Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3830/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ##.##.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, *** nömrəli qərarda “Budun çanaq nahiyəsinin və onurğa sütununun travması” diaqnozunun səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. Iddiaçının əlillik vəziyyəti ilkin olaraq ##.##.2015-ci il tarixdə qiymətləndirilmiş və “Budun çanaq nahiyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12-S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir.
3. Iddiaçının əlillik vəziyyəti ##.##.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və “Budun çanaq nahiyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12- S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir.
4. Iddiaçının əlillik vəziyyəti növbəti dəfə ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və “Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar; Bud-çanaq nahiyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri. L4-L5 və L5-S1 fəqərəarası disklərin protruziyası. TH12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 vəsiyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6.0x7.0). Dayaq-hərəkət və yeriş funksiyasının pozulması, daimi davamlı ağrı sindromu ilə. Iki tərəfli bel-oma redikulit. Asteno-nevrotik hal. Xroniki hepatosteatoz” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
5. Iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən ##.##.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri”; Ağırlaşma – “M51.1 Bel və digər şöbələrin fərəqəarası disklərinin radikulopatiya ilə, L4- L5 və L5-S1m fəqərəarası diskin protruziyası. Th12, S1 fəqərələrinin hemangioması. L1- S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 səviyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6,0x7,0); Ağırlaşma – “R26 Hərəkətin və yerişin pozulmaları, Dayaq-hərəkət və yeriş funksiyasının pozulması”; Ağırlaşma– “R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi ağrı sindromu ilə”. Həmin göndərişdən görünür ki, iddiaçı “S74.1 Bud sinirinin bud çanaq oynağı və bud səviyyəsində travması” diaqnozu üzrə ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək və ##.##.1993-cü il tarixdə X3, ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək, ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək, ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək Gəncə Birləşmiş Xəstəxanasında, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək və ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Müharibə Veteranları Respublika Xəstəxanasında, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri” diaqnozu üzrə ##.##.2022-ci il tarixdə Gürcüstan Universiteti Klinikasında stasionar müalicələr almışdır.
6. Iddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və “Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud çanaq nahiyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
7. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə ##.##.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə *********** nömrəli qərar qəbul edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1992-ci il tarixdə hərbi xidmət dövründə Qarabağ müharibəsində döyüşlərə qatılmışdır. 1992-ci ildə döyüş müddətində iki dəfə ağır yaralanmışdır. Qubadlı rayon Xanlıq kəndində 1 ay hərbi xəstəxanada müayinə və müalicə olunmuşdur. Bakı şəhərində Daxili Işlər Nazirliyinin Hospitalında (Ayna Sultanova) və 3 ay Bayıl qəsəbəsində yerləşən xəstəxanada müalicə almışdır. Hərbi xəstəxanada yaralanması ilə bağlı sənədlərini Bərdə rayon ** saylı tibbi sosial ekspertiza komissiyasına təqdim etmişdir. Ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin ona təyin olunan əlillik müddəti qurtardıqdan sonra növbəti əlillik təyin olunmamışdır. Ona 2004-cü ildən 2009-cu ilə qədər III qrup, 2009-cu ildən 2021-ci ilə qədər olan müddət ərzində isə II dərəcəli əlillik təyin edilmişdir. Dəfələrlə Forma 088 ilə əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına sənədlərinin göndərilməsinə baxmayaraq, ona əlillik təyin olunmasından əsassız imtina edilmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin *******AALJ* nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2014-cü il tarixli, *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Budun çanaq nahiyəsinin və onurğa sütununun travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısı, sağ ayağa irradiasiya edən bel ağrısından şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda reflekslər canlı çağırılmış, əzələ inkişafı bərabər, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Hal-hazırda medikamentoz preparat qəbul etmədiyini, ağrı zamanı “Diklofenak” qəbul etdiyini bildirmişdir. X4 ##.##.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Sağda xroniki dönəm L4-5 radikulopatiyanı düşündürməkdədir” kimi qeyd olunmuşdur. Kliniki-Tibbi Mərkəzin ##.##.2022-ci il tarixli Onurğa sütunu bel və oma nahiyəsinin KT müayinəsinin nəticəsində əlillik təyinatına əsas verən dəyişikliklər aşkarlanmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
11. Gəncə Inzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, “xxxx” X1 ##.##.2024-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin stasionarda kliniki, anamnestik, laborator instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və proqnozu qənaətbəxş olmuşdur. SN-nin “xxxx” PHŞ müalicə müəssisəsi olmadığından, onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin qərardadın 2-ci bəndində diaqnozda qeyd edilən patologiyalardan İddiaçı ##.##.2023-cü il tarixdə MRT müayinəsində “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyası, Th12, S1 fəqərələrinin hemangioması, L1-S1 fəqərəarası diskin Şmorl düyünləri, L1-S1 fəqərələrin degenerativ dəyişikliyi aşkar edilmiş, digər patologiyalar ##.##.2022-ci il tarixdə DTSERA-da onun əyani müayinəsində (hər iki aşağı ətrafda reflekslər canlı çağrılmış, əzələ inkişafi bərabər olmuş, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş) qeyd edilmişdir.
12. Gəncə Inzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ##.##.2022-ci il tarixdən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Cavabdehn üzərinə qoyulmuş, iddia əlilliyin müddətsiz təyin edilməsi hissəsində təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsinin əsaslandırması: 13.1. Iddiaçıya dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklərdən “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Iddiaçı iddia tələbində əlilliyin müddətsiz təyin olunmasını tələb etsə də, onun göndərişdə əks olunmuş “S74.1 Bud sinirinin bud çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” xəstəliyinin qiymətləndirməsi nəticəsində orqanizminin funksiyalarının pozulması müddəti 1 il müəyyən edilmişdir. 13.2. Eyni zamanda, iddiaçının əlillik stajının (II dərəcəli əlillik üzrə 10 il, III dərəcəli əlillik üzrə 15 il ardıcıl və fasiləsiz əlillik təyin olunması halı) cəmi 6 il olması müəyyən edilməklə, bu hal ona əlilliyin müddətsiz təyin edilməsini istisna edir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və A.V.Isgəndərova) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə cavabdehin diskresion səlahiyyətinə müdaxilə etmişdir. Diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında– 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
23. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
6. Sinir sistemi xəstəlikləri 6.10. Bud-çanaq oynağı və bud səviyyəsində sinirlərin travması- S74 Qiymətləndirmə: 6.10.2. bud siniri– 40%- 1 il
24. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Iddiaçıya ##.##.2022-ci il tarixli göndərişdə əsas diaqnoz kimi “S74.1 - Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, bud-çanaq nahiyəsinin və onurğa sütununun travmasından sonrakı qalıq əlamətləri” göstərilib. Ağırlaşmalar kimi M51.1, R26 və R52 qeyd olunsa da, əliliyə əsas verən əsas diaqnoz S74.1 xəttidir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların Əlavəsində bu diaqnoz 6-cı bölmə - Sinir sistemi xəstəlikləri, 6.10-cu bənd – Bud-çanaq oynağı və bud səviyyəsində sinirlərin travması, S74 altında qiymətləndirilir. Iddiaçının göndərişində əks olunmuş “S74.1 Bud sinirinin bud çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” xəstəliyinin qiymətləndirməsi nəticəsində orqanizmin funksiyalarının 40 faiz aralığında, 1 il müddətə pozulması müəyyən edilir. Həmin bölmədə 6.10.2-ci yarımbənd “bud siniri” üçün 40 faiz və 1 il müddət nəzərdə tutur. Bu, həmin qərarın özündə də göstərilib. Rəsmi mənbədə də 6.10.2-ci yarımbənd üzrə “bud siniri – 40 faiz – 1 il” kimi göstərilir.
37. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
38. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
39. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.