Məhkəmə qərarları › İş №2-1(102)-3788/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3788/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3788/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasının mötəbərliyi prezumpsiyası; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının işlədiyi ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh ##.##.2024-cü il tarixli imtina məktubu ilə qeyd etmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, iddiaçının əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1975-ci il tarixdən ##.##.1979-cu il tarixədək və ##.##.1979-cu il tarixdən ##.##.1984cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 10 ay 23 gün təşkil edir.

3. İddiaçı ona əmək pensiyasının təyini zamanı ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsində əmək fəaliyyəti dövrünün nəzərə alınması və əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin # ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının Binəqədi rayon İstehsalat və ictimai İaşə idarəsində işlədiyi ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədlər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə kollegiyası təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı mübahisə üzrə istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (##.##.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə müvafiq müəssislələrdə işləməməsini sübuta yetirə bilməmişdir.

8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe iddiaçının iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

15. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar