Məhkəmə qərarları › İş №2-1(102)-3733/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3733/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3733/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarının artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ##.##.1957-ci ildə anadan olmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * saylı Zona TSEK-in ****** nömrəli arayışına əsasən 1984-cü il təvəllüdlü X1 (iddiaçının oğlu) uşaqlıqdan birinci qrup əlildir, əlillik müddətsiz müəyyən edilmişdir, kənar şəxsin qulluğuna ehtiyacı vardır, əsas kimi ##.##.2003-cü il tarixli müayinə aktı qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * №-li poliklinikanın verdiyi “Xəstənin ambulator kartından çıxarışı”na əsasən X1 uşaq serebral iflici, spastik tetraplegiyası ilə diaqnozu qoyulmuşdur.

4. Hərbi bilet əvəzi arayışa əsasən X1 hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir.

5. Cavabdehin iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçıya ##.##.2020-ci ildən ##.##.2022-ci ilə qədər artıqödəmə halı aşkar edilmişdir, bunun səbəbi kimi oğlu X1 əlilliyinin ##.##.2003-cü il tarixində - 18 yaşı tamam olduqdan sonra müəyyən edilməsi göstərilmişdir.

6. Cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır, qərarda qeyd edilmişdir ki, vətəndaş ##.##.2011-ci ildən əlil uşaq anası kimi 5 il tez pensiya hüququ ilə pensiyaya çıxmışdır, lakin iddiaçının övladı X1 əlilliyi ##.##.2003-cü ildə müəyyən olunmuşdur. Həmin tarixdə iddiaçının övladının yaşı 18-dən çox olduğu üçün pensiya hüququ yaranmamalı idi. Bu səbəbdən də vətəndaşın pensiya işinə yenidən baxılarkən 6035,71 manat artıq ödəmə müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023cü il tarixli

7. qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X2 ##.##.1984-cü ildə doğulmuşdur, doğulandan bir neçə ay sonra serebral iflic xəstəliyinə düçar olmuş, bu səbəbdən körpə yaşlarından X6 qeydiyyatda olmuş, həm orada, həm də ən müxtəlif tibb müəssisələrində, hətta ölkə xaricində müalicə edilsə də, nəticə olmamışdır. Serebral iflic olduğuna görə tam hərəkətsiz olmuş, sırf iddiaçının qulluğu ilə yaşamışdır. Onun vəziyyəti ilə əlaqədar iddiaçı da ağır psixoloji durumda olmuşdur. Oğlu Elgiz xəstəliyi ilə əlaqədar təhsil ala bilməmişdir, həmçinin hərbi xidmətlə əlaqədar komissiya onun əlil olması səbəbi ilə hərbi xidmətə yararsız olması barədə qərar qəbul etmişdir. Onun əlil olması barədə əlaqədar qurumların hamısında məlumat vardır. 2003-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, * saylı Zona Tibbi Sosial Ekspertiza Komissiyası ##.##.2003-cü il tarixli müayinə aktı əsasında X1 müddətsiz olaraq birinci qrup əlillik müəyyən edilmiş və AR №****** nömrəli arayış vermişdir. Sənəddə əlilliyin səbəbinin uşaqlıqdan olması, müddətsiz olması, həmçinin kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir.##.##.2011-ci ildə iddiaçı əmək pensiyasına çıxmışdır. 2023-cü ilin dekabr ayında iddiaçıya ƏƏSMN-in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzə Mərkəzi Filialından “əmək pensiyası üzrə yaranmış artıq ödəmənin bərpa olunması barədə” bildiriş daxil olmuşdur. Məktubda bildirilmişdir ki, ##.##.2011-ci ildə əmək pensiyası hüququ olmadığı halda “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən övladı X1 ilkin əlilliyinin ##.##.2003-cü il tarixində (18 yaşı tamam olduqdan sonra) müəyyən edilməsi səbəbindən əmək pensiyasının məbləğində ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixinədək artıq ödənilmiş məbləğ 6035,74 manat təşkil etmişdir. Halbuki iddiaçı 2011-ci ildə pensiya üçün müraciət edən zaman DSMF-yə oğlu Elgizin xəstəliyi və əlilliyi olması barədə bütün sənədləri təqdim etmişdir, həmin sənədlər əsasında iddiaçıya bildirilmişdir ki, əlil uşağa qulluq etdiyinə görə, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır və bütün sənədlər qaydasındadır. Əgər həmin vaxt sənədlərdə hər hansı çatışmazlıq olsaydı, bu, iddiaçıya imtina verilməsi ilə nəticələnərdi.

9. Cavabdehin iddiaya dair yazılı etirazında göstərmişdir ki, pensiya işində olan sənədlərin surətlərinə əsasən ##.##.2006-cı ilədək 25 il 6 ay 29 gün sığorta stajı və ##.##.2006-cı ildən ##.##.2017-ci ilədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 9175,48 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq ##.##.2020-ci ildən 303,74 manat müəyyən edilmişdir. ##.##.2021-ci ildən əmək pensiyası 338,37 manata, ##.##.2022-ci ildən 349,87 manata çatdırılmışdır. ##.##.2022-ci ildən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2017-ci ildən ##.##.2022ci ilə qədər fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22757,23 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2022-ci ildən 641,63 manat müəyyən edilmişdir. ##.##.2023-cü ildən əmək pensiyasının məbləği 658,29 manata, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən 755,06 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən ##.##.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2690,42 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2023-cü ildən 792,43 manat müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, Qanunun 8.2ci maddəsinin ##.##.2017-ci ilədək qüvvədə olmuş tələbləri pozularaq ##.##.2011-ci il tarixdə əmək pensiyası hüququ olmadığı halda (Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən övladı X1 ilkin əlilliyi ##.##.2003cü il tarixdə (18 yaşı tamam olduqdan sonra) müəyyən edilmişdir) yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə Qanunun 39.1-cl maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində ##.##.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvələ) ##.##.2022-ci il tarixədək artıq ödəmə müəyyən edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçı İddiaçı barədə Cavabdehn “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023cü il tarixli qərarı ləğv edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin qəbul etdiyi “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsinə yönəlmişdir. Qeyd edilən qərarla iddiaçıya vaxtı ilə ##.##.2011-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanaraq ona ##.##.2017-ci ildən təyin edilmişdir və 5035,71 manat artıq ödəmə hesablanmışdır. Cavabdehin mövqeyinə görə iddiaçının oğlu X1 əlilliyi yetkinlik yaşına çatdıqdan sonra təyin edildiyi üçün iddiaçının ##.##.2011-ci ildə əlil uşağın anası kimi 5 il tez pensiyaya çıxmaq hüququ yaranmamışdı. İddiaçının oğlu ##.##.1984-cü il təvəllüdlü X2 uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkmişdir və birinci dərəcəli əlil olmuşdur, qeyd edilən hal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * saylı Zona TSEK-in ****** nömrəli arayışında, Səhiyyə Nazirliyinin * №li poliklinikanın verdiyi “Xəstənin ambulator kartından çıxarışı”nda, hərbi bilet əvəzi arayışda əks olunan məlumatlarla təsdiq edilir. Odur ki, iddiaçının əlil uşağın anası kimi 5 il tez pensiyaya çıxmaq hüququ ##.##.2011-ci ildən yaranmış və həmin vaxt iddiaçıya pensiya qeyd edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 8-ci və 21-ci maddələrinə uyğun olaraq təyin edilmişdir. Cavabdeh isə qeyd edilən halları nəzərə almayaraq iddiaçının əmək pensiyasının pensiya məbləğini yenidən yoxlamış və bu zaman cavabdeh iddiaçının uşaqlıqdan birinci dərəcəli əlil olmuş uşağına qulluq edilməsi müddətini nəzərə almayaraq sığorta stajının səhv hesablanması və ödənilən pensiya məbləğində artıqödəmə yarandığı qənaətinə gəlmişdir. Nəticə etibarı ilə cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan iddiaçı üçün əlverişli qanuni inzibati aktı ləğv etmiş, qanunsuz və əlverişsiz inzibati akt qəbul etmiş, həmin inzibati aktı qəbul edən zaman iddiaçının inzibati orqanların inzibati praktikasına qanunla qorunan etimad hüququnu pozmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

13. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” *-**-*/*-H- ******/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər E.Əliyev – məruzəçi, G.Abbasova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, cavabdeh Cavabdeh qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” *-**-*/*-H-******/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının əlil uşağın anası kimi 5 il tez pensiyaya çıxmaq hüququ ##.##.2011-ci ildən yaranmış və həmin vaxt iddiaçıya pensiya qeyd edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci və 21-ci maddələrinə uyğun olaraq təyin edilmişdir. Cavabdeh isə qeyd edilən halları nəzərə almayaraq iddiaçının əmək pensiyasının pensiya məbləğini yenidən yoxlamış və bu zaman cavabdeh iddiaçının uşaqlıqdan birinci dərəcəli əlil olmuş uşağına qulluq edilməsi müddətini nəzərə almayaraq sığorta stajının səhv hesablanması və ödənilən pensiya məbləğində artıqödəmə yarandığı qənaətinə gəlmişdir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə ##.##.2011-ci il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının qanunsuz olmasını və həmin halların məhz ##.##.2023-cü il tarixdə əmək pensiyası yenidən hesablanan zaman 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli üç ulduzlu qərarında da öz əksini tapmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubunun və iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir.

18. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 8, 37.3.1 və 39.1ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 64, 64 və 67-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ...

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2023-cü il tarixli qərarının artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü olaraq geri qaytarmağa razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

30. İş materiallarında iddiaçıya pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir. Cavabdehin dəlilləri yalnız əmək pensiyasının məbləğinin düzgün hesablanmamasından ibarətdir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli üç ulduzlu qərarı).

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar