Məhkəmə qərarları › İş №2-1(102)-3866/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3866/2025

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3866/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, X1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 və Zaqatala rayonu Çardaxlar bələdiyyəsi) qarşı “3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** saylı qərarında islahatla bağlı bir sıra hallarda torpaq payı almaq hüququ olan şəxslərin hüquqlarının pozuntusuna yol verildiyi göstərilmiş və həmin halların aradan qaldırılması üçün bir sıra tədbirlərin görülməli olduğu, o cümlədən torpaq payı almaq hüququ olub siyahıya düşməyən ailələrin torpaq payı almaq hüququ olan ailələrin siyahısına əlavə edilməsi qərara alınmışdır. Bununla bağlı pay torpaqlarının müəyyənləşdirilməsinə dair tərtib edilmiş yekun cədvəldə iddiaçının adı da göstərilmişdir.

2. Zaqatala rayonu X5 ## ###### 2023-cü il tarixli arayışına əsasən aparılmış torpaq islahatı zamanı Aşağı Çardaxlar kənd sakini İddiaçı ailəsinin mülkiyyətinə (5 nəfər) hər birinə 0.73 ha olmaqla cəmi 3.65 ha torpaq sahəsi ayrılmışdır.

3. İddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətini cavabdeh ##.##.2023-cü il tarixli məktubla təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, ərizəçi qeyd etdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün qanunda əsas hesab edilən hüquqmüəyyənedici sənədlərin əsillərini, iddia etdiyi torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən kadastr planı və ya torpaq sahəsinin planı-ölçüsünü, yaxud özündə döngə nöqtələrinin koordinatları əks etdirən plan cizgi olan-ayrıc aktını və müvafiq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədini ərizəyə əlavə etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün sənəd toplayan zaman məlum olmuşdur ki, islahat vaxtı iddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. İddiaçı islahat komissiyasının və bələdiyyənin texniki səhvinə görə bu günədək istifadəsində olan torpaq sahəsinə çıxarış ala bilməmişdir.

6. Cavabdehin iddiaya dair yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

7. Cavabdehin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən iddia olunan torpaq sahəsinin hüdudları daxilində TEKUİS məlumat bazasında 0.73 ha torpaq sahəsi X3 və X2 adına işlənilmişdir. İddia olunan torpaq sahəsinin naturada ölçüləri 5.19 hektardır və TEKUİS məlumat bazasına əsasən həmin torpaq sahəsinin 1.04 ha hissəsi X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi, 3.42 ha hissəsi X5 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi, 0.73 ha hissəsi isə X3 və X2 xüsusi mülkiyyətinə işlənilmiş ərazidir. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi və faktiki istifadə olunan 5.19 hektar torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən 1.04 ha hissəsi X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi ilə, 3.42 ha hissəsi X5 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi ilə, 0.73 ha hissəsi isə X3 və X2 xüsusi mülkiyyətinə işlənilmiş ərazi ilə üst-üstə düşür.

8. Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçıların adı qeyd edilmişdir. Lakin aqrar islahat zamanı iddia olunan 3.65 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmuş, nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı tələb olunan mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin hüdudları daxilində TEKUİS məlumat bazasında 0.73 ha torpaq sahəsi X3 və X2 adına işlənilmişdir. İddia olunan torpaq sahəsinin naturada ölçüləri 5.19 hektardır və TEKUİS məlumat bazasına əsasən həmin torpaq sahəsinin 1.04 ha hissəsi X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi, 3.42 ha hissəsi X5 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi, 0.73 ha hissəsi isə X3 və X2 xüsusi mülkiyyətinə işlənilmiş ərazidir. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi və faktiki istifadə olunan 5.19 hektar torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən 1.04 ha hissəsi X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi ilə, 3.42 ha hissəsi X5 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi ilə, 0.73 ha hissəsi isə X3 və X2 xüsusi mülkiyyətinə işlənilmiş ərazi ilə üst-üstə düşür. Göründüyü kimi iddia olunan torpaq sahəsi ilə müqayisədə iddiaçının faktiki istifadəsində artıq torpaq sahəsi olsa da, həmin torpaq sahəsinin 4,46 ha hissəsi Zaqatala rayon X5 mülkiyyətinə aid torpaq sahəsi, 0.73 ha torpaq sahəsi isə xüsusi mülkiyyətə verilmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev – məruzəçi, T.Həsənov və G.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquq müəyyənedici sənədə malik olması zəruridir. İddiaçı isə belə hüquq müəyyənedici sənədə malik olmadığından cavabdehin imtinası haqlı olmuşdur.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) kassasiya instansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər X.Məmmədov – məruzəçi, K.Bədəlov və S.Vəliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası göstərmişdir ki, iddiaçının etibarlı hüquq müəyyənedici sənədə malik olmadığına dair məhkəmələrin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, iş materiallarında Zaqatala rayon Aşağı Çardaxlar kəndi üzrə 1996-2005-ci illərə aid təsərrüfatbaşına kitablardan İddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışlar, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində İddiaçı və ailə üzvlərinə torpaq ayrılmasına dair siyahı, Zaqatala rayonu Aşağı Cardaxlar kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı adı qeyd edilmiş hissədən çıxarış, eləcə də Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** saylı qərarı mövcuddur. Həmin sənədlərdən ümumi olaraq müəyyən olunur ki, torpaq islahatı ilə əlaqədar pay torpağı ayrılanların siyahısında iddiaçı və onun ailə üzvlərinin də adı vardır. Qeyd edilən sənədlər məcmu halda iddiaçıya və ailə üzvlərinə münasibətdə hüquq müəyyənedici sənəd kimi qəbul oluna bilər. Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** saylı qərarında da islahatla bağlı bir sıra hallarda torpaq payı almaq hüququ olan şəxslərin hüquqlarının pozuntusuna yol verildiyi göstərilmiş və həmin halların aradan qaldırılması üçün bir sıra tədbirlərin görülməli olduğu, o cümlədən torpaq payı almaq hüququ olub siyahıya düşməyən ailələrin torpaq payı almaq hüququ olan ailələrin siyahısına əlavə edilməsi qərara alınmışdır. Bununla bağlı pay torpaqlarının müəyyənləşdirilməsinə dair tərtib edilmiş yekun cədvəldə iddiaçının adı da göstərilmişdir.

16. Bundan başqa, mübahisəyə həm də “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli **** nömrəli Fərmanının tələbləri baxımından da yanaşılmaqla müvafiq qiymətləndirmə aparılmalıdır. Təkrar apellyasiya baxışı zamanı həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi təkcə iddiaçıya deyil, həm də onun ailə üzvlərinə ayrılmışdır. Odur ki, iddiaçının ailə üzvlərinin də həmin torpaq sahəsinə hüquqlarının realizəsi istiqamətində hüquqi yardımın göstərilməsi təmin olunmalıdır.

17. Eyni zamanda, istinad olunan sənədlər, ayrılmış torpaq sahəsinin dəqiq naturada yerləşmə vəziyyəti iş üzrə keçirilmiş ekspert rəyi ilə birgə tədqiq olunmaqla dəqiqləşdirilməli, hüququn konkret olaraq hansı sahəyə qeydə alınmasının mümkünlüyünə qiymət verilməli, digər şəxslərə aid sahə ilə üst-üstə düşmə faktının mövcudluğu da yoxlanılmalıdır.

d) apellyasiya instansiya məhkəməsində ikinci icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli qərardadı ilə iddiaçının ailə üzvləri inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, Şabanova (Məmmədova) Cahan Mehralı qızı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 üçüncü şəxs qismində işə cəlb edilmişlər.

19. Cavabdehin *-**-*-**/*-****/**** saylı, # #### 2025-ci il tarixli məktubla məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində olan 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3.4127 ha hissəsi X5 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) əkin ərazisi, 0.2373 ha hissəsi isə X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisinin hüdudları daxilində yerləşir. İddia olunan torpaq sahəsinin naturada faktiki istifadəçisi İddiaçıdur və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində olan 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zaqatala rayon Aqrar islahat Komissiyasının ##.##.2003-cü il tarixli *** saylı qərarı ilə ************** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi işlənilmişdir və qalan 3.45 ha torpaq sahəsinə isə Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilməmişdir. İddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində olan 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi digər şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan 3.65 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən 0.2373 ha azdır və tamamlanmasının mümkün olan hissəsi X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisidir.

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddia olunan 3.65 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən 0.2373 ha az olduğunu və tamamlanmasının mümkün olan hissəsi X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisi olduğunu nəzərə alaraq ## #### 2025-ci il tarixli qərardadı ilə Zaqatala rayon X5 iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir.

21. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Zaqatala rayonu Aşağı Çardaxlar kəndi ərazisində yerləşən 3,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir.

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.Eyvazov – məruzəçi, Z.Tahirov və İ.Şükürov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Zaqatala rayonu Aşağı Çardaxlar kəndi ərazisində yerləşən 3,41 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun iddiaçı və onun ailə üzvləri olan inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, Şabanova (Məmmədova) Cahan Mehralı qızı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarında Zaqatala rayon Aşağı Çardaxlar kəndi üzrə 1996-2005-ci illərə aid təsərrüfatbaşına kitablardan İddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışlar, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində İddiaçı və ailə üzvlərinə torpaq ayrılmasına dair siyahı, Zaqatala rayonu Aşağı Çardaxlar kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı adı qeyd edilmiş hissədən çıxarış, eləcə də Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə münasibətdə hüquq müəyyənedici sənədlərin olduğu öz təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı iddia tələbini dəyişdirdiyindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Çardaxlar bələdiyyəsinin mülkiyyəti hesabına 0.2373 ha tamamlanmasına də zərurət olmadığından məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görməmişdir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

25. İddiaçının faktiki yerində (naturada) iddia etdiyi torpaq sahəsi elektron baza məlumatlarında bələdiyyənin mülkiyyətinə aid ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq qanunvericiliyinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Deməli, həmin torpaq sahəsi mülkiyyətə verilə bilmədiyindən məhkəmə qaydasında da mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyula bilməzdi.

26. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçıya məxsus olmayan və qanunla nəzərdə tutulmuş sənədlər əldə olunmadan (qərar, hərrac protokolu və bununla bağlı tərtib edilmiş notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsi) bələdiyyə mülkiyyətində aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Hazırkı iş üzrə torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmamışdır.

27. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 55, 65 və 68-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3 və 9.6-cı maddələrinə, Mülki Məcəlləsinin 144.1, 146.2, 146.3 və 394-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 15-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1 və 14.3-cü maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...

30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

31. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.

32. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli **** nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 1.1. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etsin; ... 2.2. bu Fərmanın 1.1-ci bəndinin icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır. ...

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

34. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin imtina və etiraz dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun iddiaçı və onun ailə üzvlərinin adına qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. İşin müəyyən olunan hallarına əsasən iddiaçı faktiki onun istifadəsində olan torpaq sahəsi üzərində ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Bununla bağlı cavabdehin başlıca dəlili iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsidir. Halbuki, iş materiallarında Zaqatala rayon Aşağı Çardaxlar kəndi üzrə 1996illərə aid təsərrüfatbaşına kitablardan İddiaçı və ailə üzvlərinə aid hissədən 2005-ci43. çıxarışlar, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində İddiaçı və ailə üzvlərinə torpaq ayrılmasına dair siyahı, Zaqatala rayonu Aşağı Çardaxlar kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı adı qeyd edilmiş hissədən çıxarış, eləcə də Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə münasibətdə hüquq müəyyənedici sənədlərin olduğu öz təsdiqini tapmışdır.

44. Bundan başqa, cavabdeh mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.2373 ha hissəsinin X5 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisinin hüdudları daxilində yerləşdiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddia tələbini dəqiqləşdirmiş, ilkin tələbində (3.65 ha) göstərilən torpaq sahəsindən örüş ərazisinə düşən 0.2373 ha hissəni çıxaraq 3.41 ha torpaq sahəsinə dair tələb irəli sürmüşdür. Belə olan halda, örüş ərazisinə düşən 0.2373 ha torpaq sahəsi dəqiqləşdirilmiş iddianın predmeti olmamış, apellyasiya instansiyası məhkəməsinin isə həmin hissədə araşdırma aparmağa zərurət görməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar