Məhkəmə qərarları › İş №2-1(102)-390/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-390/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-390/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: pensiyanın bərpa edilməsi, təyin edilmiş pensiya ödənişinin inzibati icraat aparmadan və müvafiq inzibati akt qəbul etmədən, faktiki hərəkətlə dayandırılmasının qanunsuz hesab edilməsi, prosessual hüquq varisliyi.. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibar ət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2216/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1944-cü il təvəllüdlüdür.

2. O, 16.04.1971-01.07.1971-ci ildə Azərbaycan SSR-nin Tədarük Nazirliyi Material Texniki Təchizat İdarəsində mühəndis, 01.04.1974 - 29.11.1976-ci illərdə həmin nazirliyin Plan Maliyy ə İdarəsində böyük mütəxəssis, 29.11.1976 - 15.01.1987-ci illərdə həmin nazirliyin X1 rəisi kimi işləmişdir. 01.04.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən 1 aprel 2006-cı il tarixindən ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01.04.2006-cı il tarixdən 30.12.2020-ci il tarixədək 14 il 8 ay sabiq dövlət qulluqçusu kimi pensiya almışdır. Dövlət Sosial Müdafiə Fondunun daxili nəzarət departamenti tərəfindən Fondun Xətai rayon şöbəsində apardığı audit yoxlaması zamanı iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 31.12.2020-ci il tarixindən etibarən dayandırılmışdır.

