Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3852/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən növbəti məzuniyyət; istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hərbi İdarəetmə İnstitutu rektorunun ## ###### 2023-cü il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 1-ci kurs dinləyicisi R İddiaçı, Xaçmaz rayonunda keçirməklə 15 (on beş) gün müddətinə, ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək 2023-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.
2. Hərbi İdarəetmə İnstitutu rektorunun ## ###### 2023-cü il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 1-ci kurs dinləyicisi R İddiaçı, Xaçmaz rayonunda keçirməklə 30 (otuz) gün müddətinə, ## ###### 2023-cü il tarixdən ## ######## 2023-cü il tarixədək 2023-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.
3. Hərbi İdarəetmə İnstitutu rektorunun ## ###### 2023-cü il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicisi R İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə ## ###### 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilmişdir. R İddiaçı 2023cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilmiş, 2023-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə etmiş və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir.
4. İddiaçı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin ##.##.2024-cü il tarixli *** nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, 2023-cü ilin hesabından 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyətdən istifadə etdiyi üçün ona qalan 45 (qırx beş) gün müddətinə məzuniyyət verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 2001-ci il tarixindən ## ###### 2024-cü il tarixinədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son nəticədə Müdafiə nazirinin ## ####### 2023-cü il tarixli **** nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ordu sıralarından tərxis olunmuşdur. Ehtiyata buraxılmağının səbəbi Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli xəstəlik şəhadətnaməsi olmuşdur. Nəticə etibarı ilə Silahlı Qüvvələrin hərbi-həkim ekspertizası üzrə ali orqanı hesab edilən MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xəstəliyinin səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi kimi qiymətləndirilərək “sülh dövründə hərbi xidmətə yararsız” qərarı verilmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq xidmət keçdiyi Hərbi İdarəetmə İnstitutu rəhbərliyi tərəfindən iddiaçıya, ehtiyata buraxıldığı dövrdə yalnız 45 günlük növbəti məzuniyyətdən istifadə etməyə şərait yaradılmışdır. Halbuki “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmağla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Yəni iddiaçı olaraq xəstəliyə görə ehtiyata buraxılmağı işin mübahisəsiz halı olduğu üçün iddiaçıya ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün müddətində məzuniyyət verilməli idi. Bu səbəb ilə ## ###### 2024-cü il tarixində cavabdeh inzibati orqan olaraq Müdafiə Nazirliyinə rəsmi şəkildə müraciət edərək istifadə etmədiyi məzuniyyət günləri əvəzinə kompensasiyanın hesablanması və ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ## ######## 2024-cü il tarixində iddiaçıya mənfi cavab verilmişdir. Bu da o deməkdir ki, cavabdeh inzibati orqan öhdəliyini yerinə yetirməkdən bir şəkildə yayınmağa çalışır. Cavabdehin bu mövqeyi də qanunvericiliyə zidd olduğundan və bir mənalı olaraq onu qane etmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı tam istifadə etdiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini tələb edir. Bu isə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarına, Müdafiə nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 30-cu bəndinə ziddir. Çünki, həmin aktların müddəalarında istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsini nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddələrinə görə iddiaçının istinad etdiyi 90 günlük məzuniyyət növü “növbəti” kateqoriyaya aiddir. Buna görə də, İddiaçı 2023-cü ilin hesabından artıq 45 gün müddətində növbəti məzuniyyətin istifadə etdiyini nəzərə alaraq, ona 90 günlük növbəti məzuniyyət günündən həmin müddət (90-45=45) çıxılaraq, qalan, yəni 45 gün müddətində növbəti məzuniyyət verilmişdir. İddiaçı isə həmin hüququnu tam istifadə etdiyindən, onun tələbi yuxarıda qeyd olunan qanunvericilik aktlarına ziddir və təmin oluna bilməz.
8. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçı İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. İddiaçının xəstəliyə görə ehtiyata buraxılması iş materialları ilə müəyyən edildiyindən, aydın olur ki, ona ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün məzuniyyət verilməli idi. İddiaçının ehtiyata buraxılması barədə *** nömrəli ##.##.2023-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixədək 45 günlük növbəti məzuniyyət verilmişdir. Belə olan halda, iddiaçının tələbi onun ehtiyata buraxılması ilə bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsində əsaslı olmuşdur, həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsindən imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qanunverici dəqiq şəkildə qeyd etmişdir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Beləliklə, həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdir. Yəni, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın tamamilə ləğv edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər İ.Quliyev – məruzəçi, V.Əzizova və G.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müvafiq əmrlərdən göründüyü kimi iddiaçı ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək 15 gün, ## ###### 2023-cü il tarixdən ## ######## 2023-cü il tarixədək 30 gün olmaqla, ümumilikdə 45 gün müddətinə 2023-cü il üçün növbəti məzuniyyət hüququndan istifadə etmişdir. Eləcə də ## ###### 2023-cü il tarixli, *** nömrəli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə ## ###### 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. İddiaçı 2023-cü il üzrə mümkün 3 ay (90 gün) müddətinə məzuniyyət hüququndan tam istifadə etmişdir. Bir il ərzində iki dəfə növbəti məzuniyyət hüququndan istifadə etmək isə qanunvericiliyin tələblərinə ziddir. Hər bir halda iddiaçının 3 aylıq məzuniyyətdən istifadə hüququ təmin edilməlidir və hazırkı iş üzrə iddiaçının bu hüquqdan istifadə imkanı təmin edilmişdir. Sadəcə iddiaçı bu üç aylıq məzuniyyət hüququndan ardıcıl formada deyil, il ərzində müxtəlif vaxtlarda istifadə edə bilmişdir. Hazırkı iddianın təmin edilməsi isə iddiaçının 2023-cü il ərzində 135 gün məzuniyyət hüququndan istifadəsi ilə bağlı nəticələr yaradır ki, bu da yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə ziddir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
15. Kassator bildirir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin mətnindən göründüyü kimi, 45 günlük növbəti məzuniyyətlə 3 aylıq məzuniyyətin mahiyyəti tamamilə ayrıdır. Belə ki, 3 aylıq məzuniyyət hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün nəzərdə tutulmuşdur.
16. Kassasiya şikayətində “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. İstirahət hüququ ... İldə bir dəfə zabitlərə 45 günlük, Rlərə və Rlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və Rlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—10 günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı hərbi qulluqçu kimi xəstəliyə görə ehtiyata buraxılan zaman istifadə edilməmiş 45 (qırx beş) günlük məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsindən ibarətdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 20 təqvim ilindən çox xidmət etməsi, Müdafiə nazirinin ## ####### 2023-cü il tarixli **** nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ordu sıralarından tərxis olunması və bu zaman ona hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 (qırx beş) gün müddətində növbəti məzuniyyət verilməsi işin mübahisəsiz halıdır.
26. İddiaçının dəlillərinə görə o, 20 təqvim ilindən daha çox xidmət etdiyindən, eyni zamanda xəstəliyə görə ehtiyata buraxıldığından ona hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 45 (qırx beş) gün deyil, 3 ay müddətində verilməli idi.
27. Həm cavabdehin dəlilləri, həm də apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən iddiaçı 2023-cü il üzrə mümkün 3 ay (90 gün) müddətinə məzuniyyət hüququndan tam istifadə etmişdir.
28. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
29. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının tələblərini nəzərə alaraq cavabdehin dəlili və apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Beləliklə, həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdir. Yəni, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir.
30. O da nəzərə alınmalıdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda xəstəliyə görə ehtiyata buraxılan 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçunun əvvəlki məzuniyyətlərinin onun qeyd edilən Qanunun 11-ci maddəsində göstərilən 3 ay müddətindən çıxılmalı olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır.
31. Cavabdeh iddiaçı xəstəliyə görə ehtiyata buraxılan vaxt ona 3 ay əvəzinə 45 gün məzuniyyət vermiş, qalan 45 gün üçün isə məzuniyyət verməmişdir. İddiaçı da haqlı olaraq verilməyən 45 gün məzuniyyətə görə kompensasiya ödənilməsini xahiş etmişdir.
32. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilərək iddiaçı İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərar qətidir.