Məhkəmə qərarları › İş №2-1(102)-3729/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3729/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3729/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. SX ******* nömrəli hərbi biletə əsasən, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, ##.##.2020-ci il tarixdən ##.##.2020ci il tarixədək Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissədə atıcı vəzifəsində xidmət etmişdir.

2. İddiaçı ##.##.2021-ci il tarixdə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən Azərbaycan Ordusunun müvəffəqiyyətli əks hücum əməliyyatlarının keçirilməsində və Hərbi Hava Qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə təltif olunmuş və ona “Fəxri Fərman” verilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir

4. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərdə iddiaçının 27.09-##.##.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

5. cavabdeh1 N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə kimi təyin edilmişdir. Bundan başqa, iddiaçıya N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli müvafiq əmri ilə verilmiş “Fəxri Fərman” üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikasının bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa şəhərinin, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanlarının tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin Siyahısı”nın 28-ci bəndindən görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman bilavasitə iştirak etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi biletindən göründüyü kimi, o, ##.##.2020-ci ildə N nömrəli hərbi hissədən döyüş bölgəsi olan Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərə göndərilmiş, ##.##.2020-ci ilə kimi həmin bölgələrdə atıcı vəzifəsində döyüşmüşdür. Bu barədə onun hərbi biletinin 7-ci səhifəsində də qeydiyyat aparılmışdır. Onunla xidmətdə olan əsgər yoldaşlarına “Müharibə veteranı” adı və vəsiqələri verilmişdir.

8. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Tural Məlikov) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 27.09-##.##.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin əsgəri kimi döyüş əməliyyatlarında iştirak etməsi onun hərbi biletindəki qeydlərlə, həmin qeydlər isə müvafiq arayışla öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması zamanı N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, Müdafiə nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə kimi təyin edilmiş, iddiaçı da “Azərbaycan Respublikasının bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa şəhərinin, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanlarının tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin Siyahısı”nda göstərilən şəxslərin sırasında olmuş və o, döyüş əməliyyatları aparılan zaman bilavasitə iştirak etmişdir. Göründüyü kimi, cavabdehin rəsmi mövqeyinə görə, müzakirəyə səbəb olan hərbi hissə müvafiq döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Həmçinin, hərbi hissənin özü də həmin dövrdə iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini təsdiqləmişdir. Bundan əlavə, iddiaçının döyüş tapşırıqlarının icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirməsi və bu fəaliyyətinə görə “Fəxri Fərman” ilə təltif edilməsi, onun “Müharibə veteranı” adını qazanması üçün mühüm hüquqi və faktiki əsas təşkil edir. Belə ki, “Fəxri Fərman”ın təqdim edilməsi iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirakını, xüsusi xidmətlərini və döyüş tapşırıqlarının icrasında göstərdiyi bacarığı təsdiqləyən mühüm arqumentdir. Nəzərə alınmalıdır ki, “Müharibə veteranı” adı ilə bağlı hüquqi statusun müəyyən edilməsi üçün əsas göstərici, müvafiq qanunvericilikdə təsbit olunmuş döyüş fəaliyyəti meyarlarına uyğun xidmətlərin həyata keçirilməsidir ki, iddiaçının dövlət qarşısında xüsusi xidmətinin olması aşkar şəkildə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, tədqiq edilmiş sübutlar iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edir. Cavabdeh iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən cavabdehin imtinası qanuna zidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Orxan İsmayılov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçının döyüş əməliyyatlarına bilavasitə cəlb edilmədiyi, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirmədiyi, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmadığı göstərilmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı döyüş əməliyyatlarında iştirak etmiş, yüksək peşəkarlıq nümayiş etdirməsi səbəbindən Fəxri Fərman” ilə təltif edilmişdir. Bu hallar iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas hesab edilməlidir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissədə atıcı vəzifəsində hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Mingəçevir şəhərində xidməti vəzifələrini icra etmişdir. N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdə iddiaçının döyüş əməliyyatlarında iştirakına dair məlumatlar aşkar olunmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi ərazilərdə olmamış, həmin vaxt döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, yalnız xidmət etdiyi N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirmişdir. İddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirakı prosedur olaraq onun həmin ərazidə döyüşən hər hansı bir hərbi hissəyə ezam olunması və ya xidmətini davam etdirməsi üçün həmin hərbi hissəyə köçürülməsinə dair hərbi hissə komandirinin müvafiq əmri ilə təsdiq olunmalıdır. Göründüyü kimi, iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirakını sübut edən nizami hissə üzrə hər hansı bir əmr təqdim olunmamışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.

27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 44 günlük Vətən Müharibəsi dövründə, yəni ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək cavabdeh1 N nömrəli hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Həmin hərbi hissə Müdafiə nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmri ilə döyüş əməliyyatları aparan hərbi hissə kimi təyin edilmişdir.

28. Cavabdeh iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyini, döyüş əməliyyatları zamanı sözügedən hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Mingəçevir şəhərində atıcı vəzifəsində xidməti vəzifələrini icra etdiyini əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

29. Birinci instansiya məhkəməsi, iddiaçının xidmət keçdiyi hərbi hissənin müvafiq döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyinə, həmin hərbi hissənin özünün də həmin dövrdə iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini təsdiqlədiyinə, iddiaçının adının “Azərbaycan Respublikasının bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10dək Şuşa şəhərinin, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanlarının tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin Siyahısı”nda göstərildiyinə, bundan əlavə, iddiaçının döyüş tapşırıqlarının icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirməsinə görə “Fəxri Fərman”la təltif edilməsinə istinadən onun döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyi qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

30. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya “Müharibə veteranı” adının verilməli olduğu qənaətinə gəlsə də, iddiaçının sözügedən Əsasnamənin 1-ci hissəsinin 10cu abzası anlamında qeyd edilən ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş şəxs olubolmadığının müəyyən edilməsi istiqamətində lazımi araşdırma aparmamışdır.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının qeyd edilən ərazilərdə döyüşlərdə bilavasitə iştirak etdiyini təsdiq edən onun hərbi bileti ilə bərabər sözügedən hərbi hissənin nizami hissə üzrə əmrlərini və ya arxiv arayışlarını, eləcə də iddiaçının adının əks olunduğu Siyahının tərtib edilməsinə əsas olan sənədləri əldə etməmiş, cavabdehin həmin Siyahıya münasibətini öyrənməmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi, sözügedən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilmiş olduğunu təsdiq etməyə imkan verən yetərli araşdırma aparmamışdır. İddiaçının həmin dövrdə daimi xidmət yerinin Mingəçevir şəhəri olduğu nəzərə alındıqda, ona “Müharibə veteranı” adının verilməsi üçün qeyd edilən xüsusatların müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.

33. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi, eyni zamanda, iddiaçının qeyd etdiyi “Müharibə veteranı” adı almış əsgər yoldaşlarının olub-olmadığını, belə şəxslər olduğu halda, onlara müvafiq adın verilməsinin faktiki və hüquqi əsaslarını müəyyən etməli və həmin hallara bərabər yanaşma və etimadın qorunması prinsipləri baxımından hüquqi qiymət verməlidir.

34. Həmçinin işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməlidir. Belə ki, iddiaçı tələbində ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

35. Lakin formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, inzibati icraat daxilində şəxsə “Müharibə veteranı” adının verilməsi ilə bağlı məsələni həll edərkən cavabdeh1 Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir. Bundan fərqli olaraq, şəxsə “Müharibə veteranı” adının verilməsindən imtina olunduqda həmin imtina icra hakimiyyətinin adından cavabdeh1 tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddia təmin olunduğu təqdirdə, belə qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Həmin qərar cavabdeh tərəfindən hər hansı razılaşdırılma həyata keçirilmədən birbaşa iddiaçıya “Müharibə veteranı” adının verilməsi barədə qərar qəbul etməli olduğu nəticəsini yaradır. Bu qayda icra hakimiyyətinin vahidliyi prinsipindən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

36. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar