Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3723/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanuni və ya qanunsuz əlverişli inzibati aktların ləğvi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirmə nəticəsinə əsasən, iddiaçıya ##.##.2004-cü il tarixdə ilkin olaraq 1 il müddətinə “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez-tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” diaqnozu əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Daha sonra, iddiaçıya ##.##.2014-cü il tarixdə “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez-tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” diaqnozu əsasında müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin *******0003 nömrəli göndərişinə əsasən “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez-tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” diaqnozu əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və TSEK-in ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.
4. Tibbi Sosial Ekspert Komissiyasının əsas qiymətləndirmə nəticəsinə dair çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş diaqnozun mətni “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez-tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” (XBT: IX sinif – Qan dövranı sistemi xəstəlikləri => I60-I69 – Serebrovaskulyar xəstəliklər => I67 – Digər serebrovaskulyar xəstəliklər => I67.4 – Hipertenziv ensefalopatiya) kimi qeyd edilmiş və “Tam reabilitasiya olması (Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona təyin olunmuş ikinci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli müddətsiz əlillik statusuna malik olmuş, 2024-cü ilin avqust ayınadək əlillik pensiyası almış, lakin həmin tarixdən ona pensiya verilməsi dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspert Komissiyasının ona göndərdiyi imtina məktubunda göstərilmişdir ki, imtinanın səbəbi tam reabilitasiya olması və bu barədə qərarın qəbul edilməsidir. Cavabdeh orqanın ona göndərdiyi ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2024-cü il tarixində Agentlikdə qəbulda olarkən təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verən məhdudiyyətlər olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Bundan sonra Tibbi Sosial Ekspert Komissiyasında da qəbulda olarkən eyni nəticəyə gəlinmişdir. Ona iyun ayında müraciət edilib ki, komissiyadan keçməlidir. 2024-cü ilin iyul ayında o, tibbi komissiyada olmuşdur. Orada olarkən sadəcə başdansovdu tibbi sənədləri vərəqlənmiş, ümumiyyətlə heç bir müayinədən keçirilməmişdir. O, imtina qərarında göstərilən diaqnozdan daha ağır xəstədir. Belə ki, beş dəfə əməliyyat olunmuşdur. Gəncə * saylı Şəhər Xəstəxanasından verilən epikrizdən çıxarışda MRT-nin cavabı “beyin atrofiyası kompensator ventrikulomeqaliya. ocaqlar aşkarlanır, vel im interpozitum kist.” Göstərilmişdir. Onurğanın MR müayinəsində qeyd edilmişdir ki, sola meyilli yırtıq aşkar edilmişdir. Bundan başqa hər il X1 müayinədən keçərkən ona “kardia məngənəsinin çatmamazlığı (İ dərəcəli), panqastrit, duodenit, postbulbar hissənin submukozal törəməsi” kimi ağır diaqnozlar qoyulmuşdur. O, bu xəstəliklərlə demək olar ki, iş qabiliyyəti xeyli azalmışdır və ağrıkəsici dərmanlardan istifadə etməklə hərəkət edir. Əməliyyat olmağına baxmayaraq submukozal törəmələr yenidən əmələ gəlmişdir, ona görə də, həkim nəzarətindədir.
7. Cavabdeh tərəfindən təqdim edilən iddia ərizəsinə qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə şəhəri Müharibə və X2 ##.##.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya Diensefal sindrom tez-tez müşahidə olunan vegetativ damar paraksizmaları Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya” qərarı qəbul edilmişdir. İddiaçının əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında əyani müayinəyə dəvət edilərək, həkim-ekspertlər tərəfindən müayinə edilmişdir. ƏAS-də olan məlumatlardan məlum olmuşdur ki, iddiaçı barəsində əmək zəmanəti “Əmək qabiliyyətsizdir” olmaqla, ##.##.2014-cü il tarixindən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Müayinə zamanı şikayətlərinin yalnız baş ağrılarından və arabir baş gicəllənməsindən olduğunu, anamnestik olaraq aldığı müalicələr nəticəsində səhhətində müsbət dinamika izlənildiyini bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında, * nömrəli Şəhər Xəstəxanasının “Nevrologiya” şöbəsinin ##.##.2019-##.##.2019-cu il tarixli epikrizində diaqnoz “Vertebro bazilyar sistemində qan dövranın pozğunluğu kortikal atrofiya” şəklində göstərilmiş, ##.##.2023-cü il tarixində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının “Radiologiya” şöbəsində aparılmış MRT müayinəsinin nəticəsinə əsasən əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Obyektiv müayinə zamanı, sümüküstü və vətər reflekslər D=S orta canlı, əzələ gücü yuxarı və aşağı ətraflarda 5 bal, əzələ tonusu isə normal olmuş, “Hoffman”, “Babinski” refleksləri mənfi qeyd edilmiş, koordinator sınaqları düzgün icra etmiş, “Romberq” vəziyyətində cüzi səndələmiş, yerişi sərbəst izlənilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit müəyyən edilməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticələrinə əsasən TSEK tərəfindən ##.##.2024-cü il tarixindən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı təyin olunmuş 2-ci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsasının nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş cavabdehin ## #### 2024-cü il tarixli qərarının əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, həmin qərar cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanunun tələblərinə riayət edilmədən qəbul edilmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.İsgəndərova – məruzəçi, A.Bayramov və R.Mamedov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü ilə əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Hazırki işdən görünən odur ki, cavabdeh inzibati orqan özünün əvvəlki əlverişli inzibati aktının qanuni olaraq qəbul edildiyini hesab etməklə, sonradan iddiaçının sağlamlıq vəziyyətinin tam reabilitasiya olunması səbəbindən hazırda mübahisələndirilən ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı qəbul etmişdir. Qanuni əlverişli inzibati aktın ləğvi halında inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. İddiaçının əyani müayinəsi onun əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar cavabdeh orqana etdiyi müraciət əsasında aparılmış, nəticədə “Tam reabilitasiya olunması” barədə ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul olunmuşdur. Cavabdeh inzibati orqan isə iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində qəbul etdiyi qərarın əsaslılığına dair hər hansı əsaslandırma təqdim etməmişdir. Bu hal isə cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun davranmadığının göstəricisi olmaqla, qəbul etdiyi qərarların da bu səbəbdən qanunsuzluğuna dəlalət edir. İddiaçıya ##.##.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə olan halda, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ##.##.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar ləğv edilmədən, “Tam reabilitasiya olunma” barədə qərar qəbul edilmişdir ki, o da yuxarıda sadalanan hallara və əsaslara görə qanunsuz inzibati akt olmuşdur.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. Faktiki olaraq birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmasından yola çıxaraq iddiaçıya təyin edilmiş üçüncü dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmalı olması qənaətinə gəlmişlər. Lakin məhkəmə iddiaçının reabilitasiya olması barədə komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun qərarı faktiki olaraq görməzdən gəlinməklə, reabilitasiya olmuş iddiaçıya münasibətdə ikinci dərəcə əlilliyin bərpa olunmalı olması qənaətinə gəlmişdir.
15. Bu kimi faktların mövcudluğu apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, bu istiqamətdə demək olar ki, araşdırma aparılmamış, formal mülahizələr əsas götürülmüşdür ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır.
16. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ...
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. ...
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
25. Hazırkı işin hallarından görünür ki, iddiaçıya ##.##.2004-cü ildən ##.##.2014-cü ilədək ikinci dərəcə müddətli və ##.##.2014-cü il tarixli müayinəyə əsasən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası tərəfindən əyani müayinəyə cəlb edilmiş, aparılan əyani müayinə zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmişdir.
26. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmadan yola çıxaraq iddianı təmin etmiş, lakin məhkəmə iddiaçının tam reabilitasiya olması barədə komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun qərarı faktiki olaraq görməzdən gəlinməklə, tam reabilitasiya olmuş iddiaçıya münasibətdə əlilliyin bərpa olunmalı olması qənaətinə gəlmişdir.
27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əlillik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir.
28. Lakin müddətsiz əllilik təyinatına dair əvvəlki əlverişli inzibati aktın inzibati orqan tərəfindən ləğv edilə bilməsi qanunvericilikdə istisna edilməmişdir. Bu halda əsas məsələ həmin əlverişli inzibati aktın inzibati orqan tərəfindən sonradan hansı qaydada və şərtlər daxilində ləğv edilməsinə dair qərarın çıxarıla biləcəyi aydınlaşdırılmalıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir.
29. Hazırkı iş üzrə inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Yəni cavabdeh şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.
30. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.
31. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.
32. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.
33. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.
34. Qeyd edilən mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli (vahid məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu) qərarında da öz əksini tapmışdır.
35. Yuxarıda göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində ##.##.2014-cü il tarixli qərarla müəyyən edilmiş müddətsiz əlillik ləğv edilərkən iddiaçının tam reabilitasiya olunmasına istinad edilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının əlillik vəziyyəti (onun tam reabilitasiya olunub-olunmaması) ilə bağlı hər hansı araşdırma aparmamışdır.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinə istinad etsə də, həmin normanın tələblərinə uyğun müvafiq araşdırma aparmamışdır.
37. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman işin halları iddiaçının tam reabilitasiya olunması ilə bağlı cavabdehin başlıca dəlili araşdırılmalı, iddiaçı barəsində əlverişli inzibati akt ləğv edilərkən iddiaçının əyani müayinə cəlb edilib-edilməməsi, onun sağlamlıq vəziyyəti və bərpa-reabilitasiya vəziyyəti qanunvericiliyə uyğun müəyyən edilməli, ehtiyac yaranacağı təqdirdə xüsusi bilik tələb etdiyinə görə müvafiq ekspertiza təyin edilməklə rəy alınmalıdır.
38. Qeyd edilənlər və onlarla bağlı digər hallar tam, obyektiv və hərtərəfli araşdırıldıqdan sonra “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələbləri baxımından yoxlanılmalı, bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.