Məhkəmə qərarları › İş №2-1(102)-3894/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3894/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3894/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə üçün əsasın müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə ərizəçi Maraqlı şəxs ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otağı, yaşayış sahəsi 48,8 kv.m olan hissəsinin İddiaçı adına (mülkiyyət hüququ ilə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

2. Qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmə qərarı icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi Maraqlı şəxs ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən məhkəmə qərarı Maraqlı şəxs hüquq və mənafeyinə toxunduğu üçün o, bu iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməlidir. Belə ki, həmin qərarda göstərilən fərdi yaşayış evi mərhum atası Tağıyev Nadir İbrahim oğlundan Maraqlı şəxs və digərlərinə miras əmlak kimi qalmışdır. Bakı şəhəri ** saylı Notariat ofisində vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat işi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən, mərhum Tağıyev Nadir İbrahim oğlunun vərəsələri X1, X3, İsgəndərova Səidə Nadir qızından, X4, Maraqlı şəxs onlara mərhum Tağıyev Nadir İbrahim oğlunun miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olaraq сəmі 285200 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə ##.##.2022-ci il tarixli məktub ünvanlanaraq Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otağı, yaşayış sahəsi 48,8 kv.m olan hissəsinin bazar dəyərinin 73200 manat müəyyən edildiyi, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən sözügedən əmlakın borc əvəzi olaraq tələbkar İddiaçı təklif edildiyi, onun tərəfindən də təklifin qəbul edildiyi bildirilmiş və qeyd olunanlar nəzərə alınaraq, həmin əmlakın tələbkar İddiaçı adına rəsmiləşdirilməsi xahiş edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab edilir. Bu normanın tələbində icra qurumu tərəfindən ünvanlanmış icra məktubu kimi bir anlayış mövcud deyil. Göründüyü kimi, iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində nəzərdə tutulmuş əsas mövcud deyil. Bu səbəbdən də, onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Bundan əlavə, vərəsə Maraqlı şəxs cavabdehlər “X6” MMC, İddiaçı və “xxxx” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirmə rəyinin ləğv olunması” tələbinə dair mülki iş digər məhkəmənin icraatında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-**/** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi öz ərizəsində qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu, pozulmanın əhəmiyyətini əsaslandırmamış, sadəcə olaraq sözügedən yaşayış sahəsi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsas hesab edildiyinə, bu normanın tələbində icra qurumu tərəfindən ünvanlanmış icra məktubu kimi bir anlayışın mövcud olmadığına və qiymətləndirmə rəyinin ləğv edildiyinə istinad etmişdir ki, məhkəmə ərizəçinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının ərizəsindəki dəlillərə artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş və məhkəmələr tərəfindən qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən həmin əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, tələbkar (hazırkı iş üzrə iddiaçı) təklifi qəbul etmişdir. İddiaçı sözügedən əmlakı qanuni qüvvəsini almış məhkəmə qərarının icrası mərhələsində əldə etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə qərarının icra tədbirlərindən biri də borcluya məxsus əmlakın tələbkara təklif edilməsidir. Hazırkı halda da borcluya məxsus əmlak məhkəmə qərarının icrası ilə əlaqədar olaraq iddiaçıya təklif edilmiş və iddiaçı təklifi qəbul etmişdir. Həmin əmlak daşınmaz əmlak olduğundan və daşınmaz əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olduğundan cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə olan təqdirdə məhkəmə işin yuxarıda qeyd edilən hallarını ərizəçinin dəlilləri ilə birgə araşdıraraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə istinadən, hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımalı olmayıb, maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədini daşımalı olduğundan, hazırkı mübahisədə isə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması və ya əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmədiyindən, ərizə əsassız hesab olunmaqla təmin edilməməlidir.

7. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Elvin Əliyev) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, inzibati iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak borc tələbinə dair iş üzrə məhkəmə qətnaməsinin əsasında verilmiş icra işi zamanı tələbkara – hazırkı iş üzrə iddiaçıya təklif edilmişdir. Hansı ki, həmin mülki iş üzrə hazırkı ərizəçi Maraqlı şəxs da mərhum borclunun vərəsəsi kimi məhkəmə proseslərində iştirak etmişdir. Belə olan təqdirdə hazırkı mübahisədə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması və ya əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmir.

10. Ərizəçi kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

11. Ərizəçinin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixi qərarı “... İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. ... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.”

15. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı “37. ... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ...

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır.

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

77. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

78. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.”

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, ərizəçinin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar