Məhkəmə qərarları › İş №2-1(102)-3883/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3883/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3883/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.2022-ci il tarixli **** nömrəli payçı müqaviləsinə əsasən İddiaçı ilə Üçüncü şəxs MTK arasında ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında 9-cu blok, 10-cu mərtəbə, * nömrəli 2 otaqlı mənzilin tikilib payçının mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmışdır.

2. ##.##.2022-ci il tarixli maliyyə arayışından və “Azərbaycan Beynəlxal Bankı tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ödəniş tapşırığıdan, ##.##.2022-ci il tarixli mədaxil elanından görünür, İddiaçı Üçüncü şəxs MTK-nin hesablaşma hesabına 14.356 manat ilkin ödəniş və 77.000 manat mənzilin alınmasına görə pul vəsaiti ödəmişdir.

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanlanmış “müraciətinə baxılması haqqında” məktubunda qeyd edilmişdir ki, ##.##.2023-cü il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Mövcud problemlə bağlı araşdırma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Ərizənin ümumi məlumatlar bölməsində “Qaiməsiz müraciətlər” bölməsindən göndərilməsi tövsiyə olunmuşdur.

4. Cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrini rəhbər tutaraq, İddiaçı ##.##.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2023cü il tarixli,

5. **************** nömrəli qərarın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında 9-cu blok, 10-cu mərtəbə, * nömrəli 2 otaqlı mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (xxxx Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə Üçüncü şəxs MTK ilə aralarında bağlanmış **** saylı payçı müqaviləsinə əsasən “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında 9-cu blok, 10-cu mərtəbə, * nömrəli 2 otaqlı mənzil dəyəri 91356 manat olmaqla tərəfindən əldə edilmişdir. ##.##.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəfindən 14.356 manat avans ödənilmiş və 77.000 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarına əlavə edilmiş ##.##.2022-ci il tarixli qəbzdən görünür ki, “xxxx” ASC tərəfindən MTK-ya 77.000 manat məbləğində pul ödənilərək MTK-ya mənzilə görə olan borcu tam ödənilmişdir. Bundan sonra ƏDV-nin geri alınması ilə bağlı elektron vergi kabinetindən müraciət etməyə cəhdlər etsə də, texniki nasazlıq olduğundan bu mümkün olmamışdır. Bununla bağlı Dövlət Vergi Xidmətinə yazılı müraciəti olmuş və ona bildirilmişdir ki, mövcud problemlə bağlı araşdırılma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Eyni zamanda, ərizəni ümumi məlumatlar bölməsində “Qaiməsiz müraciətlər” bölməsindən göndərməyi tövsiyə olunur. Məktubuna göndərilən cavaba uyğun olaraq yenidən müraciət etdikdən sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Dövlət Vergi Xidmətinin məsələ ilə bağlı mövqeyi qanunsuz və ədalətsiz olduğundan, ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ləğv edilməli və ƏDV-nin qaytarılması barədə öhdəlik cavabdeh orqanın üzərinə qoyulmalıdır. Belə ki, inzibati orqanın araşdırmasının nəticəsindən də göründüyü kimi, tərəfindən yaşayış sahəsinin tam məbləği MTK tərəfindən verilmiş elektron qaimə üzrə nağdsız qaydada MTK-nın bank hesabına ödənilmişdir. MTK tərəfindən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 4-cü bəndinin tələblərinin pozulması onun hüquqlarını məhdudlaşdırmamalıdır. Bundan əlavə, Üçüncü şəxs MMC tərəfindən ona ünvanlanmış ##.##.2023-cü il tarixli *** saylı məktubun surətindən də görünür ki, onun MTK-ya mənzilin dəyəri olaraq ödədiyi 91.356 manat məbləğində pulun ƏDV məbləği olan 13.935,66 manatı ƏDV olaraq vergi orqanında bəyan edilmiş və ödənilmişdir.

7. Cavabdeh iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir.

8. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim L.Musayeva) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmiş, ünvan 2 ünvanında yerləşən “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında, 9-cu blok, 10cu mərtəbə, * nömrəli 2 otaqlı mənzilə görə iddiaçı İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (xxxxn Müştəri Xidmətləri Departamentinə) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs Üçüncü şəxs MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir. İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə elektron vergi kabinetindən müraciət etməyə cəhdlər etsə də, texniki nasazlıq olduğundan bu mümkün olmamışdır. İddiaçı məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə yazılı müraciətləri olmuş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, mövcud problemlə bağlı araşdırma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Ərizənin ümumi məlumatlar bölməsində “Qaiməsiz müraciətlər” bölməsindən göndərilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi iddiaçı ondan asılı olmayan səbəblərə görə (cavabdehin sistemində texniki nasazlıq olduğundan) 90 gün müddətində müraciət etməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər G.Abbasova – məruzəçi, A.Oruczadə və E.Əliyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçı yaşayış sahəsinə dair müqaviləni ## #### 2022-ci il tarixdə bağladığından iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq ## ###### 2022-ci il tarixindən istifadəyə verilmişdir. Həmçinin 2023-cü ilin yanvar-mart aylarında alıcılara təqdim edilmiş elektron qaimə-faktura məlumatları məhkəməyə təqdim edilmişdir. Beləliklə, işin araşdırılması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sübutlara əsasən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın iddiaçının qeyd etdiyi 2023-cü ilin yanvar ayı üzrə işlək vəziyyətdə olması, hətta 2022-ci ilin dekabr ayı və 2023-cü ilin yanvar-aprel ayları üzrə müxtəlif şəxslərə ƏDV ödənişlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Beləliklə, cavabdeh qeyd edilən ay üzrə portalın işlək olmasını sübuta yetirə bilmişdir. Əgər iddiaçı ödənişin həyata keçirildiyi gün portalın işlək olmamasına, texniki xəta baş verməsinə istinad edirsə, artıq bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın olmaması və ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların baş verib-verməməsi və bu halların nədən ibarət olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilə bilməmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

15. Kassator onu da qeyd etmişdir ki, ƏDV-nin qaytarılması şərtləri və qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətinin təşkil edilibedilməməsini, həmçinin Dövlət Vergi Xidmətinin operator vəzifəsini tam düzgün icra edibetməməsini, proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasının və idarə edilməsinin, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilib-edilməməsini apellyasiya instansiyası məhkəməsi araşdırmadığı üçün mövcud işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

16. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir” tələbi formal tələbdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə inzibati icraat qanunvericiliyini, həmçinin iddiaçının təqsiri ucbatından olmamaqla, iddiaçının iradəsindən asılı olmayan halları nəzərə almamış və məhkəmə qərarında qanunvericiliyin tələblərinin pozulması qənaətinə gəlmişdir.

17. Üçüncü şəxs MTK “Qayda” qəbul edilməzdən çox əvvəl nağdsız şəffaf dövriyyə ilə çalışmış və hal-hazıradək də vergi ödənişlərində şəffaflığı şəxsən özü təmin etmişdir. Müvafiq dövrlərə dair ƏDV vergi bəyannamələri və cavabdehin səyyar vergi yoxlaması aktı ilə hər hansı ƏDV öhdəliyinin olmaması məhkəməyə aydın olduğu halda, alıcı vətəndaşın müvafiq hərəkətləri müəyyən edilmiş formal qaydalara uyğun olmaya bilər ki, bu da formal tələbdir. Məhkəmə satıcı MTK-nın ƏDV məbləğini iddiaçıdan aldığını və satıcıdan birbaşa dövlətə keçməsini etiraf etməsinə baxmayaraq, ƏDV-nin başqa hesaba ödənilməməsini formal tələb kimi qəbul etməməklə ziddiyyətli bir hal yaratmışdır. Məhkəmə isə əsaslı dəlil olmadan formal tələbi qəbul etməkdən imtina etmişdir. Bununla da “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinin tətbiqini inkar etməklə maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməməklə kobud pozuntuya yol vermişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması ... 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”:

1. Ümumi müddəalar 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. ...

2. Əsas anlayışlar 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; ...

3. Operator 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ...

4. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin rəsmiləşdirilməsi 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. ... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. ... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış25.sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın olmaması və ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların baş veribverməməsi və bu halların nədən ibarət olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilə bilməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşsa da, apellyasiya instansiyası məhkəməsinin “ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödənilməli olması” ilə bağlı əsaslandırmasını əsaslı hesab etmir.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən baxılan işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal ##.##.2022-ci il tarixdə istifadəyə verilmişdir. İddiaçı ##.##.2022-ci il tarixə qədər ƏDV məbləğini ƏDV-siz məbləğlə birlikdə üçüncü şəxsin bank hesabına ödəniş edərkən elektron portal istifadəyə verilmədiyindən iddiaçının ƏDV məbləğini inzibati orqanın tələbinə uyğun ödəməsi texniki cəhətdən mümkün olmadığından, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının bank hesabına ödənilməsi əsası ilə ƏDV-in 30 faizinin geri qaytarılmasından imtina etməsi qanuni hesab edilə bilməz. Lakin iddiaçı tərəfindən mənzilin dəyəri ilə bağlı ödəniş portal istifadəyə verildikdən sonra həyata keçirildikdə ödəniş Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na uyğun olmur (Bununla bağlı bax: ödənişin ##.##.2022-ci il tarixədək icra edildiyi hallar üzrə - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları; ödənişin ##.##.2022-ci il tarixdən sonra icra edildiyi hallar üzrə - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı üçüncü şəxs ilə payçı müqaviləsini ##.##.2022-ci ildə bağlamış, evin alınması üçün bütün məbləğin ödənilməsi ##.##.2022-ci il tarixdə baş tutmuşdur. Yəni iddiaçı tərəfindən mənzilin ödənişi portalın istifadəyə verildiyi tarixdən – ##.##.2022-ci ildən öncə baş tutmuşdur.

29. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində göstərilən 90 (doxsan) günlük müddətə riayət edilməmişdir.

30. Belə ki, həmin normaya əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir.

31. İşin hallarından görünür ki, iddiaçı Dövlət Vergi Xidmətinə ##.##.2023-cü ildə texniki nasazlıqla bağlı müraciət etmiş, iddiaçının müraciəti cavablandırıldıqdan sonra iddiaçı aldığı mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ##.##.2023-cü ildə müraciət etmişdir.

32. Beləliklə, iddiaçı aldığı mənzilin tam dəyərini ##.##.2022-ci ildə ödəməsinə baxmayaraq texniki nasazlıqla bağlı ilk dəfə ##.##.2023-cü ildə vergi orqanına müraciət etmişdir. İddiaçının qeyd edilən müraciəti istər onun mənzilin tam dəyərini ödədiyi ##.##.2022-ci il tarixdən, istərsə də, vergi orqanı tərəfindən portalın istifadə verildiyi ##.##.2022-ci il tarixdən 90 (doxsan) gün sonra olduğundan “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən ƏDVnin qaytarılmasına yol verilmir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar yuxarıdakı əsaslar üzrə düzgün olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar