Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-377/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliklə bağlı məlumatın sistemə daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə müddətsiz əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2666/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 712 nömrəli qərarına əsasən, Cəbrayıl RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Kəskin dizenteriya, kolitik forma” və xx.xx.2005-ci ildən 06.2005-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Qanqrenoz appendisitə görə laparotomiya (xx.xx.200 5). Appendektomiyadan sonrakı vəziyyət” (Cəbrayıl rayon bölməsinin xx.xx.2012-ci ıl tarixli 1022 nömrəli məktubu, xx.xx.2012-ci il tarixli, 262 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1998-cı il tarixli 1989 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hərbi həkim komissiyasının xx.xx.2005-ci il tarixli 769 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisləri – terapevtin, cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir). “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” 2. 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında müayinə aktından SER TSE-01 067851 nömrəli çıxarışa əsasən, iddiaçıya xx.xx.2014-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2015-ci il tarixədək ikinci dərəcə əli llik təyin edilmişdir. 3. 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş təkrar müayinədən keçən əlillər üçün SER TSE-01 520034 nömrəli arayışa əsasən, iddiaçıya xx.xx.2015-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. 4. “Əlillik” altsistemindən çıxarışa əsasən, iddiaçının əlillik vəziyyətinə "xxxx" QSCnin Tibbi-Sanitar Hissəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış, “Revmatizm a\f. 2 d. revmokardit” diaqnozu ilə ona ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilmişdir ki, 9 nömrəli Tibbi Sosia l Ekspert Komissiyasının SER TSE-01 067851 nömrəli müayinə aktından çıxarışda iddiaçıya xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Sözügedən əlillik sənədinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2ci maddəsinə əsasən, iddiaçıya xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üçün tərəflərindən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Eyni zamanda, 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 520034 nömrəli müayinə aktından çıxarışda iddiaçıya xx.xx.2015-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilib. Həmin əlillik sənədinə uyğun olaraq, “Əmək pensiyaları haqqınd a” Qanunun 20.16.2-ci maddəsinə əsasən iddiaçıya əmək pensiyası ödənişi həyata keçirilmişdir. Lakin müvafiq araşdırma zamanı “Əlillik” altsistemində iddiaçıya xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı (1 il müddətinə) dövr üçün ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyin təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının pensiya ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılıb. Qeyd olunanlara əsasən “Əlillik” altsistemində və iddiaçının əlilliyinə dair Mərkəzi Filialda mövcud olan sənədlərdə uyğunsuzluq aşkar edildiyindən, müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiql əşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı müddətdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildən Silahlı Qüvvələrdə zabit kimi hərbi xidmətə başlamış və 2008-ci ildən ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət zamanı səhhətində yaranan xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi barədə xx.xx.2012-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qərar qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən ona hərbi xidmət dövrü ilə əlaqədar olaraq 1 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. N övbəti müayinə vaxtı, yəni 2015-ci ilin fevral ayında isə ona müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. 2022-ci ilin iyun ayında iddiaçının pensiya və təqaüdü qanunsuz olaraq dayandırılmışdır. Əlillik vəziyyətinin yoxlanılması məqsədilə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona heç bir məlumat verilmədən əlilliyi etibarsız hesab edilmiş, onun hüquqları əsassız olaraq pozulmuşdur.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə "xxxx" QSC-nin Tibbi-Sanitar Hissəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış, ona “Revmatizm a\f. 2 d. revmokardit” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və “Əlillik” altsisteminə daxil edilmişdir. “Əlillik” a ltsistemində iddiaçının növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. Lakin həmin tarixdən sonra iddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün müraciət etməmişdir. Hal-hazırda iddiaçı əlillik dərəcəsinin müddətsiz təyin edilməsini tələb etsə də, iddiaçının tələbi qanunsuz və əsassızdır. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatı 1 il müddətinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirmə qaydası”nın 4.2ci bəndinə əsasən də, ardıcıl olaraq 10 il ikinci dərəcə əlillik müddəti olduğu halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, hal-hazırda iddiaçının əlillik müdd əti 1 ildir. Əlillik müddəti ardıcıl olaraq 10 il olduqdan sonra ona müddətsiz ikinci dərəcə əlilliyin verilməsi məsələsinə baxıla bilər. Bundan əlavə, iddiaçının əlilliyi cavabdeh tərəfindən etibarsız hesab edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş iddiaçının pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdən iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş 9 nömrəli Tibbi-Sosial Ekspert komissiyası tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, xx.xx.2015-c i il tarixdən iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bu əsasla iddiaçıya əlilliyə görə pensiya ömürlük təyin edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 05 aprel 2023-cü il tarixli, 21(112)-1932/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı müddətdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında “Əlillik” altsistemində iddiaçının növbəti qiymətləndirmə tarixinin xx.xx.2015-ci il kimi qeyd edilməsini, lakin həmin tarixdən sonra iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün müraciət etməməsini qeyd etsə də, 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi və ona müddətsiz olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş iddiaçının pensiya işinin təsdiq edilmiş surətindən, o cümlədən iddiaçıya ünvanlanmış məktublardan görünür ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi səbəbi ilə iddiaçıya xx.xx.2022-ci il tarixədək pensiya ödənilmişdir.
12. Həmçinin, məhkəmənin cavabdeh inzibati orqana ünvanlanmış “İddiaçıya əlillik təyin edilməsinə və təyin edilmiş əlillik dərəcəsi ilə bağlı məlumatların “Əlillik” altsisteminə işlənməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi” ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğularına cavab verilməmiş və həmin sorğularda nəzərdə tutulan sənədlər məhkəməyə təqdim edilməmişdir.
13. İddiaçı əyani müayinəyə cəlb edilmədən və heç bir inzibati akt qəbul edilmədən cavabdeh iddiaçının əlilliyini “Əlillik” altsistemində etibarsız hesab etmişdir (ləğv etmişdir). Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan “Əlillik” altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir (ləğv etmişdir). Həmçinin, dəfələrlə sorğu verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ikinci dərəcə əlillik müddətsiz olaraq təyin edildiyi halda, hansı əsaslarla (hansı qərar əsasında) əlilliyin müddətinin dəyişdirilərək “müddətsiz”dən “müddətli”yə keçirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçının hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı izahat verərək həmçinin bildirmişdir ki, ilk dəfə ona 2014-cü ildə bir illik əlill ik dərəcəsi verilmiş, 2015-ci ildə isə müayinə nəticəsində müddətsiz əlillik təyin edilmişdir. Daha sonralar inzibati orqan tərəfindən heç bir müayinəyə cəlb edilməmişdir. Ona əlilliyə görə 2015-ci ildən ömürlük pensiya təyin edilmişdir. 2022-ci ildə əlilliyinin dayandırıldığı vaxtda elektron sistemə məlumatlarının daxil edilmədiyindən xəbərdar olmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2666/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əla və olaraq qeyd etmişdir ki, iddiaçının ikinci dərəcə əlilliyinin “Əlillik” altsistemində etibarsız hesab edilməsinə (ləğv edilməsinə) və həmin əlilliyin müddətinin dəyişdirilməsinə dair hər hansı bir rəsmi qərarın qəbul edildiyi iş materiallarına əsasən müəyyən edilməmiş və işin məhkəmə araşdırmaları zamanı da məhkəməyə təqdim edilməmişdır. Bundan başqa, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və id diaçının hüquqlarını pozmuşdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir.
18. Beləliklə, işin araşdırılmış hallarından aydın olduğu kimi, iddiaçıya 2015-ci ildən ikinci dərəcə müddətsiz əlil təyin olunduğu halda, inzibati orqanın elektron sistemində bu barədə qeydin olmaması iddiaçının hüquqlarını pozur. İddiaçıya müddətsiz əlilliyə dair TSEK arayışının verilməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Cavabdeh inzibati orqan da öz növbəsində hazırkı vəziyyətdə sözügedən TSEK arayışına əks məzmunlu olan müayinə aktlar ını, arxiv sənədlərini təqdim edə bilmir. Hazırkı işdə cavabdeh inzibati orqan tərəfindən elektron sistemdəki məlumatlara dair inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasi ya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilm əsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
23. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətb iqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatl aşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətl ərinin uçotunun elektron qaydada aparılması; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, t ibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı insta nsiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdı rmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının tələbi hərbi xidmət dövrü ilə əlaqədar ona təyin edilmiş müddətsiz ikinci qrup əlilliyin dayandırıldığı müddətdən bərpa edilməsinə yönəlsə də, əslində onun hüquqi marağı və məqsədi ona hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliklə bağlı məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsisteminə ötürülməsinə nail olmaqdan ibarətdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, hərbi xidmət dövrü ilə əlaqədar iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyə dair müvafiq məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdi rilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsisteminə ötürülməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Beləliklə, yuxarı da istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
34. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2666/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.