Məhkəmə qərarları › İş №2-1(102)-3902/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3902/2025

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3902/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Kəngərli Rayon Bölməsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 1988ci ildə N nömrəli hərbi hissənin tərkibində 122 gün müddətində Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir.

2. Tibbi-sosial ekspertiza sənədlərinin surətindən görünür ki, İddiaçı ##.##.1994cü il tarixdə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Iddiaçı ##.##.2024-cü il tarixdə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbinin “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” deyil, “Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar” müəyyən edilməsi ilə bağlı qərarın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” II dərəcə əlilliyə görə pensiya və ##.##.2008-ci il tarixindən etibarən Prezident təqaüdü almış, Prezident təqaüdünün verilməsi ##.##.2023-cü il tarixindən etibarən dayandırılmışdır. Səbəb kimi də ona təyin edilmiş əlilliyin əsasının “Çernobıl AESdə qəzanın ləğvi” olması səbəbindən müharibə əlili kimi təqaüdün təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması qeyd edilmişdir. Halbuki onun Çernobıl AES-ə cəlb edilməsi hansısa müqavilə və ya xidməti vəzifə ilə əlaqədar deyil, birbaşa olaraq hərbi xidmətə cəlb edilmə əsası ilə bağlı olmuşdur. O və digər cəlb edilən şəxslər hərbi komissarlıqlar tərəfindən hərbi xidmətlə bağlı Çernobıl AES-ə cəlb edilmişlər.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, İddiaçı əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti əsasında ##.##.2023-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, ona dair ##.##.1994-cü il tarixindən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı “Əlillik” altsisteminə daxil edilmişdir. Daha sonra o, əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi məqsədilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadına uyğun olaraq ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Hərbi Qərar/Şəhadətnamə/AKT təqdim etməmişdir. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində Hərbi Şəhadətnamə/Qərar aşkarlanmamışdır. İ.V.Kurçatov adına Ekspedisiyası Kompleksinin ##.##.1988-ci il tarixli Arayışında məlumat “Qamma şüalanma dozası 6.2” kimi qeyd olunmuş, səbəb əlaqəsi “Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işlərində radioaktiv şüalanma ilə əlaqədardır” kimi qeyd olunmuşdur. Hərbi qərar/şəhadətnamə təqdim olunmasına baxmayaraq, vətəndaşın təqdim etdiyi hərbi biletdə Çernobılda iştirakı ilə bağlı məlumat qeyd olunmuşdur. Həmçinin təqdim olunmuş əlillik təyinatı ilə bağlı müddətsiz sənədə və şüalanma arayışına əsaslanaraq müvafiq qərar verilmişdir kimi qeyd olunmuş, ##.##.1994-cü il tarixli Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmış və “Əlillik” altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) ## ####### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan və ona əlavə olunmuş qərardan görünür ki, İddiaçı əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti əsasında ##.##.2023-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, ona dair ##.##.1994-cü il tarixindən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı “Əlillik” altsisteminə daxil edilmişdir. Daha sonra o, əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi məqsədilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadına uyğun olaraq ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə ##.##.1994-cü il tarixli Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

9. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin səbəbinin “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” müəyyən edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Kəngərli Rayon Bölməsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 1988-ci ildə N nömrəli hərbi hissənin tərkibində 122 gün müddətində Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Beləliklə, iddiaçının Çernobıl AESdə hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu öz təsdiqini tapır. Iddiaçının əlilliyi təyin olunarkən onun səbəbi yanlış olaraq “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” qeyd edilmişdir. Iddiaçının əlilliyinin səbəbi “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” qeyd edilməli idi.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli Qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRI-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraqbaşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.2. Keçmiş SSRI-nin müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. 2.6. “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.6.1. şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa; 2.6.2. şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Agentlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. .... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək, “Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar” kimi qeyd olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Kəngərli Rayon Bölməsi ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 1988-ci ildə N nömrəli hərbi hissənin tərkibində 122 gün müddətində Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Beləliklə, iddiaçının Çernobıl AES-də hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu öz təsdiqini tapır. Odur ki, məhkəmələr iddianı təmin etməklə düzgün nəticəyə gəlmişlər.

33. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək, “Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar” kimi qeyd edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar