Məhkəmə qərarları › İş №2-1(102)-3769/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3769/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3769/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan-ölçü sənədinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

2. İddiaçı cavabdehə müraciət edərək, həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, elektron baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi 308013142437 və ************ reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür və sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyətində olan həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib olunmasını dəfələrlə xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçıya sözügedən torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olduğu bildirilmişdir.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Könül Həbibova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınsa da, eyni torpaq sahəsinə dair digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq, müvafiq çıxarışlar verilmiş, hazırda da həmin sənədlər qüvvədədir. Bu səbəbdən, qeyd edilən torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan, yəni digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışlar verildiyindən, iddiaçının adına tələb edilən plan-ölçü sənədinin verilməsi mümkün deyildir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Vəfa Əzizova və İsmayıl Quliyev) ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər müvafiq Aqrar İslahat Komissiyasının qərarı olmaqla, onun əsasında ilkin mülkiyyətçinin adına müvafiq şəhadətnamə tərtib edilmiş, onun əsasında mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçıya sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ vərəsəlik qaydasında ötürülmüş, həmin əmlak mərhum şəxs tərəfindən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ilkin mülkiyyətçidən əldə edilmişdir. İddiaçının faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair başqa şəxslərin adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarış verilmiş, plan-ölçü sənədi tərtib edilmişdir (reyestr nömrələri 308013142437 və ************) və indiki halda həmin sənədlər qüvvədədir. İddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin yerləşmə yerini müəyyən edən, onun texniki göstəricilərini əks etdirən planölçü sənədinin əldə edilməsinə nail olmaqdan ibarətdir. Qeyd edilməlidir ki, indiki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair onun yerini müəyyən edən sənəd mövcud olmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinə başqa şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, plan-ölçü sənədi verilmişdir. Başqa sözlə, indiki halda torpaq sahələrinin faktiki vəziyyətdə üst-üstə düşmə halı mövcud olmuş və bu hal elektron kadastr məlumat bazasında texniki işlərin görülməsi (dürüstləşmə işlərinin aparılması) ilə bağlı ortaya çıxmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı məhz başqa şəxslərin adına tərtib edilmiş müvafiq sənədlərin etibarlılığı və ya cavabdehin həmin sənədlərin tərtib edilməsi ilə bağlı hərəkətlərinin qanuniliyini mübahisələndirməklə, ona dair tələblə cavabdehə müraciət edə və həmin iddia tələbi çərçivəsində qeyd edilən hallara hüquqi qiymət verilməklə, hazırkı istəyinə nail ola bilər. Həmin hallara hüquqi qiymət verilmədən (hazırkı icraat çərçivəsində həmin halların yoxlanılması iddia predmeti qismində çıxış etmədiyi üçün mümkün olmadığından) hazırkı iddia tələbinin əsaslılığının yoxlanılması mümkün olmamışdır. Nəticə etibarilə hazırkı icraat çərçivəsində işin yuxarıda müəyyən edilmiş halları (başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında hazırkı mərhələdə iddiaçı belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamışdır.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsinə nail olmaqdan ibarətdir.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və belə əsasların mövcudluğu müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar