Məhkəmə qərarları › İş №2-1(102)-3770/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3770/2025

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3770/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi üçün əsasın müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2006 və 2007-ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əməkhaqqına görə həmin müəssisəyə köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa – əlavə olunması, şəxsi sığorta hesabına 2006-cı ildən başlayaraq ##.##.2020-ci il tarixədək aldığı əməkhaqqına görə köçürülməli olan sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, ##.##.2020-ci il tarixdən başlayaraq hər ay birdəfəlik hesablanmaqla pensiyasının üzərinə əlavə olunaraq bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi, təhsil dövrünün onun sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərin əvəzi kimi cavabdehdən 2000 manat kompensasiyanın alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddia tələbi – təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır.

3. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının “2006 və 2007-ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əməkhaqqına görə Quba TKQ-nın köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa – əlavə olunması, şəxsi sığorta hesabına 2006-cı ildən başlayaraq ##.##.2020-ci il tarixinədək aldığı əməkhaqqına görə köçürülməli olan sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, ##.##.2020-ci il tarixindən başlayaraq hər ay birdəfəlik hesablanmaqla pensiyasının üzərinə əlavə olunaraq bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin olunaraq – iddiaçının 2006 və 2007-ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əməkhaqqına görə həmin müəssisəyə köçürdüyü vəsaitin fərdi şəxsi hesabına köçürülməsi; fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 29.1- 1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi; həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024cü il tarixli,

6. *-*(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı isə təhsil illəri hissəsində ləğv edilərək həmin hissədə iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət edərək, məhkəmə çəkişmələrinə cəlb olunması səbəbindən ona vurulmuş maddi zərərə görə 3000 manatın ona ödənilməsini xahiş etmişdir.

8. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

9. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, maddi zərərə görə 3000 manat, vəkilə ödədiyi 400 manat və 5 il ərzində xərclədiyi azı 100 manat olmaqla, əlavə olaraq 500 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən pensiyasının səhv – az hesablanması nəticəsində iddiaçı çoxsaylı məhkəmə çəkişmələrində iştirak etmiş və Ali Məhkəmənin yekun qərarı ilə onun şikayətləri təmin olunmuşdur. Bu səbəbdən iddiaçı ona dəymiş maddi zərərə görə 3000 manat, vəkilə ödədiyi 400 manat və 5 il ərzində xərclədiyi azı 100 manat olmaqla, əlavə olaraq 500 manat pul kompensasiyasının ona ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır.

11. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Həmçinin, iddiaçıya maddi zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması sübut olunmur. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Rahim Həsənov) ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının verdiyi kassasiya şikayəti təmin edilmədiyindən, onun vəkil xidmətləri üçün kassasiya şikayətinə görə ödədiyi müvafiq məbləğin özünə aid edilməsi qanunvericiliyin tələbidir. Həmçinin məhkəmə qərarlarında göstərilən mövqe cavabdeh tərəfindən zəruri araşdırmanın lazımi qaydada aparılmaması ilə bağlı olmuşdur. Başqa sözlə, dövlət orqanı kimi cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunda əks olunmuş araşdırma prinsipinin tələbləri pozulmuşdur. Bu isə, qeyd olunan araşdırmanı lazımi qaydada həyata keçirilməməsində təqsiri olan əməkdaşların intizam qaydasında yuxarı rəhbərlik tərəfindən tənbeh edilməsi ilə nəticələnə bilər. Yəni qeyd olunan hal cavabdehdən kompensasiya tələb edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçıya dəymiş 3000 manat maddi zərərin, 500 manat kompensasiyanın ortaya çıxmasına dair isə iddiaçı tərəfindən hər hansı əsaslı sübut təqdim edilməmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Toğrul Axundov və Səyyad Qafari) ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı tələbində cavabdeh inzibati orqanla arasında olmuş məhkəmə mübahisəsi üzrə pandemiya dövründə ümumilikdə 10-15 məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar ümumilikdə 3000 manat məbləğində yol xərci çəkdiyini bildirir. İddiaçı bu tələbinin əsası kimi məhkəməyə avtobus marşrutlarına biletlərin qiymət cədvəlini və Quba-Sumqayıt avtobus marşrut biletlərinin və ümumi taksi qiymətləri ilə bağlı qonşuları (Afurca kənd sakinləri) tərəfindən tərtib edilmiş aktı təqdim etmişdir. Halbuki, iddiaçı 3000 manat məbləğində yol-nəqliyyat xərci çəkdiyini iddia edirsə, bu halı məbləğin şəxsən özü tərəfindən ödənildiyinə dair qəbzlər, bank çıxarışları və s. sənədlərlə sübut etməlidir. İddiaçı isə məhkəməyə belə konkret sübutlar deyil, yalnız ümumi məzmunlu sənədlər təqdim etmişdir. Həmçinin, iddiaçı 5 il ərzində məhkəmə çıxışlarına görə hər il üzrə 100 manat olmaqla, ümumilikdə 500 manat xərc çəkdiyini bildirsə də, bu xərcin nə üçün çəkildiyini əsaslandırmamış, eləcə də, məhkəməyə bunu təsdiq edən mötəbər və sübut əhəmiyyətli sənəd təqdim etməmişdir. Vəkil xidmətlərindən istifadəyə görə 400 manat kompensasiyanın ödənilməsi tələbinə münasibətdə kollegiya xüsusilə bildirir ki, iddiaçı cavabdehlə arasında olmuş məhkəmə mübahisəsi zamanı özü müstəqil şəkildə vəkillə müqavilə bağlayaraq vəkil xidmətlərindən istifadə edə bilmədiyi halda, həmin məhkəmə icraatında dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi, iddiaçı əvvəlki məhkəmə mübahisəsi zamanı vəkilin prosesdə dövlət hesabına iştirakı institutunun imkanlarından istifadə edə biləcəyi halda, bu imkandan istifadə etməmiş, dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdən cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verməsi və belə hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir.

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Maddə 109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı mübahisədə iddiaçı əmək pensiyasının hesablanması ilə bağlı cavabdehlə aralarında olmuş məhkəmə proseslərinə görə ona maddi zərər dəydiyini və prosessual xərclər çəkdiyini iddia edir. Bu baxımdan iddiaçının hüquqi marağı və məqsədi iddia etdiyi maddi zərər və prosessual xərclərə görə ona cavabdeh tərəfindən kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. İddiaçı, tələbinin əsası kimi, məhkəmə qərarı ilə cavabdeh tərəfindən əmək pensiyasının səhv hesablandığının müəyyən olunduğuna istinad edir.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar