Məhkəmə qərarları › İş №2-1(102)-3749/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3749/2025

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3749/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Həsənov İnqilab Mirhəmid oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar cavabdehə cərimənin tətbiqi üçün əsasın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Həsənov İnqilab Mirhəmid oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyası ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə cavabdehin cərimə edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı Həsənov İnqilab Mirhəmid oğlunun ##.##.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyası ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

2. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qərardan kassasiya şikayəti verilmədiyindən Bakı İnzibati Məhkəməsinin ##.##.2024-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmişdir.

4. Cavabdehin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əlillik” altsistemində iddiaçının qüvvədə olan etibarlı əlillik dərəcəsi mövcud deyildir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə ##.##.2019-cu il tarixdən etibarən iddiaçının əlilliyə görə əmək pensiyası ödənişinin bərpa edilməsi barədə üzərlərinə qoyulmuş öhdəliyin tərəflərindən icrası mümkün olmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli, *-**-*/*- *-****/**** nömrəli qərarı ilə iddiaçıya əlilliyin təyin olunması barədə qərar ##.##.2019-cu il tarixdən ləğv edilmişdir. Beləliklə, əlilliyin ləğv edilməsi barədə qərar 2024-cü ildə qəbul edilsə də, diaqnozun öz təsdiqini tapmaması 2019-cu ildən hesablandığı üçün iddiaçının əmək pensiyası ödənişinin 2019-2024-cü illər üzrə bərpa edilməsi mümkün deyildir. Sözügedən iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından məlum olur ki, hazırda iddiaçının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsinə dair Bakı İnzibati Məhkəməsində (iş № *-1(112)-5576/2025) baxılan iddiası vardır. Qeyd edilən (əlilliyin bərpasına dair) məhkəmə icraatı yekunlaşdıqdan sonra Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının icrasına tərəflərindən yenidən baxılacaqdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

5. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin olunması üçün öz təşəbbüsü ilə məcburi icra tədbirlərinin görülməsinə dair iclas təyin etmişdir.

6. Həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi “Əlillik” altsistemində iddiaçının qüvvədə olan etibarlı əlillik dərəcəsi mövcud olmadığından, sözügedən məhkəmə qərarının icrasının mümkün olmadığını bildirmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Bəhlul Cəlalov) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin 1000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən arqumenti işə baxılarkən həm birinci instansiya məhkəməsində, həm apellyasiya məhkəməsində irəli sürmüş, lakin cavabdehin bu imtinası məhkəmələr tərəfindən əsassız hesab edilmişdir. Göründüyü kimi, cavabdehin qeyd etdiyi xüsusatlara məhkəmə baxışı zamanı qiymət verilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçıya ##.##.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyası ödənişinin bərpa olunması vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh hazırda iddiaçının əlilliyinin olmadığını, iddiaçının əlilliyinin ləğv edilməsi barədə qərarı Bakı İnzibati Məhkəməsində mübahisələndirdiyini və həmin mübahisənin nəticəsindən asılı olaraq hazırkı qərarın icrası məsələsinə baxılacağını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyi 2024-cü il tarixdə ləğv edildiyinə görə, cavabdeh iddiaçıya müddətsiz əlilliyin təyin edildiyi 2019-cu ildən əlilliyin ləğv olunduğu 2024-cü il tarixə qədər əlilliyə görə pensiya ödənişlərini ödəməli, qanuni qüvvəsini almış və Azərbaycan dövləti adından çıxarılmış məhkəmə qərarını icra etməlidir. İddiaçının əlilliyinin ləğv edilməsi barədə qərarı məhkəmədə mübahisələndirməsi, onun əlilliyinin DTSERA tərəfindən ləğv edilməsindən sonrakı dövrə aid olan məsələdir və hazırkı mübahisəyə aidiyyəti yoxdur. Cavabdehin qanuni qüvvəsini almış məhkəmə qərarını “təftiş” etmək səlahiyyəti yoxdur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Nigar Nəbizadə və Orxan İsmayılov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən vəsatət verilərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı artıq icra olunduğuna görə mübahisələndirilən qərardadın ləğv edilməsi və icraata xitam verilməsi xahiş edilmişdir. Cavabdehin həmin vəsatətinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə qərarı cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə (yəni hazırkı iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu vaxt) icra olunmuş, bu da, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas hesab oluna bilməz.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.

16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

21. Hazırkı mübahisə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının icrasının təmin edilməsi üçün cavabdeh barəsində məcburi icra tədbiri kimi cərimənin tətbiq edilməli olub-olmaması ilə bağlıdır.

22. Sözügedən məhkəmə qərarı ilə iddiaçı Həsənov İnqilab Mirhəmid oğlunun ##.##.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyası ödənişinin bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə iddiaçıya əlillik təyinatı barədə əvvəlki qərarın ##.##.2019-cu il tarixdən diaqnozun öz təsdiqini tapmaması səbəbindən ləğv edildiyini, bununla da iddiaçının əmək pensiyası ödənişinin 2019-2024-cü illər üzrə bərpa edilməsinin mümkün hesab edilmədiyini, eyni zamanda, iddiaçının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsinə dair iddiası üzrə məhkəmə icraatı yekunlaşdıqdan sonra sözügedən məhkəmə qərarının icrasına tərəflərindən yenidən baxılacağını bildirmişdir.

23. Cavabdehin dəlillərini əsassız hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyi 2024-cü il tarixdə ləğv edildiyindən, cavabdeh qanuni qüvvəsini almış məhkəmə qərarını icra edərək iddiaçıya müddətsiz əlilliyin təyin edildiyi 2019-cu ildən əlilliyin ləğv olunduğu 2024-cü il tarixə qədər əlilliyə görə pensiyanı ödəməlidir. İddiaçının əlilliyinin ləğv edilməsi barədə qərarın məhkəmədə mübahisələndirilməsi onun əlilliyinin ləğv edilməsindən sonrakı dövrə aid olan məsələdir və hazırkı mübahisəyə aidiyyəti yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının qəbul edildiyi tarixdən sonra cavabdeh tərəfindən sözügedən məhkəmə qərarının icra edilməsinin həmin qərardadın ləğvini şərtləndirmədiyini bildirmişdir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Məhkəmə qərarının vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ, həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.

26. Bu qərarın 15-ci bəndində istinad edilən normalara əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati orqanın üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə həmin inzibati orqanı cərimə edə bilər. Lakin bu zaman məhkəmə işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və bunun cavabdehin təqsirli davranışına bağlı olub-olmadığını nəzərə almalıdır.

27. Hazırkı mübahisədə cavabdeh tərəfindən sözügedən məhkəmə qərarının vaxtında icra edilməməsi, onun həmin məhkəmə qərarının icrasından əsassız yayınması kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən məhkəmə qərarı əlilliyə görə əmək pensiyasının ödənişi ilə bağlıdır və cavabdehin üzərinə belə öhdəliyin qoyulmasının əsası qismində iddiaçıya əlilliyin təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2019-cu il tarixli qərarı çıxış etmişdir. X1-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2024-cü il tarixli qərarı ilə iddiaçıya əlilliyin təyini barədə özünün 2019cu il tarixli qərarını ləğv etmişdir və həmin qərara əsasən, iddiaçı hüquqi baxımdan 2019-cu il tarixdən əlillik statusunu itirmişdir (bununla bağlı yaranmış mübahisə başqa bir məhkəmə icraatının predmetidir).

28. Nəzərə almaq lazımdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, yəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

29. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsində əlilliyə görə əmək pensiyası, əmək pensiyasının növlərindən biri qismində müəyyən edilmişdir. Həmin Qanunun 12-ci maddəsinə görə, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.

30. İstinad olunan normaların məzmunundan görünür ki, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, yəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bu zaman nəzərə almaq lazımdır ki, şəxs onun əlillik statusunun hüquqi əsası qismində çıxış edən həmin qərarın qüvvədə və etibarlı olduğu müddət ərzində hüquqi anlamda əlilliyi olan şəxs sayılır.

31. Əlilliyə görə əmək pensiyası yalnız qanunla nəzərdə tutulmuş qaydada əlilliyi müəyyən edilmiş şəxslərə (bu qərarın 29-cu bəndində istinad olunan normalarda nəzərdə tutulmuş digər dispozisiya şərtlərinin ödənildiyi təqdirdə) təyin olunur. Hazırkı işin hallarından görünür ki, iddiaçıya əlilliyin təyini barədə qərar ex tunc ləğv edilmişdir. Bu qaydada ləğv (qərarın geriyə qüvvəsi qaydasında), qərarın ləğv edildiyi andan deyil, qəbul edildiyi andan və qüvvədə olduğu müddət ərzində yaranmış hüquqi nəticələrin, o cümlədən əldə olunmuş statusun aradan qaldırılmasını ehtiva edir.

32. Lakin hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi iddiaçının əlilliyinin 2019-cu il tarixindən ləğv edildiyini və əlilliyə görə pensiya ödənişinin bərpasının tələb edildiyi dövrdə iddiaçının artıq hüquqi anlamda əlilliyi olan şəxs sayılmadığını nəzərə almamış və cavabdeh barəsində cərimə tətbiq etmişdir. Həmçinin, bu zaman məhkəmə qərarının icra olunmamasının cavabdehin təqsirli davranışı ilə əlaqədar olmadığını da nəzərə almamışdır. Halbuki, cavabdeh, əlilliyin təyini barədə qərarın ləğvinə dair 2024-cü il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı məhkəmə icraatı yekunlaşdıqdan sonra, hazırkı məhkəmə qərarının icrasına baxılacağını bildirmişdir (sonradan da həmin məhkəmə qərarının icrasını təmin etmişdir).

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından məhkəmə qərarını icra etməməsi ilə əlaqədar cavabdeh barəsində cərimənin tətbiqi üçün əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar