Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3823/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2008-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir.
2. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş “Zəngilan rayonunda olan Qarabağ müharibəsi əlillərinin Siyahısı”nda iddiaçının adı 136-cı sırada qeyd edilmiş, həmin Siyahı Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2014-cü il tarixli, *** nömrəli məktubla Üçüncü şəxs göndərilmişdir.
3. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən Üçüncü şəxs göndərilmiş ##.##.2017ci il tarixli, *** nömrəli məktubda qeyd edilmişdir ki, Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin məskunlaşdığı rayonlar üzrə Siyahısı nazirliyə göndərilmiş, həmçinin əlavələr olunmuş və yenilənmiş Siyahı da ##.##.2017-ci il tarixinə nazirliyə təqdim edilir. Həmin Siyahıda iddiaçı 354-cü sırada 5 nəfər ailə tərkibi ilə mənzil növbəsində olan şəxslər sırasında qalmaqda davam edir.
4. İddiaçı mənzillə təmin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələnin həllinin səlahiyyətləri xaricində olduğunu əsas gətirərək, iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məktublarda qeyd edilmişdir ki, imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli, *** nömrəli və ##.##.2021-ci il tarixli, **** nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış digər şəxslərlə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında iddiaçının adı qeyd edilməmişdir. Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi dörd nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsi siyahısında Xətai rayon sakini kimi nəzərə alınaraq, Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Zəngilan rayon İcra Hakimiyyətində ikinci dərəcə müharibə əlili kimi mənzil növbəsi siyahısında 136-cı sırada olmuşdur. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən Zəngilan rayonundan olan Qarabağ müharibəsi əlillərinin siyahısı Üçüncü şəxs göndərilmişdir. Lakin iddiaçı ikinci qrup müharibə əlil kimi 2012-ci ildən bu günə qədər mənzillə təmin olunmamışdır.
8. Cavabdeh iddiaya qarşı etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Həmid Ağalarov) ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzillə təmin edilmə müəyyən zaman çərçivəsində baş verən prosesdir və qüvvədə olan qanunvericilik normalarına görə, şəxs əvvəlcə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalı, bundan sonra cavabdeh orqan tərəfindən mənzillə təmin edilməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi də eyni qaydalar çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçı Xətai rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmədiyindən (işin mübahisəsiz halıdır), onun Xətai rayon sakini kimi Bakı şəhərində mənzillə təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ona mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, onun Bakı şəhəri ərazisində 5 nəfər ailə tərkibində mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni quldur dəstələri tərəfindən zəbt olunmuşdur. Ərazi işğal zonasına daxil olduğu üçün “mənzil fondu” olmamış, mənzilə ehtiyacı olan şəxslərin uçotları sərəncamlar əsasında deyil, adlı siyahılara əsasən aparılmış və Üçüncü şəxs ##.##.2014cü il tarixli, **/**-*** nömrəli məktubuna əsasən yaşayış sahələri ilə təmin olunmaları üçün qeyd olunan mərkəzi icra hakimiyyəti orqanına göndərilmişdir. O cümlədən, Siyahıda 354cü şəxs kimi qeydiyyatdan keçən iddiaçının adı Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na, Mənzil Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin Siyahısına daxil edilmiş və ##.##.2014-cü il tarixdə *** nömrəli və ##.##.2017-ci il tarixdə *** nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və İkram Şirinov) ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş və iddiaçının 5 nəfər ailə tərkibində Bakı şəhəri ərazisində mənzillə təmin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai rayonunda qeydiyyatsız yaşayan iddiaçının, Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınıb Siyahıya salındığı və onun adının da təsbit olunduğu həmin Siyahı(lar)nın, on(lar)da göstərilən şəxslərin mənzillə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərildiyi sübuta yetirilir və cavabdeh tərəfin bunun əksini sübuta yetirə bilən heç bir dəlili-sübutu mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndində, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının mənzillə təmin olunma barədə müraciətinə məsələnin nazirliyin səlahiyyətləri xaricində olduğu bildirilməklə, dolayısı ilə onun ərizəsinin təmin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və Sərvər Vəliyev) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınıb Siyahıya salınması halından çıxış etmişdir. Məhkəmə kollegiyası cavabdehin o mövqeyi ilə razılaşır ki, iddiaçının müharibə əlili kimi mənzillə təmin olunması üçün ilk növbədə, onun imtiyazlı əsaslarla mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi müvafiq icra hakimiyyəti tərəfindən mənzil uçotuna alınması barədə qəbul edilmiş inzibati akt - sərəncam olmalıdır. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının imtiyazlı əsaslarla (müharibə əlili kimi) mənzil növbəsinə götürülməsi barədə belə bir inzibati akt – sərəncam qəbul edilməmişdir (bu hal işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə ki, Zəngilan rayon İcra Hakimiyyəti apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı ##.##.2024-cü il tarixli məktubda qeyd etmişdir ki, ərazi işğal zonasına daxil olduğu üçün mənzil fondu olmamış, mənzilə ehtiyacı olan şəxslərin uçotu sərəncam əsasında deyil, adlı siyahılara əsasən aparılmışdır). Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan iddia tələbini təmin etmişdir. Qeyd edilməlidir ki, müvafiq sərəncamın olmaması birmənalı olaraq iddiaçının mənzillə təmin edilməməsi nəticəsinə gəlməyə də əsas vermir. İcra hakimiyyətinin müvafiq siyahısında olan digər şəxslər müvafiq sərəncam olmadan mənzillə təmin edilibsə, bu halda, iddiaçı etimadın qorunması hüququna istinad etməyə, yəni inzibati orqandan ona münasibətdə də eyni mühüm faktiki hallara malik olan digər şəxslərlə davrandığı kimi davranmağı tələb etməyə haqlıdır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən siyahıdakı digər şəxslərin mənzillə təmin edilibedilmədiyi, müsbət halda, hansı hüquqi sənədlərə əsasən təmin edildiyi araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq yuxarıda qeyd olunan prinsipləri rəhbər tutmaqla iddia tələbinə hüquqi qiymət verməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası cavabdehin “iddiaçının atasının mənzillə təmin edilməsi zamanı iddiaçının özünün ailə üzvü kimi nəzərə alınması” dəlilinə münasibətdə qeyd edir ki, icra hakimiyyətinin təqdim etdiyi siyahıda iddiaçının atası və özü ayrı-ayrılıqda uçota alındığından, iddiaçının atasının mənzillə təmin edilməsi, hazırkı halda iddiaçının mənzillə təmin edilmə barədə tələb irəli sürmək hüququnu istisna etmir. Əlavə olaraq, məhkəmə kollegiyası iddiaçının məhz, Xətai rayon sakini kimi nəzərə alınaraq Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, mənzilin yerləşmə yerinin seçilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir. Nəzərə almaq lazımdır ki, dövlətin sosial dövlət prinsipindən irəli gələn müəyyən kateqoriyaya aid şəxsləri mənzillə təmin etmək öhdəliyinin icrası sosial ədalətin təmin edilməsi məqsədinə yönəlsə də, dövlətin maliyyə imkanları ilə sıx bağlı olan məsələdir. Bu zaman məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsinin qarşısı alınmalıdır. Odur ki, müvafiq sahədəki idarəçiliyi həyata keçirən orqanlar, konkret şəraitdə mənzil təminatı məsələsini həll edərkən diskresion səlahiyyətlərə malik olurlar. Buna görə də, kollegiya hesab edir ki, hazırkı halda məhkəmə yalnız iddiaçının mənzillə təmin edilməli olub-olmaması məsələsini qiymətləndirə bilər. Məhkəmə iddiaçının mənzillə təmin edilməli olması ilə bağlı müsbət nəticəyə gəldikdə, həmin məhkəmə qərarının icrası zamanı mənzilin yerləşmə yerinin seçilməsi, cavabdehin diskresion səlahiyyətləri çərçivəsində həllini tapacaqdır. Bununla belə, iddiaçı mənzilin yerləşmə yerindən narazı olduğu halda, təkrar məhkəməyə müraciət etməklə, cavabdehin diskresion səlahiyyətlərindən düzgün istifadə edib-etməməsinin qiymətləndirilməsini tələb edə bilər.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, onun Bakı şəhəri Səbail rayonu və ya Xətai rayonu ərazisində 5 nəfər ailə tərkibində mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Elşən Kazımov və Ceyhun Məmmədov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçının 5 nəfər ailə tərkibi ilə mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparılmışdır. Məhkəmənin sorğusuna verilən cavab məktubu və sənədlərdən görünür ki, Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş imtiyazlı şəxslərin siyahısında adları qeyd olunan şəxslərdən X2 (şəhid ailəsi kimi) və X1 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi) məhkəmə qərarlarına əsasən mənzillə təmin olunmuşlar. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X2 rayonu, Yeni yaşayış kompleksində, X1 isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yaşayış kompleksində mənzillə təmin olunmuşlar. Məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qeyd olunan siyahıya adları daxil edildiyindən, həmin şəxslərin mənzilə ehtiyacı olan imtiyazlı şəxs kimi uçota alındığı və bu səbəbdən onların mənzillə təmin olunmaq hüququna malik olmaları müəyyən edilmişdir. X2 iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 21-22-ci bəndlərində qeyd olunur ki, Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən Zəngilan rayonu üzrə qeydiyyatda olan imtiyazlı şəxslərin siyahısında X2 şəhid ailəsi kimi mənzilə ehtiyacı olan şəxs kimi uçota alınmışdır və onun müvafiq Sərəncamdan irəli gələn öhdəliyin icrası ilə bağlı hazırkı məzmunda tələb hüququ vardır. Göründüyü kimi, qeyd olunan Siyahıda adları olan şəxslərdən imtiyazlı şəxs kimi mənzilə ehtiyacı olan qismində müvafiq sərəncam olmadan mənzillə təmin olunan şəxslər vardır və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin Siyahı imtiyazlı şəxslərin mənzilə ehtiyacı olan şəxs qismində uçotu kimi qiymətləndirilmişdir. Bundan başqa, Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur ki, Zəngilan rayonu işğal zonasına daxil olduğu üçün mənzil fondu olmamış, mənzilə ehtiyacı olan şəxslərin uçotları sərəncamlar əsasında deyil, adlı siyahılara əsasən aparılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın hansı formada tərtib edilməsi inzibati orqanların səlahiyyətlərinə aiddir, bu, iddiaçının məsuliyyət sahəsinə aid olan məsələ deyildir. Hazırkı halda iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzilə ehtiyacı olan şəxs qismində uçota alınması məqsədi ilə inzibati orqana müraciət etmiş, inzibati orqan sərəncam qəbul etməmiş, bunun əvəzinə siyahı tərtib etməklə kifayətlənmiş və bunun səbəbini məhkəməyə ünvanladığı məktubda əsaslandırmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddia tələbinin Bakı şəhəri Səbail rayonu və ya Xətai rayonu ərazisində mənzillə təmin olunma hissəsi ilə əlaqədar qeyd edir ki, mənzilin yerləşmə yerinin seçilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir. İddiaçının mənzillə təmin edilməli olması ilə bağlı məhkəmə qərarının icrası zamanı mənzilin yerləşmə yerinin seçilməsi cavabdehin diskresion səlahiyyətləri çərçivəsində həllini tapacaqdır. İddiaçı mənzilin yerləşmə yerindən narazı olduğu halda, təkrar məhkəməyə müraciət etməklə, cavabdehin diskresion səlahiyyətlərindən düzgün istifadə edib-etməməsinin qiymətləndirilməsini tələb edə bilər. Ona görə də qeyd olunan hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.
26. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## #### tarixli, *** nömrəli Sərəncamı
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Agentlik Üçüncü şəxs (bundan sonra– Nazirlik) tabeliyində fəaliyyət göstərir. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtinasının dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi 5 nəfər ailə tərkibi ilə mənzillə təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, inzibati orqanın qərarı mahiyyət etibarı ilə onun səlahiyyətinə aid olan məsələnin həllinə və ya tənzimlənməsinə yönələn iradə ifadəsindən ibarətdir. Bu mənada inzibati orqanın iradəsi yalnız konkret ifadə forması üzərindən deyil, onun davranışının məzmunu və məqsədi üzərindən də müəyyən edilə və qiymətləndirilə bilər. Başqa sözlə, bu və ya digər məsələ ilə bağlı inzibati orqan tərəfindən hər hansı qərarın qəbul edilmədiyi və ya tələb olunan formada qəbul edilmədiyi, lakin onun davranış tərzindən həmin məsələ barədə inzibati orqanın iradəsini və bu iradənin yönəldiyi məqsədi müəyyən etməyin mümkün olduğu hallarda, həlledici əhəmiyyət kəsb edən müəyyən olunan iradənin mövcudluğu və məzmunudur.
37. Hazırkı mübahisəyə münasibətdə icra hakimiyyəti orqanı tərəfindən iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə qərar qəbul olunmasa da, onun bu kateqoriyadan olan şəxslərin siyahısını tərtib etməsi, iddiaçını da həmin siyahıya daxil etməsi və siyahıya daxil edilmiş şəxslərin müvafiq yaşayış sahəsi ilə təmin olunması üçün səlahiyyətli orqan olan cavabdehə göndərməsi, məzmun və məqsəd baxımından iddiaçının (həmçinin siyahıda adı olan digər şəxslərin) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması üzrə iradəni ifadə edən davranış kimi qiymətləndirilməlidir. Yəni həmin davranışdan icra hakimiyyəti orqanının iradəsini və həmin iradənin hansı məqsədə yönəldiyini müəyyən etmək mümkündür və bu şəkildə ifadə olunmuş iradə qəbul olunmalıdır.
38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.