Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3713/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Şəmkir Rayon Icra Hakimiyyəti başçısı aparatının *** nömrəli “Imtiyazlı şəxslərin mənzil növbəsinə götürülməsi barədə” ## ###### 2021-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə uyğun olaraq Şəmkir Rayon Icra Hakimiyyətində fəaliyyət göstərən Mənzil Komissiyası tərəfindən imtiyazlı şəxs kimi mənzil növbəliliyinə götürülməsi məqsədəuyğun hesab edilən, Şəmkir rayonu və inzibati ərazi dairələrində daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olmuş şəhid ailələrinin, habelə əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların mənzil növbəlik siyahısının təsdiq edilməsi qərara alınmışdır.
2. Şəmkir Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2022-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən, İddiaçı Şəmkir rayon Icra Hakimiyyətində “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı”ndan mənzil növbəliyi siyahısından çıxarılması, onun mənzil növbəsinə götürülməsi ilə bağlı Şəmkir Rayon Icra Hakimiyyətinə təqdim etdiyi sənədlərin əslinin Binəqədi Rayon Icra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır.
3. Iddiaçı şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməsi üçün cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2024-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli arayışına əsasən, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0,08 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli, JN-****A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ##.##.2024-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış və Qazax rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı mülkiyyətində olmuş yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bağışlanması müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsi ilə bağlı yenidən müraciət edə bilər.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X2 ##.##.2020-ci ildə keçirilən hərbi əməliyyatlar zamanı Göygöl rayonu ərazisində şəhid olub. Ona ##.##.2021-ci il tarixli ****** nömrəli Şəhid Ailəsi üzvünün vəsiqəsi verilib. Həmçinin birgə nikahdan anadan olan övladları - X6, X7 da şəhid ailəsinin üzvü vəsiqələri verilib. O, şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməyi üçün ## #### 2021-ci ildə Şəmkir Rayon Icra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, həmçinin bunun üçün tələb edilən bütün sənədlər icra hakimiyyətinə təqdim edilib. Onun şəhid ərinin anası X1 və şəhid ərinin atası X3 notarial ərizə verərək ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə onun mənzil növbəsinə dayanmağına etirazetmədiklərini bildiriblər. Sənədlər müvafiq qaydada yoxlandıqdan sonra Şəmkir Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli Sərəncamı ilə şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. 2022-ci ildə qeydiyyat yerini dəyişərək, övladları ilə birlikdə ünvan 1 ünvanında qohumlarından birinin mənzilində qeydiyyata düşmüşdür. Bununla əlaqədar olaraq, Şəmkir Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2022-ci il tarixli Sərəncamı ilə Şəmkir rayonunda mənzil növbəsindən çıxarılmağı və qeydiyyat yeri üzrə mənzil növbəsinə qeydə alınmağı üçün sənədlərin əsllərinin müşayiət məktubu ilə Binəqədi Rayon Icra Hakimiyyətinə göndərilməsi qərara alınıb. O, hazırda övladları ilə birlikdə ünvan 2 ünvanında qohumlarından birinin mənzilində qeydiyyatda olsa da, övladları ilə birlikdə kirayədə yaşayır. Mənzil növbəsinə götürülmək üçün Binəqədi Rayon Icra Hakimiyyətinə müraciət etdikdə, ondan yenidən sənədlər toplamağı tələb edildi. Yenidən eyni sənədləri toplayıb Binəqədi Rayon Icra Hakimiyyətinə təqdim edildi. Həmin qurumun ## #### 2024-cü il tarixli məktubu ilə ona imtina verilib. Imtina məktubunda bildirilib ki, “təqdim etdiyiniz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Dairəsinin ##.##.2024-cü il tarixli arayışından Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,08 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli, JN-****A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ##.##.2024-cü il tarixdə adınıza (ümumi birgə pay) qeydiyyata alınmış, Qazax rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi pay torpağı kimi verildikdə (##.##.2004cü il tarixli, JN-****A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən) onun 8 yaşı olub və pay torpağı atasına verilib, sadəcə o, da ailə üzvü olduğuna görə birgə mülkiyyətçi (0,02 ha) kimi qeyd edilmişdir. Ancaq nə 8 yaşında olduğu zaman, nə də sonradan onun ümumiyyətlə, bundan xəbəri olmayıb. Yalnız mənzil növbəsinə alınmaq üçün sənədləri toplayan zaman müvafiq qurumdan arayış alarkən bu, ona məlum olub. Bundan sonra müvafiq sənədləri Binəqədi Rayon Icra Hakimiyyətinə təqdim etdikdə onlar yuxarıda qeyd edilən imtina cavabını vermişlər.
7. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Şəmkir Rayon Icra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamı ilə iddiaçı İddiaçı imtiyazlı şəxslərin mənzil növbəsinə əlavə edilmişdir. Sonradan iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ** saylı binanın *** nömrəli mənzilinə qeydiyyata düşdüyündən Şəmkir Rayon Icra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** nömrəli Sərəncamı ilə iddiaçı İddiaçı Şəmkir Rayon Icra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalından mənzil növbəliyi siyahısından çıxarılmışdır. Aparılan araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli arayışından müəyyən olmuşdur ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0,08 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli, JN-****A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, ##.##.2024-cü il tarixdə iddiaçının adına (ümumi birgə pay) qeydiyyata alınmış və Qazax rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Iddiaçıya mülkiyyətində olmuş yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bağışlanması müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyilə bağlı yenidən Rayon Icra Hakimiyyətinə müraciət edə biləcəyi barədə rəsmi məlumat verilmişdir. Beləliklə də, iddiaçının Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Şəmkir Rayon Icra Hakimiyyəti tərəfindən İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı təqdim etdiyi sənədlərin, mənzil növbəsinə götürülməsi barədə Sərəncamın, mənzil növbəsindən çıxarılması barədə Sərəncamın və mənzil növbəsi sənədlərinin Binəqədi Rayon Icra Hakimiyyətinə göndərilməsi ilə bağlı müşayiət məktubunun təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
9. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## #### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdeh Binəqədi Rayon Icra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mənzil növbəsinə alınmasına dair müraciəti ilə bağlı hallar Şəmkir Rayon Icra Hakimiyyəti tərəfindən tam araşdırıldıqdan sonra iddiaçının mənzil uçotuna alınması barədə müvafiq inzibati akt qəbul edilmişdir. Şəmkir Rayon Icra Hakimiyyətinin sərəncamı etibarsız və ya qanunsuz hesab edilməmiş və ya ləğv edilməmişdir. Odur ki, cavabdehin hazırkı mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun olmamış, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,08 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi ##.##.2024-cü il tarixdə iddiaçının adına (ümumi birgə pay) qeydiyyata alınmış və Qazax Rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Odur ki, iddiaçının mülkiyyətində olmuş yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bağışlanması müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsi ilə bağlı yenidən Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə müraciət edə biləcəyi ilə bağlı cavabdehin imtinası mövcud qanunvericiliyin (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 53.1.3-cü maddələrinə əsasən) tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
14. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Iddiaçının kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra– yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ... 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra– uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra– uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;
18. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
19. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli Fərmanı: 2.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində, 49.6-cı, 103.2.1-ci, 146.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməsinə dair lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsində imperativ şəkildə qeyd olunmuşdur ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
31. Işin faktiki hallarından göründüyü kimi, iddiaçının əri X2 ##.##.2020-ci ildə keçirilən hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,08 hektar torpaq sahəsi ##.##.2024-cü il tarixdə iddiaçının adına (ümumi birgə pay) qeydiyyata alınmış və Qazax rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Odur ki, həmin bağışlanma müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsi ilə bağlı yenidən Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə müraciət edə biləcəyi ilə bağlı cavabdehin imtinası mövcud qanunvericiliyin (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 53.1.3-cü maddələrinə əsasən) tələblərinə uyğun olmuşdur.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.