Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3858/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ödənildiyi təsdiq olunan məcburi dövlət sosial sığorta haqqının nəzərə alınması, yaşa görə əmək pensiyasının təyin olunması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabda qeydə alınması və avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması və ödədiyi sosial sığorta haqqının sosial sığorta stajı kimi nəzərə alınaraq ona pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması və avtomatlaşdırılmış qaydada pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
5. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, S.B.Hüseynov və R.Z.Mamedov) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və onun ailə üzvlərinə Qazax rayon Aqrar İslahat Komissiyasının ## ######## 1997ci il tarixli qərarı ilə kənd təsərrüfatına yararlı 0.73 ha torpaq sahəsi verilmiş və iddiaçı həmin torpaq sahəsindən istifadəyə görə 20 manat məcburi dövlət sosial sığorta haqqı ödəmiş, ona ************* nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi təqdim edilmiş və SUN nömrəsi verilmişdir. Belə ki, ##.##.2012-ci il tarixli, ** nömrəli qəbzə əsasən İddiaçı mülkiyyətlərində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə 20 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Cavabdehin imtina və hazırki halda apellyasiya şikayətinin dəlili olan “ödənilmiş MDDS haqqının elektron informasiya ehtiyatlarında əks etdirilməməsi”nə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən ödənilmiş MDSS haqqının elektron sistemdə əks etdirilməməsi sonuncunun hüquqlarını məhdudlaşdırıcı təfsir edilə bilməz. Belə ki, Qazax rayonu üzrə Maliyyə İdarəsinin ##.##.2024-cü il tarixli, *- **-**/****/**** nömrəli məktubu ilə müəyyən olunur ki, İddiaçı ## #### 2012-ci il tarixli ** nömrəli ödəniş qəbzinə əsasən 20 manat vəsait həqiqətən Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinin ***** nömrəli xəzinə hesab kitabına ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etdiyi üçün iddiaçının ##.##.2012-ci il üzrə ödədiyi MDSS haqqı məbləğinin “Sığorta” alt sistemində əks olunmaması onun təqsiri ilə bağlı deyildir və bu hal onun sosial təminat hüququna məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, iddiaçı müvafiq ödənişi etməklə bu barədə məhkəməyə qəbz təqdim etmiş, həmin qəbzin mötəbərliyi şübhə doğurmamış və cavabdeh də bu qəbzin mötəbər olmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir.
8. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 9. 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məhkəməyə müvafiq sübutlar (qəbz, arayış və s.) təqdim etdiyi və həmin sübutların mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu sübutların mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə onun tələbinin təmin olunması halı mövcud olur. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Ödənişlərlə bağlı hesabatların zamanında verilməməsi, informasiya sistemində məlumatların əks olunmaması və s. kimi hallar iddiaçının ziyanına pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Çünki sözügedən məsələlərə riayət olunması iddiaçıdan daha çox, bu sahədəki fəaliyyətə nəzarəti həyata keçirməli olan inzibati orqanların məsuliyyət sferası ilə bağlıdır. Digər tərəfdən, məsələyə həm də qanunçuluq və mütənasiblik prinsiplərinin tələbləri nəzərə alınmaqla da qiymət verilməlidir. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada – sözbəsöz və formal şəkildə – tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə isə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik, həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, ödənişlər faktiki həyata keçirildiyi halda, hesabatların verilməməsinə və ya informasiya sistemində məlumatların əks olunmamasına istinadla pensiya təyin edilməsindən imtina edilərsə, iddiaçı həddən artıq yükə məruz qoyulmuş olar, fərdi və ümumi maraqlar arasındakı ədalətli balans pozulmaqla güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarar (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.