Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3846/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xaçmaz rayon Dövlət Arxivinin ## ###### 2023-cü il tarixli *-**-**RA/*-A***- **/** saylı arxiv çıxarışından görünür ki, Xaçmaz rayon XDS Rəyasət heyətinin ##.##.1995-ci il tarixli iclasının ** №-li protokolundan çıxarışa əsasən Xaçmaz şəhərində yaşayan vətəndaşlara növbəliliyə ciddi əməl etməklə fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına başlanması barədə Xaçmaz şəhər İƏV-nin Nümayəndəsinə razılıq verilmişdir.
2. Xaçmaz rayon Dövlət Arxivinin ## ###### 2023-cü il tarixli *-**-**RA/*-A-***- **/** saylı arxiv arayışından görünür ki, Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı əsasında İddiaçı fərdi ev tikmək üçün Xaçmaz şəhərinin 9-cu ərazisində 400 kv.m torpaq sahəsi ayrılmışdır. Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı ilə torpaq sahəsi ayrılmış vətəndaşların siyahısında İddiaçı adı yalnız bir dəfə qeyd edilmişdir (sərəncamın tam mətn işə əlavə edilmişdir).
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, № *******, reyestr nömrəsi 302013016306-***** olan ##.##.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz şəhəri, Dağıstan küçəsində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin arxivindən həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər təqdim edilmiş və müəyyən edilmişdir ki, iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpağın qeydiyyatına əsas Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı əsasında iddiaçıya fərdi ev tikmək üçün Xaçmaz şəhərinin 39-cu ərazisində 400 kv.m torpaq sahəsinin ayrılması olmuşdur.
4. Cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən Xaçmaz şəhərinin 39-cu ərazisi hal-hazırda Dağıstan küçəsi adlanır.
5. İddiaçı cavabdehə müraciət edərək, Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı əsasında Xaçmaz şəhərinin 9-cu ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir.
6. Cavabdehin ## ###### 2023-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ##.##.1995-ci il tarixli *** saylı sərəncamı ilə Xaçmaz şəhərinin 9-cu ərazisindən fərdi ev tikmək məqsədilə ona ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Xaçmaz rayon XDS Rəyasət Heyətinin ## ####### 1995-ci il tarixli ** nömrəli qərarı və Xaçmaz şəhər İƏV-nin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı ilə fərdi yaşayış evi tikilməsi məqsədilə Xaçmaz şəhəri 9-cu ərazisindən 400 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair ##.##.2023-cü il tarixli təhkim aktı və sxemi də vardır. Fərdi yaşayış evinin tikilməsi üçün verilmiş həmin 400 kv.m. torpaq sahəsinə çıxarış və sair hüquqmüəyyənedici sənədlərin alınması məqsədilə cavabdehə müraciət etdiyi zaman imtina verilərək bildirilmişdir ki, Xaçmaz şəhər İƏV-i nümayəndəsinin ##.##.1995ci il tarixli *** saylı sərəncamından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,04 ha torpaq sahəsinə İddiaçı adına ##.##.2012-ci il tarixdə bir dəfə çıxarış verilmişdir. Lakin Xaçmaz şəhər İƏV-nin eyni nömrəli sərəncamı ilə Xaçmaz şəhər ərazisindən ayrı-ayrı yerlərdən eyni ölçüdə iki plan sahəsi verilmişdir. Planlardan biri rayonun 9-cu ərazisində (kvartal) növbəlilik əsasında verilmiş, digəri isə rayonun 39-cu ərazisində (kvartal) Qarabağ qazisi olduğu üçün Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən verilən torpaq sahəsidir. Qeyd olunan sərəncamla, yəni ##.##.1995-ci il tarixli *** saylı sərəncamla Xaçmaz şəhəri 39-cu ərazisindən (kvartal) 0,04 ha torpaq sahəsinə çıxarış və digər sənədlər almışdır. Hazırda çıxarış alınması üçün müraciət etdiyi 0.04 ha torpaq sahəsi Xaçmaz şəhəri 9-cu ərazidə (kvartalda) yerləşir. Odur ki, cavabdehin 9-cu ərazidə yerləşən həmin 0.04 ha torpaq sahəsinə çıxarış və digər hüquqmüəyyənedici sənədlərin verilməsindən imtina edilməsi əsassızdır və qanunsuzdur.
9. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ##.##.1995-ci il tarixli *** saylı sərəncamından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.04 ha torpaq sahəsinə iddiaçının adına bir dəfə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin torpaq sahəsi iddiaçı tərəfindən ##.##.2013-cü il tarixli, 4Ə-*** reyestr nömrəli və ##.##.2012-ci il tarixli 4Ə- 01/*** reyestr nömrəli ayrı-ayrı alqı-satqı müqavilələri əsasında digər şəxslərə hissə-hissə satılmışdır və həmin torpaq sahələrinə elektron məlumat bazasına əsasən digər şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar verilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi istifadədə olan torpaq sahələri kimi göstərilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim A.Axundova) iddia təmin edilmiş, Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ##.##.1995-ci il tarixli *** saylı sərəncamı ilə Xaçmaz şəhəri 9cu ərazisindən fərdi ev tikmək məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və planölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Dövlət Arxivinin avqust 2023-cü il tarixli, *-**-**RA/*-A-***-**/** saylı arxiv çıxarışına əsasən Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995ci il tarixli *** saylı sərəncamı əsasında İddiaçı fərdi ev tikmək üçün şəhərin 9-cu ərazisində 400 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh orqan torpaq sahəsinə bir dəfə çıxarış verildiyini qeyd edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz şəhər İƏV nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamında torpaq sahəsinin 9-cu ərazidə olduğu qeyd edilmişdir. İddiaçıya 39-cu ərazidən torpaq sahəsinin ayrılması barədə qərar aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi 9-cu ərazidir. 39-cu ərazidə isə torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. Cavabdehin imtinasına münasibətdə qeyd edilmişdir ki, 39-cu ərazidə yerləşdiyi iddia edilən torpaq sahəsinə çıxarışın hansı hüquqmüəyyənedici sənədlərin əsasında verilmiş olması cavabdehin məsuliyyətindədir. Belə ki, məhkəmə sorğusu ilə cavabdehdən iddiaçının adına verilmiş 302013016306-***** reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər tələb edilmiş, məhkəmə sorğusuna cavab olaraq Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı əsasında İddiaçı fərdi ev tikmək üçün şəhərin 39-cu ərazisində 400 kv.m torpaq sahəsi ayrılması barədə arxiv çıxarışı təqdim edilmişdir. Lakin məhkəmə araşdırması zamanı Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamının arxiv nüsxəsi təqdim edilmiş və həmin sərəncamda 39-cu ərazidən torpaq sahəsi ayrılması barədə qeyd aşkar edilməmişdir. İddiaçının tələbi Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995ci il tarixli *** saylı sərəncamı əsasında ayrılmış 9-cu ərazidə yerləşən 400 kv.m torpaq sahəsi ilə bağlıdır. İddiaçı tərəfindən Xaçmaz RİH-in Tikinti Memarlıq şöbəsi və Xaçmaz bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı 9-cu ərazidən ayrılmış 400 kv. metr torpaq sahəsinə dair Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin perspektiv inkişaf fondunun baş planından çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin torpaq sahəsinə hüququn qeydə alınmasına hüquqi əsas mövcuddur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər V.Hacıyev – sədrlik edən, H.Babayeva və T.Axundov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Xaçmaz şəhəri 39-cu ərazidə yerlədiyi 0,04 ha iddia edilən torpaq sahəsinə çıxarışın hansı hüquqmüəyyənedici sənədlərin əsasında verilmiş olması cavabdeh inzibati orqanın əməkdaşlarının məsuliyyətində olsa da, həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün sənədləri iddiaçı şəxsən əldə edərək, cavabdehə təqdim etmiş və ona yalnız bir torpaq sahəsinin verilməsindən məlumatlı olmuşdur. İddiaçı İddiaçı Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı əsasında Xaçmaz şəhərindən yaşayış evinin tikilməsi üçün ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsini mülkiyyətinə keçirərək digər şəxslərə satmaqla sərəncamdan bir dəfə faydalanmışdır. Eyni sərəncama əsaslanmaqla yenidən başqa bir torpaq sahəsinə dair çıxarış əldə etmək istəyir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsini göstərir. İddiaçı ona torpaq sahəsinin 9-cu ərazidən ayrıldığını bildiyi halda, arxivi olmayan saxta çıxarışlar əldə edərək cavabdeh orqana təqdim etmiş və 39-cu ərazidən eyni ölçülü torpaq sahəsinə dair ##.##.2012-ci il tarixdə çıxarış almışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Xaçmaz şəhər İƏV-nin ##.##.1995-ci il tarixli *** nömrəli sərəncamı ilə ona Xaçmaz şəhər ərazisindən ayrı-ayrı yerlərdən eyni ölçüdə iki plan sahəsi verildiyini, onlardan birinin rayonun 9-cu ərazisindən növbəlilik əsasında, digərinin isə rayonun 39-cu ərazisindən II qrup Qarabağ müharibəsi əlili olduğu üçün əlavə pay kimi Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini, 39-cu ərazidə yerləşən torpaq sahəsini özəlləşdirdiyini, bu zaman Xaçmaz rayon dövlət arxivindən əldə etdiyi Xaçmaz şəhər İƏV-nin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamına dair ##.##.2009-cu il tarixli *** nömrəli arxiv arayışını təqdim etdiyini bildirmişdir. Göründüyü kimi, Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ##.##.1995-ci il tarixli *** saylı sərəncamı əsasında iddiaçıya yalnız bir torpaq sahəsi ayrılmışdır. İddiaçı müharibə əlili olduğuna görə ona əlavə olaraq 0,04 ha torpaq sahəsi də ayrıldığını iddia etsə də, bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ##.##.1995-ci il tarixli *** saylı sərəncamından bir dəfə istifadə edərək ona qanuni əsaslarla ayrılmamış 39-cu ərazidən (sərəncamdan çıxarışa həqiqətə uyğun olmayan, saxta məlumatlar daxil edilməklə) 0,04 ha torpaq sahəsini qanunsuz olaraq mülkiyyətinə keçirdiyinə görə, eyni sərəncamla iddiaçıya hazırkı iddia tələbində göstərdiyi 9-cu ərazidə yerləşən 0,04 ha torpaq sahəsinə dair çıxarış verilməsi qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olardı. Həmçinin iddiaçı hazırda mülkiyyət hüququnun qeydiyyata alınması tələb etdiyi 0,04 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi istifadədə olan torpaq sahələri kimi göstərilmişdir. Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar alqı-satqı obyekti ola bilməz. Bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edərkən haqlı olmuşdur.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
17. Kassator bir daha qeyd edir ki, o, məhkəməyə hansısa ehtimallarla deyil, konkret olaraq dövlət orqanının qərarı ilə müraciət etmişdir. İş materiallarından görünür ki, onun əlində 2 sənəd var, həm 39-cu əraziyə, həm də 9-cu əraziyə. Onun birinci dəfə çıxarış aldığı torpaq sahəsi 39-cu əraziyə aid olmuş və bu barədə sənədlərini cavabdehə təqdim etmişdir. Hazırda mübahisə predmeti olan ərazi isə 9-cu ərazi ilə bağlıdır. Əgər bu günə qədər 9-cu sahə ilə bağlı hər hansı qeydiyyat aparılmamışdırsa, bu onun təqsiri deyil, inzibati orqanın təqsiridir. Çünki bu gün onun əlində konkret olaraq inzibati orqan tərəfindən verilmiş 9-cu əraziyə dair sənəd var. Burada mötəbərlik prezumpsiyası rol oynayır. İnzibati orqanın öz səlahiyyətlərini yerinə yetirməklə bağlı təqsirinə görə vətəndaşın məsuliyyət daşıması qanunaziddir.
18. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 17 və 19-cu maddələrinə istinad olunmuşdur.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamı əsasında Xaçmaz şəhəri, 39-cu ərazidə yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmış və bu barədə ona ##.##.2012-ci il qeydiyyat tarixli çıxarış verilmişdir.
30. Hazırda iddiaçı eyni hüquq müəyyənedici sənədə, yəni Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ## ####### 1995-ci il tarixli *** saylı sərəncamına istinad etməklə Xaçmaz şəhəri, 9-cu ərazidə yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.
31. İddiaçının əsas dəlili ondan ibarətdir ki, Xaçmaz şəhər İƏV-nin ##.##.1995-ci il tarixli *** nömrəli sərəncamı ilə ona Xaçmaz şəhər ərazisindən ayrı-ayrı yerlərdən eyni ölçüdə iki torpaq sahəsi verilmişdir. Onlardan biri 9-cu ərazidə növbəlilik əsasında, digəri 39-cu ərazidə II qrup Qarabağ müharibəsi əlili olduğu üçün əlavə pay kimi verilmişdir.
32. Lakin apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halları ilə iddiaçıya eyni inzibati aktla iki fərqli torpaq sahəsinin ayrıldığı öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ziddiyyətli halların müəyyən edilməsi məqsədilə Xaçmaz rayon Dövlət Arxivinə sorğu vermiş və həmin sorğuya ##.##.2025-ci il tarixli cavabla müəyyən edilmişdir ki, Xaçmaz rayon Dövlət Arxivinin ** saylı fondunda mühafizə olunan s.1, iş 4, səh.50 əsasən Xaçmaz şəhər İƏV-nin ##.##.1995-ci il tarixli *** saylı sərəncamı ilə İddiaçı adına yalnız 1(bir) torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi qərara əsasən şəhərin 9-cu ərazisindən 400 kv.m təşkil edir.
33. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Xaçmaz şəhər inzibati ərazi vahidi nümayəndəliyinin ##.##.1995-ci il tarixli *** saylı sərəncamından bir dəfə istifadə edərək ona qanuni əsaslarla ayrılmamış 39-cu ərazidən (sərəncamdan çıxarışa həqiqətə uyğun olmayan, saxta məlumatlar daxil edilməklə) 0,04 ha torpaq sahəsini qanunsuz olaraq mülkiyyətinə keçirdiyinə görə, eyni sərəncamla iddiaçıya hazırkı iddia tələbində göstərdiyi 9-cu ərazidə yerləşən 0,04 ha torpaq sahəsinə dair çıxarış verilməsi qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olardı.
34. Odur ki, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.