Məhkəmə qərarları › İş №2-1(102)-374/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-374/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-374/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü, 2LGS284) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2590/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1979-cu il tarixdə Kürdəmir "xxxx" müəssisəsinin yük parkında “Qaz 53” markalı avtomaşına sürücü təyin edilmiş, xx.xx.1988-ci il tarixdə yük parkından yüngül minik markalı avto maşınına sürücü keçirilmiş, xx.xx.1993-cü il tarixdə müəssisədə idarə rəhbərinin xidməti maşınına sürücü keçirilmiş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.

3. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla imtina edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 46 saylı aktına əsasən Kürdəmir rayon "xxxx" ASC-nin şəxsi heyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Onun xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti ilə məşğul olması faktını araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən sosial sığorta st ajı təsdiqlənmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin hərbi xidmət illəri nəzərə alındıqda, 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmi ş, lakin onun xx.xx.1979cu il tarixdən xx.xx.2005-ci il tarixədək X1 işləməsi barədə arxiv sənədlərinin olmaması səbəbi ilə ona pensiya təyin olunmasından imtina olunmuşdur. Cavabdehin etirazları:

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 02 il 01 aydır. Mübahisəli sosial sığorta stajı isə 26 il 03 ay 17 gündür. ******* nömrəli xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtonəqliyyat müəssisəsində işlədiyi dövrün arxiv sənədləri təhvil verilmədiyindən və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olm amışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, AR Milli Arxiv İdarəsinin Kürdəmir rayon Dövlət Arxivinə sorğu göndərilmiş, Kürdəmir rayon Dövlət Arxivinin 104 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən "xxxx" Avtonəqliyyat müəssisəsinin ilkin sənədləri arxivə təhvil verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2022 nömrəli iş üzrə 4 aprel 2022-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnı z o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Buna görə də iddia təmin edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

10. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2590/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2022 nömrəli iş üzrə 4 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh k assasiya şikayətində iddia tələbinə etirazın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə tərəfindən sorğu göndərilmiş cavab məktubuna əsasən "xxxx" Avtonəqliyyat ASC xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, cavab məktubuna əsasən xx.xx.1998-ci il tarixdə "xxxx" Avtonəqliyyat ASC yaradılmışdır. AR Dövlət Statistika Komitəsinə sorğu göndərilmiş cavab məktubuna əsasən "xxxx" Avtonəqliyyat ASC 17 iyun 1996-cı il tarixdən qeydiyyatdadır.

14. Belə ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına mü raciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz.

15. Göründüyü kimi, həmin müəssisə 21 yanvar 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən 1979-cu il tarixdən 1999-cu il tarixədək müəssisənin fəaliyyət göstərməsi, məcburi dövlət sosial sığorta haqları ödəməsi (1992-ci ildən sonra) öz təsdiqini tapmamışdır.

16. Beləliklə, təqdim edilm iş sübutlardan aydır olur ki, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Avto nəqliyyat müəssisəsində işləməsi digər sənədlərlə sübuta yetirilmir. "xxxx" Avtonəqliyyat müəssisəsinin xx.xx.1979-cu il tarixdən xx.xx.1999-cu il tarixədək fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinə uyğu n olmamışdır. Dövlət qeydiyyatından keçməmiş müəssisənin fəaliyyəti qanunsuz hesab edilir.

17. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər halla rda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.10. Pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə s ığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 23. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlil lər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şik ayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək qeyd edir ki, məhkəmə qərarının nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həy ata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

30. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. Kürdəmir "xxxx" ASC tərəfindən verilmiş arayı şa əsasən, İddiaçı xx.xx.1979-cu il tarixində 78 nömrəli əmrlə "xxxx" ASC-də (X2) sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixində 52 nömrəli əmrlə işdən azad edilmişdir. Müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçının 1979-cu il tarixdən 1993-cü il tarixədək işlədiyi dövr üçün əmək haqqı cədvəlləri də məhkəmə araşdırmasının predmeti olmuşdur.

32. Bundan başqa, iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin statistik vahidlərin dövlət reyestrində 17 iyun 1996-cı il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. 17 iyun 1996-cı il tarixədək isə iddiaçının həmin müəssisədə işləməsi əmək kitabçası ilə yanaşı, onun əmək haqqı almasını təsdiq edən əmək cədvəllərinin mövcudluğu (təsdiqedici arayış ilə birgə) i lə təsdiq olunmuşdur. Bu səbəbdən də məhkəmə iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almır.

33. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

34. Göründüyü kimi, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrlərini qəbul etməyə bilərdi.

35. Beləliklə, iddiaçıya yaşa g örə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2590/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar