Məhkəmə qərarları › İş №2-1(102)-3724/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3724/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3724/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, 1977-ci il təvəllüdlü R İddiaçı ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixədək (1 il 8 ay 4 gün) *** saylı Artilleriya Briqadasında həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2002-ci il tarixli əmri ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış, ##.##.2008-ci il tarixdən ##.##.2013-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmiş, ##.##.2013-cü il tarixdən ##.##.2017-ci il tarixədək Salyan rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmiş, ##.##.2017ci il tarixdən ##.##.2018-ci il tarixədək Qazax rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmiş, ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək Şabran rayon şöbəsində bölmə rəisinin müavini vəzifəsində xidmət etmiş, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək Samux rayon şöbəsində bölmə rəisinin müavini vəzifəsində xidmət etmiş, ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində xidmət etmiş, ##.##.2022-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın ##.##.2022-ci il tarixli əmrinin ləğv edilməsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsinə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2008-ci il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rəis vəzifəsində işləmişdir. Işlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamış və qanun pozuntusuna yol verməmiş, öz vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlmiş, əmək fəaliyyətini layiqincə icra etmiş, dəfələrlə yaxşı işinə görə fərqlənmiş və pul mükafatlarına layiq görülmüşdür. Buna baxmayaraq, cavabdeh orqanın ##.##.2022-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən, (xidməti uyğunsuzluğa görə) işdən azad edilmiş, ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. Belə ki, ##.##.2008-ci il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif bölgələrdə rəis vəzifəsində işləmiş və dəfələrlə medallara layiq görülmüşdür. O, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Ailədə yeganə qazanc gətirən odur və himayəsində yetkinlik yaşına çatmayan iki uşağı var.

4. Iddiaçı məhkəməyə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, işdən çıxarılma barədə əmri aldıqdan sonra xəstələnmiş və uzun müddət xəstəxanalarda müalicə və müayinə olunmuş, həmçinin yas mərasimləri olmuş, bu səbəbdən, məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür.

5. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2024-cü il tarixli etiraz onunla əsaslandırılmışdır ki, Xidmət rəisinin ##.##.2022-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, R İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Iddiaçı ##.##.2022-ci il tarixdən ehtiyata buraxılması barədə əmri mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür və bu səbəbdən, onun iddiası mümkün sayılmamalıdır.

6. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ehtiyatda olan R İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Xidmət rəisinin ##.##.2022-ci il tarixli məxfi əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Qeyd olunan əmr məxfi qriflə rəsmiləşdirildiyinə görə, əmrdən çıxarış İddiaçı təqdim edilməmiş, lakin özünə şifahi formada məlumat verilmiş, həmçinin məxfi əmrdən çıxarış məxfi poçt vasitəsilə İddiaçı sonuncu xidmət yeri olan Kəlbəcər rayon şöbəsinə göndərilmişdir.

7. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində xidmət etmiş İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin ##.##.2022-ci il tarixli əmrinin İddiaçı təqdim edilməsi və elan edilməsi barədə onun Kəlbəcər rayon şöbəsində olan mövcud şəxsi işində heç bir rəsmi məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən İddiaçı ehtiyatda olan zabit hərbi biletində ##.##.2022-ci il tarixli qeydə alınma aparılmış və onun hərbi bileti özünə təqdim olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində olan mövcud sənədlərə əsasən İddiaçı aid təyinat vərəqəsi yazılması barədə heç bir rəsmi məlumat yoxdur.

8. Gəncə Inzibati Məhkəməsinin (hakim: R.N.Tağıyeva) ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı raportu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli, 0120 ş/h nömrəli əmri ilə ehtiyata buraxılmış, əmr barədə ona şifahi formada məlumat verilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən ##.##.2022-ci il tarixdə ehtiyatda olan zabit kimi qeydiyyata alınmışdır. Iddiaçı iddia ərizəsini məhkəməyə ##.##.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdir. Iddiaçı tərəfindən iddia müddətinin bərpa edilməsi barədə vəsatətə iddiaçının tibbi müayinəsi barədə sənədlər və qohumlarının ölüm haqqında şəhadətnamələri əlavə edilmişdir. Sənədlərdən müəyyən olunur ki, iddiaçı ehtiyata buraxıldıqdan 4-5 ay sonra tibbi müayinə olunmuş, müalicələr almış, yas mərasimləri düşmüşdür. Iddiaçı ehtiyata buraxıldıqdan sonra onun 1 il 6 ay müddətində tibbi müayinə olunması, müalicələr alması, yas mərasimlərinin olması onun məhkəməyə müraciət etməsi üçün maneə olmamışdır. Həmçinin, iddiaçı ehtiyata buraxıldıqdan 4-5 ay sonra tibbi müayinə olunmuş, müalicələr almış, yas mərasimləri düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə prosessual müddətin ötürülməsi səbəbi üzrlü hesab edilə bilməz.

10. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Isgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 12.1. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 0120 ş/h nömrəli əmri ##.##.2022-ci il tarixində qəbul edilmiş, iddiaçı həmin əmr əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, lakin iddia ərizəsini poçt vasitəsilə məhkəməyə ##.##.2024-cü il tarixdə göndərmişdir. Işdə olan sənədlərə əsasən, iddiaçının barəsində qəbul edilmiş əmr əsasında ehtiyata buraxılması ona əmrin qəbul edildiyi - ##.##.2022-ci il tarixində məlum olmuşdur. Iddiaçının sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. Belə ki, şəxsi işə əlavə olunan İddiaçı ##.##.2022-ci il tarixli raportunda qeyd edilir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasını xahiş etmiş, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ona izah edilmiş və həmin Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa razı olmuşdur. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı əmrdən məlumatlı olduğunu, müəyyən səbəblərdən əmri mübahisələndirmədiyini bildirmiş, müayinə və müalicə olunduğundan ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçı özü də müddəti ötürdüyünü dərk edərək iddia ərizəsinə müddətin bərpasına dair ərizə və tibbi sənədlər əlavə edərək, ehtiyata buraxıldıqdan (##.##.2022-ci il) 4-5 ay sonra tibbi müayinə olunduğunu, yas mərasimləri düşdüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının əsas gətirdiyi halları müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun. Lakin hazırkı işdə iddiaçının gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir. 12.2. Apellyasiya şikayətinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin ##.##.2025-ci il tarixli məktubuna istinadən qeyd edilmiş “mübahisələndirilən əmrin təqdim və elan edilməsi barədə iddiaçının Kəlbəcər rayon şöbəsində olan mövcud şəxsi işində heç bir rəsmi məlumatın olmaması” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubundan məlum olur ki, ehtiyatda olan R İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Xidmət rəisinin ##.##.2022-ci il tarixli məxfi əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Qeyd olunan əmr məxfi qriflə rəsmiləşdirildiyinə görə əmrdən çıxarış İddiaçı təqdim edilməmiş, lakin özünə şifahi formada məlumat verilmiş, həmçinin məxfi əmrdən çıxarış məxfi poçt vasitəsilə İddiaçı sonuncu xidmət yeri olan Kəlbəcər rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, mübahisələndirilən əmr məxfi qrifli olduğundan iddiaçıya bu barədə əmrdən çıxarış təqdim edilməyərək, ona şifahi formada məlumat verilmiş, əmrin qəbul edildiyi - ##.##.2022-ci il tarixindən sonra iddiaçı xidməti fəaliyyəti yerinə yetirməmişdir.

13. Iddiaçı kassasiya şikayəti verərək, buraxılmış prosessual müddətin bərpa edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Iddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsininin, buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 22. Müddətlər Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ... Maddə 24. Prosessual müddətlərin bərpa olunması Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ... Maddə 35. Iddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. Iddia müddəti Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Hazırkı mübahisənin predmetini təşkil etməsi baxımından iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli əmrin ləğv olunmasına yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Iddiaçı həmin əmrin mübahisələndirilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

25. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

26. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

27. Iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

28. Yuxarıda istinad olunan norma ilə mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də iddia müddəti nəzərdə tutulmuşdur. Mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün olaraq müəyyən olunmuşdur.

29. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı sözügedən əmrə münasibətdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

30. Belə ki, iş üzrə materiallardan göründüyü kimi, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Xidmət rəisinin ##.##.2022-ci il tarixli məxfi əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Qeyd olunan əmr məxfi qriflə rəsmiləşdirildiyinə görə, əmrdən çıxarış ona təqdim edilməmiş, lakin özünə bu barədə şifahi formada məlumat verilmiş, həmçinin məxfi əmrdən çıxarış məxfi poçt vasitəsilə onun sonuncu xidmət yeri olan Kəlbəcər rayon şöbəsinə göndərilmiş, lakin iddiaçı iddia ərizəsini poçt vasitəsilə məhkəməyə ##.##.2024-cü il tarixdə göndərmişdir. Iş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə ##.##.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (1 il 9 aydan artıq müddət) qaldırmışdır. Halbuki, IPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmiş olsa da, müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Iddiaçının ərizəsində istinad etdiyi hallar isə müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

31. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin əmrə qarşı vaxtında hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir.

32. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi əmr barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. Iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

33. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

34. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

35. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar