Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3704/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun faktiki ölçüdə qeydə alınması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən İdarələrarası Texniki Komissiyanın ##.##.2023-cü il tarixli rəyi və qəbul aktı ilə, iddiaçıya məxsus Nəsimi rayonu, 28 May küçəsi, ** saylı evin 2-ci mərtəbəsində yerləşən 3, 27 və ** saylı mənzillərinin həmin evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə birləşdirilərək mülkiyyət sənədlərinə əsasən ümumi sahəsi 230,1 kv.m (mövcud vəziyyətdə faktiki 379,3 kv.m) təşkil edən, qonşu mənzillərdən təcrid edilmiş ayrıca giriş-çıxışı mövcud olan qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamı ilə iddiaçıya məxsus Nəsimi rayonu, 28 May küçəsi, ** saylı evin 2-ci mərtəbəsində yerləşən 3, 27 və ** saylı mənzillər mülkiyyət sənədlərinə əsasən 176,7 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilmiş, iddiaçıya məxsus həmin mənzillər və qeyd olunan evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri birləşdirilərək mülkiyyət sənədlərinə əsasən ümumi sahəsi 230,1 kv.m hesab edilmişdir.
3. ünvan 1) ünvanında yerləşən həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə 203,70 kv.m ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Texniki pasportda isə həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi 235,4 kv.m göstərilmişdir.
4. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən İdarələrarası Texniki Komissiyanın ##.##.2024-cü il tarixli rəyindən və qəbul aktından görünür ki, iddiaçının müraciəti əsasında ona məxsus ünvanda aparılmış yenidən ölçmə zamanı faktiki 2 mərtəbədən ibarət olan sözügedən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin sahəsinin 189,2 kv.m, 2-ci mərtəbəsinin sahəsinin 190,1 kv.m, ümumi sahəsinin isə 379,3 kv.m təşkil etdiyi, ümumi sahədəki fərqin aparılmış təmir-tikinti və yenidənqurma işləri səbəbindən yarandığı aşkar edilmiş və həmin qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 379,3 kv.m hesablanması məqsədəuyğun hesab edilmişdir.
5. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı ilə, iddiaçıya məxsus sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 379,3 kv.m hesab edilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək, sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun faktiki ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
7. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinə bitişik əlavə sahələr inşa edilmiş və həmin sahələrin binanın konturundan kənarda, birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi istifadədə olan hissədə yerləşdiyi müəyyən olunmuşdurr. Bu səbəbdən də əlavə sahələr üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin sözügedən daşınmaz əmlak “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 203,70 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinin qeydiyyata alınması barədə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin olunmasından əsassız olaraq imtina etmişdir.
10. Cavabdeh iddiaya qarşı etirazında imtinasının dəlillərinə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 46-da (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 80A-da) yerləşən, (“xxxx” KB ASC-də edilmiş yüklülüyü saxlanılmaqla) mövcud vəziyyətdə (379,3 kv.m) qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini, eləcə də qeyri-yaşayış sahələrinin ölçülərinin dəqiqləşdirilməsini həyata keçirən orqan müvafiq yerli icra hakimiyyəti orqanıdır. Yəni mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi, ölçülərinin dəqiqləşdirilməsi barədə səlahiyyətli qurumun qəbul etdiyi inzibati akt hüquqi nəticələrə səbəb olur. Hazırkı iş üzrə də qeyri-yaşayış sahəsinin ümumi ölçüsünün 379,3 kv.m olaraq müəyyən edilməsi, təmirtikinti və yenidənqurma işləri ilə bağlı ölçülərin məhz həmin ölçüdə olması, eləcə də ümumi ölçünün 379,3 kv.m təşkil etməklə buna dair sərəncamın hüquqların dövlət qeydiyyatı üçün cavabdehə göndərilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanının sərəncamı qüvvədədir, ləğv edilməmiş, qüvvədən düşməmiş, hər hansı orqan, üst qurum tərəfindən də mübahisələndirilməmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elvin Əliyev /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Aytən Oruczadə) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli sərəncamına uyğun olaraq hüququnun qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə həm ilkin imtina məktubunda, həm də apellyasiya şikayətində daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsası kimi 2 halı qeyd etmişdir: konturdan kənar sahə vardır; həmin sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi istifadədə olan sahədə yerləşir. Cavabdeh inzibati orqan imtinasında hüququn qeydə alınmamasının faktiki əsasını bildirmiş, lakin birinci instansiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının təqdim etdiyi rayon icra hakimiyyətinin ##.##.2023-ci il tarixli, ** nömrəli sərəncamının məzmununa münasibət bildirməmişdir. İddiaçı xüsusi mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsinin qeydiyyata alınmış 203,7 kv.m sahəsindən əlavə inşa edilmiş sahəyə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2023-ci il tarixli, ** nömrəli sərəncamına istinad edir ki, həmin inzibati aktda 175,6 kv.m sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir. Bundan əlavə, həmin sahənin bir hissəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi istifadədə olan sahədə yerləşir ki, həmin hissənin (143,9 kv.m) yerləşdiyi tikintialtı torpaq sahəsinə dair iddiaçının heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən sorğuya verilmiş cavab məktubunda əlavə inşa edilmiş daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olduğuna dair məlumat, o cümlədən iddiaçı tərəfindən buna dair hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırkı mülkiyyət hüququnun qeydə alınmasının tələb edildiyi binanın konturlarından kənar inşa edilmiş daşınmaz əmlakın inşasına icazə və buna dair hüququn tanınmasının hüquqi rejimi qanunvericilikdə fərqli qaydada tənzimlənir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, əlavə sahə çoxmənzilli binaya bitişik olsa belə, həmin sahə yeni inşa edilmiş qeyri-yaşayış sahəsi kimi faktiki olaraq yeni daşınmaz əmlakdır. Belə olan halda, binanın konturlarından kənar inşa edilmiş daşınmaz əmlak Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları nəzərə alınmaqla inşa edilməli və sənədləşdirilməli idi, yəni həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, tikintiyə icazə, layihənin razılaşdırılması və s. sənədlər mövcud olmalı idi. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən sərəncamın 143,9 kv.m hissəsi etibarsız inzibati aktdır. Belə ki, ##.##.2023-ci il tarixli, ** nömrəli sərəncam göstərilən hissədə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarından “yan keçməyə”, yəni sui-istifadəyə səbəb olan əsasdır. Müvafiq sərəncamın 143,9 kv.m hissəsi səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. İddiaçı hazırkı məzmunda iddiasının təmin olunması üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını, qeyri-yaşayış sahəsinin istismara qəbul aktını təqdim etməli olduğu halda, bunu etməmişdir. İddiaçının təqdim etdiyi sərəncam və qəbul aktı (mənzillərin ölçülərinin dəqiqləşdirilməsinə dair) isə hüquqi təbiətinə görə yuxarıda sadalanan hüquqmüəyyənedici sənədləri əvəz edə bilməz. Həmçinin sözügedən daşınmaz əmlak hər bir halda qanunvericiliyin tələblərinə cavab verməyən qaydada inşa edildiyindən və sənədləşdirilmədiyindən qeyd edilən halın araşdırılması da mübahisənin iddiaçının xeyrinə dəyişilməsinin əsası qismində çıxış edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edilən sahənin lazımi hüquqmüəyyənedici sənədlər olmadan iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbinin təmin edilməsini çoxmərtəbəli yaşayış binasının digər sakinlərinin mülkiyyətindən istifadə hüququnun pozulması halı kimi qiymətləndirir.
16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya məxsus tikilinin qanuni olduğu ifadə edilmişdir. İddiaçının həmin inzibati akta “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad göstərmək, onun məzmununa uyğun davranmaq və tikili üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək hüququ vardır. Cavabdeh həmin sərəncama əsasən iddiaçının qeyri-yaşayış sahəsi üzərində 379,3 kv.m ölçüdə mülkiyyət hüququnu qeydiyyata almalı olduğu halda, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinin tələbini icra etməmişdir. Hüququn qeydiyyatını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilmir. Apellyasiya instansiya məhkəməsi isə həmin halları nəzərə almamış və əsassız olaraq iddianın təmin olunmaması barədə qərar qəbul etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Maddə 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Maddə 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Maddə 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Maddə 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Maddə 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Maddə 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Maddə 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Maddə 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Maddə 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Maddə 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun 203,70 kv.m ölçüdə qeydə alındığı qeyri-yaşayış sahəsinə hüququnun faktiki 379,3 kv.m ölçüdə qeydə alınmasına nail olmaqdan ibarətdir.
31. İş üzrə materiallardan müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamı ilə həmin orqanın nəzdində fəaliyyət göstərən İdarələrarası Texniki Komissiyanın ##.##.2023-cü il tarixli rəyi və qəbul aktı nəzərə alınaraq, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ** saylı evin 2-ci mərtəbəsində yerləşən 3, 27 və ** saylı mənzillər mülkiyyət sənədlərinə əsasən 176,7 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə keçirilmiş, iddiaçıya məxsus həmin mənzillər və qeyd edilən evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri birləşdirilmiş, mülkiyyət sənədlərinə əsasən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 230,1 kv.m hesab edilmişdir. Həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə 203,70 kv.m ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, texniki pasportda isə həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi 235,4 kv.m göstərilmişdir.
32. Daha sonra iddiaçının müraciəti əsasında, İdarələrarası Texniki Komissiya tərəfindən aparılmış yenidən ölçmə zamanı faktiki 2 mərtəbədən ibarət olan sözügedən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin sahəsinin 189,2 kv.m, 2-ci mərtəbəsinin sahəsinin 190,1 kv.m, ümumi sahəsinin isə 379,3 kv.m təşkil etdiyi, ümumi sahədəki fərqin aparılmış təmir-tikinti və yenidənqurma işləri səbəbindən yarandığı müəyyən edilmiş və həmin qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsinin 379,3 kv.m hesab olunmasının məqsədəuyğun sayılmasına dair ##.##.2024-cü il tarixli rəy və qəbul aktı tərtib olunmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı ilə, həmin sənədlər nəzərə alınaraq iddiaçıya məxsus sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 379,3 kv.m hesab edilmişdir.
33. İddiaçı cavabdehə müraciət edərək, sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun faktiki ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh, qeyri-yaşayış sahəsinə bitişik əlavə tikililər inşa edildiyinə, həmin tikililərin binanın konturundan kənarda, ümumi istifadədə olan sahədə yerləşdiyinin müəyyən olunduğuna istinadən iddiaçının müraciətini təmin etməmişdir.
34. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlilləri ilə razılaşaraq iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsinin qeydiyyata alınmış 203,7 kv.m sahəsindən əlavə inşa edilmiş sahəyə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2023-ci il tarixli, ** nömrəli sərəncamına istinad edir ki, həmin inzibati aktda 175,6 kv.m sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir. Bundan əlavə, həmin sahənin bir hissəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi istifadədə olan sahədə yerləşir ki, həmin hissənin (143,9 kv.m) yerləşdiyi tikintialtı torpaq sahəsinə dair iddiaçının heç bir hüquqmüəyyənedici sənədi yoxdur. İşin faktiki hallarından göründüyü kimi, əlavə sahə çoxmənzilli binaya bitişik olsa belə, həmin sahə yeni inşa edilmiş qeyri-yaşayış sahəsi kimi faktiki olaraq yeni daşınmaz əmlakdır. Belə olan halda, binanın konturlarından kənar inşa edilmiş daşınmaz əmlak Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları nəzərə alınmaqla inşa edilməli və sənədləşdirilməli idi, yəni həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, tikintiyə icazə, layihənin razılaşdırılması və s. sənədlər mövcud olmalı idi. Yuxarıda qeyd edilənlərə əsasən, sözügedən sərəncamın 143,9 kv.m hissəsi etibarsız inzibati aktdır. Belə ki, ##.##.2023-ci il tarixli, ** nömrəli sərəncam göstərilən hissədə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarından “yan keçməyə”, yəni suiistifadəyə səbəb olan əsasdır. Müvafiq sərəncamın 143,9 kv.m hissəsi səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir.
36. Bu qərarın 20-ci bəndində istinad edilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələrində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə həmin Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verildiyi, keçirilmə üçün təqdim edilməli sənədlərin siyahısı, həmçinin müvafiq hallarda keçirilən sahə ilə bağlı yenidənqurmanın və (və ya) yenidən planlaşdırmanın və (və ya) digər işlərin həyata keçirilməsinin mümkünlüyü, həmin işlərin başa çatmasının sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməsi, həmin aktın keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas hesab olunması və sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməsi təsbit edilmişdir.
37. Hazırda faktiki ölçüsü 379,3 kv.m olan sözügedən qeyri-yaşayış sahəsinin 203,70 kv.m hissəsinə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və həmin qeydiyyatın əsasında müvafiq keçirilməni təsdiq edən Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamı dayanır. Həmin sərəncamla sözügedən qeyriyaşayış sahəsinin ümumi sahəsi 230,1 kv.m hesab edilmişdir. Daha sonra isə, iddiaçının müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı ilə, sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 379,3 kv.m hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi, qanunvericiliyə əsasən, keçirilən sahə ilə bağlı yenidənqurmanın və (və ya) yenidən planlaşdırmanın və (və ya) digər işlərin həyata keçirilməsinin mümkün hesab edildiyini, həmin işlərin başa çatmasının da sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli olduğunu nəzərə almadan, sözügedən qeyri-yaşayış sahəsinə yerli baxış keçirmədən və yaranmış sahə fərqini, bununla bağlı hüquqi qiymətləndirmə aparmadan birbaşa yeni inşa edilmiş qeyri-yaşayış sahəsi kimi qəbul etmiş və yeni yaşayış sahələri üzərində hüququn dövlət qeydiyyatı ilə bağlı normalara istinad etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, yaranmış sahə fərqinin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində də hər hansı araşdırma aparmamış, bununla bağlı məsələyə sahənin keçirilməsini həyata keçirən orqanın – Nəsimi rayon İcra Hakimiyyətinin münasibətini öyrənməmiş, həmin orqanın ##.##.2023-ci il tarixli, ** nömrəli sərəncamını 143,9 kv.m hissədə səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş – etibarsız inzibati akt kimi qiymətləndirmişdir.
40. Bundan əlavə, iddiaçının 203,70 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı halda, sözügedən qeyri-yaşayış sahəsinin texniki pasportunda həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 235,4 kv.m ölçüdə göstərilməsinin səbəbləri və həmin ölçüdə qeyri-yaşayış sahəsinə hüququn dövlət qeydiyyatına alınmasının mümkünlüyü ilə bağlı hüquqi qiymətləndirmə aparmamışdır.
41. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
43. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.