3. İddiaçı pensiya təminatının dayandırılmasının səbəbi haqqında ona məlumat verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətə cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu statusunda ona təyin edilmiş pensiyanın dayandırılması haqqında qərarın ləğv edilməsini, pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsini, həmçinin vurulmuş maddi və mənəvi zərərə görə kompensasiyanın və məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini o nunla əsaslandırmışdır ki, o, 16.04.1971 - 01.07.1971-ci illərdə Azərbaycan SSR-nin Tədarük nazirliyi material texniki təchizat idarəsində mühəndis, 01.04.1974 - 29.11.1976-ci illərdə həmin nazirliyin plan maliyyə idarəsində böyük mütəxəssis, 29.11.1976 - 15.01.1987-ci illərdə həmin nazirliyin X1 rəisi vəzifəsində işləməklə 13 il dövlət qulluğu statusunda, ümumilikdə cəmi 42 il əmək stajı vardır. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt, dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18.10.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nd a göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli fərmanının 1.15-ci bəndi əsas götürülməklə, 01.04.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən ona dövlət qulluqçusu statusunda 233 manat aylıq pensiya təyin olunmuşdur. Sonradan artımlar nəticəsində aylıq pensiyanın məbləği 770 manata qədər artmış və o, 14 il 8 ay sabiq dövlət qulluqçusu kimi pensiya almışdır. Lakin 01.01.2021-ci il tarixdən təyin olunmuş pensiya, ona məlum olmayan səbəbə görə, heç bir qanuni əsas olmadan dayandırılmışdır. Aidiyyəti qurumlara müraciət edib pensiyasının dayandırılmasının səbəbi haqqında rəsmi məlumat verilməsini xahiş etsə də, bu günə kimi ona cavab veri lməmişdir. Başqa gəlir mənbəyi olmadığı üçün sosial vəziyyətinin kəskin pisləşməsi səbəbindən səhhətində ciddi problemlər yaranmış, yataq xəstəsi olmuşdur. Dəfələrlə təcili tibbi yardıma və ərazi tibb müəssisəsinə müraciət edib, hal-hazırda da ambulator müalicə alır. Hesab edir ki, cavabdeh qurumun qanunsuz, hüquqi əsası olmayan hərəkəti ilə ona maddi və mənəvi zərər vurmuşdur. Onun sabiq rəhbəri olduğu qurum, Azərbaycan SSR Tədarük nazirliyinin 01.02.1973-cü il tarixli 32 nömrəli əmrinə əsasən, SSRİ Tədarük nazirliyinin 24.01.1973-cü il 65-24/630 nömrəli məktubu əsas götürülməklə, Azərbaycan SSR Tədarük nazirliyi yanında yaradılmışdır. Cavabdeh üst qurum kimi, onun pensiya aldığı müddət ərzində, yəni 14 il 8 ay zaman kəsiyində, ona pensiya təyin etmiş DSMF-nin Xətai rayon şöbəsinin fəaliy yətini, ən azı 10 (on) dəfə təftiş etmiş və pensiya təyinatı ilə əlaqədar şəxsi işi hər dəfə nəzərdən keçirilmiş və heç bir qanunsuzluq müəyyən edilmədiyi halda, cavabdeh tərəfindən nədənsə, ona məlum olmayan səbəbə görə, pensiyası məqsədli şəkildə dayandırılmış, bununla da, ona maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı hesab edir ki, pensiya təyinatı üçün yalnız 2 (iki) sənədi, yəni əmək kitabçası və kommunist partiyasına üzvlük bileti təqdim etmişdir. Cavabdeh özünün hüquqi əsası olmayan hərəkəti nəticəsində onun pensiyasını dayandırmaqla yanaşı, pensiyasının məbləğini və sonrakı artımları da, uyğun olaraq düzgün təyin etməmiş və beləliklə, onun sosial təminat hüququnu pozmuşdur. Belə ki, onun sabiq rəhbəri olduğu Azərbaycan SSRİ Tədarük nazirliyi yanında reseptlər və qiymətlər mərkəzi (tariflər və qiymətlər mərkəzi), sonralar informasiya hesablama mərkəzi, həmin nazirliyin 01.02.1973-cü il tarixli 32 nömrəli əmrinin 3-cü bəndinə əsasən, mərkəzin rəhbər və mühəndis texniki işçiləri, əməyin ödənilməsi üzrə İİİ qrupa aid edilmişdir. Hesab edir ki, cavabdeh ona aşağı məbləğdə pensiya təyin etmişdir. Bildiyinə görə, Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirliyinin şöbə müdirinin aylıq maaşı bu gün 1450 manat təşkil edir və onun pensiyası da 01.09.2005-ci il tarixli, 290 nömrəli fərmana əsasən bu məbləğə uyğunlaşdırılmalıdır. Azərbaycan SSR Tədarük nazirliyinin X1 rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 1976-1984-cü illərdə ümumilikdə 330 rubl məbləğində mükafat alıb və hesab edir ki, ərizədə göstərilənlər və həmin məbləğ də nəzərə alınmaqla pensiyası yenidən hesablanmal ıdır.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən 1 aprel 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbayca n Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qullu q stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il ok tyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Azərbaycan SSR Tədarük Nazirliyinin (sonradan Çörək Məmulatarı Nazirliyi) X4, X6 Komitəsinin Azər Aqro Sənaye Tikinti Birliyi, 1 nömrəli İxtisaslaşdırılmış “Aqrosənayeixtisasquraşdırmatəchizat” tresti və həmin qurumlarda (müəssisələrdə) mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən Fondun Xətai rayon şöbəsində apardığı audit yoxlaması zamanı iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 31.12.2020-ci il tarixindən etibarən dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmaması xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5395/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərarı ilə (hakim: G.A.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, həmin hissədə cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə hesab etmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçıya sabiq dövlət qulluqçusu k imi təyin edilmiş pensiyanın ödənilməsinin dayandırılması ilə iddiaçının qanunla qorunan etimad hüququ pozulmaqla ədalətli tarazlığa riayət edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

9. Pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı pensiyasının Kənd Təsərrüfatı Nazirliyin Aparatında təminedici şöbənin müdirinin vəzifə maaşına uyğunlaşdırılmasını tələb etsə də, buna dair “qanuni gözləntisi” yoxdur. Bu səbəbdən də həmin hissədə iddia təmin edilməməlidir.

