Məhkəmə qərarları › İş №2-1(102)-3761/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3761/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3761/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, hüquqmüəyyənedici sənəd qüvvədə olduğundan asılı tələbə baxıla bilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması, mülkiyyət hüququnun qeydiyyatının ləğvi və s.” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ünvan 2 (yeni qaydada ünvan 4) ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayon X3 İcraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, **/** nömrəli qərarı ilə Balaca Məmməd qızının mülkiyyətinə verilmişdir.

2. Daha sonra həmin əmlak ##.##.1989-cu il tarixli, 1-2-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras əmlak qismində Adıgözəlov Qubad İbad oğluna verilmiş və həmin şəhadətnaməyə əsasən onun mülkiyyət hüququ ##.##.2005-ci il tarixdə qeydiyyata alınaraq bu barədə 29 inventar nömrəli, *** reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir.

3. Sözügedən əmlak ##.##.2013-cü il tarixli, 4Ə/**** reyestr nömrəli bağışlama müqaviləsi ilə Adıgözəlov Qubad İbad oğlu tərəfindən Adıgözəlov İbad Qubad oğluna bağışlanmış və sonuncunun həmin əmlaka mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüququna dair) çıxarışlar tərtib edilmişdir.

4. Adıgözəlov Qubad İbad oğlunun “Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.1989-cu il tarixli, *-*-*** nömrəli vərəsəlik şəhadətnaməsinin və ##.##.2013-cü il tarixli, 43-**** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi Abşeron rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Adıgözəlov Qubad İbad oğlunun “Adıgözəlov İbad Qubad oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli, 308013131760-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi barədə” iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə qismən təmin edilmiş, Adıgözəlov İbad Qubad oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli, 308013131760-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin planı və ölçüsü 0,05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə həmin iş üzrə birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə də iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə həmin iş üzrə məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Adıgözəlov Qubad İbad oğlu cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun adına ##.##.2005-ci il tarixdə verilmiş *** reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması, həmin qeydiyyat vəsiqəsinin və onun əsasında Adıgözəlov İbad Qubad oğlunun adına verilmiş ##.##.2013cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, ##.##.2021-ci il tarixli, 308013131760- 10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Adıgözəlov Qubad İbad oğlunun anası 1977-ci ilin yanvar ayında vəfat etmiş, bundan sonra Adıgözəlov Qubad İbad oğlu və ya onun səlahiyyətli nümayəndəsi ərizə ilə müraciət etmədiyi halda, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Adıgözəlov Qubad İbad oğlunun adına Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq ##.##.1989-cu il tarixdə *-*-*** nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonra isə iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda, kimsə qanunsuz olaraq həmin vərəsəlik şəhadətnaməsini və saxta ərizəni cavabdeh orqanın hüquq varisi olduğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək, həmin evə dair Adıgözəlov Qubad İbad oğlunun adına ##.##.2005-ci il tarixdə *** reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi almışdır. İddiaçı bu qanunsuz ərizənin və vərəsəlik şəhadətnaməsinin Adıgözəlov İbad Qubad oğlu tərəfindən cavabdehə verildiyini və onun tərəfindən həmin qeydiyyat vəsiqəsinin alındığını hesab edir. Belə ki, Adıgözəlov İbad Qubad oğlu həmin vərəsəlik şəhadətnaməsi əsasında qeydiyyat vəsiqəsi əldə edib, sonra da həmin qeydiyyat vəsiqəsi əsasında etibarından sui-istifadə edərək iddiaçının həmin evi ona bağışladığına dair Abşeron rayon * saylı Dövlət Notariat Kontorunda qeyriqanuni olaraq ##.##.2013-cü il tarixli, 43-**** reyestr nömrəli bağışlama müqaviləsi bağlamış və həmin evə dair dövlət reyestrindən ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Bundan sonra da Adıgözəlov İbad Qubad oğlu ##.##.2021-ci il tarixdə cavabdehə müraciət edərək, həmin bağışlama müqaviləsini əsas göstərək, həmin evin yerləşdiyi 0,05045 ha torpaq sahəsinə ##.##.2021-ci il tarixli, 308013131760-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. İddiaçı hesab edir ki, həmin çıxarışların alınmasına əsas cavabdeh tərəfindən həmin evə dair qeyri-qanuni olaraq verilmiş qeydiyyat vəsiqəsi olmuşdur. Belə ki, birincisi həmin qeydiyyat vəsiqəsinin alınması üçün ##.##.1989cu il tarixli, *-*-*** nömrəli qanunsuz vərəsəlik şəhadətnaməsi və müvafiq ərizə cavabdehə iddiaçı tərəfindən verilməmişdir. Çünki, həmin ərizə onun tərəfindən imzalanmamışdır. Bundan başqa, həmin qeydiyyat vəsiqəsi cavabdeh tərəfindən alan şəxsə təqdim edilərkən, həmin şəxs cavabdehin tutduğu reyestr kitabını imzalayır. İddiaçı həmin qeydiyyat vəsiqəsinin alınması ilə bağlı cavabdehin tutduğu və saxladığı reyestr kitabını imzalamamışdır. Bu reyestr kitabındakı imzanın iddiaçıya məxsus olmadığı da məhkəmə qaydasında ekspertiza yolu ilə məlum olacaqdır. Bütün bunlardan məlum olur ki, həmin qeydiyyat vəsiqəsi ondan mənfəət əldə etmək istəyən şəxs tərəfindən saxta ərizə verilərək, saxta vərəsəlik şəhadətnaməsi əlavə edilərək cavabdehdən əldə olunmuşdur. Bu durum həmin qeydiyyat vəsiqəsinin cavabdeh tərəfindən qanunun imperativ normaları pozularaq verildiyini təsdiq edir. Ona görə də iddiaçı hesab edir ki, həmin qeydiyyat vəsiqəsi məhkəmə qaydasında etibarsız sayılmalıdır. Vərəsəlik şəhadətnaməsi əsasında tərtib olunmuş qeydiyyat vəsiqəsinin tarixi 1989-cu il olsaydı, onun məzmunu latın əlifbası ilə yox, kiril əlifbası ilə yazılardı. Bu durum həmin qeydiyyat vəsiqəsinin 1989-cu ildə deyil, bağışlama müqaviləsinin bağlandığı 2013-cü ilə yaxın bir tarixdə saxta yolla tərtib olunduğunu təsdiq edir. Qeydiyyat vəsiqəsində olan naxışlar, 1989-cu il tarixlərində verilmiş qeydiyyat vəsiqələri ilə müqayisə ediləndə, onlarda olan naxışlardan kəskin şəkildə fərqli görülür. Bu da təsdiq edir ki, həmin qeydiyyat vəsiqəsi 1989-cu ildə deyil, daha sonrakı tarixlərdə saxta yolla verilib. Qeydiyyat vəsiqəsində imzası olan rəisin imzasını onun imzaladığı digər qeydiyyat vəsiqələrində olan imzalar ilə müqayisə etdikdə, həmin imzanın fərqli və saxta olduğunu rahatlıqla görmək mümkündür. Bunun müəyyən olunması üçün xətşünaslıq ekspertizasının keçirilməsi zəruridir. Əgər iddiaçının adına hüquqa uyğun, yəni saxta olmayan qeydiyyat vəsiqəsi verilmiş olsaydı, bu mütləq onun anası Balaca Məmməd qızının adına verilmiş *** nömrəli texniki pasportda göstərilərdi. Eyni zamanda, üçüncü şəxsin adına çıxarış verilmiş olsa idi, bu da, həmin texniki pasportda göstərilərdi. Lakin belə bir göstərişlər həmin texniki pasportda yoxdur. Bu da təsdiq edir ki, qeydiyyat vəsiqəsi saxtadır. Əldə edilən məlumatlara görə, iddiaçının mərhum anası Balaca Məmməd qızının adına verilmiş texniki pasport, iddiaçının adına verilmiş qeydiyyat vəsiqəsi, vərəsəlik şəhadətnaməsinə aid elektron skan reyestr idarəsində silinmişdir. Belə ki, iddiaçının nümayəndəsinin təkidinə əsasən həmin elektron skanın olub-olmamasının yoxlanılması zamanı bu fakt məlum olmuşdur. Bu da təsadüfi olmamış və cavabdehin hansısa işçisi tərəfindən bilərəkdən edilmişdir ki, qeydiyyat vəsiqəsinin saxta olduğu anlaşılmasın. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin sözügedən fərdi yaşayış evinə dair iddiaçının adına verdiyi *** reyestr nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi saxtadır.

8. Birinci instansiya məhkəməsi tərəfindən Adıgözəlov İbad Qubad oğlu zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixdə vəfat etmiş Adıgözəlov Qubad İbad oğlu hüquq varisi İddiaçı ilə əvəz edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Könül Həbibova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Adıgözəlov Qubad İbad oğlunun adına tərtib edilmiş qeydiyyat vəsiqəsi müstəqil bir inzibati akt deyil, daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir. İddiaçı tərəf həmin sənədi etibarsız hesab etsə də, ona əsas olan ünvan 2 üzərində Adıgözəlov Qubad İbad oğlunun vərəsəlik şəhadətnaməsi ilə ona verilmiş mülkiyyət hüququnun mövcudluğu hazırda qüvvədə olan məhkəmə aktı (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı) ilə öz təsdiqini tapmışdır. Beləliklə, Adıgözəlov Qubad İbad oğlunun adına tərtib edilmiş ünvan 2 ünvanına dair qeydiyyat vəsiqəsinə əsas olan vərəsəlik şəhadətnaməsi qüvvədə olduğuna görə, məhkəmə tərəfindən həmin vəsiqənin etibarsızlığını müəyyən edən əsaslı səbəb aşkar olunmur. İddia tələbinin digər hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, Adıgözəlov Qubad İbad oğlunun “üçüncü şəxsin adına verilmiş ##.##.2021-ci il tarixli, 308013131760-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə” iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilməmişdir. Həmin iddia tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarında əks olunan mövqeyə görə, “notarial qaydada təsdiq edilmiş ##.##.2013cü il tarixli bağışlama müqaviləsinə əsasən, iddiaçı Adıgözəlov Qubad İbad oğlu Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97,4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini üçüncü şəxs Adıgözəlov İbad Qubad oğluna bağışlamışdır. Daha sonra sözügedən fərdi yaşayış evi ##.##.2013-cü il tarixdə Adıgözəlov İbad Qubad oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda hazırkı iş üzrə müəyyən olunur ki, tərəflər arasında mülki qaydada bir sıra məhkəmə mübahisələri olmuş və Adıgözəlov Qubad İbad oğlu tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin Adıgözəlov İbad Qubad oğluna bağışlanması barədə müqavilə məhkəmə qaydasında mübahisələndirilsə də, Adıgözəlov Qubad İbad oğlunun və İddiaçı iddiaları təmin edilməmişdir.” Göründüyü kimi, üçüncü şəxsin mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququ məhkəmə icraatı qaydasında müəyyən edilmiş, onun ləğv olunması qanunauyğun hesab edilməmişdir. Hazırkı iddia tələbi ilə qeydiyyat vəsiqəsinin etibarsızlığına istinad edilərək, mülkiyyət hüququnun ləğvi xahiş edilir, lakin məhkəmə tərəfindən qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmədiyindən, üçüncü şəxsin ona məxsus əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi hazırkı halda təmin edilməməlidir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vahid Hacıyev /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Toğrul Axundov) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddəti ötürüldüyünə və iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığına görə iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə mübahisə predmeti ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Adıgözəlov Qubad İbad oğlunun adına ##.##.2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması, həmin qeydiyyat vəsiqəsi əsasında Adıgözəlov Qubad İbad oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli çıxarışın və ##.##.2021-ci il tarixli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsindən ibarətdir. İddia tələbində Adıgözəlov Qubad İbad oğlunun adına tərtib edilmiş ##.##.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin, onun verilməsi üçün müraciət edilməsi zamanı təqdim edilmiş müvafiq ərizənin Adıgözəlov Qubad İbad oğlu tərəfindən imzalanmadığı üçün etibarsızlığı iddia olunur. Qeyd edilməlidir ki, Adıgözəlov Qubad İbad oğlunun adına tərtib edilmiş qeydiyyat vəsiqəsi müstəqil bir inzibati akt deyil, daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir. İddiaçı həmin sənədi etibarsız hesab etsə də, ona əsas olan vərəsəlik şəhadətnaməsi ilə Adıgözəlov Qubad İbad oğluna verilmiş mülkiyyət hüququnun mövcudluğu hazırda qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Beləliklə də, Adıgözəlov Qubad İbad oğlunun adına tərtib edilmiş sözügedən qeydiyyat vəsiqəsinə əsas olan vərəsəlik şəhadətnaməsi qüvvədə olduğuna görə, məhkəmə tərəfindən həmin vəsiqənin etibarsızlığını müəyyən edən əsaslı səbəb aşkar edilmir. İddia tələbinin digər hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, üçüncü şəxsin mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququ məhkəmə icraat qaydasında müəyyən edilmiş, onun ləğv edilməsi qanuna uyğun hesab edilməmişdir. Hazırkı iddia tələbi ilə qeydiyyat vəsiqəsinin etibarsızlığına istinad edilərək, mülkiyyət hüququnun ləğvi xahiş edilir, lakin məhkəmə tərəfindən qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmədiyindən, üçüncü şəxsin ona məxsus əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi əsaslı deyildir. Hazırda mübahisələndirilən qeydiyyat vəsiqəsi (##.##.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir) verildikdən sonra, əvvəlki qanunvericiliyin qüvvədə olduğu 6 ilə yaxın müddətdə (##.##.2005-##.##.2011-ci illər) mübahisələndirilməmişdir. Beləliklə, hər bir halda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirilmə imkanını ##.##.2011-ci il tarixədək itirmişdir. Həmin hal isə hazırkı iddia tələbinin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İddiaçı iddia müddətini ##.##.2011-ci il tarixədək buraxmışdır. Prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçının iddia müddətinin əvvəli ##.##.2005-ci il tarixdən, yəni evə dair qeydiyyat vəsiqəsini əldə etdiyi vaxtdan başlamışdır. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Üçüncü şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində mübahisəyə hüquq normalarının tətbiqi ilə bağlı pozuntuya yol verilsə də, həmin pozuntunun yekun nəticəyə təsir etməyən xarakterdə olduğu nəzərə alınmalı və İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

27. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

28. Hazırkı mübahisədə iddiaçının tələbi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Adıgözəlov Qubad İbad oğlunun adına ##.##.2005-ci il tarixdə verilmiş *** reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılmasına, həmin qeydiyyat vəsiqəsinin və onun əsasında Adıgözəlov İbad Qubad oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, ##.##.2021-ci il tarixli, 308013131760-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsinə yönəlmişdir.

29. İddiaçının əsl hüquqi marağı və məqsədi isə sözügedən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində ##.##.2005-ci il tarixdə Adıgözəlov Qubad İbad oğlunun adına aparılmış qeydiyyatın ləğv edilməsinə və bunun üzərindən həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

30. İlk növbədə qeyd edilməlidir ki, qeydiyyat vəsiqəsi və çıxarış daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından qeydiyyat vəsiqəsi və çıxarış deyil, müvafiq hüquqmüəyyənedici sənəd (hazırkı halda sözügedən əmlaka dair Adıgözəlov Qubad İbad oğlunun adına verilmiş vərəsəlik şəhadətnaməsi və həmin əmlakın Adıgözəlov İbad Qubad oğluna bağışlanmasına dair müqavilə) əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyat tam və ya hissəvi ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş qeydiyyat vəsiqəsi və çıxarışın da tam və ya hissəvi olaraq artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nəzərə alınmalı, həmin qeydiyyat vəsiqəsi və çıxarış tam və ya hissəvi olaraq yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə qeydiyyatın ləğv olunması səbəbindən həmin əmlak barəsində hər hansı əməliyyatın aparılması da istisna olunur. Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan qeydiyyat vəsiqəsi və çıxarış əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.

31. İddiaçı tələbində sözügedən əmlaka dair Adıgözəlov Qubad İbad oğlunun adına ##.##.2005-ci il tarixdə verilmiş *** reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılmasını tələb etsə də, iş üzrə materiallardan görünür ki, sözügedən əmlaka dair Adıgözəlov Qubad İbad oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində inzibati akt əsasında deyil, mülki əqd – ##.##.1989-cu il tarixli, 1-2-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras əmlak qismində qeydiyyata alınmışdır.

32. Bu baxımdan iddiaçı ilkin olaraq həmin hüquqmüəyyənedici sənədi - ##.##.1989cu il tarixli, 1-2-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni mülki məhkəmə icraatı qaydasında mübahisələndirməli idi. İş üzrə materiallardan da görünür ki, iddiaçı ##.##.1989-cu il tarixli, 1-2-*** reyestr nömrəli həmin vərəsəlik şəhadətnaməsinin, eləcə də ##.##.2013-cü il tarixli, 43-**** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmış, lakin həmin iddia qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təmin edilməmişdir. Başqa sözlə, sözügedən vərəsəlik şəhadətnaməsinin etibarlı olduğu mülki məhkəmə icraatı qaydasında müəyyən edilmişdir.

33. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeydiyyat hüquqmüəyyənedici sənədlər əsasında aparılır və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada, hüquqmüəyyənedici sənədin qüvvədə qaldığı müddət ərzində onun əsasında əldə edilmiş hüquq və həmin hüququn reyestrdə aparılmış qeydiyyatı da hüquqi cəhətdən mötəbər hesab olunur.

34. Bu baxımdan iddiaçı məqsədinə yalnız sözügedən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində ##.##.2005-ci il tarixdə Adıgözəlov Qubad İbad oğlunun adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin - ##.##.1989-cu il tarixli, 1-2-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilərdi. Hazırkı halda isə bu məzmunda iddianın da uğurlu, yəni əsaslı olmadığı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Odur ki, iddiaçının hazırkı məzmunda iddiası mümkün sayıla bilməz.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar