Məhkəmə qərarları › İş №2-1(102)-374/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-374/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-374/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qa rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-749/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1987-ci il tarixlərə “Tərəqqi” xalça fabrikində, xx.xx.2001xx.xx.2008-ci il tarixlərdə "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında, xx.xx.2008xx.xx.2009-cu il tarixlərdə "xxxx" Anonim Şirkətində, xx.xx.2010-cu il tarixdən hazıradək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalda X1 kiçik tibb bacısı işləyir.

2. Azərbaycan Respubli kası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş arayışdan görünür ki, X2 həqiqətən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında xx.xx.2010-cu il tarixdən (Əmr №20, xx.xx.2010-cu il) Travmatologiya və Bərpaedici cərrahiyyə bölməsində kiçik tibb bacısı vəzifəsinə işə qəbul edimişdir. xx.xx.2010-cu il tarixdə (Əmr №0102, xx.xx.2010-cu il) Mərkəzi Hərbi Klinik Hospitalın adı Silahlı Qüvvələrin Baş Klinik Hospitalı adlandırılmışdır. xx.xx.2011-ci il tarixdən hal-hazıradək (Əmr №8, xx.xx.2011-ci il) X1 kiçik tibb bacısı vəzifəsinə təyin edilmişdir. Yoluxucu xəstəliklər bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur (kod 2260000a). xx.xx.2021-ci il tarixdə (Əmr №177, 23.07 2021-ci il) Silahlı Qüvvələrin Baş Klinik Hospitalın adı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı adlandırılmışdır.

3. Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ”Mehman” adına 4 saylı tikiş trikotaj fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı barədə məlumatları müsbət cavablandlrmaq mümkün olmamışdır.

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdeh tərəfindən həmin müraciətdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 01 avqust 1988-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001-ci il tarixdən xx. xx.2008-ci il tarixədək olan dövr ərzində “Mehman" adına 4 saylı Tikiş-Trikotaj firmasında işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin xx.xx.2004-cü il tarixindən fəaliyyətə başladığı müəyyən olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2006-cı il üzrə 9 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay olmaqla fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən də, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında işləyib-işləməməs inə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar sənədlərdə qeyd edilən əmək stajı və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasının sənədlərinin arxivə təhvil verilmədiyi müəyyən olmuşdur. Bu səbəbdən də xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (20 il 9 ay 26 gün (xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 2006-2022-ci illər üzrə cəmi 15 il 5 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mini mum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24704,61 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 58 yaşı tamam olan tarixdən, yəni 22 sentyabr 2022-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin d əqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-xx.xx.2006-cı il tarixlərdə "xxxx" adına 4 saylı Tikiş-Trikotaj Firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1964-cü il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildə “Tərəqqi” xalça fabrikində başlamış və xx.xx.1987-ci ilə qədər həmin müəssisədə işləmişdir. xx.xx.2001-xx.xx.2008-ci illərdə "xxxx" adına 4 saylı Tikiş-Trikotaj fabrikində, xx.xx.2008-xx.xx.2009-cu illərdə "xxxx" Anonim Şirkətində işləmişdir. xx.xx.2010-cu ildən hal-hazradək Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalda X1 kiçik tibb bacısı vəzifəsində işləyir. Sonuncu iş yerində işlədiyi peşə zərərli iş stajına aiddir. Onun ümumi iş stajı xx.xx.2009-cu ilə qədər 14 il 1 ay 15 gün, xx.xx.2022-ci ilə qədər 26 il 6 ay 13 gün, hal-hazırkı tarixədək 27 ildən artıqdır. Həmin iş stajının 13 ildən artıq hissəsi zərərli istehsal sahəsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixində 530- VQD saylı qanunla dəyişiklik edilmiş və Qanunun 7-ci maddəsinə əsasən yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə pensiya təyini nəzərdə tutulmuşdur. Onun 58 yaşı tamam olan tarixdən, yəni 22 sentyabr 2022-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə 24 iyun 2023-cü ildə mü raciət etmişdir. Bunu poçt qəbzi təsdiq edir. Lakin cavabdeh bu günə qədər müraciətinə cavab verməmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1258/2024 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" adına 4 saylı Tikiş-Trikotaj firmasında işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2006cı il tarixədək "xxxx" adına 4 saylı Tikiş-Trikotaj firmasında işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. Müəssisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir. İddiaçının adına 2006-2007-2008-ci illərin bəzi aylarında həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödəməsi də onun həmin müəssisənin işçisi olması halını təsdiq edir. Bundan başqa məhkəmənin verdiyi sorğuya cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi həmin müəssisənin 23 dekabr 1997-ci il tarixdə qeydiyyata alınmasını bildirmiş və hazırda fəaliyyətini dayandırdığını bildirmişdir. Mübahisələndirilən dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun tələb olunan 25 il sığorta stajı tamamlanmış olur. Bu da öz növbəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas yaradır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)749/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova sədrlik edən və məruzəçi, H.Babayeva və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi "xxxx" adına 4 saylı tikiştrikotaj firmasının fəaliyyətinə dair sənədlərə verdiyi qiymətə münasibət bildirərək qeyd edirik ki, məhkəmə sorğusu əsasında müəssisənin 23 dekabr 1997-ci il tarixdə qeydiyyata alınmasına dair məlumatın əldə olunması hələ həmin müəssisənin fəaliyyətinin olub-olmamasını təsdiq etmir. Digər tərəfdən birinci instansiya məhkəməsində olan icraat zamanı həm yazılı, həm də şifahi qaydada həmin müəssisənin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başladığı bildirilsə də, bu hal məhkəmə tərəfindən araşdırılmamış və iddianın təmin olunmasına dair qərar qəbul edilən zaman məhkəmə qərarında təkzibedici sübutlarla qiymətləndirilməmişdir.

16. Digər tərəfdən məhkəmə qərarında olan mövqedən görünür ki, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının təsdiq olunmasına dair hüquqi əsas kimi iddiaçının əmək kitabçasını, daha dəqiq desək orada olan qeydləri götürmüşdür.

17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyinə görə 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzər alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

18. Hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının təsdiq olunmasına dair yeganə hüquqi sənəd olan əmək kitabçası orada olan qeydlərin mötəbərliyini şübhə altına alan hallarla qarşılıqlı şəkildə qiymətləndirildikcə mötəbər hesab oluna və iddiaçının iddia tələbinin təmin olunması zamanı əsas götürülə bilməz.

19. Qeyd edir ki, məhkəmə iddiaçının sözügedən müəssisədə olan əmək fəaliyyətini araşdırmaq yerinə, həmin müəssisənin mövcudluğuna dair araşdırma aparmış və iddianın təmin olunması zamanı müəssisənin mövcudluğun a istinad etmişdir. Belə ki, müəssisənin mövcud olması barədə sübutların əldə edilməsi hələ iddiaçının orada işləməsini təsdiq edən sübut kimi nəzərə alına bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərd ə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mü bahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Cavabdeh iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində müvafiq firmada işlədiyi dövrü müəssisənin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başladığını, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2006-cı il üzrə 9 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay olmaqla fərdi hesabının sığorta hissəsində öz əksini tap madığının müəyyən edildiyini, həmin müəssisədə işləməsi il bağlı sənədlərin arxivə təhvil verilmədiyini əsas gətirərək, qeyd edilən dövrü sosial sığorta stajı kimi nəzərə almamış, bu səbəbdən də iddiaçının qanunla tələb olunan azı 25 il iş stajına malik olmaması və tələb olunan həcmdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının olmaması halına istinad edərək, iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.

30. Bununla bağlı ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında tikişçi peşəsində işləməsi mötəbərliyi mübahisələndirilməyən iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Cavabdeh əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad etməmişdir.

31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən müəssisə xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hal-hazırda fəaliyyəti dayandırılmışdır. Qeyd edilən hal özlüyündə cavabdehin həmin müəssisəsinin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başlanmasına dair istinad etdiyi arqumenti təkzib edir. Bundan əlavə, cavabdeh müəssisənin 2004-cü il tarixdən fəaliyyətə başladığını qeyd etsə də, həmin hala dair heç bir dəlilə istinad etməmiş, həmin halın hansı sənəd və ya məlumat əsasında müəyyən edildiyini əsaslandıra biməmişdir.

32. Bununla yanaşı məhkəmə kollegiyası bildirir ki, qeyd edilən müəssisənin arxiv sənədləri mühafizə olunmaq üçün təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid ed ilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Belə olan halda, iddiaçının öhdəlik daşımadığı və məhz işəgötürənin öz səlahiyyətlərini lazımi qaydada icra etməməsinin nəticəsi ilə bağlı əsasa istinad etməklə, qanunla onun üçün tanınan sosial təminat hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə və məqsədinə zidd olmuş olardı.

33. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü (5 il 6 ay) ilə cavabdehin mübahisələndirmədiyi dövr (20 il 9 ay 26 gün) nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına aid şərt ödənilmiş olur ki, bun unla da iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

35. Nəticə etibarı ilə, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-749/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar