Məhkəmə qərarları › İş №2-1(102)-3870/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3870/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3870/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbrahimova Tahirə Qurbanəli qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimova Tahirə Qurbanəli qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *- *(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Balaxanı qəsəbəsi keçmiş Pleşakov küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü ildə Mailəxanım Qürbət qızının adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir.

2. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbə üzrə nümayəndəliyi tərəfindən ##.##.2022-ci ildə verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.1976- cı ildə Bakı şəhərində ölmüşdür.

3. İş materiallarında olan Bakı şəhəri ** saylı Notariat Ofisinin cavabdehə ünvanlandığı ##.##.2022-ci il tarixdə *** nömrəli məktubda qeyd edilmişdir ki, mərhum Mailəxanım Qürbət qızından miras qalmış əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"-nin verilməsi ilə bağlı vətəndaş İbrahimova Tahirə Qurbanəli qızı tərəfindən Bakı şəhəri ** saylı Notariat ofisinə müraciət daxil olmuşdur. Mailəxanım Qürbət qızının ##.##.1964-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İbrahimova Tahirə Qurbanəli qızının miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın verilməsi xahiş edilmişdir.

4. İddiaçının cavabdehə müraciətinə cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin ölçüsü texniki pasportda 693 kv.m qeyd olunsa da, faktiki olaraq 664 kv.m təşkil edir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İbrahimova Tahirə Qurbanəli qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İbrahimova Tahirə Qurbanəli qızına ünvan 1 ünvanında yerləşən 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müracət etmişdir. Ancaq ##.##.2022-ci il tarixdə, ************ saylı məktubla ərizəsinə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş aldı. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mərhum nənəsi X2 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi Mülkiyyət Hüququ ilə Evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsi İdarəsi tərəfindən həmin torpaq sahəsinə və bir otaqlı tikiliyə dair 1963-cü ildə şəxsi mülkiyyət hüququ əsasında Texniki Pasport tərtib edilmişdir. O, hazırda X2 miras əmlakına qanun üzrə vərəsəlik hüququ olan yeganə övladıdır. Mərhum X2 mərhum atası QurbanX4nun anasıdır. Bununla əlaqədar, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 sayılı Notariat Ofisinə müraciət etmiş və ##.##.2022-ci il tarixdə mərhum X2 adına vərəsəlik işinin açılması barədə arayış almışdır. İmtina məktubunda bildirilir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Halbuki həmin ərazidə neft hasilatını həyata keçirən heç bir buruq və ya neft çıxarma qurğuları mövcud deyildir. Onların və qonşularının ərazisində də belə qurğular mövcud deyildir. Ümumiyyətlə, həmin ərazilərdə heç vaxt neft hasilatı işləri aparılmamışdır. Onların yaşadığı evlərdə onlardan əvvəl atababaları və ulu babaları yaşamışdır. Həmin ərazilərdə heç vaxt neft yatağı olmamışdır və faktiki olaraq həmin ərazilər hər zaman onların istifadəsində və mülkiyyətində olmuşdur. Həmin torpaq sahələri heç vaxt neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə arayışın iddiaçı İbrahimova Tahirə Qurbanəli qızına verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosu tərəfindən verilmiş 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə və fərdi yaşayış evinə dair Mailəxanım Qürbət qızının (iddiaçının mərhum nənəsi) hüququnu təsdiq edən ilkin sübutu təşkil edir. Cavabdehin həm imtina məktubunda, həmdə iddia tələbinə dair etirazında olan dəlillərindən biri elektron kadastr məlumatlarına əsasən qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi olmuşdur. Qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə hüquqları 1963-cü ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi sübuta yetirilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz haldır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin təqdim olunmuş baş planından məlum olur ki, sahənin bir tərəfi yolla sərhəddir, digər üç tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olduğu halda belə, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Həmin hal cavabdehin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli məktubu ilə müəyyən edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

10. Cavabdehin digər dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə sorğusuna əsasən cavabdeh orqan tərəfindən ##.##.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktı məhkəməyə təqdim edilmiş, həmin aktda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 144,3 kv.metr 3 otaqdan ibarət olduğu, torpaq sahəsinin faktiki 0.0664 ha olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhz faktiki istifadəsində olan 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir

11. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat:

12. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Ceyhun Məmmədov) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq isə qeyd etmişdir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlətdaxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, həmin ərazidə neft quyusu, neft kəməri və digər bu kimi neft və qaz istehsalına aid olan halların mövcud olması ilə əlaqədar, həmçinin iddia olunan torpaq sahəsinin magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə və fərdi yaşayış evinə hüququn qeydiyyata alınması təşkil edir

14. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

18. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ünvan 1 ünvanında yerləşən 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə iddiaçıya arayışın verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçının müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu bildirmişdir.

28. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

29. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

30. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosu tərəfindən 1963-cü il tarixdə Balaxanı qəsəbəsi keçmiş Pleşakov küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinə dair Mailəxanım Qürbət qızının adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir.

31. Kollegiya qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosu tərəfindən verilmiş 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə və fərdi yaşayış evinə dair Mailəxanım Qürbət qızının (iddiaçının mərhum nənəsi) hüququnu təsdiq edən ilkin sübutu təşkil edir

32. İş üzrə materiallardan həmin hüquqmüəyyənedici sənədin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni inzibati akt öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.

33. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

34. Kollegiya qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

36. Odur ki, məhkəmə kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçın tələbinin təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar