Məhkəmə qərarları › İş №2-1(102)-3752/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3752/2025

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3752/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2007-ci il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı “sağ ağ ciyərin, diafraqmanın, qara ciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko-abdominal güllə yaralanmasına (##.##.1994) görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenajl olunması, laporotomiya, diafraqma və qara ciyər yaralarının tikilməsi cərrahi əməliyyatından sonrakı sağ plevra sinusunun şvatları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə. Sağ əlin İ (birinci) barmağının arxa səthinin bərkimiş dəri çapığı” diaqnozu qoyulmuş və səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. Iddiaçıya 2007-ci ildən hər dəfə 1 il müddətinə olmaqla 2014-cü ilədək əlillik təyin edilmiş, daha sonra 2014-cü ildə 1 il müddətinə, 2016-cı ildə 5 il müddətinə “torokoabdominal güllə yaralanmasından sonrakı vəziyyət, sağ tərəfli quruplevritdən sonrakı vəziyyət” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir.

3. Iddiaçıya TSEK-ə göndərilməsi üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2023-cü il tarixli, Z********VGZ nömrəli göndəriş (Forma 088) verilmişdir.

4. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, güllə yaralanması (##.##.1994) döyüş əməliyyatı zamanı torokoabdominal güllə yaranması, sağ ağciyər, diafraqma, qaraciyər zədələnməsi, sağ tərəfli torokosintez, laporotomiya, qaraciyərin, diafraqmanın yaralarının tikilməsi, sağ plevra və qarın boşluğunun dreajı cərrahi əməliyyatlarından sonrakı vəziyyət”, ağırlaşmaları: Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ ağciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko abdominal güllə yaralanmasına görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenaj olunması, laporotomiya: diafraqma və qaraciyər yaralarının tikilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət”, J96.1 “Xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı İ-II dərəcə”, J41.0 “Sadə xroniki bronxit”, J94.1 “Fibrotoraks, Fibrotoraks sağ plevra sinusunun bitişməsi”, S27.2 Travmatik hemopnevmotoraks. Hemopnevmotoraks”, yanaşı xəstəlik: L91.0 “Hipertrofik çapıq. Sağ əlin İ barmağının arxa səthinin bərkimiş dəri çapığı” qeyd edilmişdir.

5. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə qiymətləndirilərək, “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina cavabı verilmişdir.

6. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar ##.##.2023-cü il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2023-cü il tarixli, *-**-*/*-*- *****/**** nömrəli qərar qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0005 nömrəli qərarının ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z********VGZ nömrəli göndəriş əsasında ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1994-cü ildə döyüş əməliyyatı zamanı aldığı torako-abdominal güllə yaralanması nəticəsində sağ ağciyəri, diafraqması və qaraciyəri zədələnmiş, ilk tibbi yardım N saylı hərbi hissənin tibb bölüyündə göstərilmiş, sağtərəfli torakosintez, 1,5 litr qanın reinfuziyası, laparotomiya, qaraciyərin və diafraqmanın yaralarının tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı üzrə cərrahi əməliyyatlar aparılmışdır. Sonradan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X10-X6 Mərkəzinə təxliyyə edilmiş, orada “sağtərəfli torako-abdominal güllə yarası, sağ ağciyərin, diafraqmanın və qaraciyərin zədələnməsi, hemopnevmotoraks” diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir. Aparılmış konservativ müalicələrə baxmayaraq, sağ plevra cibində kisələşmiş eksudativ plevrit və sağ ağciyərin pnevmoniyası yaranmışdır. Sağ plevra boşluğunun aktiv drenajı və antibakterial müalicədən sonra ekssudat sorulmuş, həmin nahiyədə kobud şvartlar əmələ gəlmişdir. 2007-ci ildən əlilliyə görə pensiya almış, 2021-ci ildən isə həmin ödəniş dayandırılmışdır. Ona əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh diaqnoz və ağırlaşmaların əlillik təyinatına əsas vermədiyini göstərməklə imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Dövlət Tibbi- Sosial9. Ekspertiza və X7-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2023-cü il tarixində iddiaçının müraciətinə əsasən onun əyani müayinəsini həyata keçirmiş, iddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı tərləmədən və sinədə ağrılardan şikayətlənmişdir. Baxış zamanı sağ döş qəfəsinin ön səthində, döş sümüyü üzərində çapıq, sağtərəfli torakosintez və yuxarı+orta, orta laparotomiyanın çapıqları izlənmişdir. Müayinə zamanı çəkisi 97 kq, boyu 173 sm, BÇI 32, saturasiyası Sp02 97%, nəbzi 97 vurğu, tənəffüs sayı 16 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri qeyd edilməmişdir. X8 Institutunun ##.##.2023-cü il tarixli, **** nömrəli Tibbi rəyində diaqnoz “Sağ tərəfli torako-abdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq əlamətləri. Plevra qalınlaşması. Qarışıq tipli əhəmiyyətli ventilyasiva pozğunluğu. Xroniki bronxit” kimi qeyd edilmişdir. X8 Institunun ##.##.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,35 53%, FEV1 1,57 43%. Qarışıq tipli əhəmiyyətli ventilyasiva pozğunluğu qeyd olunur” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 Institutunun ##.##.2023- ##.##.2023-cü il tarixli, ******* nömrəli Ambulator xəstəlik tarixindən çıxarışında diaqnoz “Xroniki diffuz bronxitin kəskinləşməsi. Əhəmiyyətli ventilyasiya pozğunluğu ilə. Tənəffüs çatışmazlığı İ-II dərəcə. Sağ tərəfli torako-abdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq, qalınlaşma şəklində” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 4,00- 91,97%, FEV1 3,38- 95,84%). Xarici ventilyasiya pozğunluğu qeyd olunmur” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.

10. Şirvan Inzibati Məhkəməsinin (hakim H.N.Nəcəfov) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş Forma-088 göndərişində Y36.4 - hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, güllə yaralanması, sağ ağciyərin, diafraqmanın və qaraciyərin zədələnməsi, sağtərəfli torakosintez, laparotomiya, qaraciyərin və diafraqmanın yaralarının tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı cərrahi əməliyyatlarından sonrakı vəziyyət; ağırlaşma kimi Z98.8 - digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər; J96.1 - xroniki respirator çatışmazlıq, İ–II dərəcəli xroniki tənəffüs çatışmazlığı; J41.0 - sadə xroniki bronxit; J94.1 - fibrotoraks, sağ plevra sinusunun bitişməsi; S27.2 - travmatik hemopnevmotoraks, yanaşı xəstəlik kimi L91.0 - hipertrofik çapıq göstərilmişdir. Rəydə həmin diaqnozların xəstənin anamnestik, kliniki və laboratorinstrumental müayinələri əsasında qoyulduğu, ##.##.2024-cü il tarixdə X8 Institutunda aparılmış spirometriya zamanı obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, FVC 1,77 - 40 faiz, FEV1 1,32 - 37 faiz göstəricilərinin müəyyən edildiyi, tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə aldığı və xəstəliklərin xroniki xarakter daşıdığı qeyd edilmişdir.

12. Şirvan Inzibati Məhkəməsinin (hakim H.N.Nəcəfov) ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0005 nömrəli qərarı ləğv olunmuş və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z********VGZ nömrəli göndəriş əsasında ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, X8 Institutunun İ Pulmonologiya şöbəsində iddiaçıya “xroniki diffuz bronxitin kəskinləşməsi əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İ–II dərəcə, sağtərəfli torako-abdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq: plevral qalınlaşma şəklində” diaqnozu qoyulmuşdur. Iddiaçıda həmin diaqnozda qeyd edilən xəstəliklərin mövcudluğu, həmçinin ##.##.2014-cü il, ##.##.2015-ci il və ##.##.2016-cı il tarixlərində əlillik təyin edilərkən həmin xəstəliklərin nəzərə alındığı müəyyən edilmişdir. Mübahisənin digər həlledici məsələsi əlilliyin səbəb əlaqəsidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2007-ci il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçıda sağ ağciyərin, diafraqmanın və qaraciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət olunan sağtərəfli torakoabdominal güllə yaralanması və həmin yaralanma ilə bağlı aparılmış cərrahi əməliyyatlardan sonrakı vəziyyət müəyyən edilmiş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyində də tibbi sənədlərə əsasən iddiaçının travmanı hərbi xidmət dövründə aldığı qeyd edilmişdir. Qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir.

14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və M.S.Sadıqov) ## ######## 2025-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. ... 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. ... 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ... 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81- 100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında”: VII. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; ... c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ... a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. ... 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

1.1. Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri 1.1.1. emfizema J43 digər xroniki obstruktiv ağciyər J44 xəstəliyi bronxoektaziya xəstəliyi J47 xarici amillərin təsirindən yaranan J60-J70 ağciyər xəstəlikləri əsasən interstisial toxumanı zədələyən J80-J84 digər respirator xəstəliklər aşağı tənəffüs yollarının irinli və J85-J86 nеkrоtik halları tənəffüs sistemi orqanlarının digər J95-J99 xəstəlikləri tənəffüs orqanlarının anadangəlmə Q30inkişaf qüsurları Q34 Qeyd. Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. Qiymətləndirmə 1.1.1. təngnəfəslik simptomlarının 35-60 1 il

1. güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-II dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə 1.1.1. təngnəfəsliyin artması, tez-tez 65-80 2 il

2. kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya IIA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator 1.1.1. hipoksemiya, xroniki respirator alkaloz, 85-100 müddətsiz 3. III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya IIB və III dərəcəli xroniki ağciyərürək çatışmazlığı ilə

25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

29. Iddiaçının hazırkı tələbi ona cavabdehin ##.##.2023-cü il tarixli imtina cavabı ləğv edilərək, Z********VGZ nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədədir.

30. Birinci instansiya məhkəməsi iddianı iddia ərizəsində ifadə olunan məzmunda təmin edərək yekunda cavabdehin ##.##.2023-cü il tarixli imtina cavabının ləğv edilməsi, iddiaçıya Z********VGZ nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi qənaətinə gəlmiş, lakin əlilliyin “Əlilliyin müəyyən olunması meyaları”nın konkret hansı bəndinə əsasən, təsnifat kodu üzrə, orqanizmin funksiyalarının neçə faiz pozulmasına görə, buna müvafiq olaraq hansı müddətə və hansı tarixdən təyin edilməli olduğu göstərilməmişdir.

31. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qərarı dəyişdirilmədən saxlamışdır.

32. Nəzərə almaq lazımdır ki, IPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir.

33. Ilk növbədə qeyd olunmalıdır ki, hazırkı işdə iddiaçının ##.##.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması mübahisəli deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2007-ci il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçıda sağ ağciyərin, diafraqmanın və qaraciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət olunan sağtərəfli torako-abdominal güllə yaralanması və həmin yaralanma ilə bağlı aparılmış cərrahi əməliyyatlardan sonrakı vəziyyət müəyyən edilmiş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Bu səbəbdən, hazırkı mübahisənin predmeti iddiaçının hərbi travma alıbalmaması

34. deyil, həmin travmanın nəticələrinin ##.##.2023-cü il tarixli imtina qərarı zamanı əlillik meyarlarına uyğun funksional pozuntu yaradıb-yaratmamasıdır.

35. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş Z********VGZ nömrəli göndərişdə (Forma 088) qeyd olunan diaqnoz birinci instansiya məhkəməsində araşdırma zamanı iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

36. Belə ki, hazırkı qərarın 4-cü bəndində qeyd edilən Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli, Z********VGZ nömrəli göndərişdən göründüyü kimi, onun əsas diaqnozu: XBT 10 Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, güllə yaralanması (##.##.1994) döyüş əməliyyatı zamanı torokoabdominal güllə yaralanması, sağ ağciyər, diafraqma, qaraciyər zədələnməsi, sağ tərəfli torokosintez, laporotomiya, qaraciyərin, diafraqmanın yaralarının tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı cərrahi əməliyyatlarından sonrakı vəziyyət”, ağırlaşmaları: Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ ağciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko abdominal güllə yaralanmasına görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenaj olunması, laporotomiya: diafraqma və qaraciyər yaralarının tikilməsi, cərrahi əməliyyatından sonrakı vəziyyət”, J96.1 “Xroniki respirator çatmamazlığı, xroniki tənəffüs çatmamazlığı İ-II dərəcə”, J41.0 “Sadə xroniki bronxit”, J94.1 “Fibrotoraks, Fibrotoraks sağ plevra sinusunun bitişməsi”, S27.2 Travmatik hemopnevmotoraks. Hemopnevmotoraks” xəstəlikləri, yanaşı xəstəlik olaraq L91.0 kodlu xəstəliyi mövcuddur.

37. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən iddiaçının əyani müayinəsi keçirilmiş, məhkəmətibbi ekpertizasının ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə Z********VGZ nömrəli göndərişdə qeyd olunan diaqnozların anamnestik, kliniki və laborator-instrumental müayinələr əsasında qoyulduğu, ##.##.2024-cü il tarixdə X8 Institutunda aparılmış spirometriya zamanı obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, FVC 1,77 - 40 faiz, FEV1 1,32 - 37 faiz göstəricilərinin müəyyən edildiyi, tibbi sənədlərə əsasən iddiaçının travmanı hərbi xidmət dövründə aldığı və xəstəliklərin xroniki xarakter daşıdığı qeyd edilmişdir.

38. Həmçinin işdən görünür ki, iddiaçı ##.##.2023-##.##.2023-cü il tarixlərində X8 Institutunun İ Pulmonologiya şöbəsində müayinə və müalicə olunmuş, ona “xroniki diffuz bronxitin kəskinləşməsi, əhəmiyyətli ventilyasiya pozğunluğu ilə, TÇ İ–II dərəcə, sağtərəfli torako-abdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq: plevral qalınlaşma şəklində” diaqnozu qoyulmuşdur.

39. Cavabdeh inzibati icraatda ##.##.2023-cü il tarixli əyani müayinə və spirometriya nəticələrinə istinad edərək, xarici ventilyasiya pozğunluğu və xroniki tənəffüs çatışmazlığı əlamətlərinin aşkar olunmadığını bildirsə də, məhkəmə araşdırması zamanı əldə edilmiş ixtisaslaşmış tibb müəssisəsinin tibbi sənədləri və məhkəmə-tibbi ekspert rəyi iddiaçıda hərbi travmanın nəticələri ilə əlaqəli xroniki bronxit, fibrotoraks, sağ plevra sinusunun bitişməsi və xroniki respirator çatışmazlığın mövcudluğunu təsdiq edir. Cavabdeh həmin tibbi sənədlərin mötəbərliyini və ekspert rəyinin nəticələrini təkzib edən yetərli sübut təqdim etməmişdir.

40. Göründüyü kimi, Z********VGZ nömrəli göndərişdə qeyd olunan J96.1 “Xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı İ-II dərəcə”, J41.0 “Sadə xroniki bronxit” diaqnozlu əsas xəstəliyin ağırlaşmaları hazırda iddiaçıda aşkar edilir.

41. J96.1 kodlu xəstəlik isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “Tənəffüs sistemi orqanlarının xəstəlikləri” adlı 1-ci bölməsinin 1.1.1.1- 1.1.1.4-cü bəndlərinə əsasən, orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.

42. Həmin bəndlər tənəffüs orqanlarının xroniki xəstəlikləri və tənəffüs sistemi orqanlarının digər xəstəlikləri üzrə funksional pozuntuların qiymətləndirilməsini nəzərdə tutur.

43. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndlərindən görünür ki, J96.1 kodlu xəstəlik: - təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-II dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə müşahidə edildiyi halda orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə; - təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya II A dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə müşahidə edildiyi halda orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə; - ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya II B və III dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə müşahidə edildiyi halda orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına görə müddətsiz olaraq; - 18 yaşınadək şəxslərdə tənəffüs çatışmazlığı olmadan (əməliyyatdan əvvəlki hal) halında orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir.

44. Iş üzrə məhkəmə araşdırması nəticəsində iddiaçıda İ–II dərəcəli xroniki tənəffüs çatışmazlığı aşkar edildiyindən, onun sağlamlıq vəziyyəti hazırda Meyarların 1.1.1.1-ci yarımbəndinə uyğun gəlir. Həmin yarımbənd İ–II dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan hallar üçün orqanizmin funksiyalarının pozulmasını 35-60 faiz aralığında və 1 il müddətinə müəyyən edir.

45. Iddiaçının vəziyyətinin 1.1.1.2-ci yarımbənd üzrə qiymətləndirilməsi üçün isə iş materiallarında kifayət qədər əsas yoxdur. Həmin yarımbənd ağır gedişli forma, ildə 6 dəfədən çox kəskinləşmə, hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlıq, II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya IIA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı kimi daha ağır klinik-funksional əlamətlərin mövcudluğunu tələb edir. Hazırkı iş materiallarında belə əlamətlərin məcmu şəkildə mövcudluğu təsdiq olunmur.

46. Eyni qaydada Meyarların 1.1.1.3-cü yarımbəndinin tətbiqi üçün də əsas yoxdur. Işdə davamlı residivləşən ağır gedişat, daimi ağır təngnəfəslik, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya II B–III dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı müəyyən edilməmişdir.

47. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda J96.1 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 1.1.1.1-ci bəndində qeyd olunduğu kimi – “II dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir.

48. Cavabdeh kassasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

49. Kollegiya cavabdehin bu dəlilini də əsassız sayaraq bildirir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı cavabdeh müəyyən qiymətləndirmə azadlığına malik olsa da, bu azadlıq, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə və tibbi-instrumental müayinələrdə əks olunmuş obyektiv göstəricilərlə, habelə qanunvericilikdə nəzərdə tutulmuş konkret meyarlarla məhdudlaşır. Şəxsin sağlamlıq vəziyyəti həmin meyarlardan birinə uyğun gəldiyi halda, əlilliyin müəyyən edilməsi cavabdehin diskresion deyil, qanundan irəli gələn məcburi səlahiyyətidir.

50. Hazırkı işdə iddiaçının tibbi sənədlərində və T***/**** nömrəli ekspert rəyində göstərilən diaqnozlar Meyarların 1.1.1.1-ci yarımbəndinin əlamətlərinə uyğun olduğundan, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” məzmunlu imtina qərarı əsaslı hesab edilə bilməz.

51. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi, işə baxan məhkəmələr iddiaçıya əlilliyin hansı tarixdən, orqanizmin funksiyalarının pozulmasının hansı faiz dərəcəsinə görə və hansı müddətə təyin edilməli olduğunu qərarlarında göstərməmişlər, bu çatışmazlıq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini zəruri edir.

52. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq orqan tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

53. Iş materiallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsindən sonuncu imtina qərarı ##.##.2023-cü il tarixdə qəbul edilmiş, bu imtina cavabından sonra iddiaçı 2023-cü ilin avqust ayında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı əvvəlki imtina qərarını mübahisələndirməmiş, məhkəməyə məhz sonuncu imtina qərarından sonra müraciət etmişdir.

54. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən, imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda, təyin olunmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə də iddiaçıya əlillik əvvəlki tarixdən deyil, sonuncu imtina qərarının qəbul edildiyi ##.##.2023-cü il tarixdən müəyyən edilməlidir.

55. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Iddiaçıya ##.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə, Meyarların 1.1.1.1-ci yarımbəndi əsasında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin.

Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar