Məhkəmə qərarları › İş №2-1(102)-371/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-371/2017

31.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-371/2017 31.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-371/2017) Bakı şəhəri 31 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X3 ibarət tərkibdə, İddiaçı, nümayəndəsi X8, vəkili Vəkil, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı“arayışın ləğv edilməsi və yeni arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2146/16 saylı, 29 sentyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 31 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 19 mart 1979-cu ildə Şirvan şəhərində anadan olmuşdur. Doğulduğu zaman valideynlərinin rəsmi nikahı olmamış, doğum şəhadətnaməsində onun soyadı “Boqiyan” (anasının soyadı), ata adı “Rubenoviç” kimi qeyd edilib. Şirvan şəhər Məhkəməsinin 14.10.2013-cü il tarixli qətnaməsi ilə X4 iddiaçının atası olması faktı müəyyən edilmiş, Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən yeni soyad və ata adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. 1997-ci ilədək ailə üzvləri ilə birlikdə Şirvan şəhəri, H.Əliyev (keçmiş A.Əhmədov) küçəsi, ev 13, mənzil 24-də yaşamış, 27.09.1997-ci ildə Səbail rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 15,83-cü maddəsinin 4-cü hissə si ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.01.2002ci ildə cəzası başa çatmış, sonra Xəzər rayon Məhkəməsinin 07.10.2004-cü il tarixli hökmü ilə həmin Məcəllənin 221.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.07.2005-ci ildə cəzası başa çatmış, 12.01.2006-cı il tarixdə həmin Məhkəmənin hökmü ilə 318.1-ci maddə ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 14.06.2007-ci ildə amnistiya aktı ilə əlaqədar azad edilmiş, 30.01.2008-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinin hökmü ilə həmin Məcəllənin 185.2 və 187.1-ci maddələri ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.03.2012-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. İddiaçı nın atası 1997-ci ilin iyul ayında Şirvan şəhərində, anası X9 1997-ci ilin dekabr ayında Rusiya Federasiyasın Ural şəhərində vəfat etmişlər. Ərazi polis orqanı Azərbaycan Respublikası vətəndaşını şəxsiyyət vəsiqəsi ilə təmin etməkdən imtina etdiyi üçün o, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün 24.04.2015-ci ildə cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq ona arayış təqdim edilmiş, və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.3-cü yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr tarixinədə k) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə (yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər dəqiq göstərilməklə) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən müvafiq sənəd əldə etdikdən sonra cavabdehə müraciət etməsi tövsiyə olunur. İddiaçı 12 oktyabr 2015-ci il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun Azərbaycan Respublikası vətəndaşı olmadığının müəyyən edilməsi barədə verilmiş arayışın ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşı olmasının müəyyən edilməsi barədə yeni arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir. İddia onunla əsaslandırılmışdır ki,ərazi polis orqanı iddiaçını Az ərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etməkdən imtina etdiyi üçün iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün 24.04.2015-ci ildə cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq ona arayış təqdim edilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.3-cü yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə (yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər dəqiq göstərilm əklə) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən müvafiq sənəd əldə etdikdən sonra cavabdehə müraciət etməsi tövsiyə olunur. İddiaçı 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün məhkəmə tərəfindən sorğu veriləcəyi təqdirdə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdiriləcəyini və bu barədə arayışı məhkəməyə təqdim edə biləcəklərini bildirmişdir. Məhkəmə tərəfindən iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün cavabdehə sorğu gönd ərilmişdir. Məhkəmənin 15 sentyabr 2015-ci il tarixli iclasında cavabdehin nümayəndəsi iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə arayışı məhkəməyə təqdim etmiş və məhkəmə də həmin iclasda arayışın əslini iddiaçının nümayəndəsinə təqdim etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılmır, çünki “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvə yə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İddiaçı hesab edir ki, o bu normanın təsir dairəsinə düşdüyü üçün cavabdeh ona “Azərbaycan Respublikasının vətəndaşı olmasının müəyyən edilməsi barədə” arayış təqdim etməli idi. Belə ki, iddiaçıya aid doğum haqqında şəhadətnamədən də görünür ki, o, Azərbaycan Respublikası ərazisində doğulmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il tarixli Qanunu qüvvəyə minənədək vətəndaşlıq məsələləri “Azə rbaycan SSR vətəndaşlığı haqqında” Azərbaycan SSR-nin Qanununa əsasən tənzimlənirdi. Həmin Qanunun 11-ci maddəsinə əsasən, Azərbaycan SSR-nin vətəndaşlığının əldə edilməsi əsaslarından biri də anadangəlmə idi. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.7-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr tarixinədək) Azərb aycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün iddiaçının cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Göründüyü kimi qanunvericilik iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəzaçəkmə müddətinin 27.09.1997-ci il tarixdən 07.10.1998-ci ilə qədər olan hissəsini Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edir. İddianın maddi hüquqi əsası kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” 30.09.1998–ci il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə də istinad edilmişdir. Cav abdeh iddiaya dair etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələbləri baxımından “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Qeyd olunan kateqoriya şəxslərə münasibətdə fərqli qaydanın nəzərdə tutulması əlaqədar qanunvericilik aktlarının tələblərindən irəli gəlməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.12-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu həmin Qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanmasına ehtiyac olduqda, həmin Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş müddət Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir. İddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində onun hüquqları və qanunla qorunan maraqları pozulmamış, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin (hakim X1, 2-1(81)-495/2016 saylı iş) 01 iyun 2016-cı il tarixli qərarı ilə iddiа rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmasının faktiki və hüquqi şərtləri öz təsdiqini tapmır. Belə olan halda, cavabdeh tərəfindən Azərbaycan Respublikası vətəndaşı olmasının müəyyən edilməsi barədə arayış verilməsindən imtinası iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X11 və X15, 2-1(103)-2146/16 saylı iş) 29 sentyabr 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyi şdirmədən saxlamışdır. İddiaçı 17 oktyabr 2016-cı il tarixdə qərarın surətini almış, 16 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İşə baxan məhkəmə iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndindən göründüyü kimi, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. İş ma teriallarına əsasən isə iddiaçının sözügedən Qanunun qüvvəyə mindiyi 07 oktyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasında qeydiyyatının mövcudluğu müəyyən edilmir.... 19 mart 1979cu il tarixdə doğulan iddiaçının 18 yaşı -19 mart 1997-ci il tarixdə artıq tamam olmuş, lakin bundan sonrakı dövrdə də Səbail rayon Məhkəməsinin 27.09.1997-ci il tarixli hökmü və ondan şikayət vermə müddəti bitdiyi 28.09.1998-ci il tarixinə kimi onun Azərbaycan Respublikasında yaşayış yeri üzrə pasport qeydiyyatı mövcud olmamış, deməli cəzaçəkmə müəssisəsinə yerləşdirilərkən qeydiyyatsız olmuş, başqa sözlə, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti mövcud olmamışdır. İddiaçı bu məsələ ilə əlaqədar onu bildirir ki, barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış 27.09.1997-ci i l tarixli hökmdən şikayət vermə müddəti Bakı Apellyasiya Məhkəməsinin qeyd etdiyi kimi 28.09.1998-ci il tarixdə deyil, 28.09.1997-ci tarixdə bitmişdir. Göründüyü kimi məhkəmə həmin hökmdən şikayət vermə müddəti üçün 7 gün əvəzinə 1 il 7 gün hesablamışdır. İddiaçı cəzaçəkmə müəssisəsinə köçürüləndən 1 il 9 gündən sonra “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanun qüvvəyə minmişdir. Qanun qüvvəyə minənə qədər iddiaçı 1 il 9 ay idi ki, cəzaçəkmə müəssisəsində qeydiyyatda idi. Yəni, 18 yaşına qədər (19 mart 1997-ci ilə qədər) iddiaçının yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, 20 mart 1997-ci il tarixdən 28 sentyabr 1997-ci il tarixə qədər qeydiyyatsız yaşamışdır, 29 sentyabr 1997-ci il tarixdən “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanun qüvvəyə minənə qədər 07 ok tyabr 1998ci il tarixə qədər artıq o, 1 il, 9 ay idi ki, Azərbaycan Respublikasında (yəni cəzaçəkmə müəssisəsində) qeydiyyatda idi. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli Qərarının 3.9-cu bəndində nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir. Həmin Qaydanın 3-cü maddəsinin 7-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Res publikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr tarixinədək) Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı cəzaçəkmə müəssisəsinə yerləşdirilərkən qeydiyyatsız olduğundan onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti mövcud olmamışdır. Məhkəmənin bu mövqeyindən aydın olur ki, iddiaçı, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr tarixinədək) Azərbaycan Respublikasının vətəndaşlığında olan şəxs olmamışdır. İddiaçı ya əcnəbi, ya da vətəndaşlığı olmayan şəxs olmuşdur. (Bu halda məhkəmə güman etdiyi iddiaçının statusuna dair öz mövqeyini də müəyyənləşdirə bilməyib.) İddiaçı 28 oktyabr 1997-ci il tarixdə cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdir. Qanunvericilik isə, qanun qüvvəyə mindiyi gün - 07 oktyabr 1998-ci ilə qədər yalnız qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarını deyil, həm də, qeydiyyatda olan Azərbaycan SSR-nin vətəndaşlığında olmuş şəxsləri Azərbaycan Respublikası vətəndaşı kimi tanıyıb. İddiaçı Azərbaycan SSR-nin vətəndaşlığında olmuş şəxs kimi Azərbaycan Respublikasında qeydiyyatda idi. Məhkəmə nəzərə almayıb ki, istinad etdiyi qanunvericilik təkcə Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxsləri deyil, həm də Azərbaycan SSR-nin vətəndaşlığında olmuş şəxslərin də Qanun qüvvəyə mindiyi gün qeydiyyatda olduğu əsasına görə vətəndaş kimi tanımışdır. Azərb aycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş 20 fevral 2015-ci il tarixli sənədin surətindən də müvafiq olaraq görünür ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığı haqqında” 30.09.1998–ci il tarixli Qanun qüvvəyə mindiyi gün (07 oktyabr 1998-ci il) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə müəssisəsində olmuşdur. İddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanun qüvvəyə minməmişdən 1 il 9 gün əvvəl həmin müəssisəyə Azərbaycan SSR-in vətəndaşlığında olmuş şəxs kimi yerləşdirilmişdir və bu müddəti qanunvericilik onun Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi tanıyır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi öz qərarını onunla əsasl andırıb ki, 2013-cü il tarixdə iddiaçıya verilmiş doğum haqqında şəhadətnamə Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənəd hesab olunmur. Doğum haqqında şəhadətnamə 01 iyul 2014-cü il tarixdə qüvvəyə minən qanunla vətəndaşlığı təsdiq edən sənədlər siyahısından çıxarılıb, bu səbəbdən də həmin norma qanun qüvvəyə mindiyi gündən sonra ölkə ərazisində doğulan şəxslərə tətbiq edilməlidir. Həmçinin, iddiaçı doğum haqqında şəhadətnaməsinin onun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənəd hesab olunmasını iddia etməmişdir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul et məmiş və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmadığının müəyyən edilməsi barədə iddiaçıya arayış vermiş, iddiaçı həmin arayışı mübahisələndirərək Azərbaycan Respublikasın ın vətəndaşı olmağının müəyyən edilməsi barədə arayış verilməsini xahiş etmişdir. İddiaçı 19 mart 1979-cu ildə Azərbaycan SSR Əli Bayramlı (indiki Şirvan şəhəri) şəhərində doğumludur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən,...Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni norma “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda da təsbit olunmuşdur. Məhkəmə işə baxarkən iddiaçının valideynlərindən birinin Azərbaycan Respublikasının vətəndaşı olmasını araşdırmamışdır. Bununla yanaşı, 26 iyun 1990-cı tarixli “Azərbaycan SSR vətəndaşlığı haqqında” Azərbaycan SSR-nin Qanununun 11-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan SSR vətəndaşlığının əldə edilmə əsaslarından biri də anadangəlmədir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, valideynlərin vətəndaşlığı müxtəlif olduqda, onlardan biri uşaq doğulan anadək Azərbaycan SSR vətəndaşlığında olduqda, uşaq Azərbaycan SSR ərazisində doğulmuşsa, Azərbaycan SSR vətəndaşı olur. Məhkəmə iddiaçı 1979-cu ildə doğularkən onun valideynlərindən birinin Azərbaycan SSR vətəndaşlığında olmasına aydınlıq gətirməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təs diq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər-doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbayc an Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir.” Bundan başqa, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 6-cı maddəsinin birinci bəndinin 01 iyul 2014-cü ilədək qüvvədə olmuş redaksiyasına görə doğum haqqında şəhadətnamə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdən biridir. Qeyd edilən dəyişikliyə qədər iddiaçının 19 mart 1979-cu ildə Azərbaycan Respublikası Şirvan şəhərində anadan olması barədə 12 dekabr 2013-cü il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. “Azərbaycan Respu blikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanan 5-ci maddəsinin 1) yarımbəndinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hüquq normasına istinad etsə də, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qəbul edilənədək yetkinlik yaşına çatmayan dövrdə valideynlərinin, o cümlədən atasının yanında yaşamasını və qeydiyyatda olmasını araşdırmamışdır. 1997-ci ilin yanvarın 1-dən qüvvədə olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin dördüncü bəndində qeyd edilir ki, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.9-cu bəndində də qeyd edilir ki, yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürən lərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir. İddiaçı iddia ərizəsində də göstərdiyi kimi, işdə olan Şirvan şəhər Məhkəməsinin 14 oktyabr 2013-cü il tarixli qətnaməsində qeyd edilir ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 10 oktyabr 2013-cü il tarixli arayışından görünür ki, X14 (iddiaçı) 1997-ci ilədək Şirvan şəhəri H.Əliyev küçəsi (keçmiş A.Əhmədov küçəsi) ev 13, mənzil 24-də yaşamışdır. Məhkəmə həmin ünvanın iddiaçının valideynlərinin yaşayış yeri olmasını araşdırmamışdır. Məhkəmə iddiaçınınon səkkiz yaşınadək valideyninin yanında yaşamasını araşdırımadan onun 1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. “Şəxsin Azərbaycan Respublikasın ın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.7-ci bəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 20 dekabr 2015-ci il tarixli məktubunda X10 (iddiaçının) 27 sentyabr 1997-ci ildən başlayaraq ayrıayrı hökmlərlə müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını Xidmətin cəzaçəkmə müəssisələrində çəkməsi bildirilsə də, məhkəmə həmin sübuta düzgün hüquqi qiymət verməmişdir. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv olunması hissəsində şikayətin dəlilləri əsaslı olduğundan, həmin hissədə şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş e tmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin vaxtı və yeri barədə iddiaçının lazımi qaydada məlumatlandırılmaması barədə şikayətin dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmə iclası barədə iddiaçıya göndərilən məhkəmə bildirişi geri qayıtsa da, iddiaçı mobil telefonu vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırıldığından şikayətin həmin dəlili əsaslı sayıla bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qəra ra aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2146/16 saylı, 29 sentyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar