Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3759/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının (VÖEN: **********) əsas fəaliyyəti ərzaq mallarının topdan və pərakəndə satışından ibarətdir.
2. Cavabdehin ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarına əsasən, iddiaçıya münasibətdə ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi ##.##.2023-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
3. Həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarla 2019-2021-ci illər üzrə 86305,46 manat mənfəət vergisi və 120139,85 manat ƏDV-nin azaldılmasına görə, ümumilikdə 133014,23 manat maliyyə sanksiyası tətbiq edilməklə iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli səyyar vergi yoxlaması aktında hesablanması təklif olunan vergilərin əsaslandırılmasının düzgün olmaması və faktların təhrif edilməsi səbəbi ilə Vergi Məcəlləsinin 39.1 və 39.5-ci maddəsinə əsasən iddiaçı tərəfidən aktın imzalanmasından imtina edilmişdir. Buna müvafiq olaraq, iddiaçı razılaşmadığı məsələlərlə bağlı ##.##.2024cü il tarixli etirazını vergi orqanına təqdim etmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı vergi orqanı iddiaçı tərəfindən təqdim edilən mühasibat uçotu sənədlərini, iddiaçıya məxsus cədvəlləri və izahedici məktubları görməzdən gəlmiş, ətraflı təhlil aparmamış, əsaslı araşdırma həyata keçirməmiş və nəticə olaraq ##.##.2024-cü il tarixində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **************** nömrəli qərar qəbul edərək iddiaçıya əsassız 339417,46 manat əlavə vergi öhdəliyi hesablamışdır. Aparılan səyyar vergi yoxlaması ərzində tələb olunan bütün sənədlər, hesablama cədvəlləri və etiraza dair izahların təqdim edilməsinə baxmayaraq, vergi orqanı qeyd edilən məsələlər üzrə dəlillər və təsdiqedici sənədləri nəzərə almamış və səyyar vergi yoxlamasını yuxarıda qeyd edilən qərar ilə yekunlaşdırmışdır. Vergi orqanı iddia edir ki, iddiaçı tərəfindən təqdim edilmiş mal-material hesabatlarında malların satış miqdarı ilə elektron qaimə-fakturalarda olan malların satış miqdarı müqayisə edilmiş və 2019-cü il üzrə 33879,29 manat, 2020-ci il üzrə 297693,88 manat, 2021-ci il üzrə 92218,36 manat, cəmi 423791,53 manat məbləğində kənarlaşma aşkar edilmiş, mal-material hesabatlarında 423791,53 manat məbləğində mal çox silinmişdir. İddiaçı öz uçotunu elektron qaydada “1C” proqramı vasitəsilə aparır. Malların mədaxilinin və təqdim edilməsinin sənədləşdirilməsi və uçotu Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın tələblərinə əsasən aparılır. Malmaterialın uçotu və hərəkəti ilə bağlı bütün hesablamalar, proqramdan çıxarışlar vergi orqanına yoxlama zamanı təqdim edilmişdir. Vergi orqanı tərəfindən iddia edilən kənarlaşmalarla bağlı hər hansı sübut təqdim edilməmişdir və iddiaçıya vergi orqanının həmin kənarlaşmaların nəyin əsasında yarandığını iddia etməsi, necə hesablaması məlum deyil. Vergi orqanının hesablamalarının səhv olduğunu ancaq o halda sübut etmək mümkündür ki, həmin hesablamalar mövcud olsun və iddiaçıya təqdim edilmiş olsun. Nəzərə alsaq ki, vergi orqanı öz sübutetmə vəzifəsini yerinə yetirməmişdir və öz hesablamalarını və məlumatlarını iddiaçıya təqdim etməmişdir, iddiaçıdan bununla bağlı sənədlərin və hesablamaların təqdim edilməsindən başqa, hər hansı digər hərəkətlər tələb edilə bilməz və sübutetmə vəzifəsi iddiaçının üzərinə qoyula bilməz. Bundan əlavə olaraq, vergi orqanının iddiasına əsasən, iddiaçının uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmişdir və nəticədə ona əlavə ƏDV məbləği hesablanmışdır. Qeyd olunan iddialar və hesablamalar vergi orqanı tərəfindən keçirilmiş inventarizasiyaya əsaslanır. İnventarizasiya zamanı anbarda mövcud olan, lakin istifadə müddəti bitmiş yararsız malların dəyəri nəzərə alınmamışdır. Anbara baxış keçirilən zaman vergi orqanının səlahiyyətli nümayəndələri anbar daxilindəki soyuduculara baxış keçirməmişdir. Vergi orqanı birinci dəfə anbara tam baxış keçirmiş və kənarlaşma aşkar etməmişdir. Vergi orqanı anbara ikinci baxış zamanı “kənarlaşma” aşkar etmişdir. Anbara baxışın keçirilməsi zamanı şəffaflığı təmin etmək və iddiaların qarşısını almaq məqsədilə iddiaçı vergi orqanına ##.##.2023-cü il tarixli məktubla müraciət etmişdir ki, anbara baxış zamanı foto və video çəkilişi aparılsın və müəssisəyə təqdim olunsun (Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən). Səyyar vergi yoxlaması aktının 5-ci səhifəsində də qeyd olunmuşdur ki, “keçirilmiş baxış zamanı foto çəkilişdən istifadə edilmişdir”. Lakin iddiaçının müraciətlərinə baxmayaraq bu günə qədər foto və video materiallar ona təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”nın 2.6-cı bəndinə əsasən, inventarizasiya siyahılarının sonuncu səhifələrində qiymətlərin yoxlanılması, məbləğlərin cəmlənməsi və ümumi məbləğin hesablanması haqqında qeydlər aparılır və vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanır. Lakin inventarizasiya aktı ancaq malların adlarını və onların miqdarı barədə məlumatı əks etdirir, həmin aktda nə malların qiyməti, nə də məbləği qeyd olunmuşdur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanana qədər uçot məlumatları üzrə əmlakın qalığının müəyyən edilməsi üçün reyestrlərə (hesabatlara) əlavə edilmiş bütün mədaxil və məxaric sənədlərinə “inventarizasiyaya qədər “ ____ “ (tarix)” qeydi edilərək dərkənar qoyulur. Vergi orqanının inventarizasiya aktından göründüyü kimi, uçot məlumatları, ümumiyyətlə, öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən, inventarizasiya səyyar vergi yoxlaması zamanı ancaq müəyyən hallarda (uçotun aparılmaması, aksiz malların markalanmaması və s.) vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır. Nəzərə alsaq ki, qeyd olunan əsaslardan heç biri mövcud olmamışdır, vergi orqanının inventarizasiyanın keçirilməsi barədə qərarı əsassızdır və beləliklə inventarizasiya nəticələri də etibarlı sübut kimi istifadə oluna bilməz. Vergi orqanı inventarizasiya gününə olan qalıqların dəyər ifadəsini malların qiyməti müəyyən edilmədən necə hesablaya bilərdi? Vergi orqanı tərəfindən hansı hesablama metodundan istifadə olunaraq faktiki qalıq məbləği məhz 537644 manat müəyyən edilmişdir? Buna cavab birmənalıdır, inventarizasiya aktında olan məlumatlara əsasən hesablamanın aparılması ümumiyyətlə mümkün olmamışdır və qərarda qeyd olunan məbləğlər uydurulmuş məbləğlərdir. Göründüyü kimi, vergi orqanı iddiaçının maliyyə vəziyyətini pisləşdirmək və əlavə vergilər hesablamaq məqsədini güdmüşdür. Beləliklə, qeyd edilənlərə əsasən cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, yoxlanılan dövr ərzində iddiaçı ərzaq mallarının topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilən 2019-cu ilin mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 3275721 manat, cəmi xərclər 3069579,44 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəət 206141,56 manat, hesablanmış vergi məbləği isə 41228.31 manat olmuşdur. Yoxlama dövründə iddiaçı müxtəlif çeşiddə malları (yağ, pendir, dondurulmuş halda burger ətləri, kartof məhsulları və s.) idxal edərək, topdan və pərakəndə satışını həyata keçirmişdir. İddiaçının alışları əsasən idxal məmulatlarına əsasən formalaşmışdır. Belə ki, iddiaçının 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin “xxxx” məlumatlarının yoxlanılması zamanı malların mədaxili 3008147,14 manat, silinməsi 2899614,73 manat göstərilmişdir. Əldə edilmiş gəlirlərin xərclərinin müəyyən edilməsi üçün iddiaçıdan tələbnamə əsasında mal-material hesabatı tələb edilmişdir. İddiaçı tərəfindən yoxlamaya 2019-cu il üzrə mal-materialın hərəkəti cədvəli, aylar üzrə topdan satışların və pərakəndə satışların ayrı-ayrılıqda miqdar və dəyər ifadəsində hərəkət cədvəli təqdim edilmişdir. Təqdim edilmiş 2019-cu il üzrə material hesabatında malların satış miqdarları vergi orqanında olan uçot-baza məlumatlarında müəyyən edilən elektron qaimə-fakturada satış miqdarı ilə üzləşdirilmiş və 36 adda malın elektron qaimə-faktura məlumatlarında müəyyən edilən satış miqdarından artıq miqdarda silindiyi müəyyən edilmişdir. Nəticədə, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən 2019-cu il üzrə 36 adda maya dəyəri 33879,29 manat olan malların xərclərdə artıq silindiyi müəyyən edilmişdir. Müvafiq olaraq 33879,29 manat dəyərində artıq silinən malın satışı 2019-cu ildə müəyyən edilmədiyindən, malların dəyərindən azaldılmaqla bəyannamənin “xxxx” bölməsində 2019-cu il üzrə ilin sonuna müəssisənin balansında qalan malların dəyəri artırılmışdır (müvafiq hesablama cədvəlləri materiala əlavə olunmuşdur). 2019-cu il üzrə iddiaçının gəlirlərinin elektron qaimə-faktura və yoxlamaya təqdim edilmiş kassa Z hesabatlarına əsasən 3276611,70 manat olduğu müəyyən olunmuşdur. Həmin gəlirlər topdansatış və pərakəndə satışlar üzrə əldə edilən gəlirlərdən ibarət olmuşdur. Belə ki, iddiaçının 2019-cu il ərzində vergi orqanında olan baza məlumatlarına əsasən onun **********-31001 kodlu obyektində qeydiyyatda olmuş “Orion- 101F” markalı, 0021984 zavod nömrəli köhnə nəsil nəzarət kassa aparatından çıxarılmış illik Z hesabatına əsasən pərakəndə satış üzrə gəlirlərinin 402014,68 manat və təqdim etdiyi elektron qaimələrə əsasən topdansatış üzrə gəlirlərinin 2890548,79 manat olduğu təsdiqlənmişdir. 2019-cu il üzrə silinmiş malın dəyəri 2862281,77 manat göstərildiyinə baxmayaraq, iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş 2019-cu il üzrə mal-materialın hərəkəti cədvəli üzrə müəyyən edilmiş 33879,29 manat məbləğində artıq silinmiş malların dəyəri xərcdən çıxarılmış və 2019-cu il üzrə xərclərdə göstərilməli malın dəyərinin 2862281,77 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən yoxlama ilə iddiaçının əmək haqqı və sosial sığorta haqları üzrə xərcləri təqdim edilmiş əmək haqqı ştat cədvəlinə, həmçinin il ərzində təqdim edilən sosial hesabatlara əsasən yoxlanılmış və öz təsdiqini tapmışdır. Həmçinin icarə haqları üzrə xərcləri, yanacaq xərcləri, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərcləri, sosial sığorta üzrlə xərcləri və digər xərcləri elektron qaimə-faktura məlumatlarına əsasən yoxlanılmış və kənarlaşma aşkar edilməmişdir. Bank xərci kimi göstərilən xərc bank çıxarışlarına əsasən öz təsdiqini tapmışdır. Amortizasiya ayırmaları üzrə xərclər və təmir xərcləri Vergi Məcəlləsinin 114-115ci maddələrinə əsasən balansında olan əsas vəsaitlərə görə öz təsdiqini tapmışdır. Gəlirdən çıxılan əmlak vergisi xərci isə il ərzində təqdim edilmiş əmlak vergisi bəyannaməsində göstərilən xərclərə uyğun olaraq öz təsdiqinin tapmışdır. Yoxlama zamanı iddiaçının cəmi gəlirlərinin 3276611,70 manat, xərclərinin 3035700,15 manat, vergiyə cəlb olunan mənfəəti 240911,55 manat hesablandığından, mənfəət vergisi 48182,31 manat olacaqdır. İddiaçı tərəfindən 2019-cu il üzrə 41228,31 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 109-cu, 133-cü, 134-cü maddələrinə əsasən 6954 (48182,31 - 41228,31) manat əlavə vəsait hesablanmışdır. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilən 2020-ci ilin mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 1946592,95 manat, cəmi xərclər 1929703,80 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəət 16889,15 manat, hesablanmış vergi məbləği isə 3377,83 manat olmuşdur. Yoxlama dövründə iddiaçı müxtəlif çeşiddə malları (yağ, pendir, dondurulmuş halda burger ətləri, kartof məhuslları və.s) idxal edərək, topdan və pərakəndə satışını həyata keçirmişdir. 2022-ci ilin avqust ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 476202,58 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə üzrə 107189,86 manat fərq müəyyən edilmişdir. Beləliklə, 2022-ci avqust ayı üzrə 19294,18 manat artıq hesablama aşkar edilmişdir. 2022-ci ilin sentyabr ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 427898,92 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə üzrə 92833,25 manat fərq müəyyən edilmişdir. Beləliklə, 2022-ci avqust ayı üzrə 16709,99 manat artıq hesablama aşkar edilmişdir. 2022ci ilin oktyabr ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 437604,27 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə üzrə 32,96 manat fərq müəyyən edilmişdir. Beləliklə, 2022-ci ilin oktyabr ayı üzrə 5,93 manat kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş mal-material hesabatı sənədləri yoxlanılmışdır. Yoxlamaya təqdim edilmiş 2021-ci il avqust-dekabr və 2022-ci ilin yanvar-oktyabr aylarının mal-material hesabatında malların hərəkətlərində aylar üzrə mədaxil və məxaric məbləğlər dəyər ifadəsində göstərilsə də, miqdar ifadəsində göstərilməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16.06. 2017ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və ##.##.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.10-cu maddəsinə əsasən malların anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.) miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır. Lakin iddiaçının yoxlamaya təqdim etdiyi 2021-ci ilin avqust-dekabr və 2022-ci ilin yanvar-oktyabr ayları üzrə mal-materialın hərəkəti cədvəlində malların miqdarları göstərilməmiş, yalnız dəyər ifadəsində təqdim edilmişdir. Nəticədə iddiaçı tərəfindən hesabat sənədlərinin düzgün aparılmaması qənaətinə gəlinmişdir. Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. ##.##.2023cü il tarixində iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında yerləşən **********-31001 kodla uçota alınmış anbarında malların inventarizasiyası keçirilmiş və inventarizasiya nəticəsində onun sahibliyində 537644,70 manat mal qalığının olduğu aşkar olunmuşdur. İddiaçı tərəfindən yoxlamaya təqdim edilən mal-material hesabatlarında aparılmış araşdırma zamanı 2019-2021-ci illər üzrə 473791,53 manat dəyərində mallar malın dəyəri kimi xərcdən çıxarılaraq qalıq olaraq saxlanılmışdır. İddiaçının yoxlamaya təqdim etdiyi mal-material hesbatında ##.##.2023-cü il tarixə mal qalığı 1136481,63 manat olmuşdur. Yoxlama ilə isə xərcdən çıxarılan 473791,53 manat mal qalığı əlavə edilməklə səyyar vergi yoxlaması ilə ##.##.2023-cü il tarixə mal qalığı 1560273,16 manat olaraq təsdiqlənmişdir. İddiaçı tərəfindən yoxlamadan sonrakı dövr üzrə mal qalığının düzgünlüyünün yoxlanılması üçün mal-material hesabatları yoxlamaya təqdim edilmədiyindən mal qalığının düzgünlü uçot-baza məlumatlarına əsasən yoxlanılmışdır. Belə ki, yoxlama dövrünün sonundan inventarizasiya tarixinədək iddiaçının mal alışı 3973848,95 manat, dövriyyə məbləği isə 4996231,27 manat olmuşdur. İddiaçının yoxlamaya təqdim etdiyi mal-material hesabatlarına əsasən isə ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Ticarət əlavəsinin 20% olduğu nəzərə alınaraq göstərilən dövriyyə məbləğinin maya dəyəri 4163 526,05 manat olaraq müəyyən edilmişdir. Nəticədə qalıq məbləğ (1560273,16 + 3973848,95 - 4163526,05) = 1370596,06 manat olmalı olduğu halda inventarizasiya nəticəsində 537644,70 manat mal müəyyən edilmişdir ki, 832951,35 manat malların əskik gəldiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Yoxlama ilə əskik gələn mallar Vergi Məcəlləsinin 67.15-ci, 159-cu maddəsinə əsasən yoxlamanın sonuncu ayında bərpa edilməklə 149931,24 manat hesablamanın aparılmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 74965,62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2020ci ilin avqust ayının ƏDV bəyannaməsində aşkar edilmiş elektron uyğunsuzluğa görə Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlər idxal üzrə ödənilmiş ƏDV məbləğinin 26555,58 manat olmasına baxmayaraq, əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyannamələri üzrə cəmi əvəzləşdirilən ƏDV məbləği 26577,18 manat olmuşdur ki, nəticə də 21,60 manat məbləğində kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə əlaqədar kameral vergi yoxlaması ilə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən 21,6 manat hesablama aparılmışdır. Aparılmış hesablama səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci ilin fevral ayının ƏDV bəyannaməsində aşkar edilmiş uyğunsuzluğa əsasən əvəzləmə məbləğlərində təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAQ seriyalı, ****** nömrəli və EBAR seriyalı, ****** nömrəli elektron qaimə-fakturaların ƏDV dəyəri 4,43 manat ödənilmədiyindən kameral vergi yoxlaması ilə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən 4,43 manat hesablama aparılmışdır. Aparılmış hesablama səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci ilin əmlak vergisi bəyannaməsində aşkar edilmiş ilin əvvəlinə və sonuna əmlakın qalıq dəyərləri düzgün müəyyən edilmədiyindən Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən 16,18 manat kameral hesablama aparılmışdır. Aparılmış hesablama səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin 4-cü rüb “MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)” aşkar edilmiş uyğunsuzluğa əsasən əmək haqqı ödənişi məbləğində kənarlaşma yaranmış və kameral vergi yoxlaması ilə həmin məbləğ bərpa edilməklə əlavə 53,55 manat hesablama aparılmışdır. Aparılmış hesablama səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. Yoxlama ##.##.2022-ci il tarixdə başlamış, ##.##.2023-cü il tarixdə başa çatdırılaraq ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024cü il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, səyyar vergi yoxlaması zamanı malların əskik gəlməsi və ya mal-material uçotunun aparılmaması halını sübut edə bilməmiş və bununla “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Qanunvericiliyin mənasından göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Məhkəmə icraatı ərəfəsində məlum olmuşdur ki, vergi ödəyicisi tərəfindən bütün uçot məlumatları, məhz xammal və materialların, malların alış sənədləri, xammal-materialların və hazır məhsulların hərəkəti cədvəlləri, malların təqdim ediləməsinə dair hesab-fakturalar, yük gömrük bəyannamələri, debitor və kreditor borclar barədə açıqlamalar, dövriyyə və xərclərin açıqlaması barədə cədvəllər və vergi orqanının tələb etdiyi