Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3739/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Vəliyev İsaxan Veysəl oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması üçün əsasın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Vəliyev İsaxan Veysəl oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi hesabının sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. ##.##.1958-ci il təvəllüdlü iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.2001-ci il tarixədək prokurorluq orqanlarında qulluq etmiş və ona 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, ##.##.2001-ci ildən sonrakı dövrdə fərdi hesabının sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh isə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinadən iddiaçının pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğunu, həmçinin onun pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyinin müəyyən olunmadığını əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyasının hesablandığı ##.##.2001-ci ildən sonrakı dövrdə də qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1981-ci ildən ##.##.2001ci ilədək olan 19 il 11 ay 8 gün ərzində prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 2002-ci ildən isə elmi və pedaqoji fəaliyyətlə məşğul olur. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində işləyir. İddiaçı prokurorluq orqanlarından azad olunduqdan sonrakı dövr üzrə onun fərdi hesabında sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etmişdir. İddiaçıya ##.##.2023-cü il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilmişdir. Lakin bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Həmin Qanunun 37.3.1.-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Buna görə də iddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək pensiyasının hesablandığı ##.##.2001-ci ildən sonrakı dövrdə də qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin olunmamışdır.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbləri nəzərə alınaraq yenidən hesablanmasını və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçıya 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2225 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1001,25 manat, rütbəyə görə əlavəsi 138 manat, elmi dərəcəyə görə əlavəsi 97,90 manat, digər növ əlavələri 137,48 manat olmaqla, orta aylıq əmək haqqı 3599,63 manat təşkil etmişdir. İddiaçının pensiyası, “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinin tələblərinə əsasən 19 il 11 ay 8 gün qulluq stajına uyğun olaraq, orta aylıq əməkhaqqının (3599,63 manat) 64,75 faizi – 2330,76 manat məbləğində müəyyən edilmiş, ##.##.2024-cü il tarixdən 2591,81 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarının əmək pensiyasının yenidən hesablanması üçün iki şərt vardır: 1) Pensiyaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi; 2) Pensiyaçıya əmək pensiyası təyin olunduğu və ya pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işləməsi. Lakin iddiaçı hazırkı vəziyyətdə sözügedən normanın tələblərinə cavab vermir. İddiaçı hazırda əmək fəaliyyəti ilə məşğuldur. Həmçinin, iddiaçıya əmək pensiyası ##.##.2023-cü il tarixdə təyin olunduğu halda, heç bir il keçməmiş məhkəməyə müraciət etmiş, işləyən əmək pensiyaçısı kimi qanunvericilikdə nəzərdə tutulmuş 6 il müddəti gözləməmişdir. Belə olan halda da, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən onun pensiyasının yenidən hesablanması mümkünsüzdür.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunmadığından, hazırkı norma iddiaçıya şamil edilməməlidir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elvin Əliyev /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Aytən Oruczadə) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya ##.##.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman onun prokurorluq orqanlarından xaric edildikdən sonra 2001-ci ildən pensiya təyin olunduğu dövrə kimi qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; Maddə 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən fərdi identifikasiya nömrəsi (FİN) ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; Maddə 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi – sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi prokurorluq orqanlarında qulluqdan azad olunduğu ##.##.2001-ci il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasına və yaranmış fərqin ona bir dəfəyə ödənilməsinə nail olmaqdan ibarətdir.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.