10. Vurulmuş ziyana aid hissədə məhkəmə qeyd etmişdir ki, hüquq nəzəriyyəsinə əsasən, “vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir”. Lakin məhkəmə hesab edir ki, haz ırki işdə iddianın təmin edilən hissəsinə münasibətdə vurulmuş ziyan restitusiya yolu ilə bərpa edilir. Eyni zamanda, iddiaçının pozulmuş hüququnun, yəni sabiq dövlət qulluqçusu kimi dayandırılmış pensiya ödənişinin bərpa edilməsi adekvat və yetərli kompensasiya hesab oluna bilər. Odur ki, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz.

11. İddiaçı qərardan apelyasiya şikayəti verməmişdir.

12. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2216/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: A.N.İmanov və A.S.Hüseynov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5395/2021 saylı iş üzrə qəbul etdiyi 25 iyun 2021-ci il tarixli qərarı qismən - iddia tələbinin təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə, iddiaçıya sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçı və cavabdeh orqan arasında etimad hüququnun qorunmalı olması mövqeyində haqlı olsa da, iddiaçının pensiyasının ödənilməsinə ömürlük etimad hüququ olması hissəsində qanunvericilik normalarını düzgün təfsir etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin etimad prinsipinə əsaslanaraq, dövlətin maraqlarına toxunan qanunsuz inzibati aktın hüquqi nəticələrinin fiziki şəxs üçün ömürlük bərpa edilməli olması nəticəsinə gəlməsi düzgün yanaşma olmamışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyanın qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriya ya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18.10.1991-ci il tarixdən həmin Qanunun qüvvəyə mindiyi vaxtadək qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanında işləməli, yaxud da 18.10.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır.

17. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən, təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə 18.10.1991-ci il tarixədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçu larının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısın”da Azərbaycan SSR Tədarük Nazirliyinin X4, X6 Komitəsinin Azər Aqro Sənaye Tikinti Birliyi, 1 nömrəli İxtisaslaşdınlmiş “Aqrosənayeixtisasquraşdırımatəchizat” tresti və həmin qurumlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla X5 Departamenti tərəfindən Fondun Xətai rayon Şöbəsində aparılmış audit yoxlaması zamanı iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edilməsi aşkar edilmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarı əsassızdır. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə m əlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraa tdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. İddiaçı 13.11.2021-ci il tarixdə ölmüşdür.

25. İddiaçının arvadı - X3 ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum ərinin prosessual hüquq varisi kimi qəbul edilməsini və icraata cəlb olunmasını xahiş etmişdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçı onun prosessual hüquq varisi – arvadı X3 ilə əvəz edilmişdir.

27. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. İşdən görünür ki, iddiaçı ona sabiq dövlət qulluqçusu kimi təyin edimiş pensiya ödənişinin dayandırılmasına dair cavabdeh orqanın hərəkətilə bağlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsi, sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiyanın və məhkəmə xərclərinin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən, sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verməmiş, cavabdeh isə apelyasiya şikayətində sözügedən qərarı iddianın təmin edildiyi hissədə mübahisələndirmişdir. Beləliklə, apelyasiya baxışının predmetini İddiaçı sabiq dövlət qulluqçusu pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hüquqi mübahisə təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qismən – iddianın təmin edildiyi hissədə ləğv etsə də, nəticə etibarı ilə e yni məzmunda - iddiaçıya sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.

29. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilm əcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. 30. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal mü əyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

31. Apelyasiya məhkəməsində icraat zamanı iddiaçıya sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə əsas olan inzibati aktın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi də öz təsdiqini tapmamışdır.

32. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

33. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunmasına əsas vermir.

34. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, iddiaçı 24 noyabr 2021-ci il tarixdə öldüyündən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2216/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilməli, iddiaçıya onun öldüyü tarixədək hesablanmalı olan pensiya məbləği hüquq varisinə ödənilməlidir.

35. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-2216/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdehin üzərinə iddiaçının sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək, öldüyü günədək, yəni 13.11.2021-ci il tarixədək hesablanmalı olan pensiya məbləğinin onun hüquqi varisi - arvadı X2 ödənilməsi öhdəliyi qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar