmalı və bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verməlidir.

57. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar