Məhkəmə qərarları › İş №2-1(102)-3904/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3904/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3904/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvanlı dövlət sosial yardımının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətdən imtina edilməsinə dair İddiaçı ünvanlanmış bildirişdən görünür ki, onun ##.##.2024-cü il tarixli, *************** nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “Maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı” səbəbinə görə imtina edilmişdir.

2. ************* nömrəli ərizə üzrə ailənin maddi-məişət şəraitinin müayinəsi barədə ##.##.2024-cü il tarixli məlumatdan görünür ki, təmsilçi İddiaçı və digər ailə üzvlərinin yaşadığı ünvan 1 0248 ünvanına baxış keçirilmiş, mənzilin ailənin tanışına məxsus olduğu, İddiaçı və ailə üzvlərinin orada müvəqqəti yaşadıqları, təmsilçinin ilk nikahının ##.##.2018ci ildə tarixində pozulduğu, aliment təyin olunmadığı, ikinci nikahının qeyri-rəsmi olduğu və 2020-ci ildə ayrıldıqları bildirilmiş, həyətdə ümumilikdə 3 evin olduğu, digər evlərin qapısının bağlı olduğu müəyyən edilərək baxış keçirilməsi mümkün olmamışdır.

3. İddiaçının ##.##.2024-cü il tarixli, **************-* nömrəli müraciətinə uyğun olaraq: ##.##.2024-cü il tarixdə keçirilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatdan görünür ki, təmsilçi və digər ailə üzvlərinin yaşadığı ünvan 1 0248 ünvanına baxış keçirilmiş, İddiaçı tərəfindən mənzilin keçmiş həyat yoldaşının tanışına məxsus olduğu, 1 ildir ödəniş etmədən yaşadıqları, ailə gəlirinin son 1 il 7 aydır ortalama 225 AZN maddi yardımdan və son 1 ildə alınan ÜDSY-dan ibarət olduğu bildirilmiş, həyətdə ümumi 3 evin olduğu, sayğacların və mətbəxlərin ayrı olduğu göstərilmişdir. ##.##.2024-cü il tarixdə keçirilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda ünvanda heç kəsin olmadığı, “Ərizə-bəyannamə”də qeyd edilmiş nömrə vasitəsilə əlaqə saxlanıldığı, İddiaçı anasıgilə qonaq getdiyi, yaxın müddət ərzində gələ bilməyəcəyinin bildirildiyi, bu səbəbdən də müayinənin aparılmasının mümkün olmadığı göstərilmişdir. ##.##.2024-cü il tarixdə keçirilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda ünvana yenidən baxış keçirildiyi, “Ərizə-bəyannamə”də qeyd edilmiş nömrə vasitəsilə əlaqə saxlanıldığı, iddiaçının anasıgildə olduğu, yaxın müddət ərzində gələ bilməyəcəyinin bildirildiyi, bu səbəbdən də müayinənin aparılmasının mümkün olmadığı göstərilmişdir.

4. “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə” ##.##.2024-cü il tarixli Qərardan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən onun ailəsinə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan “Ərizə-bəyannamə”dən (VEMTAS) görünür ki, iddiaçı və ailə üzvlərinin faktiki yaşayış ünvanı ünvan 1 0248 kimi göstərilmişdir.

6. Cavabdeh tərəfindən məhkəmənin ##.##.2024-cü il tarixli məktubuna cavab olaraq verilmiş ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, məhkəmə tərəfindən İddiaçı ÜDSY işinin hərtərəfli, tam və obyektiv araşdırılmasında yaranmış zərurətlə əlaqədar olaraq iddiaçının yaşadığı ünvan 2 ünvanında müayinənin keçirilməsi ## ###### 2024-cü il tarixə, saat 15:00-a təyin olunmuşdur. Bakı şəhər sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı ##.##.2024-cü il tarixində saat 15:00da əməkdaşlar tərəfindən ünvana baxış keçirilməsi məqsədi ilə ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciətinə əsasən vətəndaş ilə telefon əlaqəsi saxlanılmış, İddiaçı ünvanda olmadığını, yaxın müddət ərzində ünvana yaxınlaşa bilməyəcəyini bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən VEMTAS tərəfindən imtina edilmişdir. Bu barədə təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əksəlaqə vasitəsinə məlumatın göndərilməsi təmin olunmuşdur.

7. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş Üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Fondun Maddi-məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının ##.##.2025 tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayon sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY-nin təyin edilməsi ilə bağlı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2025-ci il tarixli **************-* nömrəli müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq maddi məişət şəraitinin müayinəsi əsasında yoxlanılmış, “Ərizə-bəyannamə”də ailənin gəlirləri barədə məlumatların düzgün göstərilməməsi səbəbləri ilə yardımın verilməsindən imtina edilmişdir. Təmsilçi, biri rəsmi olmaqla iki dəfə nikahda olmuş, ayrılmış, ilk nikahının rəsmi olduğunu, lakin aliment iddiasının olmadığını bildirmişdir. Həmçinin ##.##.2025-ci il tarixli 3- 17-1/3-1- *****/**** nömrəli xidməti məktub və müayinə aktı təqdim edilmişdir.

8. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı Şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ##.##.2012-ci il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şahid İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona və dörd azyaşlı övladı ##.##.2012-ci il təvəllüdlü X5, ##.##.2014-cü il təvəllüdlü X2, ##.##.2016-cı il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X4 beş nəfər üçün qanunla nəzərdə tutulmuş miqdarda yaşayış minimumuna uyğun olaraq ünvanlı dövlət sosial yardımının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydada elektron yolla ünvanlı dövlət sosial yardımının alınması üçün cavabdehin saytına müraciət etmiş, lakin imtina cavabı almışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

11. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı dövlət sosial yardımı təyin edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli, ************* nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması əsası ilə imtina verilmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş ##.##.2024-cü il tarixli yoxlama aktına əsasən təmsilçinin yaşadığı ev tanışlarına məxsusdur və müvəqqəti həmin ünvanda yaşayırlar. Ünvana gəlmiş əməkdaşlar müayinə zamanı həyətdə 3 evin olduğunu aşkar etsələr də, digər evlərin qapıları bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Beləliklə, digər evlərə baxış keçirilməsinə şərait yaradılmamış, maddi-məişət şəraitinin müayinəsinin tam olaraq həyata keçirilib başa çatdırılmasına şərait yaradılmadığından daxil olan müraciətə imtina cavabı verilmişdir. Bildirilmişdir ki, qanunvericiliyin birbaşa tələbləri daxilində mənzildə yoxlamanı həyata keçirən əməkdaşlar yoxlamanı tam olaraq həyata keçirməlidirlər. İstənilən halda yoxlamanın tam olaraq həyata keçirilməsinə şərait yaradılmaması və ya maneçilik törədilməsi imtina əsasıdır. Qeyd edilənlərlə bağlı həmçinin bildirilir ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə, təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarından göründüyü kimi maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamış, nəticədə verilən imtina qanunauyğun olmuşdur. Bu səbəbdən iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir.

12. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – T.Məlikov).

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, istinad olunan normalardan da göründüyü kimi ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş hər bir müraciət ilkin mərhələdə “ərizə-bəyannamə” üzrə VEMTAS-da araşdırıldıqdan sonra, ikinci mərhələdə ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir ki, bu da ərizədəki məlumatlardakı uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır. İddiaçı da Qaydalara uyğun olaraq təmsilçi kimi “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə, “Ərizə-bəyannamə”ni (* nömrəli əlavə) dolduraraq VEMTAS altsisteminə göndərmiş, həmin ərizədə faktiki yaşayış ünvanı kimi ünvan 2-ni qeyd etmişdir. Cavabdehin əməkdaşı - sosial yardım üzrə işçi tərəfindən istinad olunan Qaydaların 3.4-cü bəndinə uyğun olaraq sözügedən ünvana video və foto çəkilişi əsasında baxış keçirilmiş, həyətdə ümumilikdə 3 evin olması müəyyən edilmişdir. İddiaçı tərəfindən də bu hal təkzib edilmir, həmçinin digər 2 evin ona məxsus olmaması da bildirilir.

14. Habelə “ərizə-bəyannamə”də göstərilən digər məlumatların uyğunsuzluğu, iddiaçının mülkiyyətində daşınmaz əmlakın olması kimi hallar aşkar edilməmiş, cavabdeh tərəfindən əksini sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının yaşadığı evdə maddi-məişət şəraitinin yoxılanılmasını həyata keçirən aidiyyəti qurumun nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən müvafiq yoxlamaya maneə törədilməsi və sair halların müşahidə edilmədiyini, həyətdə yerləşən üç evdən ikisinə baxış keçirdiklərini, yalnız bir evin qapısı bağlı olduğundan həmin evə baxa bilmədiklərini qeyd etmişdir.

15. Belə olan halda məhkəmə hesab etmişdir ki, mövcud situasiya Qaydaların 3.7.1-ci bəndinə nəzərdə tutulan “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluğun aşkar edilməsi kimi qiymətləndirilməməlidir. Həmçinin bu hal 3.7.7-ci bəndin də təsir dairəsinə düşə bilməz, çünki həmin normada ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması təsbit edilir, faktiki vəziyyətdə isə hər üç ev eyni ünvan altında yerləşir.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, “maddi-məişət şəraitinin yoxlanılmasına şəraitin yaradılmaması” mahiyyət etibarı ilə şəxsin iradəndən irəli gələn, yəni arzuladığı məqsədə nail olmaq üçün cavabdeh tərəfindən zəruri qanunamüvafiq tədbirlərin keçirilməsinə hər hansı formada mane olmaqda, yaxud lazımi təşəbbüskarlıq göstərməməkdə ifadə olunan davranışları ehtiva etdiyi nəzərə alınarsa, işin məhkəmə araşdırması zamanı belə bir hal iddiaçının hərəkətlərində müəyyən edilməmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə iclasları zamanı iddiaçı ünvana baxış keçirilməsində maneçilik törətmək marağında olmadığını nümayiş etdirmiş, maddi-məişət şəraitinin yoxlanılmasına heç bir narahatlıq bildirməmiş, ünvana baxış zamanı baxış keçirilməyən 3-cü evin qapısının bağlı olmasını həmin evin başqa şəxsin istifadəsində olmasına görə ondan asılı olmayan səbəblərdən çətinlik yarandığını qeyd etmişdir. Belə olan halda məhkəmə, faktiki vəziyyətin “maddi-məişət şəraitinin yoxlanılmasına şəraitin yaradılmaması” kimi qiymətləndirilməsini cavabdehin güddüyü qanuni məqsədə çatması üçün zəruri və yararlı hesab etmir, nəticədə bu halın müəyyən edilməsi ilə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsini onun hüquqlarının pozulmasına səbəb olan hal kimi dəyərləndirir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Abbasova, hakimlər – A.Oruczadə, E.Əliyev).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müvafiq müayinə aktı təqdim edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş Üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli məktubu ilə təmsilçi, biri rəsmi olmaqla iki dəfə nikahda olmuş, ayrılmış, ilk nikahının rəsmi olduğunu, lakin aliment iddiasının olmadığını bildirmişdir. İddiaçı ## ######## 2025-ci il tarixdə keçirilən apellyasiya instansiyası məhkəməsinin iclasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli iddia tələbinin təmin edilməsi barədə qətnaməsini təqdim etmişdir.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş ##.##.2024-cü il tarixli yoxlama aktına əsasən, təmsilçinin yaşadığı ev tanışlarına məxsusdur və müvəqqəti həmin ünvanda yaşayırlar. Ünvana gəlmiş əməkdaşlar müayinə zamanı həyətdə üç evin olduğunu aşkar etsələr də, digər evlərin qapıları bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Beləliklə digər evlərə baxış keçirilməsinə şərait yaradılmamış, maddi-məişət şəraitinin müayinəsinin tam olaraq həyata keçirilib başa çatdırılmasına şərait yaradılmadığından daxil olan müraciətə imtina cavabı verilmişdir. Buna nəzərən bildirirlər ki, qanunvericiliyin birbaşa tələbləri daxilində mənzildə yoxlamanı həyata keçirən əməkdaşlar yoxlamanı tam olaraq həyata keçirməlidirlər. İstənilən halda yoxlamanın tam olaraq həyata keçirilməsinə şərait yaradılmaması və ya maneçilik törədilməsi imtina əsasıdır. Qeyd edilənlərlə bağlı bildirirlər ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə, təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarından göründüyü kimi, maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamış, nəticədə verilən imtina qanunauyğun olmuşdur.

22. Məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edilir ki, “maddi-məişət şəraitinin yoxlanılmasına şəraitin yaradılmaması” mahiyyət etibarı ilə şəxsin iradəsindən irəli gələn, yəni arzuladığı məqsədə nail olmaq üçün cavabdeh tərəfindən zəruri qanunamüvafiq tədbirlərin keçirilməsinə hər hansı formada mane olmaqda, yaxud lazımi təşəbbüskarlıq göstərməməkdə ifadə olunan davranışları ehtiva etdiyi nəzərə alınarsa, işin məhkəmə araşdırması zamanı belə bir hal iddiaçının hərəkətlərində müəyyən edilməmişdir.

23. Məhkəmə tərəfindən işin təkrar araşdırılması və imtinanın əsaslılığının müəyyən edilməsi məqsədilə cavabdehə ünvana yenidən baxış keçirilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Sözügedən sorğunun icra edilməsi məqsədilə ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixdə maddi-məişət şəraitinin təkrar müayinə edilməsi üçün ünvana gedilmiş, hər iki tarixdə də ərizə-bəyannamədə qeyd edilən nömrə ilə əlaqə saxlanılsa da iddiaçının evdə olmadığı və yaxın müddət ərzində ünvana yaxınlaşa bilməyəcəyi qeyd edilmiş, nəticədə maddi-məişət şəraitinin müayinəsinin keçirilməsinə təkrar şərait yaradılmamışdır. Sözügedən müayinələr zamanı tərtib olunmuş müayinə aktları məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir.

24. Məhkəmə öz mövqeyində iddiaçının maddi-məişət şəraitinin müayinəsinin keçirilməsində hər hansı bir maneə törətməsi və lazımi təşəbbüskarlıq göstərməməsi halına rast gəlinmədiyini qeyd etsə də, qeyd olunanlardan göründüyü kimi müayinə tarixinin iddiaçı ilə razılaşdırılmış tarix olmasına baxmayaraq, iddiaçı maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi üçün lazımi təşəbbüsü göstərməmiş, dolayısı yolla müayinənin keçirilməsinə mane olmuşdur. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamış, nəticədə verilən imtina qanunauyğun olmuşdur.

25. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı ## ######## 2025-ci il tarixdə keçirilən apellyasiya instansiyası məhkəməsinin iclasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli iddia tələbinin təmin edilməsi barədə qətnaməsini təqdim etmişdir. Qeyd edirlər ki, qeyd olunan məhkəmə qətnaməsi ##.##.2025-ci il tarixli olmasına baxmayaraq, hazırkı iş üzrə məhkəmə ünvanlı dövlət sosial yardımının ##.##.2024-cü il tarixdən təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Maddənin ikinci hissəsində qeyd edilmişdir ki, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvanlı dövlət sosial yardımının verilməsinə nail olmaqdan ibarətdir.

37. Cavabdehin kassasiya şikayətindən göründüyü kimi, “maddi-məişət şəraitinin yoxlanılmasına şəraitin yaradılmaması” və mülki iş üzrə məhkəmə qətnaməsinin olması əsası ilə apellyasiya məhkəməsinin qərarını əsassız hesab etmişlər.

38. Məhkəmə kollegiyası bildirir ki, qanunvericilik ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsinin şərtlərini və qaydasını konkret müəyyən etmişdir.

39. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, “maddi-məişət şəraitinin yoxlanılmasına şəraitin yaradılmaması” mahiyyət etibarı ilə şəxsin iradəndən irəli gələn, yəni arzuladığı məqsədə nail olmaq üçün cavabdeh tərəfindən zəruri qanunamüvafiq tədbirlərin keçirilməsinə hər hansı formada mane olmaqda, yaxud lazımi təşəbbüskarlıq göstərməməkdə ifadə olunan davranışları ehtiva etdiyi nəzərə alınarsa, işin məhkəmə araşdırması zamanı belə bir hal iddiaçının hərəkətlərində müəyyən edilməmişdir.

40. Məhkəmə kollegiyası mülki iş üzrə məhkəmə qətnaməsi ilə bağlı dəlili münasibətdə bildirir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, iddiaçıya müraciətinin qeydə alındığı ##.##.2024-cü il tarixdən dörd nəfər ailə üzvü ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən istinad edilən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi isə ##.##.2025-ci il tarixli olmuş, alimentin tutulması isə ##.##.2025-ci il tarixdən müəyyən edilmişdir. Göründüyü kimi, istinad edilən aliment məbləği hazırkı qərarla ##.##.2024-cü il tarixdən (bir illik) təyin edilmiş ünvanlı dövlət sosial yardımından sonraya təsadüf edir.

41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar