Məhkəmə qərarları › İş №2-1(102)-3783/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3783/2025

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3783/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“çıxarışın və plan-ölçü sənədinin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsi ərazisində yerləşən 538 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri, 8-ci km. qəsəbəsi, K.Balakişiyev küçəsində yerləşən ** saylı evin * saylı mənzilində yaşayan İddiaçı İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Rayon İcra Hakimiyyət Başçısının ##.##.2000-ci il tarixli, **** saylı sərəncamı ilə Sulutəpə yaşayış sahəsində fərdi yaşayış evinin tikintisi üçün X2 ayrılmış 600.0 kv.m. torpaq sahəsində ev tikməyə imkanı olmadığı üçün qarşılıqlı razılıq əsasında həmin torpaq sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Sulutəpə yaşayış sahəsində yerləşən 600 kv.m. ölçüdə olan Rayon İcra Hakimiyyət Başçısının ##.##.2000-ci il tarixli, **** saylı sərəncamı ilə X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.

2. İddiaçının sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyata alınmasına dair müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, ##.##.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fonfundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Bİnəqədi rayonu, Sulu-təpə yaşayış sahəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə yaşayış sahəsi ərazisində yerləşən 600 kv.m torapq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli **** saylı sərəncamı ilə X3 ayrımışdır. Daha sonra həmin torpaq sahəsi Yusif Mehdiyevlə qarşılıqlı razılıq əsasında Binəqədi rayon İcra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli, *** nömrəli sərəncamı ilə ona verimişdir. Torpaq sahəsinə dair onun yerləşməsini əks etdirən plan-sxem də ona təqdim edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən ************ nömrəli, ##.##.2024-cü il tarixli məktubla imtina edilmiş, məsələ ilə bağlı ##.##.2022-ci il tarixli məktubla münasibət bildirildiyini qeyd etmişlər. Həmin məktubda isə ##.##.2001-ci il tarixindən sonra yerli icra hakimiyyətlərinin torpaq sahəsi ayırma səlahiyyətlərinin olmadığı qeyd edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən torpaq sahəsi hələ ##.##.2001-ci ildən əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə vətəndaş X2 ayrılmışdır. Bundan sonra onun da, razılığı ilə həmin torpaq sahəsi onun adına keçirilmişdir. Torpaq sahəsi 20 ildən çoxdur ki, onun istifadəsindədir. Üzərində fərdi yaşayış evi inşa etmişlər və orada yaşayırlar. Hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və cavabdehin üzərinə sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq sənədlərin verilməsi öhdəliyi qoyulmalıdır.

5. Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsi ərazisində yerləşən 538 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etirazda göstərilmişdir ki, iddiaçı İddiaçı etibarnamə əsasında nümayəndəsi Bakı şəhəri, Bİnəqədi rayonu, Sulu-Təpə yaşayış sahəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ##.##.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət etmiş və ************ nömrəli, ##.##.2022-ci il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ##.##.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq istehsalatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fonfundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvar ayının 1-dən etibarən həyata keçirir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxışa şərait yaradılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış sahəsi ərazisində yerləşən 538 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamının qəbul edildiyi tarixdə, yəni ##.##.2001-ci il tarixdə yerli icra hakimiyyəti orqanlarının torpaqayırma səlahiyyətinin olmamasına (yerli icra hakimiyyəti orqanları tərəfindən torpaq sahəsinin ayrılması ##.##.2001-ci il tarixdən dayandırılmışdır) istinad edilsə də, sərəncamın məzmununa nəzər yetirdikdə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilk öncə, ilkin hüquq sahibi olan X2 ##.##.2000-ci il tarixli sərəncam əsasında ayrılmışdır. Daha sonra sonuncunun razılığı və iddiaçının ərizəsinə əsasən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli sərəncamına əsasən iddiaçının adına keçirilmişdir. Göründüyü kimi, cavabdehin iddia etdiyinin əksinə sözügedən sərəncam torpaqayırma barədə olmayıb, addan-ada keçirilmə barədə sərəncamdır. Belə olan təqdirdə, həmin sərəncamın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş inzibati akt kimi qiymətləndirilməsi yol verilməzdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaçının qonşuluğunda yerləşən və artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən edilmişdir ki, həmin ərazidə qonşu torpaq sahəsi üzərində hüquqları qeydə alınmış şəxslər iddiaçı ilə eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən şəxslərdir. Lakin, iddiaçıya münasibətdə cavabdeh tərəfindən fərqli hüquqi mövqe sərgilənərək hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyət səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da, konretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimlənmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırki mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də, pozulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Mühafizə zonasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, həmin torpaq sahəsinin su boru xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək torpaq sahəsi üzərində hüquqların faktiki ölçüdə qeydə alınması xahiş edildiyindən cavabdehin imtinası mövcud vəziyyətdə həmin hissədə də, əsasız hesab edilməlidir.

11. Üçüncü şəxs Üçüncü şəxs birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarı mübahisələndirmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işi ilə əlaqədar Elektron Məhkəmə Sistemində (kabinetdə) olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktının qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların araşdırılması zamanı müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39N koordinat sistemində həmin 538 kv.m. torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi ****** saylı neft-qaz quyusunun 41 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Qeyd edilən torpaq sahəsi 1976-cı ildən uzun illər ərzində neft qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuşdur.

b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər N.X.Nəbizdə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və E.Ə.Əliyev) 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaçının qonşuluğunda yerləşən və artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən edilmişdir ki, həmin ərazidə qonşu torpaq sahəsi üzərində hüquqları qeydə alınmış şəxslər iddiaçı ilə eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən şəxslərdir. Lakin, iddiaçıya münasibətdə cavabdeh tərəfindən fərqli hüquqi mövqe sərgilənərək hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyət səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da, konretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimlənmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırki mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də, pozulmuşdur.

15. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II.Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV.Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V.Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. (Bərabərlik prinsipi). 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 19. (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə apellyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə yaşayış sahəsi ərazisində yerləşən 538 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar