Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3768/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “əmrin ləğvi, işə bərpa edilməsi, iddianın mümkünlük şərtlərinin araşdırılması tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin ## ####### 2022-ci il tarixli, */S-**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikasının müdafiə nazirinə və Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisinə ünvanladığı ərizələrə (yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün təkrar olaraq bildirilmişdir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirilmişdir ki, ərizə komanda üzrə məruzə edilmiş və yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında ## #### 2017-ci il tarixli, ****gm saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Rlik kursuna başlamış, kursu bitirdikdən sonra Azərbaycan Ordusunda xidmət etmişdir. 2017-ci ilin may ayına qədər xidmətdə olmuş, qeyd edilən tarixdə hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində tamamilə əsassız və qanunsuz olaraq saxlanmış, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsində 2017-ci ilin iyul ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçıya qarşı edilmiş bu qanunsuzluğa baxmayaraq, 2020-ci il ## ####### tarixdə səfərbərliklə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində iştirak etmişdir. Nəticədə # ###### 2020-ci il - ## ###### 2020-ci il tarixlərdə Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək, həmin rayonun işğaldan azad edilməsi üçün hərbi xidmət fəaliyyəti göstərmişdir. Nəticədə Vətən müharibəsində iştirakla bağlı müvafiq medallarla təltif olunmuşdur. Həmin dövrdə, yəni 2017-ci ilin may-iyul aylarında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında razı olmasa da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə elə bir vəziyyət yaranmışdır ki, harasa müraciət edib haqqı tələb etmək imkanı sadəcə mövcud deyildi. Qanunsuz olaraq saxlanılmış, sonradan sərbəst buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi iddiaçıya şikayət etməməyi üçün hədə-qorxu gəlinmiş, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdur. Bundan başqa, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı məsələni məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən iddiaçıya qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət həm iddiaçının, həm də digər zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra ## ###### 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaq Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı da ifadə vermiş, ona məlum olan hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmağı ilə bağlı məlumat vermişdir. Nəticədə Baş Prokurorluğun İstintaq İdarəsinin # #### 2022-ci il tarixli qərarı ilə qanunsuz saxlanıldığı və ağlasığmaz işgəncələrə məruz qaldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu qərar iddiaçıya Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 2022-ci ilin iyul ayında təqdim olunmuşdur. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab etdiyi üçün zərərçəkmiş şəxs qismində tanınma qərarını aldıqdan dərhal sonra iddiaçı cavabdehə 2022-ci ilin iyul ayında ərizə ilə müraciət edərək, ## #### 2017-ci il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaçının xidməti uyğunsuzluqla ehtiyata buraxılmağının səbəbini göstərə bilməmişdir. 2017-ci ilin iyul ayında da bu əmr iddiaçıya elan edilməmiş, onun mahiyyəti indiyə qədər aydın deyildir. Əmrin sadəcə sorğu-suala cəlb edilməyilə bağlı olduğunu bildirib, ehtiyata buraxmışdılar. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassızdır. İddiaçı həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldığına görə, həm də əsassız və qanunsuz olaraq ehtiyata buraxıldığına görə mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti ləkələnmişdir. 2017-ci ilin may-iyun ayları ərzində qanunsuz saxlanılmış qeyriinsani rəftara və ağır işgəncələrə məruz qalmış digər hərbi qulluqçular kimi iddiaçı da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. 2017-ci ildə əsassız olaraq xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı, işgəncələrə məruz qalmağı iddiaçının iş fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmış, səhhətində ciddi problemlər yaranmışdır.
6. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Etirazda qeyd edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. Belə ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli müvafiq əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Lakin iddiaçı inzibati orqanın ## #### 2017-ci il tarixli əmrini 5 il sonra mübahisələndirmişdir. Bununla da iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) 2025-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında ## #### 2017-ci il tarixli, ****gm saylı əmri iddiaçı İddiaçı aid olan hissədə ləğv edilməsi, iddiaçı İddiaçı işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan diskresion səlahiyyətlərinə əsasən müvafiq akt qəbul edərək, həmin aktı kifayət qədər əsaslandırmalıdır. Hazırkı mübahisə predmeti olan cavabdehin əmrin verilməsinə əsas olmuş N nömrəli hərbi hissənin komandirinin təqdimatı (§5.2) iddiaçının “xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmadığı, tutduğu vəzifəsini layiqincə yerinə yetirmədiyi və s.” yalnız sözlə ifadə olunan nöqsanlar olmasını və hər hansı bir sübut və ya dəlillə təsdiq edilməmişdir. İddiaçı barəsində olan təqdimatda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edən sübutların mövcudluğunun araşdırılmamasını nəzərə alaraq, məhkəmə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi üçün əsas olmuş təqdimatı hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün mötəbər sübut və ciddi əsas kimi qiymətləndirə bilməz. Belə ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktın verilməsini şərtləndirən faktiki əsasları inzibati aktında və məhkəmə icraatında iddiaya qarşı münasibətində bildirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya qarşı tətbiq edilmiş cəza tədbiri çox sərt olmaqla yanaşı, həm də əsassızdır və daha yüngül cəza tədbirinin tətbiq edilməsi düzgün və ədalətli ola bilərdi. İş materiallarına əlavə edilmiş iddiaçının xidməti vərəqəsindən görünür ki, barəsində qeyd edilən nöqsanlar (verilən tapşırığın vaxtında icra etməməsi, geyim formasının səligəsiz olduğu, göstərilən çatışmamazlığın aradan qaldırılmaması və s.) müvafiq olaraq cəzalandırılmış, hər biri üçün şiddətli töhmət, xəbərdarlıq, töhmət kimi cəza növləri tətbiq edilmişdir. Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 88- ci maddəsindən göründüyü kimi, eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək qadağan olunmuşdur.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və qanunçuluğun təmin edilməsi məqsədləri, habelə konstitusion əhəmiyyət daşıyan digər məqsədlər üçün qanunverici hüquqi məsuliyyətin bu və ya digər növünü müəyyən edərkən universal xarakter daşıyan və mahiyyətinə görə konstitusion hüquq qaydasının əsaslarına aid olan prinsipləri rəhbər tutmağa borcludur. Belə prinsiplərdən biri də Roma hüququndan gələn və hamılıqla qəbul olunmuş “Non bis in idem” (eyni bir xətaya görə iki dəfə) prinsipidir. Həmin prinsipin mahiyyəti baxımından, eyni bir xətaya görə iki tənbeh tədbiri tətbiq oluna bilməz və bir tənbeh tədbiri yetərli sayılmalıdır. Məhkəmə həmçinin qeyd etmək zəruri hesab edir ki, iddiaçının 2010-cu ildən mövcud olan həqiqi hərbi xidmət dövrü ərzində yuxarıda göstərilmiş və cəzalandırılmış nöqsanlar ## ####### 2016-cı il tarixdən ## ### 2017-ci il tarixədək olan dövr üçün qeyd edilmişdir (iddiaçının istinad etdiyi müvafiq hadisələr ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanındığı dövr). Həmçinin, iddiaçı ehtiyata buraxıldığından sonra ## ####### 2020-ci il tarixdə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində, Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medallar ilə təltif olunmuşdur.
11. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən əmr qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin ## #### 2017-ci il tarixli, ****gm nömrəli əmri iddiaçıya aid olan hissədə əsassız olduğu üçün ləğv edilməli, iddiaçının işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
12. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və G.İ.Cabbarova) 2025-ci il ## ######## tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
19. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
24. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında ## #### 2017-ci il tarixli, ****gm saylı əmrinin ona aid olan hissədə ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsindan ibarətdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
25. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli qərarı)”.
26. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
27. Həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
29. Yuxarıda istinad olunan norma ilə mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də iddia müddəti nəzərdə tutulmuşdur. Mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün olaraq müəyyən olunmuşdur.
30. Hazırki işin hallarından müəyyən edilir ki, iddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli, ****gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
31. Hazırda mübahisələndirilən inzibati akt 2017-ci ildə qəbul edilmiş, iddiaçı tərəfindən verilən iddia ərizəsi isə 2022-ci il ## ###### tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsindən 5 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur.
32. İddiaçı prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsinin səbəbi kimi “ona heç bir yerə şikayət etməməsi üçün təyziq olunduğunu, hədə-qorxu gəlindiyini” qeyd etsə də, aşağı instansiya məhkəmələri qeyd olunanlara dair hər hansı sübut təqdim olunmamasına baxmayaraq, natamam araşdırma apararaq iddianın mümkün hesab edilməsi ilə bağlı nəticəyə gəlmişlər.
33. Kollegiya qeyd edir ki, hətta iddiaçının dedikləri doğru qəbul olunsa belə, iddiaçı özü də prosessual müddətin bərpa edilməsi barədə ərizəsində qeyd edir ki, 2021-ci ildə onun və digər zərərçəkmiş şəxslərin çox saylı müraciətlərindən sonra onlara qarşı törədilmiş cinayət əməllərinin araşdırılmasına başlanılmışdır. Göründüyü kimi iddiaçı artıq 2021-ci ildən hüquqlarının bərpası istiamətində addımlar atmış, hüquqmühafizə orqanlarına müraciətlər etmişdir. Lakin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli, ****gm nömrəli əmrini 2022-ci ilin noyabr ayında mübahisələndirmişdir.
34. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı göstərilən şərtə əməl olunub-olunmadığını araşdırmamışdır.
35. Halbuki, hazırkı qərarın 18-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalı, bu zaman ilk növbədə iddia müddətlərinə riayət edilibedilmədiyinə qiymət verməlidir.
36. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, bununla da İPM-in 12.1, 35.1, 38.1-ci maddələrinin tələblərini pozmuş, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 18-ci bəndində göstərilən hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir.
37. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ***/**** nömrəli nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddia müddəti ilə bağlı mümkünlük şərtlərinə Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq qiymət verməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.