Məhkəmə qərarları › İş №2-1(102)-3819/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3819/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3819/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “artıq ödəmənin qaytarılması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçının şəxsi hesab vərəqəsində ##.##.2019-cu il tarixdən 6088.67 manat artıq ödəmə məbləği mövcuddur.

2. İddiaçı ilk dəfə ##.##.2019-cu il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Artıq ödənilmiş vəsaitin qaytarılması haqqında iddiaçıya ünvanlanmış ##.##.2019cu 3.il tarixli məktubda bildirilir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Azərbaycan Respublikası "Vergi Məcəlləsi" ilə tənzimlənir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları"na uyğun həyata keçirilir. Artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarda nəzərdə tutulmuş nümunəvi ərizə forması ilə müraciət olunmalıdır. Qaytarmaya əsas verən səbəblər ərizədə qeyd olunmalı və təsdiqedici sənədlər əlavə olunmalıdır. Qeyd olunanlarla əlaqədar artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarda nəzərdə tutulmuş nümunəvi ərizə forması iddiaçıya təqdim olunur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6088.67 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə və artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar vergi ödəyicisinin ərizəsinin verildiyi ##.##.2019-cu il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin ödənilməsi barədə rəylərin verilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, * saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ##.##.2019cu 5.il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il tarixlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqanın ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2020-ci il, və ##.##.2020-ci il tarixli cavab məktublarında artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını geri qaytarmaqdan imtina etmişdir. İddiaçının şəxsi hesab vərəqəsində ##.##.2019-cu il tarixdə 6442,42 artıq ödəmənin yaranması əks olunmuşdur. İddiaçı tərəfindən 2019-cu il üzrə fiziki şəxslərin gəlir vergisinin cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmədiyi təqdirdə iddiaçının hesab vərəqəsinə ##.##.2019-cu il tarixdə FŞGV2019 Cari (arayış) işlənmişdir. İddiaçı tərəfindən 2019-cu il FŞGV bəyannaməsi təqdim edilmədiyi halda ##.##.2019-cu il tarixdə kimsə saxta bir imza ilə * saylı Ərazi Vergilər Baş İdarəsinə arayış formasında bəyannamə təqdim etmişdir və dərhal bu bəyannaməyə Kameral vergi yoxlaması aparılmışdır. Artıq ödəmə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının bank hesabına qoyulmuş sərəncam nəticəsində qanunsuz və əsassız olaraq bank hesabından silinmişdir. 2019-cu il Gəlir vergisi cari bəyannaməsinə əsasən keçirilən kameral vergi yoxlaması və göstərilən səbəblər tamamilə əsassızdır. Belə ki, qeyd edilən bəyannamə iddiaçı tərəfindən göndərilməmişdir, iddiaçının əvəzindən ona aid olmayan imza ilə arayış təqdim edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ### 2021-ci il tarixli, **************** nömrəli qəranın ləğv edilməsi ilə əlaqədar Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli Qərarı ilə * saylı Ərazi Baş Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ### 2021-ci il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir. Həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023cü il tarixli Qərarı ilə apellyasiya instansiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Artıq ödəmənin qaytarılmasından imtina barədə cavabdeh inzibati orqanın dəlilləri formal mülahizələrə əsaslanmaqla sırf deklarativ və konkret olmayan xarakter daşıdığından əsassızdır.

6. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilərək, ##.##.2019-cu il tarixli ərizəsinə əsasən 6088.67 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə və artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmasının gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi ##.##.2019-cu il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizini ödənilməsi barədə rəylərin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən hər hansı səbəbə görə artıq ödənilmiş və ya vergi orqanı tərəfindən artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması mexanizmini təsbit etmişdir. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırki mübahisə iddiaçı İddiaçı tərəfindən artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmasının gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi ##.##.2019-cu il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizini ödənilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin verginin hesablanması yaxud yenidən hesablanması barədə iddiaçıya heç bir əsaslandırma olmadan sadəcə olaraq bildiriş göndərməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçıların müraciətinə formal olaraq yalnız qanunvericiliyin normalarının sadalanması ilə verilən cavab inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın işin hallarının hərtərəfli araşdırılması vəzifəsini müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Bundan başqa, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi tarixdə iddiaçının ##.##.2019-cu il tarixə 6088,67 manat artıq ödəməsi mövcud olmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı ##.##.2019-cu il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, vergi ödəyicisi qismində çıxış edən iddiaçı gecikdirilmiş hər gün üçün 6088,67 manat məbləğin 0,1% məbləğində faiz borcunu tələb etmək hüququna malikdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, S.Həsənov və T.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi vergi ödəyicisinin artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı müraciətinin Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun təqdim edilməməsi, xüsusilə müəyyən olunmuş ərizə formasına riayət olunmaması və tələb olunan məlumatların göstərilməməsi hallarına düzgün hüquqi qiymət verməmişdir. Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş məbləğin qaytarılması barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtında müraciət edilmədiyindən, artıq ödənişin qaytarılmasının gecikdirilməsi vergi orqanının hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nın 6.3-cü bəndində qeyd olunmuşdur ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin və ya sığortaedənin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Vergi Məcəlləsi: Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; ... Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3 Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları Bənd 1. Ümumi müddəalar Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları 2.1 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Bənd 3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Bənd 4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: ... 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. ... 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Bənd 6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı şəxsi hesab vərəqəsində mövcud olan 6088.67 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması və rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmasının gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi ##.##.2019-cu il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizini ödənilməsi ilə bağlıdır.

23. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir.

24. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” ## ###### 2011-ci il tarixli Qərarı).

25. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçı tərəfindən edilmiş müraciətə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması kimi formal əsaslarla cavab verilməsi inzibati orqan tərəfindən həmin müraciət üzrə lazımi inzibati icraatın aparılmadığını və “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Cavabdehin istinad etdiyi çatışmazlıqlar inzibati orqanın yardım etmək vəzifəsi çərçivəsində aradan qaldırılmalı olduğu halda, həmin hallar müraciətin baxılmasından imtina üçün əsas kimi qəbul edilə bilməz.

26. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının müraciət etdiyi ##.##.2019-cu il tarixə şəxsi hesab vərəqəsinə əsasən 6088.67 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. İddiaçı cavabdehə “artıq ödənilmiş vergilərin geri qaytarılması” barədə ərizə ilə müraciət etmiş, ərizədə vergi ödəyicisinin adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı, yaranma tarixi, səbəbi və məbləği tam olaraq qeyd edilmiş, ərizə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmişdir.

27. Bu halda vergi orqanı tərəfindən artıq ödənilmiş məbləğin qaytarılması barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq tədbirlərin görülməməsi inzibati orqanın üzərinə düşən vəzifələrin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən vergi ödəyicisinin yazılı müraciətindən sonra artıq ödənilmiş məbləğin 45 gün müddətində qaytarılması təmin edilmədiyi halda gecikdirilmiş hər gün üçün müvafiq məbləğin 0,1 faizi həcmində faiz ödənilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslı olmuşdur.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsindən imtina edilməsi qanunsuz olmuş, bununla iddiaçının hüquqları pozulmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar