Məhkəmə qərarları › İş №2-1(102)-3708/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3708/2025

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3708/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İrşad oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi statusunun verilməsindən imtina; iddianın mümkünlük şərti; subyektiv hüquq; mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İrşad oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. VI-ЖГ seriyalı ****** nömrəli ##.##.1978-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı ##.##.1978-ci il tarixdə anadan olmuşdur. Atası Yusifov İrşad Mustafa oğlu, X3dır.

2. AЗ seriyalı ******* nömrəli ##.##.1970-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Yusifov Faiq İrşad oğlu (iddiaçının qardaşı) ##.##.1970-ci il tarixdə anadan olmuşdur. Atası Yusifov İrşad Mustafa oğlu, X3dır.

3. II-ЖГ seriyalı ****** nömrəli ##.##.1994-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Yusifov Faiq İrşad oğlu ##.##.1994-cü il tarixdə qarının sol tərəfində böyük ölçülü qəlpə yaralanması səbəbi ilə ölmüşdür.

4. AZ-II seriyalı ****** nömrəli ##.##.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 ##.##.2023-cü il tarixdə vəfat etmişdir.

5. Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin *-**-**/*-***/**** saylı ##.##.2025-ci il tarixli məktubuna əsasən sabiq R Yusifov Faiq İrşad oğlu ##.##.1994-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuşdur.

6. * nömrəli Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2022-ci il tarixli sosial arayışdan görünür ki, iddiaçıya ##.##.2005-ci ildən müddətsiz olmaqla 2-ci dərəcəli əlillik təyin olunmuşdur.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış *-**-**/*-Y-*****/**/**** saylı ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Şəhid ailə üzvü hesab edilməsi barədə sənədin verilməsinə köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış ##.##.2024-cü il tarixli müraciətə baxılmışdır. Bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının ##.##.1993cü il tarixli Qanununa uyğun olaraq yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab edilirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “şəhid ailəsi” statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş qardaşı Yusifov Faiq İrşad oğlu ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə vuruşaraq ##.##.1994-cü il tarixdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Uşaqlıqdan yaranan xəstəliklərinə görə ona ömürlük 2-ci qrup əlillik təyin edilmişdir. Xəstəliklərindən özü sərbəst hərəkət edə bilmədiyinə görə daima başqa şəxsin köməyinə (qayğısına) ehtiyacı vardır. X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir, 84 yaşlı atası Yusifov İrşad Mustafa oğlunun isə ona “şəhid ailəsi” statusunun verilməsinə etirazı yoxdur. Ona “şəhid ailəsi” statusunun verilməsi ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyinə müraciət etmiş, cavabdeh təşkilatın ##.##.2024-cü il tarixli cavabına əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna görə yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar şəhid ailəsinin üzvlərinin hesab olunduğunu bildirərək əsaslı tələbindən imtina edilmişdir. Cavabdeh təşkilatın imtinası qeyri-qanuni olmaqla “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “İnzibati İcraat haqqında” Qanunlarının tələblərinə ziddir.

10. Cavabdeh iddiaya dair münasibətində göstərmişdir ki, vətəndaş İddiaçı eyni məzmunlu müraciətinə əvvəllər Şəxsi Heyətlə İş İdarəsində baxılmış və nəticəsi barədə ona məlumat verilmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının ##.##.1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilirlər. Qeyd olunan hüquqi normanın tələbinə əsasən ##.##.1978-ci il təvəllüdlü İddiaçı şəhid ailə üzvü hesab edilməsi mümkün olmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim A.Almazova) ilə iddia təmin edilmiş, İddiaçı İrşad oğluna “şəhid ailəsi” statusu verilməsi haqqında arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalar»da təsbit edilmiş tələb “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının ##.##.1993-cü il tarixli Qanununda nəzərdə tutulmamışdır. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Odur ki, cavabdeh qurumun imtinası iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər G.Abbasova – məruzəçi, A.Oruczadə və E.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının qardaşı Yusifov Faiq İrşad oğlunun “şəhid” statusuna malik olması işin mübahisələndirilməyən halıdır. Qanunvericiliyə əsasən, o halda, qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab oluna bilərlər ki, onlar uşaq evlərində tərbiyə olunmuş olsunlar. Konkret halda isə iddiaçının uşaq evində tərbiyə olunmadığı işin mübahisələndirilməyən halıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya şəhid ailəsi vəsiqəsi verilməsindən imtina olunması maddi hüquq normalarına (iddiaçının istinad etdiyi qanunvericiliyin həm əvvəlki, həm də hazırkı redaksiyası) uyğun olmuşdur. Belə olan halda, həmin imtina qanunsuz hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

18. Kassator əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ziddiyyətli cavablara istinad etmişdir.

19. Kassasiya şikayətində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna istinad olunmuşdur.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə münasibətində iddiaçının şəhid ailəsi üzvü hesab edilməsinin mümkün olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

21. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslı deyil. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, lakin apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

27. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

28. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı halların mövcudluğudur.

30. Formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin hərəkət və hərəkətsizliyinin onun hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir.

32. Belə ki, iddiaçının hüquqi marağı ##.##.1994-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qardaşı Yusifov Faiq İrşad oğluna görə ona “şəhid ailəsi” statusunun verilməsindən ibarətdir.

33. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Yusifov Faiq İrşad oğlunun “şəhid” statusuna, onun valideynlərinin isə “şəhid ailəsi” statusuna malik olması işin mübahisəsiz halıdır (Yusifov Faiq İrşad oğlunun X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir). İddiaçı hazırkı tələblə şəhid Yusifov Faiq İrşad oğlunun qardaşı olduğundan və ##.##.2005-ci ildən müddətsiz 2-ci dərəcəli əlillik olduğundan ona da “şəhid ailəsi” statusunun verilməsini tələb edir.

34. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanununun 1-ci maddəsinin tələblərinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

35. Yəni qanunvericiliyin tələblərinə əsasən qardaşlar və bacılar yalnız o halda “şəhid ailəsi” üzvü hesab edilir ki: 1) onlar uşaq evlərində tərbiyə olunsunlar; 2) ən çoxu 23 yaşı tamam olmasın.

36. Hazırkı işin hallarından görünür ki, iddiaçı, şəhid Yusifov Faiq İrşad oğlunun qardaşı, ##.##.1978-ci il tarixdə anadan olmuşdur və uşaq evində tərbiyə olunmamışdır. İddiaçının özü də bu hallarla bağlı hər hansı mübahisə açmamış, uşaq evində tərbiyə olunmasına dair sübutlar təqdim etməmişdir.

37. Belə olan halda, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanununun tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən edilir ki, iddiaçı, şəhid Yusifov Faiq İrşad oğlunun qardaşı olsa da, onun hüquqi vəziyyəti qanunvericiliyin tələbləri baxımından nə uşaq evində tərbiyə edilməklə bağlı, nə də yaşla bağlı şərtləri ödəmir.

38. Ona görə də, iddiaçı hazırkı halda “şəhid ailəsi” statusunun əldə edilməsi üçün subyektiv hüquqa malik deyil.

39. Yuxarıda qeyd edilən bütün halları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün iddia kimi qəbul edilə və mahiyyəti üzrə qiymət verilə bilməz. Başqa sözlə hazırkı iddia tələbi subyektiv hüququn olmaması əsası ilə mümkünsüz iddiadır.

40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iddiaçı İddiaçı İrşad oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya “şəhid ailəsi statusunun” verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı İrşad oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı İrşad oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya “şəhid ailəsi statusunun” verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar