Məhkəmə qərarları › İş №2-1(102)-3862/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3862/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3862/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı iddiaçı3 və digərlərinin qanuni nümayəndəsi iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrasının təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı iddiaçı3 və digərlərinin qanuni nümayəndəsi iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh2 qarşı “torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə “cavabdehin cərimə olunması” barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçılar iddiaçı3 və digərlərinin qanuni nümayəndəsi iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh2 qarşı iddia qaldıraraq “torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi”nə dair iddia təmin edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2022-ci il tarixli, 2-1(105)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş və Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardad mübahisələndirilsə də, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qanuni qüvvəyə mindiyinə görə ##.##.2023-cü il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh2 göndərilmişdir.

6. ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh2 yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə ərizəçinin “yeni açılmış hallarla bağlı” ərizəsi təmin edilməmişdir. Məhkəmə qərardadı mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

8. iddiaçı3 və digərlərinin qanuni nümayəndəsi iddiaçı1 (bundan sonra – “iddiaçı”) Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının icra edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir.

9. Qərarın icrası üçün cərimə təyin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli məhkəmə iclasında məhkəmə qərarının qısa zamanda icrası üçün vaxt verilmiş, məhkəmə iclası qeyrimüəyyən vaxta təxirə salınmışdır. ## #### 2025-ci il tarixdə daxil olmuş ərizəsində iddiaçı1 məhkəmə qərarının icra edilmədiyini bildirmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh2 (bundan sonra – “cavabdeh”) Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur (hakim – A.Axundova).

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı cavabdeh tərəfindən əsaslı səbəblər olmadan icra olunmadığına görə cavabdeh 500 manat məbləğində cərimə edilməlidir

12. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Axundov, hakimlər – H.Babayeva, V.Hacıyev).

14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın icrası üçün ##.##.2025-ci il tarixli məhkəmə iclasında qısa vaxt verilmiş, məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınmışdır. Lakin ##.##.2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclası barədə cavabdehə heç bir məlumat verilməmişdir. Belə olan halda isə məhkəmə qərardadı ləğv edilməldir. Nəzərə alınmalıdır ki, vaxtında məlumat verilmiş olsaydı, məhkəməyə qərarın icrası barədə məlumatın verilməsi mümkün olardı, nəticədə də əsassız və lüzumsuz olaraq cərimə tətbiq olunmazdı.

16. Məhkəmə kollegiyası göstərilən prosessual hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, cavabdeh ##.##.2025-ci il tarixində 500 manat cərimə olunmasına dair qərarın qəbul edilməsindən xəbəri olmamış, qərardan xəbərsiz olduğu halda məhkəmə qərarını ## ######## 2025-ci il tarixində icra etmişdir.

17. Bundan əlavə, müvafiq məhkəmə qərarının icrası ilə əlaqədar torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə əlaqədar həm hava şəraitinin əlverişsiz olması (havanın yağmurlu olması ilə əlaqədar ərazinin palçıqlı olması), həm də iddiaçının qərarın icrası ilə əlaqədar yerə baxış barədə ona xəbər verildiyi halda əraziyə gəlməməsi, habelə iddiaçı ona ayrılan yerləri bilməməsi müvafiq qərarın icrasını yubanmasına səbəb olmuşdur. Bununla yanaşı, uçota alınmış torpaq sahələrinə dair verilmiş plan və ölçü sənədlərində göstərilən koordinatlara uyğun torpaq sahələrinin sərhədlərinin naturada müəyyənləşdirilməsi zərurəti əlaqədar cavabdeh2 * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən müvafiq tədbirlər görülmüş, bu əsasla idarə tərəfindən məhkəməyə ##.##.2025-ci il tarixli məktub ünvanlanmışdır.

18. Lakin iddiaçı qərarın icrası üçün torpaq sahəsinə növbəti dəfə gəlməmiş, buna görə də torpaq sahələrinin sərhədləri naturada müəyyənləşdirərək iddiaçıya göstərilməsi təxirə salınmışdır. Bundan sonra, ##.##.2025-ci il tarixində iddiaçının, Siyəzən rayonu Həmyə bələdiyyəsinin sədrinin və * saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinin yerquruluşu üzrə mühəndisinin iştirakı ilə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında qeyd olunan torpaq sahələrinə dair verilmiş plan və ölçü sənədlərində göstərilən koordinatlara uyğun torpaq sahələrinin sərhədləri naturada müəyyənləşdirilərək iddiaçıya göstərilmiş, yerində aktlaşdırılaraq, müvafiq məhkəmə qərarı icra olunmuşdur.

19. Məhkəmə kollegiyası qərarda göstərmişdir ki, icranın məhz cərimə qərardadının qəbul edilməsindən iki gün sonra (##.##.2025) baş tutması, birinci instansiya məhkəməsinin cərimə tətbiq etməklə məhkəmə aktının icrasını təmin etmək məqsədinə nail olduğunu göstərir. Məhkəmə kollegiyasının gəldiyi nəticə işin hallarına uyğun deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qərarının ##.##.2025-ci il tarixində icrası barədə məhkəməyə ## ######## 2025-ci il tarixində yazılı məlumat verilmiş, məhkəmə qərarının mövcud olması barədə cavabdehin məlumatı ancaq qərardadın ## ######## 2025-ci il tarixində məhkəmə sisteminə yerləşdirilməsindən sonra xəbəri olmuşdur. Belə olan halda isə məhkəmə qərarı cərimə barədə qərar sistemə yerləşdirilməsindən 12 gün əvvəl icra edilmişdir, bu isə cərimənin tətbiq edilməsini lüzumsuz edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Məhkəmə qərarının vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.

26. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının uzun müddət ərzində (2023-cü ilin avqustundan 2025-ci ilin sentyabrına qədər) əsaslı səbəblər olmadan icra edilməməsi faktı təsdiq olunur. Birinci instansiya məhkəməsi cavabdehə əlavə vaxt vermiş, lakin bu müddətdə də icra təmin edilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin qərardadında İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələbləri düzgün tətbiq edilmişdir. Cavabdehin cərimə qərardadından sonra icranı həyata keçirməsi, cərimə qərardadının qəbulu zamanı qərarın icra edilməməsi faktını aradan qaldırmır

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin “qərarın icrası üçün qısa vaxt verilməsi” dəlilini əsassız hesab edərək bildirir ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı icra üçün cavabdehə ##.##.2023-cü il tarixdə göndərilmişdir. Bununla yanaşı, apellyasiya icraatı zamanı qərarın icrası üçün ## #### 2025-ci il tarixində əlavə vaxt verilmişdir. Məhkəmə kollegiyası qərarın icrası ilə bağlı təxminən iki il keçməsinə, eləcə də hazırkı ərizə ilə bağlı məhkəmə icraatı zamanı cavabdehə icra üçün yetərincə əlavə vaxt verilməsi nəzərə alaraq cavabdehin “qısa” vaxt verilməsi dəlilini əsassız hesab edir.

28. Bundan başqa, apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.

29. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar