Məhkəmə qərarları › İş №2-1(102)-3827/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3827/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3827/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimənin təyin edilməsinin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı aylıq müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF), DSMF X4 Ərazi Filialına qarşı «iddiaçıya istehsalat qəzası nəticəsində aldığı xəsarətlə bağlı təyin olunmuş müavinətin tam həcmdə ödənilməsi» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır.

2. İddiaçı məhkəmə icraatının gedişində məhkəməyə (məhkəmənin tövsiyəsi ilə) «cavabdehin və iddianın dəyişdirilməsi barədə» əlavə ərizə təqdim etmiş və tək cavabdeh qismində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin «istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı aylıq müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin # #### 2022-ci il tarixli qərardadı ilə cavabdeh dəyişdirilmiş (əvəz edilmiş) və iddianın dəyişdirilməsi qəbul olunmuşdur.

3. Şəki İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, # ####### 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin # ####### 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş (iddiaçı müavinətin 2010-cu ildən ödənilməsini tələb edirdi) və iddiaçıya # #### 2019-cu il tarixdən başlayaraq, istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulmuşdur.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Şəki İnzibati Məhkəməsinin # ###### 2024-cü il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli qərarının surəti (nüsxəsi) icra olunması cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir.

7. İddiaçı İddiaçı ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək, *- *(***)-**/**** saylı iş üzrə ## #### 2023-cü il tarixli məhkəmə qərarına izah verilməsini xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli qərarı ilə izah barədə ərizə təmin edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı Şəki İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən ## #### 2023-cü il tarixli qərarının icra olunmadığını bildirmiş və onun icrası ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, aldığı xəsarətə görə iddiaçıya 768,37 manat pul vəsaiti ödənilmiş, lakin 2010-cu ilin yanvar ayında ödəniş dayandırılmışdır. O, müavinətin bərpa edilməsi ilə bağlı DSMF-yə müraciət etsə də, məsələnin müsbət həlli təmin olunmamışdır. İddiaçının müvafiq iddiası Şəki İnzibati Məhkəməsi tərəfindən təmin olunmasa da, Şəki Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və müvafiq müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərarın icrası ilə bağlı cavabdehin iddiaçıya ünvanlanmış ## #### 2024-cü il tarixli məktubunda ona ümumilikdə 7.810,06 manat müavinət hesablandığı, həmin məbləğin 2.050,84 manat hissəsinin ödənildiyi, qalan 5.759,22 manat hissəsinin isə cari ilin sonunadək aylıq müavinətə əlavə olunmaqla ödəniləcəyi bildirilmişdir. İddiaçı həmin məbləğlə razılaşmır və hesab edir ki, ona hər ay 768,37 manat olmaqla 2019 – 2023-cü illər ərzində ümumilikdə 45.990 manat vəsait ödənilməli və həmin tarixdən sonrakı dövr üzrə qeyd olunan məbləğdə ödəniş davam etdirilməlidir.

11. Şəki İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin ## #### 2023-cü il tarixli qərarında məhkəmə kollegiyası istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsinin və bununla bağlı hüquqi varislik məsələsinin tam şəkildə tənzimlənmədiyini və bu səbəbdən də (X1 özəlləşdirilməsi tam həyata keçirilməmişdir) hazırkı mübahisəyə münasibətdə oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydasını tənzimləyən Nazirlər Kabinetinin # ###### 2003-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.7 və 3.8-ci bəndlərinin ## #### 2010-cu il tarixədək qüvvədə olan redaksiyada tələblərinin tətbiq olunmalı olduğunu vurğulamışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. Ali Məhkəmənin Şəki Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə ## ###### 2023-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Göründüyü kimi, apellyasiya və kassasiya instansiyaları məhkəmələri öz qərarlarında iddiaçı İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq ödənc üzrə yeni təyinat aparılmasını deyil, əvvəllər 768,37 manat məbləğində aylıq ödənilmiş pul vəsaitinin həyata keçirilməsini nəzərdə tutmuşlar.

13. Cavabdeh Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və iddiaçının qərarın icra olunması ilə bağlı ərizəsinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.V.Kərimov) 2025-ci il ## ######## tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının 43-cü bəndində də qeyd olunmuşdur ki, əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Göründüyü kimi, məhkəmələr iddiaçıya sağlamlığına dəymiş zərərə görə dayandırılmış ödənişin cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il müddət nəzərə alınmaqla cavabdeh tərəfindən bərpa edilməsi qənaətinə gəlmiş, lakin, apellyasiya məhkəməsinin ## #### 2023-cü il tarixli məhkəmə qərarının icrası məhkəmənin xəbərdarlığına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən tam təmin edilməmiş və bunun nəticəsində iddiaçının əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququ məhdudlaşdırılmışdır.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli 2- *(***)-**/**** nömrəli qərarının ona ##.##.2019cu il tarixindən ##.##.2023-cü il tarixinədək olan dövr ərzində ümumilikdə 45.990 manat məbləğində müavinətin ödənilməsi və ondan sonrakı tarixdən hal-hazıradək hər ay 768,37 manat məbləğində müavinətin ödənilməsi kimi icra edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının (bundan sonra-Qaydalar) 3-cü bəndinin ##.##.2022-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat, peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat, peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat, peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat, həlak olduqda – 77 manat məbləğində aylıq müavinət verilirdi. Sözügedən Qaydaların 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinin ##.##.2022-ci il tarixindən qüvvədə olan tələblərinə əsasən isə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə ödəncin əvəzinə verilən aylıq müavinətin məbləği minimum aylıq əməkhaqqının peşə əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq müavinətin məbləği isə minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunmuşdur. İddiaçı İddiaçı ##.##.2019cu il tarixindən ##.##.2021-ci il tarixinədək aylıq məbləği 66,00 manat (qanunvericiliklə müəyyən edilmiş məbləğdə), ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixinədək aylıq məbləği 240,00 manat (minimum əmək haqqının 80% məbləğində - 300x80%), ##.##.2023-cü il tarixindən isə aylıq məbləği 276,00 manat (minimum əmək haqqının - 345x80%) olmaqla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödənc əvəzinə verilən aylıq müavinət təyin edilmişdir və ödənişi həyata keçirilir. İddiaçıya təyin olunmuş müavinət işi üzrə hesablanmış 7810,06 manat fərq məbləği ##.##.2024-cü il tarixinədək Mərkəzi Filial tərəfindən aylıq müavinət məbləğinin üzərinə hissə-hissə əlavə olunaraq ödənilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarının nəticə hissəsində cavabdehin üzərinə iddiaçının tələb etdiyi ödənişin dayandırılmasının bərpa edilməsi deyil, birbaşa olaraq ##.##.2019-cu il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

18. Həmçinin sözügedən qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunmuşdur. Buna baxmayaraq həm birinci instansiya, həm apellyasiya instansiya məhkəməsi əsassız olaraq Ali Məhkəmənin müvafiq qərarda qeyd etdiyi “iddiaçının əmək əsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə ödənişi dayandırılmış ödəncin cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə haqlı sayılmalı olduğununa” istinad etmiş və nəticədə cavabdehin qərarı tam icra etmədiyinə görə onun 500 manat məbləğində cərimələnməsi barədə qərardad qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında iddiaçının ödənişin həyata keçirilməsini tələb etməkdə haqlı sayılmalı olduğunu qeyd etməsi Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarının nəticə hissəsini dəyişdirməmiş, həmçinin yuxarıda da qeyd edildiyi kimi həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Bundan əlavə işə mahiyyəti üzrə baxılan zaman ərizəçi İddiaçı 2003-cü il # ###### tarixli * nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın ##.##.2010-cu il tarixinə qədər qüvvədə olmuş qərarın 3.7 və 3.8-ci bəndlərinə əhatə olunan subyektlər dairəsinə aid olmaması, yəni, Ermənistan Respublikasının ərazisində olan hər hansı bir müəssisədə əmək zədəsi almış qaçqın statusuna malik olan və ya keçmiş iqtisadi sistemin məhsulu olan kolxoz və sovxozlarda işləyərkən əmək zədəsi almış şəxs olmaması işin mübahisəsiz halı olmaqla qeyd edilən normalarda göstərilmiş sosial həssas qrupa aid olan şəxslər arasında qeyri-bərabərliyin olmasına, onları eyniləşdirməklə 768,37 manat məbləğində aylıq ödənilmiş pul vəsaitinin həyata keçirilməsi maddi hüquq normaları ilə yanaşı prioritet normaların, yəni konstitsion prinsiplərin tələblərinin pozulmasına gətirib çıxaracaqdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1.1. İcra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin olunmamalıdır.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir

26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməsindən ibarətdir.

27. Belə ki, iddiaçı İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı aylıq müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi» tələbi ilə məhkəməyə müraiət etmiş, Şəki İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, # ####### 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin # ####### 2022ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş (iddiaçı müavinətin 2010-cu ildən ödənilməsini tələb edirdi) və iddiaçıya # #### 2019-cu il tarixdən başlayaraq, istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəmə qərarının icra olunduğunu, iddiaçı İddiaçı # #### 2019cu il tarixdən

28. ## ###### 2021-ci il tarixədək aylıq məbləği 66 manat (qanunvericiliklə müəyyən edilmiş məbləğdə), # ###### 2022-ci il tarixdən 3# ###### 2022-ci il tarixədək aylıq məbləği 240 manat (minimum əmək haqqının 80%-i məbləğində, 300 manat x 80%), # ###### 2023-cü il tarixdən isə aylıq məbləği 276 manat (minimum əmək haqqının 80%i məbləğində, 345 manat x 80%) olmaqla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə ödənc əvəzinə aylıq müavinət təyin edildiyini və ödənişin həyata keçirildiyini və iddiaçıya təyin olunmuş müavinət işi üzrə hesablanmış 7.810,06 manat fərq məbləğinin ## ###### 2024-cü il tarixədək Mərkəzi Filial tərəfindən aylıq müavinət məbləğinin üzərinə hissə-hissə əlavə olunaraq ödənilditini bildirmişdir.

29. Aşağı instansiya məhkəmələri isə cavabdehin məhkəmə qərarını icra etmədiyini əsas gətirərək 500 (beş yüz) manat miqdarında cərimə edilməli olması qənətinə gəlmişlər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl mədənində işləyən zaman ##.##.1976-cı il tarixdə yeraltı mədəndə uçqun zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona 2-ci qrup əlillik dərəcəsi verilmiş, aldığı əmək haqqı müqabilində 768 manat pensiya təyin edilmiş və həmin pensiya üzrə ödənişlər 2010-cu ilin yanvar ayınadək ödənilmişdir. Həmçinin, qeyd olunan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının 43-cü bəndində də qeyd olunmuşdur ki, əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Göründüyü kimi, məhkəmələr iddiaçıya sağlamlığına dəymiş zərərə görə dayandırılmış ödənişin cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il müddət nəzərə alınmaqla cavabdeh tərəfindən bərpa edilməsi qənaətinə gəlmiş, lakin, apellyasiya məhkəməsinin ## #### 2023-cü il tarixli məhkəmə qərarının icrası məhkəmənin xəbərdarlığına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən tam təmin edilməmiş və bunun nəticəsində iddiaçının əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququ məhdudlaşdırılmışdır.

30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli sözügedən qərarında dayandırılmış müavinətin bərpa edilməsininin qeyd olunması həmin müavinətin əvvəlki məbləğdə bərpa edilməsi anlamına gəlmir.

31. Nəzərə alınmalıdır ki, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli qərarı ilə cavabdehin üzərinə “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi qoyulmuşdur. Başqa sözlə, apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi kimi, əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, dayandırılmış 768 manat məbləğində ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsi ilə bağlı cavabdehin üzərinə hər hansı vəzifə qoyulmamışdır.

32. Kollegiya bunla bağlı xüsusilə qeyd edir ki, Ali Məhkəmənin bu Qərarın 30-cu bəndində istinad olunan qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

33. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarlarında iddiaçıya münasibətdə Nazirlər Kabinetinin # ###### 2003-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.7 və 3.8-ci bəndlərinin müvafiq dövrdə qüvvədə olmuş tələblərinin tətbiqi qeyd edilmişdir.

34. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə də razılaşmayan Kollegiya bildirir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin məhkəmə qərarları düzgün təhlil olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.11ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların ##.##.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

35. Göründüyü kimi, sözügedən qərarda qeyd edilən 2003-cü il # ###### tarixli * nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın ##.##.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə istinad edilməsində əsas məqsəd cavabdeh subyektlər dairəsində olan natamamlığı aradan qaldırılmaqla cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun üzərinə öhdəlik qoymaqdan ibarət olmuşdur.

36. Nəticə etibarı ilə Şəki Apellyasiya Məhkəməsi cavabdehə 500 manat məbləğində cərimənin təyin edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlamaqda haqlı sayıla bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ***/**** nömrəli nömrəli qərardadı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və ərizə rədd edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilməsin Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar