Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3876/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. 1944-cü il təvəllüdlü iddiaçı Azərbaycan SSR Nazirlər Soveti yanında X2 Mühafizəsi Baş İdarəsində ##.##.1972-ci il tarixdə İ şöbənin redaktoru, ##.##.1982-ci il tarixdə baş redaktor, ##.##.1990-cı il tarixdə isə İ kateqoriyalı redaktor vəzifəsinə təyin edilmiş, ##.##.1998-ci il tarixdə həmin vəzifədən azad edilmişdir
2. İddiaçıya ##.##.2005-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılmış araşdırmalar nəticəsində iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının düzgün müəyyən edilməməsi ilə bağlı əsaslı şübhələrin yarandığı göstərilmiş və bununla əlaqədar iddiaçının pensiya hüququna yenidən baxılması məqsədilə inzibati icraata başlanılmışdır.
4. Bu məqsədlə iddiaçı ##.##.2023-cü il tarixli məktubla mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət edilmiş, ##.##.2023-cü il tarixdə həmin icraatda iştirak etmiş və mülahizələrinin dinlənilməsi ilə bağlı müvafiq akt tərtib edilmişdir. Aparılmış araşdırmaların nəticəsi olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi cavabdehin ##.##.2023-cü il tarixli qərarı ilə dövlət qulluğu pensiya hüququnun olmaması əsası ilə dayandırılmışdır.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “Dövlət qulluqçusu kimi yaşa görə ödənilən əmək pensiyasının dayandırılması haqqında” ##.##.2023-cü il tarixli, 3-17-1/2-R- ******/**** №-li məktubunda göstərilmişdir ki, “... Sizə Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən # ######## 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 20.11.1-ci və 20.11.2-ci maddələrinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına qulluq stajına görə əlavələr dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud ## ####### 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il ## ####### tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilmiş ## ##### 2023- cü il tarixli 3-17 */*-*****/**** nömrəli sorğumuza cavab olaraq göndərilmiş məktubda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X2 Mühafizəsi Baş İdarəsində redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmiş şəxslərin həmin vəzifələrdəki fəaliyyət müddətlərinin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmadığı bildirilib. Bununla əlaqədar sizin ##.##.1972-##.##.1998-ci tarixləri arasındakı dövr ərzində qeyd edilən vəzifələrdəki fəaliyyət müddətiniz dövlət qulluğu stajınıza aid edilmir. Nəticədə dövlət qulluğu stajınızın 5 ildən az (2 il 4 ay 20 gün (##.##.1962-##.##.1965-ci il tarixləri arasındakı dövr) olduğu müəyyən edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, əmək pensiyanızın yenidən hesablanmasına baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2023-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2023-cü il tarixində gəlmisiniz. Mülahizənizin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt birgə imzalanaraq yuxarıda qeyd edilənlərlə bağlı tərəfimizdən Sizə ətraflı məlumat verilib. Sizə qanunvericiliyə zidd olaraq təyin edilmiş dövlət qulluqçusu kimi pensiya ödənişiniz 2023-cü ilin noyabr ayından dayandırılıb. Məlumat üçün bildiririk ki, Sizə müvafiq qaydada əmək pensiyası təyin edilməsi üçün pensiya işinizə aid sənədlər Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilib.”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Əmək pensiyasının dayandırılması haqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı və “Dövlət Sosial X1 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-*- *****/**** saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmiş, ixtisası- iqtisadçıdır. 1972-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarədə, ## ####### 1991-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarədə redaktor, baş redaktor, 1-ci dərəcəli redaktor vəzifələrində # ###### 1998-ci ilə kimi işləmişdir. 2005-ci ildən ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. ## ###### 2023-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi pensiyasının ödənişi dayandırılmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldığı məktubda göstərilən vaxtda- ## ###### 2023cü ildə həmin idarəyə getmiş və Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda, Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarədə gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. Ona bildirilmişdir ki, Dövlət İmtahan Mərkəzindən verilmiş cavab məktuba əsasən onun işlədiyi vəzifələri dövlət qulluğuna aid etmək olmaz. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilməlidir.
8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən # ######## 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 20.11.1-ci və 20.11.2-ci maddələrinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına qulluq stajına görə əlavələr dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud ## ####### 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il ## ####### tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilmiş ## ##### 2023-cü il tarixli 3-17-1/2 *****/**** nömrəli sorğuya cavab olaraq göndərilmiş məktubda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X2 Mühafizəsi Baş İdarəsində redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmiş şəxslərin həmin vəzifələrdəki fəaliyyət müddətlərinin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmadığı bildirilib. Bununla əlaqədar iddiaçının ##.##.1972- ##.##.1998-ci tarixləri arasındakı dövr ərzində qeyd edilən vəzifələrdəki fəaliyyət müddəti dövlət qulluğu stajına aid edilmir. Nəticədə dövlət qulluğu stajının 5 ildən az (2 il 4 ay 20 gün (##.##.1962 ##.##.1965-ci il tarixləri arasındakı dövr) olduğu müəyyən edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, iddiaçının əmək pensiyasının yenidən hesablanmasına baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2023-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizənin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala ## ###### 2023-cü il tarixində gəlmişdir. İddiaçının mülahizəsinin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt birgə imzalanaraq yuxarıda qeyd edilənlərlə bağlı tərəflərindən iddiaçıya ətraflı məlumat verilib. İddiaçıya qanunvericiliyə zidd olaraq təyin edilmiş dövlət qulluqçusu kimi pensiya ödənişi 2023-cü ilin noyabr ayından dayandırılıb. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.
9. Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ##.##.2024-cü il tarixli, 9-3/2-3384/2024 №-l cavab məktubunda göstərilmişdir ki, “... Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (##.##.2003cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Azərbaycan SSR Nazirlər Soveti yanında X5 Mühafizəsi Baş İdarəsi Azərbaycan SSR Nazirlər Sovetinin ## ###### 1966-cı il tarixli *** nömrəli Qərarı ilə yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin # ###### 1990-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarə haqqında müvəqqəti Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarə qüvvədə olan qanunvericiliyə əsasən və bu müvəqqəti Əsasnamə ilə müəyyən edilmiş qaydada öz səlahiyyətləri çərçivəsində nəşriyyatda və digər kütləvi informasiya vasitələrində, o cümlədən xaricə çıxarılması nəzərdə tutulan mətn, audio və audiovizual materiallarda dövlət sirri təşkil edən məlumatların açıqlanmasının mühafizəsinə dair vahid dövlət siyasətini həyata keçirmişdir. Həmin müvəqqəti Əsasnamənin 3-cü hissəsinin i bəndinə əsasən Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarə Azərbaycan SSR-yə açıq (poçt) kanal vasitəsilə daxil olan xarici nəşriyyat, audio və audiovizual materiallara nəzarəti həyata keçirmişdir. Qeyd edilən Əsasnamənin 9-cu hissəsinə əsasən Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarənin və onun Azərbaycan SSR ərazisində yerləşən orqanlarının maliyyələşdirilməsi Azərbaycan SSR büdcəsinin vəsaiti və istehsalatredaksiya şöbələrinin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirləri hesabına həyata keçirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən Mərkəzdə mövcud olan sənədlər əsasında Baş İdarənin strukturu, eyni zamanda bu və ya digər struktur bölmələrinin Azərbaycan SSR büdcəsinin vəsaiti və ya istehsalat-redaksiya şöbələrinin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlər hesabına maliyyələşdirildiyi müəyyən edilmədiyindən məsələyə dair rəy bildirmək mümkün olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Abıyev)iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2023-cü il tarixli, № *-**-*/*-*-*****/**** saylı və “Dövlət Sosial X1 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” ##.##.2023-cü il tarixli, № *-17-1/3-3 *****/**** saylı qərarları ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının icra etdiyi xidmət hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunun 1.1.1-ci maddəsində nəzərdə tutulan dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsindəki xidmətdir. Odur ki, bərabərlik və ədalətlik prinsipləri nəzərə alınmaqla iddiaçının dövlət orqanında mülki işçiyə xas olmayan, məhz dövlət qulluğunda inzibati vəzifədəki xidməti qanunvericilikdə uyğunlaşdırılmanın aparılıb-aparılmamasından asılı olmayaraq dövlət qulluğu xidmətidir. Əks mövqeyi 1944-cü il təvəllüdlü 2005-ci ildən sabiq dövlət qulluqçusu kimi yaşa görə pensiyası alan iddiaçının pensiya təminatı, geniş mənada mülkiyyət hüququna müdaxilə təşkil etməklə daxili və beynəlxalq qanunvericiliklə müəyyən edilmiş prinsiplərə ziddir. Qanunvericilikdə müvafiq uyğunlaşdırımanın aparılmaması və dövlət orqanında inzibati vəzifə tutan şəxsin dövlət qulluqçusu sayılmaması kimi anlaşılmaz nəticəyə gəlməsinə səbəb olmamalıdır. Əks yanaşma qulluq keçilən orqanın dövlət orqanı, qulluğun isə dövlət qulluğu olmaması kimi məntiqə uyğun olmayan halın baş verməsinə əsas olacaqdır ki, məhkəmə həmin halları da nəzərə alınmaqla hesab edir ki, iddiaçının qulluq stajı məhz dövlət qulluğu stajıdır. İnzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. ... İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2005ci ildə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə “Əmək pensiyasının dayandırılması haqında” ##.##.2023-cü il tarixli, 3-17 */*-*-*****/**** nömrəli və “Dövlət Sosial X1 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarlar ilə pensiyanı dayandırmışdır. Cavabdeh inzibati orqan ##.##.2023-cü il tarixli qərarları qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə 2005-ci ildə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz ##.##.2023-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – Apellyasiya məhkəməsi iddiaçının işlədiyi adıçəkilən vəzifələrin həqiqətən də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** saylı Fərmanı və Nazirlər Kabinetinin 2007-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmadığını bildirmiş, eyni zamanda həmin vəzifələrin dövlət qulluğuna daxil edilməsini Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində X3 edən Baş İdarənin və onun Azərbaycan SSR ərazisində yerləşən orqanlarının maliyyələşdirilməsi Azərbaycan SSR büdcəsinin vəsaiti və istehsalat-redaksiya şöbələrinin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirləri hesabına həyata keçirilməsi ilə əsaslandırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının vaxtilə işlədiyi qurumun Azərbaycan SSR büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi onun işlədiyi vəzifənin həqiqətən də dövlət qulluğu olması anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin ##.##.2005-ci il tarixli *** saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. İddiaçının işlədiyi vəzifə isə sözügedən siyahıda öz əksini tapmır. – Apellyasiya məhkəməsinin istinad etdiyi 1 illik müddətlə bağlı qeyd edilmişdir ki, əmək pensiyasının səhv təyin edilməsi inzibati orqana ##.##.2023-cü il tarixdə bəlli olmuş və bundan sonra vətəndaşa məlumat verilərək inzibati icraat başlanılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (0# #### 2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi- əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir;
20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991- ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. ... 20.11.1. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə- dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. ... 20.11.3. Dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
“Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (##.##.2005- ##.##.2007-ci il tarixlərdə qüvvədə olmuşdur): 5.1. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (## #### 2005-ci il tarixədək olan redaksiyada) 5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır (## #### 2005-ci il tarixdən sonra olan redaksiyada) 5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı
64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62 ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini formalaşdıran 3 ulduzlu qərarında (2-1(102) ****/**** nömrəli, ##.##.2024-cü il tarixli) ifadə olunmuş hüquqi mövqeyə uyğun nəticəyə gəlinmişdir.
27. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının sabiq dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqanın qəbul etdiyi əlverişli inzibati akta etimadı formalaşmışdır və bu etimad qanunla qorunur. İş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş etimad hüququnun qorunmasını istisna edən hallar müəyyən edilməmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində irəli sürdüyü 1 illik müddətin pozulmaması barədə dəlilini də əsaslı hesab etmir. Belə ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etmədən iddiaçıya münasibətdə 2005-ci ildə qəbul edilmiş əlverişli inzibati aktı yalnız 18 ildən sonra ləğv etmişdir. Halbuki həmin aktın ləğvinə əsas verən hallar məlum olduğu gündən 1 il müddətində belə qərar qəbul edilə bilərdi.
29. İş materiallarında iddiaçıya pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir.
30. “İnzibati icraat haqqında” Qanun əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən edilməsi hallarında həmin aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə yol versə də, bu imkan Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla 1 (bir) illik müddətlə məhdudlaşdırılmışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, əgər inzibati orqan 1 (bir) illik müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı daxili nəzarət qaydasında aparılmış yoxlamaların (araşdırmaların, monitorinqlərin, auditlərin və s.) nəticələrinə istinad etmişsə, bu zaman mütləq sözügedən yoxlamaların keçirilməsinə səbəb olmuş legitim faktiki hallar və əsaslı hüquqi səbəblər aydın və konkret şəkildə göstərilməli, eləcə də yoxlamaların başlanılmasına, aparılmasına və nəticələrinin rəsmiləşdirilməsinə dair sənədlər məhkəməyə təqdim edilməlidir.
32. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan sənədləri və bunun nəticəsində 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim edilməmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.