Məhkəmə qərarları › İş №2-1(102)-3839/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3839/2025

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3839/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılov Anar Qiyas oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılov Anar Qiyas oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamına əsasən Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli qərarının icrası, eləcə də, fiziki şəxslərin mülkiyyətindəki binaların inventarlaşdırılması, qeydə alınması və əmlak vergisinə cəlb olunması işinin rayon ərazisində təşkili baxımından Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ## ###### 2001-ci il tarixli rəsmi müraciətində qaldırılan məsələ məqsədəuyğun hesab edilmişdir.

2. Reyestr nömrəsi *****, inventar nömrəsi 2036 olan qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayon İHB-nin ## ###### 2001-ci il tarixli *** saylı sərəncamına əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 25-ci məhəllə, ** saylı yaşayış evi İsmayılov Anar Qiyas oğlunun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

3. İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət edərək, mülkiyyətində olan fərdi tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. İddiaçı məhkəməyə müraciət edənə qədər cavabdeh tərəfindən onun müraciətinə cavab verilməmişdir.

4. Cavabdehin # #### 2025-ci il tarixli, *-**-*-**/*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İsmayılov Anar Qiyas oğlunun adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ***** reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi qeyd edilməmişdir, lakin reyestr kitabında ***** reyestr, 2336 inventar nömrəli qeydiyyat vəsiqəsinin ##.##.2002-ci il tarixdə qeydiyyata alındığı qeyd olunmuşdur. ##.##.2024-cü il tarixdə 1624004875 qeydiyyat nömrəsi ilə, ##.##.2024-cü il tarixdə 1624006123 qeydiyyat nömrəsi ilə İsmayılova Nəzakət Oqtay qızının müraciəti olmuşdur. Hər iki müraciətin icrasından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ***** reyestr nömrəli, inventar işi № **** olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25ci məhəllə

6. ünvanında yerləşən iddiaçıya məxsus fərdi ev Abşeron Rayonu İcra Hakimiyyətinin “Abşeron rayonu ərazisində tikilmiş və fiziki şəxslərin mülkiyyətində olan binaların inventarlaşdırılması, qeydiyyata alınması və əmlak vergisinə cəlb edilməsi” haqqında *** nömrəli, ## ###### 2001-ci il tarixli sərəncamı əsasında dövlət reyestrində qeydiyyata alınıb və bu barədə dövlət reyestrindən qeydiyyat vəsiqəsi, eləcə də evin sxemi və yerləşdiyi torpaq sahəsinin ümumi ərazisi təsvir olunan texniki pasport verilmişdir.

7. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin, eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin müraciət ərizəsinə əlavə edilmədiyi, müraciətə əlavə olunmuş sənədlərdə fərdi yaşayış evi bir mərtəbəli kimi göstərilsə də, faktiki vəziyyətdə 2 mərtəbəli və mansard olduğu, fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, sözügedən fərdi yaşayış evinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur.

8. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Axundova) iddia təmin edilmiş, reyestr nömrəsi *****, inventar işi № **** olan qeydiyyat vəsiqəsinə əsasən iddiaçı İsmayılov Anar Qiyas oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu mövcuddur və qeyd edilən texniki pasportda torpaq sahəsi barədə qeyd aparılmışdır. Cavabdehin imtinası fərdi yaşayış evi ilə bağlıdır. İddiaçının tələbi isə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlıdır. Sözügedən ünvan Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərlə müəyyən edilən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri daxilində yerləşmir. İsmayılova Nəzakət Oqtay qızı iddiaçının nümayəndəsidir. Göründüyü kimi cavabdehin imtinasının əsası yoxdur. İş üzrə təqdim edilmiş mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan tikilinin 0.003 ha hissəsinin ************ reyestr nömrəli çıxarışla sənəd üzrə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Torpaq sahəsinin texniki göstəricilərində sahəsi 0.0189 ha olaraq, müayinə aktında faktiki torpaq sahəsi 0.02165 ha olaraq qeyd edilmiş, müayinə aktında faktiki istifadədə olan tikilinin 0.003 ha hissəsinin başqa şəxsə məxsus torpaqla üst-üstə düşdüyü qeyd edilmişdir. İddiaçı həmin hissə ilə bağlı iddia ərizəsinə dəqiqləşmə verərək, üst-üstə düşən hissə üzrə iddianın həcmini azaltmışdır (0.02165 ha-0.003 ha=0.01865 ha).

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər İ.Quliyev – sədrlik edən, G.Cabbarova və V.Əzizova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, reyestr nömrəsi *****, inventar nömrəsi 2036 olan texniki pasportda tarix qeyd olunmamışdır. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda müvafiq texniki pasportun Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ###### 2001-ci il tarixli, *** nömrəli sərəncamı veriləndən sonra tərtib olunduğunu bildirmişdir. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir ki, ***** reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi qeyd edilməmişdir, lakin reyestr kitabında ***** reyestr, 2336 inventar nömrəli qeydiyyat vəsiqəsinin ##.##.2002-ci il tarixdə qeydiyyata alındığı qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Bu isə onu deməyə əsas verir ki, texniki pasportların mülkiyyət hüququ yaradan hüquq müəyyənedici sənəd qismində nəzərə alınması üçün iki əsas şərt qeyd olunmuşdur: 1) 2001-ci il ######ın #-dək tərtib olunmalıdır, 2) müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərilməlidir. Qeyd edildiyi kimi iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, iddiaçıya məxsus texniki pasport Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində qeyd olunan tələblərə uyğun olmadığından mülkiyyət hüququ yaradan sənəd qismində nəzərə alına bilməz.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

15. Kassator qeyd edir ki, mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi həyətyanı torpaq sahəsinə münasibətdə istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin tələbi baxımından, yəni həmin tələbə görə bu Qanun qüvvəyə minənədək (2004-cü ilin ## #### tarixinədək) əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin qeydiyyat üçün əsas sayılması baxımından, eləcə də Mülki Məcəllənin 135.10-cu maddəsinin tələbi baxımından (yəni həmin tələbə görə adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... (hazırda qüvvədə olan redaksiya) 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

(Azərbaycan Respublikasının Prezidentinin ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanı ilə edilən dəyişikliyə qədər qüvvədə olan redaksiya) 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamına əsasən qeydə alınmışdır. Həmin fərdi yaşayış evinə aid texniki pasportda tərtib edilmə tarixi göstərilməsə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamının tarixinə əsasən texniki pasportun tərtib edilməsi mütləq şəkildə ##.##.2001-ci ildən sonra həyata keçirilmişdir.

28. Cavabdeh tərəfindən təqdim edilən məlumatlardan da göründüyü kimi ***** reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi qeyd edilməmişdir, lakin reyestr kitabında ***** reyestr, 2336 inventar nömrəli qeydiyyat vəsiqəsinin ##.##.2002-ci il tarixdə qeydiyyata alındığı göstərilmişdir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Lakin hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinə dair həmin maddədə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir.

30. Eləcə də, nəzərə almaq lazımdır ki, iddiaçının istinad etdiyi texniki pasport Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan texniki pasportlara bərabər tutula bilməz. Belə ki, qeyd edilən Siyahının 2.4-cü bəndində (həm əvvəlki, həm də hazırkı redaksiyasında) göstərilən texniki pasportun əsas iki şərtinin mövcudluğu nəzərdə tutulmuşdur. Bunlardan biri texniki pasportda torpaq sahəsinin ölçüsünün göstərilməsidir, digəri isə texniki pasportun 2001ci il ######ın #-dək tərtib edilməsidir.

31. Hazırkı iş üzrə istinad olunan texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilsə də, texniki pasportun ##.##.2001-ci ildən sonra tərtib edildiyi aşkardır. Buna görə də, iddiaçı tərəfindən təqdim edilən texniki pasport Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının tələblərinə uyğun deyil və torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab oluna bilməz.

32. Odur ki, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İsmayılov Anar Qiyas oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar