Məhkəmə qərarları › İş №2-1(102)-3802/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3802/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3802/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ödənildiyi təsdiq olunan məcburi dövlət sosial sığorta haqqının nəzərə alınması, yaşa görə əmək pensiyasının təyin olunması, şikayət üzrə kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-Ə- ****/**** nömrəli qərarının ləğv olunması və 65 yaşının tamam olduğu ## ###### 2025-ci il tarixdən ona əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-Ə-****/**** nömrəli qərarının ləğv olunması və 65 yaşının tamam olduğu ## ###### 2025-ci il tarixdən ona əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Naxçıvan MR İnzibati Məhkəməsinin (Hakim: E.H.Hüseynov) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Həmin qərardan narazı qalan cavabdeh şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət etmişdir.

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ##### 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı 040010412 VÖEN üzrə 2007-2010-cu illər üzrə fiziki şəxs kimi sadələşdirilmiş vergi ödəmişdir. Həmçinin iş materiallarında olan qəbzlərin surətləri ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə məcburi dövlət sosial sığorta haqqı olaraq 2008-2011-ci illərdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-ci maddəsində göstərilən ##.##.2018-ci il tarixdən əvvəlki vaxtda ödəmişdir. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmiş və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödəniş onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini kollegiya əsaslı saymır. Kollegiya hesab etmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ödədiyi sosial sığorta haqları üzrə ödənişin elektron sistemdə qeydə alınmaması və bu baxımdan onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bununla bağlı olaraq həmçinin kollegiya qeyd etmişdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun hüquqlarına münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və ##.##.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququ yarandığı ## ###### 2025-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır.

6. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 7. 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məhkəməyə müvafiq sübutlar (qəbz, arayış və s.) təqdim etdiyi və həmin sübutların mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu sübutların mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə onun tələbinin təmin olunması halı mövcud olur. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Ödənişlərlə bağlı hesabatların zamanında verilməməsi, informasiya sistemində məlumatların əks olunmaması və s. kimi hallar iddiaçının ziyanına pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Çünki sözügedən məsələlərə riayət olunması iddiaçıdan daha çox, bu sahədəki fəaliyyətə nəzarəti həyata keçirməli olan inzibati orqanların məsuliyyət sferası ilə bağlıdır. Digər tərəfdən, məsələyə həm də qanunçuluq və mütənasiblik prinsiplərinin tələbləri nəzərə alınmaqla da qiymət verilməlidir. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada – sözbəsöz və formal şəkildə – tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə isə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik, həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, ödənişlər faktiki həyata keçirildiyi halda, hesabatların verilməməsinə və ya informasiya sistemində məlumatların əks olunmamasına istinadla pensiya təyin edilməsindən imtina edilərsə, iddiaçı həddən artıq yükə məruz qoyulmuş olar, fərdi və ümumi maraqlar arasındakı ədalətli balans pozulmaqla güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarar (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar