Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3822/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Hümbətov İlham Qərib oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Hümbətov İlham Qərib oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. Hümbətov İlham Qərib oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – R.Tağıyeva).
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Mamedov, hakimlər – A.Bayramov, A.İsgəndərova).
5. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı barəsində sonuncu verilmiş ##.##.2024-cü il tarixli tibbi göndəriş - Forma 88 haqqında məlumatda olan həkim müayinəsinin nəticəsində iddiaçıya “A16.0 Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. (Müayinə tarixi ##.##.2023) - A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sol ağciyərin fibroz kavernoz vərəmi, iltihab mərhələsində. Tənəffüs çatmamazlığı II dərəcə. (Müayinə tarixi ##.##.2023)” diaqnozları qoyulmuşdur.
6. Bundan əlavə, məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və onun nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 Xəstəliklər İnstitutu” publik hüquqi şəxsinin məhkəmə kollegiyasına ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda müayinələrdən sonra Hümbətov İlham Qərib oğluna “Sağ ağciyərin fibroz-kavernoz vərəmi, stabilləşmə mərhələsi. Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu. AXOX, orta ağır gedişli” diaqnozu qoyulması qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 1.1.6. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi” XBT- 10 kodu “A15” kimi təsbit olunmuş və həmin Əlavənin 1.1.6. bəndin 1.1.6.2. yarımbəndinə əsasən “IIB-III dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Yuxarıda göstərilən hallardan və normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır.
8. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, əlilliyin hansı müddətə təyin edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə əsaslanmış və iddiaçının 2007-ci ildən başlayaraq fasiləsiz olaraq 2021-ci ilə qədər, yəni 14 il müddətində II dərəcəli əlil olduğunu nəzərə alaraq iddiaçıya müddətsiz əlillik təyin edilməli olduğu qənaətinə gəlmişdir.
9. Bundan başqa, əlilliyin səbəbinə münasibətdə isə işdə olan ##.##.1989-cu il tarixli X2 görünür ki, “Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” diaqnozun səbəb əlaqəsi-Hərbi xidmət dövründə alınmışdır kimi müəyyən edilmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
15. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. 16.İddiaçıda olan xəstəliklərin əlilliyin təyinatına əsas verməməsi ilə bağlı qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli; 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli; *-*(***)- ****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. 17.Bundan başqa, Ali Məhkəmənin bir çox qərarlarında “diskresion səlahiyyət” ilə bağlı arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur. 18.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. 19.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. 20.Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 21.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.