sənədlər vergi orqanına təqdim edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Vergi orqanı iddiaçı tərəfindən təqdim edilən sənəd və dəlilləri mötəbər hesab etməmiş, lakin onların həqiqətə uyğun olmadığı ilə bağlı da əsaslı, konkret sübutlar təqdim etməmişdir. Sadalanmış əsasların mövcudluğu sübut oluna bilmədiyinə görə, vergi orqanının inventarizasiyanın keçirilməsi barədə qərarı əsassızdır və beləliklə inventarizasiya nəticələri də etibarlı sübut kimi istifadə oluna bilməz. Bundan başqa, cavabdeh tərəfindən inventarizasiyanın keçirilməsi zamanı çoxlu digər pozuntulara yol verilmişdir və inventarizasiyanın keçirilməsinə dair foto və video materialları nə iddiaçıya, nə də məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mübahisələndirilən inzibati akt qanuna zidd aparılan inventarizasiyaya və təsdiqini tapmayan mülahizələrə əsaslanır və “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv olunmalıdır
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Vəfa Əzizova və İsmayıl Quliyev) ## ###### 2025-
10. *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin ci il tarixli, edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – mənfəət vergisi üzrə 1557,93 manat və ona dair 50 faiz hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar 1557,93 manat mənfəət vergisi və ona müvafiq tətbiq edilmiş 778,96 manat maliyyə sanksiyası hissəsində istisna olmaqla, qalan hissədə ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində ##.##.2019-##.##.2022-ci il tarixlər arasındakı dövrlər üzrə səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı iddiaçı tərəfindən mühasibat uçot sənədlərinin qanunvericiliyə uyğun tərtib edilməməsi (2019-2022-ci illər üzrə malların hərəkət cədvəli, amortizasiya cədvəlləri, malların geri qaytarılması barədə düzəlişlərin olunmaması, pərakəndə və topdan satış şəkildə təqdim edilmiş malların hərəkət cədvəlinin təqdim edilməməsi və s.), elektron qaimə-faktura sənədlərində qeyd edilmiş müxtəlif adda olan malların xərclərdən artıq silindiyi, nəticə olaraq gəlirdən çıxılan xərclərin artıq bəyan edildiyi müəyyən edilərək, müvafiq illər üzrə mənfəət vergisi üzrə ümumilikdə 86305,46 manat kənarlaşma aşkar edilmişdir. Eyni zamanda, işin müəyyən edilmiş hallarından görünür ki, həmin yoxlama dövrü üzrə cavabdeh tərəfindən iddiaçı barəsində bəyan etdiyi məlumatlar ilə elektron qaimə-faktura, bank uçot sənədləri müqayisə edilərək, əvəzləşdirilən məbləğlər nəzərə alınmaqla, həmin illərə aid (2020-2022-ci illər) ƏDV üzrə fərq məbləğinin müəyyən edildiyi və ümumilikdə 120139,85 manat ƏDV məbləğinin az hesablanması aşkar edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı iddiaçıya məxsus malların hərəkət cədvəli üzrə aparılan hesablama nəticəsində mal silgisinin düzgün həyata keçirilmədiyi, xərclərin artıq bəyan edildiyi, eləcə də idxal olunan malların adının satış sənədlərində ümumi yazılması və ya malın adının fərqli qeyd edilməsi (məsələn eyni malın idxalda “kartof”, satışa dair elektron qaimə-faktura isə “kartof free” qeyd edilməsi və s.) nəticəsində kənarlaşmanın yarandığı aşkar edilmişdir. Göründüyü kimi, indiki halda mənfəət vergisi üzrə kənarlaşma halının müəyyən edilməsinə əsas olan hal malların hərəkəti və silgisi ilə bağlı uçot sənədlərinin məzmunu və tərtibi ilə bağlı olmuşdur. Bu baxımından qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilmişdir. Tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı tərəfindən yoxlama dövrü üzrə mənfəət vergisinə aid hissədə: 2019-cu il üzrə 178,14 manat, 2021-ci il üzrə 1379,79 manat olmaqla, cəmi 1557,93 manat az vergi məbləğinin hesablandığı müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, yoxlama dövrü üzrə iddiaçı tərəfindən təqdim edilmiş uçot məlumatları əsasında mənfəət vergisi üzrə yalnız 1557,93 manat məbləğində kənarlaşma halının baş verməsi öz təsdiqini tapmışdır. İndiki halda cavabdeh müvafiq qərar əsasında baş vermiş kənarlaşma məbləğinin 86305,46 manat olduğunu qeyd etsə də, həmin hala dair mötəbər sübut təqdim etməmiş, habelə ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh vergi orqanının müvafiq qərarı yalnız 1557,93 manat mənfəət vergisinin hesablanması hissəsində əsaslı olmuş, qalan hissədə əsaslı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin halları ətraflı araşdırılmamış, vergi məbləğinin hesablanmasının düzgünlüyü istiqamətində zəruri araşdırma aparılmamış, bununla da yanlış olaraq həmin hissədə mənfəət vergisi üzrə kənarlaşma məbləğinin tam olaraq əsassız hesablanması qənaətinə gəlinmişdir. Bu baxımından kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı qeyd edilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Müvafiq qərarın ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən, yoxlama zamanı iddiaçı tərəfindən 179722,98 manat ƏDV-nin az, 59641,37 manat artıq hesablandığı müəyyən edilmiş və nəticədə iddiaçıya 120081,61 manat əlavə vergi məbləği hesablanmışdır. Az hesablanmış 179722,98 manat ƏDV-yə münasibətdə qeyd etmək lazımdır ki, həmin məbləğin də 149937,17 manat hissəsi iddiaçıya məxsus mal-material hesabatının və keçirilmiş inventarizasıyanın nəticəsinin vergi orqanı tərəfindən müqayisəli təhlili nəticəsində 832951,35 manat məbləğində malların əskik gəlməsi ilə əlaqədar olmuşdur. Hesablamanın geri qalan 29785,81 manat hissəsi isə müvafiq hesabat dövrləri (təqvim ayları) üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirilmiş vergitutulan əməliyyatların və ya əvəzləşdirilmiş ƏDV məbləğlərinin iddiaçı tərəfindən düzgün bəyan edilməməsi nəticəsində yaranan kənarlaşma ilə bağlı olmuşdur. ƏDV üzrə həyata keçirilmiş hesablamaların düzgünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilmişdir. Tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı tərəfindən yoxlama dövrü üzrə ödənilməli olan ƏDV məbləğinin 35960,25 manat az hesablanması və 53466,93 manat artıq hesablanması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən artıq hesablanmış ƏDV məbləği az hesablanmış ƏDV məbləğindən çox olmuşdur ki, bu da, nəticədə yoxlanılan dövr üzrə iddiaçının ƏDV üzrə büdcədən yayındırdığı vergi məbləğinin mövcud olmadığına, əksinə 17506,68 manat (53466,93 – 35960,25) ƏDV-ni artıq hesabladığına dəlalət edir. Həmçinin qeyd etmək lazımdır ki, yoxlanılan dövr üzrə artıq hesablanan ƏDV məbləğinin az hesablanan ƏDV məbləğindən çox olması iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 50 faiz dərəcə ilə maliyyə sanksiyasının tətbiq edilməsini də istisna edir. İndiki halda isə cavabdeh tərəfindən ekspert rəyinin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmiş, buna dair heç bir sübut təqdim edilməmişdir. Nəticə etibarilə bu hissədə də iddianın əsaslılığı iş materiallarında olan sənədlər, ekspert rəyi əsasında öz təsdiqini tapdığından, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut təqdim edilmədiyindən, həmin hissədə əlavə vergi məbləği və ona dair maliyyə sanksiyasının hesbalanmasına dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iş üzrə gəldiyi nəticə həmin hissədə əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri isə bu hissədə əsassız olmuşdur.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
17. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ##### tarixli *** nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı mübahisəyə dair iş üzrə kassasiya icraatının predmeti baxımından iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın, 1557,93 manat mənfəət vergisi və ona müvafiq tətbiq edilmiş 778,96 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən hissədə səyyar vergi yoxlaması qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına münasibətlərin yarandığı dövrdə qüvvədə olan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarına əsasən, iddiaçıya münasibətdə ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İddiaçı yoxlama dövründə müxtəlif çeşiddə malların (yağ, pendir, dondurulmuş halda burger ətləri, kartof məhsulları və s.) topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlamanın nəticəsi ##.##.2023-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı ilə iddiaçı tərəfindən mənfəət vergisinin 2019-cu il üzrə 6954 manat azaldılmasına görə 3477 manat maliyyə sanksiyasının, 2020-ci il üzrə 59538,78 manat azaldılmasına görə 29769,39 manat maliyyə sanksiyasının, 2021-ci il üzrə 19812,68 manat azaldılmasına görə 9906,34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama ilə həmçinin ƏDV üzrə 179722,98 manat azalma, 59641,37 manat artıq hesablama müəyyən edilmiş və müvafiq olaraq 89861,49 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Həmin səyyar vergi yoxlaması aktı əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarla iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir.
30. Yoxlama dövründə cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli qərarla iddiaçıya məxsus anbarda malların inventarizasiyası keçirilmiş və inventarizasiya nəticəsində iddiaçının sahibliyində 537644,70 manat mal qalığının olduğunun aşkar edildiyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən inventarizasiya zamanı foto və (və ya) video çəkilişin aparılmasını təsdiq edən sübutlar – foto və (və ya) video çəkilişin nəticələri məhkəməyə təqdim edilməmişdir.
31. Halbuki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.
32. Göründüyü kimi, inventarizasiya zamanı cavabdeh vergi orqanının əməkdaşları aşkar edilmiş faktları foto və ya video çəkilişlə qeydə almalı olduqları halda, bunu etməmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə qərarı).
33. Həmçinin qeyd edildiyi kimi, yoxlama ilə iddiaçı tərəfindən ƏDV üzrə 179722,98 manat azalma, 59641,37 manat artıq hesablama müəyyən edilmiş və bu səbəbdən qəbul edilmiş qərarla ona 89861,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin cavabdeh maliyyə sanksiyası tətbiq edərkən, artıq hesablama məbləğini nəzərə almamış və bununla da Vergi Məcəlləsinin 55.1.5-ci və 55.2-ci maddəsinin tələblərini pozmuşdur.
34. Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə görə, hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir.
35. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə, bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.
36. Göründüyü kimi, yoxlama dövrü üzrə iddiaçıya əlavə hesablanan ƏDV məbləği 120081,61 (179722,98 - 59641,37) manat təşkil etdiyi halda, ona 89861,49 manat (179722,98 / 2) maliyyə sanksiyası tətbiq olunmuşdur. Halbuki, əgər düzgünlüyü müəyyən olunsaydı, iddiaçı barəsində yayındırılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 60040,74 manat (120081,61 / 2) məbləğində maliyyə sanksiyası tətbiq olunmalı idi (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə qərarı).
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.