Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3791/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ödənildiyi təsdiq olunan məcburi dövlət sosial sığorta haqqının nəzərə alınması, proaktiv qaydada yaşa görə əmək pensiyasının təyin olunması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, ona ##.##.2025-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.1961-ci il təvəllüdlü iddiaçının 25 ildən az ümumi iş stajı vardır. İddiaçı mülkiyyətinə verilmiş pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək cavabdehdən ona ##.##.2025-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Cavabdeh imtinasının və apellyasiya şikayətinin əsası kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabında (Mərkəzi Elektron İnformasiya Sistemində) öz əksini tapmadığına istinad etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Şərur rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,79 hektar torpaq sahəsinin verilməsi və iddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə ilə əlaqədar ##.##.2015-ci il, ##.##.2015-ci il, ##.##.2018-ci il tarixləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən ##.##.2018-ci il tarixdən əvvəlki vaxtda ödəmişdir. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə sosial sığorta haqları üzrə ödənişin elektron sistemdə qeydə alınmaması və bu baxımdan onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və onun hüquqlarına münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
5. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 6. 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məhkəməyə müvafiq sübutlar (qəbz, arayış və s.) təqdim etdiyi və həmin sübutların mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu sübutların mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə onun tələbinin təmin olunması halı mövcud olur. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Ödənişlərlə bağlı hesabatların zamanında verilməməsi, informasiya sistemində məlumatların əks olunmaması və s. kimi hallar iddiaçının ziyanına pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Çünki sözügedən məsələlərə riayət olunması iddiaçıdan daha çox, bu sahədəki fəaliyyətə nəzarəti həyata keçirməli olan inzibati orqanların məsuliyyət sferası ilə bağlıdır. Digər tərəfdən, məsələyə həm də qanunçuluq və mütənasiblik prinsiplərinin tələbləri nəzərə alınmaqla da qiymət verilməlidir. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada – sözbəsöz və formal şəkildə – tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə isə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik, həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, ödənişlər faktiki həyata keçirildiyi halda, hesabatların verilməməsinə və ya informasiya sistemində məlumatların əks olunmamasına istinadla pensiya təyin edilməsindən imtina edilərsə, iddiaçı həddən artıq yükə məruz qoyulmuş olar, fərdi və ümumi maraqlar arasındakı ədalətli balans pozulmaqla güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarar (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.