Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3849/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai birliyin qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “cavabdehin ##.##.2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və ictimai birliyin qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçılar cavabdehə müraciət edərək, təsis etdikləri “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasını xahiş etmişlər.
2. Cavabdeh ##.##.2024-cü il tarixli imtina məktubunda Birliyin nizamnaməsinin 4.14-cü bəndində təsisçilikdən çıxarılmanın ümumi yığıncağın qərarı ilə həyata keçirildiyinin göstərildiyini, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununda isə ictimai birliyin təsisçiliyindən çıxarılmanın nəzərdə tutulmadığını bildirmiş və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə istinadən təqdim edilmiş sənədləri geri qaytarmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və ictimai birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ##.##.2024-cü ildə “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyinin təsis edilməsi haqqında qərar qəbul etmişlər. Həmin Birlik Azərbaycanda insan hüquqları və azadlıqlarının müdafiəsi, təşviq olunması, dəstəklənməsi və hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılmışdır. Birlik, həmçinin Azərbaycanda hüquq mühafizə orqanlarının hesabatlılığının təmin edilməsində və məhkəmələrin insan hüquqlarının müdafiəsində fəal rol oynamasına çalışır. Birlik, qarşısında qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: Azərbaycanda insan haqları pozuntularının monitorinqi və sənədləşdirilməsinin aparılması, Azərbaycanda haqları pozulmuş şəxslərin hüquq və azadlıqlarının qorunması və bərpası üçün dövlət orqanları qarşısında hüquqi müdafiəyə dəstək verilməsi, Azərbaycanda haqları pozulmuş şəxslərin hüquq və azadlıqlarının qorunması və bərpası üçün məhkəmə müdafiəsinə dəstək verilməsi, Azərbaycanda insan haqlarının durumu barədə müntəzəm olaraq hesabatların hazırlanması və yayılması, həm milli, həm də beynəlxalq institutlar qarşısında insan haqları sahəsində qanunvericilik və siyasi islahatların dəstəklənməsi, insan haqları müdafiəçiləri, fəallar, jurnalist və bloqqerlər arasında insan haqlarının müdafiəsi sahəsində səylərin əlaqələndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə şəbəkələşməyə kömək edilməsi, öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətlərin həyata keçirilməsi. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli məktubla sənədlər geri qaytarılmışdır. Cavabdeh Birliyin nizamnaməsinin 4.14-cü bəndinə istinad edərək qeyd etmişdir ki, ictimai birliyin təsisçiliyindən çıxarılma “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda nəzərdə tutulmamışdır. Cavabdehin ##.##.2024-cü il tarixli məktubu onların müraciətinin təmin olunmasından imtina kimi qiymətləndirilməlidir.
5. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Mehriban Mahmudlu-Abbaszadə) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq qanunvericilik hüquqi şəxs statusu almaq istəyən qurumların dövlət qeydiyyatına götürülməsi qaydasını, müraciət edilərkən tələb olunan sənədləri və imtina əsaslarını dəqiq müəyyən etmişdir. Lakin hazırkı mübahisədə müəyyən edilmişdir ki, qurumun nizamnaməsinin 4.14-cü bəndində təsisçilikdən çıxarılmanın ümumi yığıncağın qərarı ilə həyata keçirildiyi göstərilmişdir ki, ictimai birliyin təsisçiliyindən çıxarılma “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda nəzərdə tutulmadığından və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən, imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmışdır. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da iddiaçıların hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, sənədlərin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana yenidən müraciət edilməsi mümkündür. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Beləliklə, məhkəmə, göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, iddia təmin edilməməlidir.
8. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İsmayıl Quliyev /sədrlik edən və məruzəçi/, Gülnar Cabbarova və Vəfa Əzizova) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən Birliyin qeydiyyatına dair sənədlər qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədi ilə geri qaytarılmış və aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra qeydiyyat barədə müraciətə yenidən baxılmasının mümkünlüyü barədə iddiaçılara məlumat verilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız qeydiyyata dair təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun olduğu təqdirdə, cavabdeh müvafiq qeydiyyatı aparmaq öhdəliyi daşıyır.
11. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
12. İddiaçıların kassasiya şikayətinin əsasını mahiyyətcə onların iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Maddə 16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Maddə 16.2-1. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 16.2-2. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir. Maddə 16.3. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir. Maddə 16.4. Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Maddə 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Maddə 17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. Maddə 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Maddə 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
15. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.1. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Maddə 8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. Maddə 8.3. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Maddə 8.4. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. Maddə 8.5. Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir. Maddə 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: Maddə 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; Maddə 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; Maddə 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; Maddə 11.3.2-1. hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində (siyasi partiyalara münasibətdə əlavə olaraq proqramlarında) dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; Maddə 11.3.3. eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyrihökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; Maddə 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi təsis etdikləri ictimai birliyin dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.